5. 392 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu da bir insan olaraq ailə qurmuş, övlad sahibi olmuş və hər canlı üçün qaçılmaz ölümü dadmışdır. Axirətə köçəndə Hz. Xədicə və  Hz. Zeynəbdən başqa bütün xanımları sağ idi. An­caq­ burada bir həssas məqam var: dul qadınların başqaları ilə ailə qurması caiz olduğu halda, Rəsulullahın xanımları bundan istisna edilmişdir. Yəni Onun vəfatından sonra heç bir xanımı ailə qurmamışdır. Çünki Allah Rəsulunun xanımları möminlərin anası sayılır. Bir kişinin öz anası ilə nikah bağlaması dinə görə yasaq olduğu kimi “möminlərin anası” sayılan Rəsulullahın xanımlarının nikaha girməsi də qadağandır:

“Peyğəmbər möminlərə onların özündən daha yaxındır. (O, ata məqamında olduğuna görə) xanımları möminlərin analarıdır. Allahın Kitabında qohumlar (vərəsə olmaq baxımından) bir-birinə möminlərdən və mühacirlərdən daha yaxındır. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır” (“Əhzab” surəsi, 33/6)

“…Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (“Əhzab” surəsi, 33/53)

Onların “möminlərin anası” sayılmasının hikməti nədir? Dünyada Rəsulullahın xanımı olanlar axirətdə də xanımı olacaq. Rəsulullahın xanımları Onun vəfatından sonra ailə qurmamaqla bu hökmün şərtlərini yerinə yetirmiş olurlar. Uca Allah övladın atasının xanımı ilə nikah bağlamasını qadağan etmişdir. Çünki qadın qısqanclıq və münaqişə səbəblərindən biridir. Oğulun atanın həyat yoldaşı ilə evlənməsi qohumluq əlaqələrinin və ana-ata haqqının aradan qalxmasına gətirib çıxarar. Bu da bir həqiqətdir ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) möminlər üçün  atadan daha qiymətli, məqamına görə daha üstün və məmnun edilməyə daha layiqdir: Ata övladını təkcə dünya üçün tərbiyə etdiyi halda Rəsulullah həm dünya, həm axirət üçün tərbiyə verir.




Şərh yaz