5. 581 dəfə oxunub ,   0 şərh   Çap et

Zarafat – güldürmək və ya əyləndirmək məqsədi ilə deyilən söz və ya edilən hərəkətlər mənasına gəlir.

Rəsulullah (s.ə.s) ömrü boyunca ciddi olsa da, hər kəs kimi bəzən zarafat etmişdir. Zarafatlarında belə doğrunu deyər, insanları utandıran və incidən ifadə və davranışlardan uzaq olar, qəlbə dəyəsi ağır zarafatlar etməzdi. Daha çox uşaqlarına, zövcələrinə, heç kimin iltifat göstərmədiyi yoxsul insanlara, qayğı gözləyən adamlara zarafat edərdi. Ciddiyyəti təmsil edən Həzrət Əbu Bəkir, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli (r. anhum) kimi səhabələrlə zarafat etməzdi.

Zarafat edərkən bəzi meyarlara fikir vermək lazımdır. Bunlara nəzər salaq:

Yalan danışmamaq

Allah Rəsulu (s.ə.s) bəzi insanlarla zarafat etsə də, müəyyən meyarlara həmişə sadiq qalmışdır. Zarafatlarına kiçik də olsa, yalan qatmamışdır. Əbu Hüreyrə (r.a) nəql edir: “Səhabələr: “Ey Allahın Rəsulu! Bizim zarafat eləməyimizi doğru saymırsınız, amma özünüz edirsiniz”, − demişdi. Allah Rəsulu (s.ə.s): “Bəli, edirəm! Ancaq doğru olmayan şeyi söyləmirəm”, − cavabını vermişdi”[1]. Başqa bir hədisi-şərifdə isə: “Zarafatla olsa belə, yalan danışmayın. Xalqı güldürmək üçün yalan danışanın vay halına, vay halına, vay halına!” sözləri ilə xəbərdarlıq etmişdir[2].

Münasib zarafatları xoş qarşılamaq

Allah Rəsulu şəxsən zarafat etməklə yanaşı, bəzi səhabələrin zarafatlarını da xoş qarşılamışdır. İnsanları utandırmayan, qəlbə toxunmayan zarafatlara etiraz etməmiş və çox vaxt da cavabsız qoymamışdır. Afv ibn Malik (r.a) Təbük döyüşündən sonra çadırda oturan Allah Rəsulundan (s.ə.s) icazə istəmiş, Peyğəmbərimiz də: “Gir”, – demişdir. Avf ibn Malik (r.a): “Bütün vücudumla girim, ey Allahın Rəsulu?” − deyə zarafat etmişdir. Peyğəmbərimiz (s.ə.s) də: “Bəli, bütün vücudunla gir, − deyərək zarafata zarafatla cavab vermişdir”[3].

Belə bir zarafata: “Təkcə başınla gir,” və ya “Təkcə ayaqlarınla gir,” kimi cavab da verə bilərdi. Lakin Peyğəmbərimiz (s.ə.s) heç kimin qəlbini qırmaq istəmirdi. Bunlarla yanaşı, yerli-yersiz zarafatlar edib həddi aşmaq olmaz. Yerində zarafat etməli, zarafat edənə eyni cür qarşılıq verilməlidir.

Nuayman əl-Ənsarinin zarafatı

Nuayman əl-Ənsari (r.a) zarafatları ilə tanınan bir səhabə idi. Bir gün Mədinəyə təzə meyvə və tərəvəz gəlmişdi. O da dərhal bir qədər meyvə və tərəvəz alıb Allah Rəsuluna aparır: “Ey Allahın Rəsulu! Bunları sənə hədiyyə etmək üçün almışam”, – deyir. Bir az keçmiş satıcı gəlir. Nuaymandan aldıqlarının pulunu istəyir. O da satıcını Allah Rəsulunun yanına gətirib: “Ey Allahın Rəsulu! Bu adamın pulunu ver”, − deyir.

Peyğəmbərimiz (s.ə.s):

– Ey Nuayman! Sən bunları bizə hədiyyə etməmisən? − deyə soruşur. Həzrət Nuayman (r.a):

– Ey Allahın Rəsulu, meyvə-tərəvəzi alanda pulum yox idi. İstədim ki, o meyvələrdən Sən də yeyəsən. Buna görə də alıb gətirdim”, – deyir.

Bunu eşidən Allah Rəsulu (s.ə.s) gülüb meyvələrin pulunu verir[4].

Süheyb Ruminin zarafatı

Hazırcavablıqda məşhur olan Süheyb Rumi (r.a) Allah Rəsulu (s.ə.s) ilə bağlı bir xatirəsini nəql edir: “Allah Rəsulunu (s.ə.s) ziyarət etməyə getmişdim. Süfrədə çörək və xurma var idi. “Buyur ye”, − dedi. O əsnada gözüm ağrıyırdı. Süfrəyə oturub yeməyə başladım. Allah Rəsulu üzünü mənə tutub:

− Həm gözün ağrıyır, həm də xurma yeyirsən, hə? − dedi.

Mən də:

− Ağrımayan tərəfimlə çeynəyirəm, ey Allahın Rəsulu, − dedim.

Bu cavabıma Allah Rəsulu dişləri görünənədək güldü”[5].

Zarafat edərkən insanları qorxutmamaq

Ayaqqabılarını unudan adamın halı

Allah Rəsulu (s.ə.s) zarafatla belə olsa, bir müsəlmanın qorxudulmasını istəməzdi. Buna görə də müəyyən vaxtlarda baş verən belə hadisələrdə əshabına xəbərdarlıq etmişdir. Əbu Həsən (r.a) nəql edir: “Bir gün Allah Rəsulu (s.ə.s) ilə birlikdə oturmuşduq. Bir nəfər qalxıb gedərkən ayaqqabılarını unutdu. Camaatın içindən bir adam onun ayaqqabılarını götürüb altına qoydu. Bir az sonra həmin şəxs geri qayıtdı:

− Ayaqqabılarım haradadır? − dedi.

 Camaat:

− Görməmişik, − dedi.

 Ayaqqabını gizlədən şəxs onun xeyli təlaşa düşdüyünü görüb:

− Ayaqqabıların burdadır, − dedi.

Bunu görən Allah Rəsulu (s.ə.s):

− Bir mömini necə qorxuda bilərsiniz?! − dedi.

Zarafat edən şəxs:

− Ey Allahın Rəsulu, zarafat edirdim, − dedi.

Allah Rəsulu (s.ə.s) təkrar:

− Bir mömini necə qorxudursunuz?! − buyurdu və bu sözünü iki-üç dəfə təkrarladı”[6].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) möminləri qorxutmağın günah olduğunu göstərmək üçün: “Bir mömini necə qorxuda bilərsiniz?” sözünü üç dəfə təkrar edir. “Belə etsəniz, daha yaxşı olar” demir. Xəbərdarlıq edir, cümlənin ardını söyləməyib “Sonrasını siz anlayarsınız” demək istəyir. Demək ki, zarafat belə olsa, insanı qorxutmaq düzgün deyil.

Tibb də göstərir ki, qəfil qorxu və təşviş qan təzyiqini yüksəldə, hətta infarkta səbəb ola bilər.

Ta 1400 il əvvəl Peyğəmbərimizin (s.ə.s) zarafatda belə həddi aşmamaq üçün xəbərdarlıq etməsi əhəmiyyətli məsələdir.

Yatan adama edilən zarafat

Numan ibn Bəşir (r.a) nəql edir: “Bir dəfə Allah Rəsulu (s.ə.s) ilə birlikdə səfərə çıxmışdıq. Gördük ki, bir nəfər miniyin belində yatıb. Oradakılardan biri gəlib onun sadağından (ox qabından) ox götürəndə yuxudan oyandı və bərk qorxdu. Bunu görən Peyğəmbərimiz (s.ə.s): “Bir müsəlmanı qorxutmaq heç kəsə halal deyil”, – deyə buyurdu”[7].

Məsciddə zarafat edilən şəxsin halı

Süleym ibn Surəd (r.a) nəql edir: “Bir dəfə bir bədəvi ərəb Peyğəmbərimizlə (s.ə.s) namaza duranda dəri sadağını çıxarıb yerə qoydu. Camaatdan bir nəfər sadağı götürüb gizlətdi. Peyğəmbərimiz salam verib namazdan çıxandan sonra bədəvi: “Sadağım necə oldu?” − dedi. Bir nəfər gülümsədi. Bunu görən Allah Rəsulu (s.ə.s): “Kim Allah və axirət gününə inanırsa, heç bir müsəlmanı təlaşlandırmasın”, − buyurdu”[8].

Ümumiyyətlə, zarafat insanların könlünü xoş etmək, mehribançılığı artırmaq üçün edilməlidir. Bu məsələdə insanların xasiyyətcə eyni olmadığını da unutmamalıyıq. Bəzi insanlar xoş söhbəti sevən, zarafatcıl olduqları halda, bəziləri də zarafatdan xoşlanmırlar. Həmçinin, ələ salınmaqdan, məsxərəyə qoyulmaqdan heç kimin xoşu gəlməz. Bu baxımdan zarafatda həddi aşıb insanların qəlbini qırmaq, onları rəncidə etmək doğru deyildir. Özümüzə rəva görmədiyimiz davranışı başqasına da rəva bilməməliyik. Buna görə də yersiz və ağır zarafatlarla insanları incitməməliyik. Bu məsələdə ən gözəl örnək və meyar Allah Rəsulunun həyatıdır. Onun ömür yoluna nəzər salanda zarafat etdiyini, xoş zarafatlara təbəssümlə cavab verdiyini, hər bir zarafatında doğru söylədiyini və həqarətdən uzaq olduğunu, zarafatları ilə heç kimi incitmədiyini, kimsəni təlaşa salmadığını görürük.

Həzrət Ənəslə zarafat etməsi

Uşaq yaşlarından Allah Rəsulunun (s.ə.s) himayəsinə verilən və on il Peyğəmbərimizə xidmət etməklə şərəflənən Ənəs ibn Malikə Peyğəmbərimizin (s.ə.s) tez-tez “Ey iki qulaqlı” deyə zarafat etdiyi rəvayət olunur. Bu rəvayətdən göründüyü kimi Allah Rəsulu (s.ə.s) uşaqlara zarafat edərkən elə ləqəblər seçərdi ki, inciməsinlər.

Mahmud ibn Rəbiyə zarafat etməsi

Mahmud ibn Rəbi uşaqlığından bir hadisə nəql edir: “Mən beş yaşında olanda Allah Rəsulu evimizdəki su tuluğundan su götürüb üstümə çilədi”[9].

Burada Allah Rəsulunun uşaqların başa düşdüyü tərzdə zarafatlar etdiyini, onların oyunlarına qoşulub gözəl nümunə olduğunu görürük. Allah Rəsulunun bu davranışları uşaqlara qarşı məhəbbət və sevgisindən qaynaqlanırdı. O, uşaqlarla bir mənada uşaqlaşırdı. Ərəb cəmiyyətində böyüklərin uşaqlarla oynaması, qayğısına qalması lüzumsuz bir iş hesab olunurdu. Lakin Allah Rəsulu bu istiqamətdə əhəmiyyətli bir işin təməlini qoydu.

Allah Rəsulunun səfər zamanı xanımlarına zarafat etməsi

Ənəs ibn Malik əl-Əşcayi (r.a) nəql edir: “Bir dəfə səfərə gedəndə anam Ümmü Süleym Peyğəmbərimizin xanımları ilə birlikdə idi. Allah Rəsulunun (s.ə.s) gözəl səsli Əncəşə adlı xidmətçisi dəvələr daha iti yerisin deyə nəğmə oxuyurdu. Allah Rəsulu (s.ə.s) da qabaqda gedirdi və Əncəşəyə belə dedi:

− Ey Əncəşə! Ehtiyatlı ol, şüşələr qırılmasın. (Yəni dəvələri sürətli sürüb şüşə kimi zərif qadınları incitmə).[10]

Allah Rəsulu (s.ə.s) dəvələrin sürətlə getməsindən zövcələrinə xətər gələr deyə xidmətçisinə ehtiyatlı olmağı tapşırmışdır. Burada “şüşə” ifadəsini işlətməklə xanımlarının nə qədər dəyərli olduğunu zarafatla dilə gətirmişdir.

Zövcələri Həzrət Aişə və Həzrət Sevdaya zarafat etməsi

Bir dəfə Aişə anamız “harira” adlı şorba bişirmiş və Sevda anamızı da yeməyə dəvət etmişdi. Sevda anamız yeməyə yaxın gəlməyəndə Həzrət Aişə anamız: “Əgər yeməsən, üzünə sürtəcəm”, − dedi. Və dediyini də elədi. Bunu görən Allah Rəsulu (s.ə.s) gülümsəyərək Sevda anamıza: “Sən də onun üzünə sürt” dedi və ona kömək etdi”[11].

Allah Rəsulu zarafatlarda belə ədalətli olmuş, zarafat edilən zövcəsinə yardım eləmişdi. Əgər ona kömək eləməsəydi, aralarında inciklik ola bilərdi.

Həzrət Aişə anamıza zarafat etməsi

Həzrət Aişə (r. anha) nəql edir: “Bir səfərdə Allah Rəsulu ilə birlikdə yol gedirdik. O vaxtlar çox arıq idim. Allah Rəsulu səhabələrinə: “Siz irəli gedin”, − buyurdu. Onlar da aralandılar. Sonra mənə:

− Gəl yarışaq, − buyurdu.

Yarışdıq. Mən Onu keçdim. Bir şey demədi. Xeyli vaxt ötdü. Mən kökəlib ətə-qana gəlmiş, o yarışı da unutmuşdum. Yenə bir gün səfərə çıxmışdıq. Səhabələrə əmr elədi ki, yollarına davam etsinlər. Mənə isə “Gəl yarışaq”, − dedi. Yarışdıq. Məni keçdi və belə dedi: “Bu həmin yarışın əvəzidir”[12].

Bu gün kişilərin camaatdan utanıb qəribə qarşıladıqları bəzi davranışları Allah Rəsulu (s.ə.s) o vaxtlar xalqın arasında edirdi. Bu davranışları ilə xanımlarına nə qədər dəyər verdiyini insanlara göstərirdi. Bununla yanaşı, qadına lazımsız əşya kimi baxan cəmiyyətə göstərirdi ki, onlar da toplumun bir parçasıdır, onlarla səfərlərə çıxmaq, zarafatlaşmaq olar.

Həzrət Aişəni atası Həzrət Əbu Bəkrin əlindən qurtarması

Numan ibn Bəşir (r.a) nəql edir: “Bir gün Əbu Bəkir Rəsulullahın hüzuruna girmək üçün izin istəyəndə qızı Aişənin Allah Rəsulu ilə yüksək səslə danışdığını eşidir. İçəri girərək: “Allah Rəsulunun qabağında səsini niyə qaldırırsan?” deyib qızını tənbeh eləmək istəyir. Ancaq Allah Rəsulu (s.ə.s) Əbu Bəkrə mane olur. O da hirsli-hirsli bayıra çıxır. Əbu Bəkir gedəndən sonra Allah Rəsulu (s.ə.s) üzünü Aişə anamıza tutub:

− Gördün, səni onun əlindən necə qurtardım? − buyurur.

Həzrət Əbu Bəkir bir neçə gündən sonra yenə Peyğəmbərimizin (s.ə.s) ziyarətinə gəlir. Allah Rəsulu ilə qızının barışdığını görüb belə deyir:

− Məni davanıza şərik etdiyiniz kimi, barışığınıza da ortaq edin, − deyir.

Allah Rəsulu da:

− Etdik, etdik (Səni də aramıza qatdıq), − buyurur[13].

Zahir adlı bir şəxslə zarafatlaşması

Ənəs ibn Malik (r.a) nəql edir: “Çöl əhalisindən Zahir ibn Harun adlı bir şəxs var idi. Bu şəxs hər dəfə Allah Rəsulunun hüzuruna gələndə çöldə yetişən məhsullardan hədiyyə gətirərdi. Qayıdanda Allah Rəsulu da onun heybəsini doldurub belə buyurardı. “Zahir bizim çölümüz, biz də onun şəhəriyik”.

Allah Rəsulu (s.ə.s) onu çox istəyirdi. Görkəmcə o qədər də yaraşıqlı deyildi. Bir gün Zahir alış-verişlə məşğul olanda Rəsulullah (s.ə.s) onu arxadan qucaqlayıb mübarək əlləri ilə gözlərini tutdu. Zahir: “Kimsən?” – deyib əlindən çıxmaq istədi. Ancaq gözlərini tutanın Allah Rəsulu olduğunu bilib rahatlaşdı və kürəyini Onun sinəsinə sıxdı. Allah Rəsulu: “Bu kölə satılır, almaq istəyən varmı? − dedi. Zahir boynunu büküb: “Ey Allahın Rəsulu! Mənim kimi dəyərsiz köləyə, vallah, heç nə verməzlər”, − dedi. Peyğəmbərimiz: “Xeyr, ey Zahir! Sən Allah qatında çox dəyərlisən”, − buyurdu”[14].

Zahir kölə deyildi. Peyğəmbərimizin (s.ə.s) onun Allah qulu olduğunu dilə gətirmək üçün burada kölə mənasına gələn “əbd” (qul) sözünü işlətmişdir. Allah Rəsulu bu cür zarafatı ilə ona dəyər verdiyi kimi, bu cür insanlara yuxarıdan baxmamağı, mehribanlıq göstərməyi də öyrədir. Zahir kimi, xalqdan qayğı gözləyən insanlarla zarafatlaşmaq, səmimi davranmaq onların cəmiyyətlə qaynayıb qarışmasına vəsilə olur. Anadangəlmə qüsurlu olan və ya qəza nəticəsində şikəst qalan insanların cəmiyyətin qayğısına daha çox ehtiyacı var. Onlarla salamlaşmaq, hal-əhval tutmaq, hətta yeri gələndə xoş zarafatlar etmək olduqca önəmlidir.

Bir nəfərlə zarafat etməsi

Bir nəfər Allah Rəsulundan (s.ə.s) minik istəmişdi. Peyğəmbərimiz (s.ə.s) də ona: “Gəl səni dişi dəvə balasına mindirək”, − dedi.

O da təəccüblə:

− Ey Allahın Rəsulu! Dişi dəvə balası mənim nəyimə gərəkdir, o, məni necə aparacaq? – dilləndi.

 Allah Rəsulu:

– Dəvənin böyüyü də, kiçiyi də dişi dəvənin balası deyilmi?”, – deyib onunla zarafat etdi[15].

Yaşlı qarı ilə zarafat etməsi

Bir gün yaşlı bir qadın Rəsulullahın (s.ə.s) hüzuruna gəlib:

− Ey Allahın Rəsulu, mənə dua et, Cənnətə girim, − deyib rica elədi.

Peyğəmbərimiz:

− Yaşlı qadınlar Cənnətə girə bilməz, − cavabını verdi.

 Sözün hikmətini anlamayan qarı ağlamağa başladı. Bunu görən Allah Rəsulu (s.ə.s):

– Yaşlı qadınlar Cənnətə yaşlı halda deyil, gənc və gözəl vücudla girəcəklər[16]. Çünki Allah Qurani-Kərimdə belə buyurur: “Şübhəsiz ki, Biz (Cənnətə girən qadınları) yenidən yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar![17] deyə sözünün həqiqətini izah edərək qadını sakitləşdirmişdir. Bəzi rəvayətlərdə bu qadının Peyğəmbərimizin (s.ə.s) bibisi Həzrət Səfiyyə (r. anha) olduğu da qeyd edilir.

Nəticə etibarilə ailə fərdlərinə, tanıdığımız böyüklərə və uşaqlara, sevdiyimiz insanlara, bizdən qayğı gözləyənlərə yerində, qəlbə dəyməyən, rəncidə etməyən xoş zarafatlar etməliyik. Bizlə edilən zarafatları xoş qarşılamalıyıq. Zarafatlarda həqiqəti söyləməli, yalan və həqarət məzmunlu sözlərdən uzaq olmalıyıq. Xüsusilə, “zarafat edirəm” deyib insanları qorxutmamalı, aldadaraq və ya yalan danışaraq inamlarını sarsıtmamalıyıq.

[1]Tirmizi, “Birr”, 57.

[2]Əbu Davud, “Ədəb”, 80.

[3]Əbu Davud, “Ədəb”, 84; İbn Macə, “Fitən”, 25: Həmçinin baxın. Buxari, “Cizyə”, 15.

[4]İbn Həcər, “əl-İsabə”, 3/570.

[5]İbn Macə, “ət-Tərğib”

[6]Təbərani, “ət-Təğrib”

[7]Təbərani, “əl-Mücəmül-kəbir”; Əbu Davud da oxşar rəvayəti kitabında vermişdir.

[8]Təbərani, “Heysəmi”, 6/254

[9]Buxari, “Elm”, 18

[10]Buxari, “Ədəb”, 90; Müslim, “Fədail”, 70, 73

[11]Heysəmi, “Məcməüz-zəvaid”, 4/315, 316

[12]İbnül-Cəvzi, “Sifətüs-safvə”, 1/68

[13]Əbu Davud, “Ədəb”, 92 

[14]Əhməd ibn Hənbəl, “Müsnəd”, 3/161

[15]Tirmizi, “Birr”, 57; Əbu Davud, “Ədəb”, 84

[16]Tirmizi, “Şəmail”, s. 199; Heysəmi, “Məcməüz-zəvaid”, 10/419

[17]“Vaqia” surəsi, 56/35-38



Açar sözləri

Rəsulullah zarafat

Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]


Şərh yaz