2. 073 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (s.ə.s) bir gün səhabələriylə bir yerdə yemək yeyirdi. Oradan keçən bir qadın: “Buna bax, oturub kölə kimi yemək yeyir!” – dedi. Və Allah Rəsulu halını pozmadan cavab verdi: “Bəli, məndən gözəl kölə olar?! Mən Allahın (cəllə cəlaluhu) köləsiyəm.” Qadın yenə üzsüzlük edib dilləndi: “Özü yeyir, mənə vermir!” – dedi. Allah Rəsulu onu da süfrəyə dəvət etdi. Qadın: “Xeyr! – dedi, – mən sənin ağzındakı tikəni istəyirəm!” Allah Rəsulu ağzındakı tikəni ona verdi.. orada olanlar and içirlər ki, qadın bu tikəni  ağzına qoyduğu andan Mədinənin ən iffətli qadınlarından oldu…[1]

Yenə bir gün qarşısında titrəyən adama baxıb belə buyurmuşdu: “Qardaşım, titrəmə! Mən də sənin kimi quru çörək yeyən bir qadının oğluyam…”[2]

Mələk gəldi və soruşdu: “Qul peyğəmbər olmaq istəyirsən, yoxsa hökmdar peyğəmbər?” Cəbrail qulağına pıçıldadı: “Rəbbinin yanında təvazökar ol!” Və Allah Rəsulu cavab verdi: “Bir gün ac yatıb dua edən, o biri gün tox olub şükür edən qul peyğəmbər olmaq istəyirəm.”[3]

Bütün bunlar olanda dünyanın dörd bir yanından gələn qənimət və hədiyyələr Onun ayaqlarının altına sərilirdi. Lakin O, bircəsini belə özünə sərf etməyi düşünmür, gələn hədiyyələrin hamısını səhabələrinə paylayırdı. Onun bu davranışı həyatı boyu heç dəyişməmişdi. Daha nə deyim, Məkkə fəthində başını o qədər əymişdi ki, Ərşə ucalan o baş orada az qala yəhərin qaşına dəyəcəkdi…[4]

Sad ibn Muaz (r.a.) gələndə yanındakılara: “Böyüyünüz üçün ayağa qalxın!”[5] – buyururdu. Halbuki səhabələr nə vaxt Ona görə ayağa qalxırdı, “Əcəmlər kimi ayağa qalxmayın!”[6] – deyirdi.

Merac əsnasında bütün peyğəmbərlərə imam olmuş və onlara namaz qıldırmışdı.[7] Ancaq bu üstünlük və şərəf Onu dəyişdirməmişdi. “Məni Musa ibn İmrandan (ə.) üstün tutmayın!”[8] – demişdi. Və başqa vaxt da: “Məni Yunus ibn Məttadan (ə.) üstün tutmayın!”[9] – buyuracaqdı…

Qeybin pərdələri dəfələrlə gözünün önündən çəkilmiş, o biri­ aləmləri seyr etmişdi. Ancaq Həzrət Aişənin (r. anha) otağında ilahi oxuyan qarabaşların: “Bizim aramızda elə bir Nəbi var ki, sabah nə olacağını bilir” – dediklərini eşidincə onları dərhal susdurmuş, “Mütləq nəsə deməlisinizsə, doğru olanı söyləyin!”[10]– buyurmuşdu.

Bəli, xarakter və davranışlarını ömür boyu dəyişməyən bircə lider vardır, o da sözsüz, Həzrət Məhəmməd Mustafadır (s.ə.s.).


[1] Təbərani, “Əl-mücəmül-kəbir”, 8/200.

[2]İbn Macə, “Ətimə” 30; Təbərani, “Əl-mücəmül-övsət”, 2/64.

[3]Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 2/231; Əbu Yala, “Müsnəd”, 10/491.

[4]İbn Hişam, “Əs-siratün-nəbəviyyə”, 5/63.

[5]Buxari, “İstizan” 26; Müslim, “Cihad”, 64; İbn Həcər, “Əl-isabə”, 3/85.

[6]Əbu Davud, “Ədəb”, 152; İbn Macə, “Dua” 2; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 5/253.

[7]Təbəri, “Camiül-bəyan”, 15/3; İbn Kəsir, “Əl-bidayə vən-nihayə”, 3/110.

[8]Buxari, “Ənbiya” 31; Müslim, “Fədail”, 159-160.

[9]Buxari, “Ənbiya” 24; Müslim, “Fədail”, 166-167.

[10]Buxari, “Məğazi”, 12; Tirmizi, “Nikah” 6.


Açar sözləri

təvazökarlıq

Bənzər məqalələr

Onun təvazökarlığı

Onun məhviyyət və təvazökarlığı da fətanətinin bir yönü kimi parlamaqdadır. Allahın dini vüsət tapdıqca, Rəsulunu qəbul edənlərin sayı artdıqca təvazökarlığı da dərinləşirdi. “Kim Allah qarşısında təvazökar olsa, Allah onu ucaldar”, – deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Həzrət Məhəmməddir (s.ə.s).


Şərh yaz