- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Rəğaib gecəsi

Rəğaib gecəsi, Rəcəb ayının ilk cümə gecəsidir. Rəğaib kəlməsi “çox rəğbət edilən, qiymətli, dəyərli” mənalarına gələn “rağib” sözünün cəm formasıdır. Rəğaib gecəsi deyilincə “Çox lütf və ehsanla dolu, qiyməti və dəyəri böyük, çox yaxşı dəyərləndirilməsi lazım olan gecə” mənası başa düşülür.

Mənən bərəkətli olan bu gecənin bir xüsusiyyəti  mübarək Ramazan ayının ilk xəbərçisi olmasıdır. Rəğaib gecəsi Peyğəmbərimizin mənəvi yüksəlişinin başlanğıcıdır. Merac gecəsində isə bu yüksəliş zirvələrə çatmışdır.

Allah Rəsulu (s.ə.s) bir hədisində üç aylar girincə belə dua etməyimizi tövsiyə etmişdir:

“Allahım Rəcəb və şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizləri Ramazana qovuşdur”. (Əhməd ibn Hənbəl, Müsnəd I, 259)

Yuxarıda da qeyd etdiyimiz kimi, rəğaib rəğbət etmə, yönəlmə mənasına gəlir. Bu gecələr əsl, həqiqi mənası ilə bizim axtardığımız gecə olmaya bilər. Ancaq bir vəsilə ilə bizlər bu gecənin müəyyən bir hissəsini Quran oxuyaraq, dua edərək dəyərləndirə bilərik.

“Bu gecə nə edə bilərik?” sualının cavabı:

Tövbə edərək arxada buraxdığımız keçmiş həyatımızı düşünməli, sidq ürəklə Allaha yönəlməliyik. Ayrıca dünyanın dörd bir tərəfində zülm və əsarət altında inləyən, bir loğma çörəyə, bir qurtum suya, şəfqətə möhtac insanlara dua etməli, insanlığın çöhrəsinin dəyişməsi üçün Cənəbı-Haqqa dua edərək yalvarmalıq.

Unutmayaq
                                  Rəcəb toxum əkmə, Şaban sulama,
                                Ramazan isə məhsul toplama ayıdır.       
İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi,
            Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
 
Rəğaib Qəndilinizi təbrik edir, bütün insanlıq üçün qurtuluş vəsiləsi olmasını
Rəhməti Sonsuz Rəbbimizdən niyaz edirik!