Aylıq namaz vaxtları
3. 632 dəfə oxunub ,   0 şərh   Çap et

Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.

Qurani-Kərimdə yuxunun müxtəlif cəhətlərindən bəhs edilir. Uca Allah “O (Allah), nə mürgü, nə də yuxu bilər[1] ayəsi ilə yuxunu məxluqat üçün var etdiyini, Zatının isə bu cür acizlikdən xali olduğunu, “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur[2] bəyanı ilə gündüzü işləyib ruzi qazanmaq, gecəni isə yatıb istirahət etmək üçün yaratdığını, “Yuxunuzu da istirahət (vasitəsi) etdik. Biz gecəni (sizi örtən) bir libas etdik[3] ifadəsi ilə yuxunun insanlar üçün bir nemət olduğunu bildirmiş, “Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir[4] ayəsi ilə də yuxunu “ölüm halı,” yuxudan oyanmağı isə “yenidən diriliş” kimi təsvir edərək yuxudan ayılmama ehtimalını xatırlatmışdır.

Rəsulullahın (s.ə.s) yataq və döşəyi

Yataq – döşək, yastıq və yorğandan ibarətdir. Hədis mətnlərində döşək “firaş,” yastıq “visadə,” yorğan isə “lihaf” sözləri ilə ifadə olunur.

Həzrət Aişənin (r. anha) evindəki döşəyin üzü dəridən idi. İçinə yun, yaxud pambıq əvəzinə xurma lifi doldurulmuşdu. Yastıqları da xurma lifindən hazırlanmışdı. Həzrət Aişə anamız “Peyğəmbərimizin döşəyi necə idi?” sualına: “Döşəyin üzü aşılanmış dəri, içi isə xurma lifləri ilə doldurulmuşdu”[5], – cavabını vermişdi.

Həzrət Hafsanın (radiyallahu anha) evindəki döşək isə iki qatlanmış həsir idi. Həzrət Hafsa anamıza: “Allah Rəsulu sizin evdə qalanda nə cür yataqda istirahət edirdi?” sualına bu cavabı vermişdi:

− Allah Rəsulunun yatağı qalın bir həsir idi. Onu iki yerə qatlayardıq, üstündə yatardı. Bir gecə yanıma gələndə fikirləşdim ki, həsiri dörd yerə qatlasam, daha yumşaq olar. Qatlayıb yerə sərdim. Səhər açılanda Allah Rəsulu: “Bu gecə mənim altıma nə sərmişdin?” − deyə soruşdu.

− Həmişə sərdiyimiz həsiri. Ancaq daha yumşaq olsun deyə dörd qat eləmişdim, − dedim.

− Mənim həsirimi əvvəlki kimi sərin. Çünki yerim yumşaq olduğu üçün gecə namazına qalxa bilməmişəm, − buyurdu”[6].

Allah Rəsulunun qonşusu olan varlı bir qadın bir gün Həzrət Aişə anamızı ziyarət edir. Peyğəmbərimizin (s.ə.s) yatdığı döşəyi görüb ürəyi sızlayır. Həzrət Aişə anamıza hədiyyə olaraq bir yun döşək gətirir. Axşam olanda Allah Rəsulu (s.ə.s) bu döşəyi görüb: “Aişə, bu nədir?” – deyə soruşur. Aişə anamız (r. anha) isə:

− Ey Allahın Rəsulu, ənsardan filan qadın bizə gəlmişdi. Sizin döşəyi görüb bunu hədiyyə gətirdi, − cavab verir.

Həzrət Aişə anamız hadisənin davamını belə nəql edir: “O döşəyi geri qaytarmadım. Belə bir döşəyin evimdə olması xoşuma gəlirdi. Allah Rəsulu üç dəfə bu hədiyyəni geri qaytarmağı tapşırdı və sonra əlavə etdi: “Aişə, onu geri qaytar! Allaha and içirəm ki, əgər istəsəm, Allah ixtiyarıma qızıl və gümüşdən dağlar verər, − buyurdu[7].

Həsir üstündə yatması

Bir gün Həzrət Ömər (r. a) Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlir. Bu vaxt Peyğəmbərimiz həsirin üstündə uzanmışdı. Həsirin sərt səthi Rəsulullahın üzünə iz salmışdı. Otağın bir küncündə aşılanmış dəri, bir-iki ovuc arpa qoyulmuş bir kisə var idi. Allah Rəsulunun otağındakı əşyalar bunlardan ibarət idi. Həzrət Ömər bu mənzərə qarşısında riqqətə gəlib ağladı. Allah Rəsulu (s.ə.s) onun nə üçün ağladığını soruşdu. Həzrət Ömər cavab verdi:

– Ey Allahın Rəsulu! Hökmdarlar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, Sən isə quru bir həsir üzərində yatırsan, həsir də üzündə iz qoyur. Bu gördüklərim məni ağlatdı.

 Allah Rəsulu belə buyurdu:

− İstəmirsən, ey Ömər, dünya onların, axirət bizim olsun?![8]

Həsirin üstündə yatdığı üçün Abdullah ibn Məsudun kədərlənməsi

Allah Rəsulunun (s.ə.s) həsir üzərində yatmasına Həzrət Ömər kimi, könlü razı olmayan Abdullah ibn Məsud nəql edir: “Peyğəmbərimizin vücudunda həsirin izini görüb:

− Ey Allahın Rəsulu! İcazə verin, bu həsirin üzərinə bir örtük sərim, vücudunuzu incitməsin, – dedim. Buyurdu ki: “Mənim bu dünya ilə nə əlaqəm var? Mən istirahət etmək üçün bir ağacın altında oturub sonra yoluna davam edən bir yolçu kimiyəm[9].

Hədislərə nəzər salanda Allah Rəsulunun (s.ə.s) adətən sərt yataqlara üstünlük verdiyini, insanı tənbəlləşdirən yumşaq yataqlardan istifadə etmədiyini görürük. Bu gün həkimlər bel ağrısından əziyyət çəkənlərə sərt yerdə yatmağı tövsiyə edir. Ancaq bu Allah Rəsulunun öz seçimidir, səhabələrə sərt yataqları tövsiyə etməsi mövzusunda bir hədisə rast gəlməmişik.

Yuxu rejimi və müddəti

Hər bir insan kimi Allah Rəsulu da (s.ə.s) yatıb dincəlirdi. Allah Rəsulu (s.ə.s), əsasən, işa namazı ilə sübh namazı arasında yatardı. Bununla yanaşı, imkan olanda günorta namazından sonra bir saata qədər yatardı. Bu yuxuya qaylulə deyilir. Allah Rəsulu (s.ə.s) qaylulə yuxusu haqda belə buyurmuşdur: “Gündüz oruca sahur ilə, gecə ibadətinə də qaylulə ilə kömək edin[10].

Allah Rəsulu işa namazından əvvəl yatmaz, namazı qılandan sonra da oturmaz, dərhal yatağına girərdi[11]. Bəzən də məsələn, toy mərasimi olanda, qonağı gələndə gec yatardı[12].

Sübh vaxtı yatması

Həzrət Aişə (r. anha) nəql edir: “Allah Rəsulu gecə on bir rükət namaz qılardı. Səhər vaxtı dan yeri ağaranda iki rükət namaz qılar, sonra müəzzin sübh əzanını oxuyanadək sağ tərəfi üstə uzanardı[13].

Sağ tərəf üstə yatmaq fərz yox, sünnədir. Mömin sağ yanı üstə yatmağa məcbur deyildir. Belə olsaydı, bu cür yatış tərzi fərz olardı. Çiyində və ya sağ tərəfdə ağrı və ya narahatlıq olanda sol çiyin üstə yatmaq olar. Mömin Sünnəyə əməl etmək niyyəti ilə sağ çiyin üstə yatmalı, Sünnəni inkar eləmək məqsədi ilə sol çiyin üstə yatmaqdan çəkinməlidir. Burada əsas prinsip budur.

Gecə yuxusu

Həzrət Hüzeyfə (r.a) nəql edir: “Allah Rəsulu gecə yatanda əlini yanağının altına qoyar, sonra isə “Allahım sənin isminlə ölür, Sənin isminlə dirilirəm” deyərdi. Yuxudan oyananda “Bizi öldürəndən sonra dirildən Allaha həmd olsun. Diriltmək yalnız Ona məxsusdur” deyə həmd edərdi[14].

Bu hədisi-şərif bizi ciddi bir təfəkkürə dəvət edir. Ölüm haqdır və Haqdan gəlir. Xəstələr ayaq üstə durmağa taqətləri çatmayanda namazı oturaraq qılırlar. Buna da gücləri çatmayanda sağ çiyin üstə uzanıb qılırlar. İnsan öləndə üzü qibləyə və sağ tərəfi üstə dəfn edilir. Dinimizdə hər şey sağdan başlayır. Bir insan yatağa uzanarkən belə düşünməlidir: “Yuxu ölümün əkiz qardaşıdır”[15]. Taleyin hökmünü bilmək olmaz, yatıb qalxacağına haradansa, təminat almayıb. Sağlam yatıb xəstə oyana da bilər, heç oyanmaya da bilər. Buna görə də yatağa uzanarkən qəbirə qoyulduğunu düşünüb hiss edə bilər. Bundan başqa, özünü yataq xəstəsi kimi də təsəvvür edə bilər. O an Rəbbinə ibadətə hazırlaşdığını düşünər. Bu cür hislər içində Rəbbinə yalvarar: “Allahım, Sənin isminlə ölür, Sənin isminlə dirilirəm. Yaradan da, öldürən də yalnız Allahdır. Bunu dilim və qəlbimlə təsdiq edirəm”. İnsan yuxuya gedəndən sonra dünya ilə bütün əlaqələri kəsilir. Oyanmaq öz iradəsindən asılı deyil. Yatarkən bunları düşünüb dua və təfəkkür etmək o gecəni ibadətlə keçirmək deməkdir. Çünki təfəkkür də ibadətdir.

Rəsulullah (s.ə.s) gecə oyananda nə edərdi?

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) adətən işa namazından əvvəl yatmaz, namazdan sonra da söhbət eləməzdi[16]. Gecə oyananda təbii ehtiyacı varsa, rəf edər, əl-üzünü yuyub (dəstəmaz alıb) yenidən yatardı[17]. Bundan başqa, gecələr ibadət üçün qalxar, dua edər, Quran oxuyar, nafilə namaz qılardı. Xüsusilə, tək qıldığı nafilə namazlarda çoxlu dua edər, namazı xeyli uzun qılardı[18].

Yuxusu necə idi?

Allah Rəsulu (s.ə.s) adətən sərt yataqda yatardı. Bu cür sərt yataqda rahat yatıb dərin yuxuya getdiyini söyləmək çətindir. Çünki qəflət Onun (s.ə.s) həyatının bircə anına da yaxın düşə bilməmişdir. İnsanda təkcə vücud yatır, qəlbi, şüuru, ruhu və idrakı isə oyaq qalır. Bu səbəbdəndir ki, Peyğəmbərimiz (s.ə.s): “Mənim gözüm yatar, ancaq qəlbim yuxu bilməz”[19], − buyurmuşdur.

Tövsiyə etdiyi və xoş qarşılamadığı yatış şəkilləri

Allah Rəsulunun yatış şəklinə gəlincə, rəvayətlərə baxanda üç cür yatış şəklinin olduğunu görürük: 1. Evdə yatış şəkli, 2. Səfərdə yatış şəkli, 3. İstirahətə çəkiləndə yatış şəkli.

Evdəki yatış şəkli

Bəra ibn Azib (r.a) nəql edir: “Allah Rəsulu (s.ə.s) yatanda sağ böyrü üstə yatar, sağ əlini sağ yanağının altına qoyar, sonra isə belə dua edərdi: “Allahım! Sənə təslim oldum. Üzümü Sənə çevirdim. İşimi Sənə həvalə etdim. Rizanı diləyərək, əzabından qorxaraq Səni Özümə arxa bildim, Sənə sığındım. Yeganə pənahgah Sənsən. Nazil etdiyin kitaba və göndərdiyin peyğəmbərə inandım”. Allah Rəsulu (s.ə.s) Bəra ibn Azibə: “Əgər bu duanı etdiyin gecə ölsən, imanla ölərsən. Yatmadan əvvəl bunlar son sözün olsun”[20], – deyə tövsiyə etmişdir.

Müsəlmanlar qəbirdə hansı istiqamətə qoyulursa, Peyğəmbərimizin (s.ə.s) yatağı da elə qoyulmuşdu. Ümmü Sələmə nəql edir: “İnsanın qəbri hansı istiqamətdə qoyulursa, Peyğəmbərimizin (s.ə.s) yatağı da belə idi. Yatanda məscid baş tərəfində qalırdı”[21]. Allah Rəsulunun (s.ə.s) bu cür yatış tərzi qibləyə ehtiramın ifadəsidir. Bu sünnəyə də həssas yanaşmaq lazımdır.

Bəra ibn Azib nəql edir: “Allah Rəsulu mənə “Yatağına girərkən namaz üçün necə dəstəmaz alırsansa, o şəkildə dəstəmaz al, sonra sağ böyrü üstünə yat və bu duanı oxu. Bu dua son sözlərin olsun”[22]. Bu hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) səhabəsinə, səhabəsinin timsalında bütün müsəlmanlara yatarkən edilən duanı öyrədir.

Səfərdə yatış şəkli

Səfərdə və ya başqa yerlərdə Allah Rəsulunun (s.ə.s) yatış tərzi bir az fərqli olmuşdur. Belə vaxtlarda sağ böyrü üstə uzanıb sağ dirsəyini dikəldərək, sağ əlinin içini sağ yanağının altına dəstək edərək yatardı. Əbu Qatadə (r.a) nəql edir:

“Allah Rəsulu səfərdə gecə istirahət üçün fasilə verəndə sağ çiyni üstə uzanardı. Səhərin açılmasına az qalmış fasilə verəndə isə başını ovuclarına qoyardı[23]. Bəzi hədis şərhçilərinə görə[24], səhrada başının altına qoymağa bir şey tapmayanda bu yatış şəklindən istifadə etmişdir.

İstirahətə çəkiləndə yatış şəkli

Qısa müddətliyə istirahətə çəkiləndə arxası üstə uzanaraq dincələr və yatardı. Abdullah ibn Zeyd (r.a) Allah Rəsulunu (s.ə.s) məsciddə bir ayağını digər ayağının üstünə qoyub arxası üstə yatarkən gördüyünü nəql edir[25].

Xoş qarşılamadığı yatış və uzanma şəkilləri

Üzüstə yatmaq

Allah Rəsulu (s.ə.s) bəzi yatış və uzanma şəkillərini xoş qarşılamamışdır. Bunlardan biri də üzüstə yatmaqdır. Yaiş ibn Tihfə əl-Qifari atasının ona söylədiyi hədisi nəql edir: “Bir dəfə mən məsciddə üzüqoylu yatmışdım. Baxdım ki, bir nəfər ayağı ilə məni tərpədib belə deyir: “Bu cür yatmaq Allahın qəzəbinə səbəb olur”. Bir də baxdım ki, bunu deyən Allah Rəsuludur”[26].

Bu cür yatış şəkli Allah Rəsulunun (s.ə.s) xoşuna gəlmədiyi kimi, sağlamlığa da zərərlidir. Mədə, ürək və başqa orqanların sıxılmasına səbəb olur. Eyni zamanda ədəb baxımından düzgün deyil. Bəzi rəvayətlərdə Yaişin atası Tihfənin ağciyəri xəstə olduğu üçün bu cür uzandığı qeyd olunur. Güman ki, bəzi insanlar bu şəxsin xəstə olduğunu bilmirdilər. Peyğəmbərimiz (s.ə.s) ona xəbərdarlıq etməsəydi, insanlar bu cür yatış şəklinin düzgün olduğunu düşünərdilər. Buna görə də, Allah Rəsulu (s.ə.s) ona xəbərdarlıq etmişdi.

Arxası üstə uzanarkən ayağı ayaq üstünə atmaq

Allah Rəsulu (s.ə.s) arxası üstə yatarkən ayağını ayağının üstünə atmağı xoş qarşılamamışdır. Bu cür yatış şəkli ilə bağlı müxtəlif rəvayətlər vardır. Allah Rəsulunun (s.ə.s) istirahəti ilə bağlı hissədə Abdullah ibn Zeyddən (r.a) nəql edilən: “Allah Rəsulunu (s.ə.s) məsciddə bir ayağını digər ayağının üstünə ataraq arxası üstə yatdığını gördüm”[27] hədisini vermişdik. Burada da xoş qarşılanmaması haqqında iki hədisi-şərifə nəzər yetirək.

Cabir ibn Abdullahdan iki rəvayət gəlmişdir: “Bir gün Allah Rəsulu mənə belə dedi: “Yatanda ayaqlarını bir-birinin üstünə qoyma”[28].

“Rəsulullah: “Heç biriniz arxası üstə uzanıb ayağını ayağının üstünə atmasın!”[29] − buyurdu”.

Peyğəmbərimiz (s.ə.s) səhabələrin arxası üstə yatıb ayaqlarını bir-birinin üstə atmasını xoş qarşılamamışdır.

Diqqət etdinizsə, bu hissədə üç hadisəni nəql etdik. Birinci hədisi-şərifdə Peyğəmbərimizin (s.ə.s) istirahət məqsədi ilə arxası üstə yatıb, ayağını ayağının üstünə qoyduğunu görürük. Digər iki rəvayətdə isə səhabələrini bu şəkildə yatmaqdan çəkindirməsinə şahid oluruq. Bu iki hal zahirən bir-birinə zidd görünsə də, həqiqət elə deyildir. Belə ki, Allah Rəsulu (s.ə.s) uzananda və yatanda paltarının açılıb vücudunun görünməməsinə son dərəcə diqqət edirdi. Ehtimal ki, Allah Rəsulu bu məsələdə o qədər də həssas olmayan bəzi şəxsləri görmüş, ədəb yerləri görünməsin deyə sonralar bu cür yatmağı məsləhət bilməmişdir.

Yatmaq və yuxu ilə bağlı digər tövsiyələri

Allah Rəsulu yatacaq yerində zərərli bir şeyin olub olmadığını bilmək üçün yatağı gözdən keçirməyi tövsiyə edərdi: “Yatağa uzanmazdan əvvəl paltarınızın bir ucu ilə yatağınızı silkələyin. Çünki yataqdan qalxandan sonra ora zərərverici (həşərat) girə bilər. Sonra isə belə deyin: “Ey Rəbbim, Sənin isminlə yatağımda yatır və Sənin isminlə yatağımdan qalxıram. Yuxuda canımı alacaqsansa, mərhəmət edib məni bağışla! Əgər canımı almayacaqsansa, sevdiyin bəndələrini qoruduğun kimi məni də hər cür pislikdən hifz eylə!”[30]

Peyğəmbərimizin (s.ə.s) dövründə insanlar sadə evlərdə yaşayırdılar. Bir çoxunun həyatı səhrada, çadırlarda keçirdi. Bu tövsiyə o dövrün şəraiti üçün də, bu günün müasir evləri üçün də faydalıdır. Xüsusilə, uşaqlı ailələr bu tövsiyəyə daha çox diqqət etməlidir. Uşaqlar oyuncaqlarını hara gəldi atırlar. Qadınlar bəzən istifadə etdikləri iynə, qayçı və s. kimi alətləri paltarların, yataqların üzərində unudurlar. Dolayısilə, xoşagəlməz bir hadisə ilə qarşılaşmaq istəmiriksə, yatmazdan və uzanmazdan əvvəl yatacaq yerlərimizi gözdən keçirməliyik.

Təhlükəli yerlərdə yatmamaq

Allah Rəsulu (s.ə.s) kənarları açıq çardaqlarda, talvarlarda, damlarda yatmağı xoş qarşılamamışdır. Çünki insan yuxulu-yuxulu oradan yerə düşə bilər. Əbdürrəhman ibn Seyhan atasından rəvayət edir: “Kim ətrafı bağlı olmayan bir damın üzərində yatar (və oradan yıxılıb) ölərsə, özünü (Allahın o şəxsə haqsızlıq edənləri dünyada hesaba çəkəcəyinə dair verdiyi) sözdən məhrum etmiş olar[31]. Bəndə ehtiyatlı olub tədbir görəndən sonra işin nəticəsini Allaha həvalə eləməldir. Həqiqi təvəkkül də məhz budur. Hədisi-şərifdə də bildirildiyi kimi, ətrafı bağlı olmayan bir yerdə heç bir tədbir görmədən uzanıb yatan bir insan oradan yumalanıb yıxılarsa, buna görə məsuliyyəti özü daşıyır. Əgər oradan yıxılıb ölərsə, o şəxsin ölümünə görə heç kim məsuliyyət daşımır. Əfsuslar olsun ki, bəzi bölgələrdə yay aylarında insanlar ətrafı bağlı olmayan çardaqlarda, talvarlarda, damlarda yatır. Buna görə də ölümlə nəticələnən hadisələr baş verir.

Yatanda və yuxudan oyananda dua etmək

Allah Rəsulu (s.ə.s) yatanda və yuxudan oyananda həmişə dua edərdi. Hüzeyfə ibn Yəman (r.a) nəql edir: “Allah Rəsulu yatanda “Allahım Sənin isminlə ölür və dirilirəm, yuxudan oyananda isə “Öldükdən sonra bizi dirildən Allaha həmd olsun. Dönüş ancaq Onadır” deyərdi”[32].

Peyğəmbərimiz (s.ə.s) hər gecə yatağına girəndə “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyardı. Həzrət Aişə rəvayət edir: “Peyğəmbərimiz hər gecə yatağına girəndə əllərini birləşdirər, “İxlas” , “Fələq” və “Nas” surələrini oxuyandan sonra əllərinə üfürərdi. Ardınca əli çatan yerlərə qədər vücudunun demək olar hər tərəfinə çəkərdi. Birinci başına və üzünə, sonra isə bədəninin ön tərəfinə sürtərdi. Bunu üç dəfə edərdi[33].

Həzrət Əlinin rəvayətinə görə, Həzrət Fatimə (r. anha) kirkirəni (əl dəyirmanını) o qədər fırlatmışdı ki, əli qabar bağlamışdı. Bir gün bir xidmətçi istəmək üçün Peyğəmbərimizin (s.ə.s) evinə getdi, ancaq Rəsulullah evdə yox idi. Nə məqsədlə gəldiyini Həzrət Aişə anamıza (r. anha) dedi. Peyğəmbərimiz (s.ə.s) evə qayıdanda Həzrət Aişə Həzrət Fatimənin xidmətçi üçün gəldiyini xəbər verdi. Həzrət Əli (r.a) deyir ki, axşam düşmüşdü, yatağa girmişdik. Allah Rəsulu (s.ə.s) bizə gəldi. Mən qalxmaq istəyəndə: “Qalxma” deyib ikimizin arasında oturdu. Hətta elə yaxın oturmuşdu ki, ayaqları sinəmə dəyir, sərinliyini hiss edirdim.

Allah Rəsulu: “Yaxşı-yaxşı qulaq asın! Sizə məndən istədiyiniz xidmətçidən daha xeyirli bir şey söyləyəcəyəm. İkiniz də yatağınıza girəndə otuz üç dəfə “Subhənallah”, otuz üçü dəfə “Əlhəmdulillah” otuz üç dəfə də “Allahu Əkbər” deyin. Bunları söyləmək sizin üçün xidmətçidən daha xeyirlidir[34].

Buraya qədər söylənilənləri xülasə edək: Yatmazdan əvvəl yatağı yoxlamalı, dəstəmaz almalı, sonra isə Allaha dua edərək ovcumuza üfürüb əlimizin çatacağı yerə qədər bədənimizə sürtməliyik. Yataqda sağ çiyin üstə yatmalı, sağ əlimizi sağ yanağımızın altına qoymalı, üzü üstə yatmamalı, gecə oyananda dua edərək qalxmağa adət etməliyik. Bununla yanaşı təhlükəli yerlərdə yatmaqdan çəkinməliyik.

[1]“Bəqərə” surəsi, 2/255

[2]“Furqan” surəsi 25/47

[3]“Nəbə” surəsi, 78/9-10

[4]“Ənam” surəsi, 6/60

[5]İbn Macə, “Zöhd”, 11; Tirmizi, “Şəmail”, s.270

[6]Tirmizi, “Şəmail”, s.270; İbn Kəsir, “əl-Bidayə” 6/53

[7]Bəyhaqi, “Şuabul-iman”, 2/173; İbn Sad, “Təbəqat”, 1/465

[8]İbn Macə, “Zöhd”, 11

[9]Tirmizi, “Zöhd”, 44; İbn Macə, “Zöhd”, 3

[10]Hakim, “Müstədrək”, 1/588; Süyuti, “Cəmius-sağir”, 2/88

[11]Baxın.: Buxari 1/142,148, Müslim, 1/447, 235-237; İbn Macə, 1/229-230

[12]Baxın.: Heysəmi, “Məcməüz-zəvaid”, 1/314,315

[13]Buxari, “Dəavat” 5; Müslim, “Müsafirin” 121-122

[14]Buxari, “Dəavat” 7,8,16. Həmçinin baxın: Müslim, “Zikr” 59; Əbu Davud, “Ədəb” 98; Tirmizi, “Ədəb” 28; İbn Macə, “Dua” 16

[15]Bəyhaqi, “Şuabul-iman”, 4/183; Əbu Nuaym, “Hilyə”, 7/90

[16]Buxari, “Məvaqit”, 23

[17]Əbu Davud, “Ədəb”, 105

[18]Buxari, “Təhəccüd”, 16; Müslim, “Müsafirin”, 125

[19]Buxari, “Mənaqib”, 24

[20]Buxari, “Dəavat” 5. Həmçinin baxın.: Buxari, “Vudu” 75; Müslim, “Zikr” 56-58; Əbu Davud, “Ədəb” 98

[21]Əbu Davud, “Ədəb”, 96, 97

[22]Buxari, “Vudu” 75; Müslim, “Zikr” 56

[23]Müslim, “Məsacid”, 313

[24]İbnül-Əsir, “ən-Nihayə”, 3/206

[25]Buxari, “Salət”, 85

[26]Əbu Davud, “Ədəb” 95. Həmçinin baxın: Tirmizi, “Ədəb” 21

[27]Buxari, “Salət”, 85

[28]Müslim, “Libas”, 73

[29]Müslim, “Libas”, 74

[30]Buxari, “Dəavat”, 13

[31]Tirmizi, “Ədəb”, 82; Əbu Davud, “Ədəb”, 96

[32]Buxari, “Dəavət”, 6

[33]Buxari, “Fədailül-Quran”, 14

[34]Buxari, “Dəavət” 11; “Fədailül-əshab”, 9; Əbu Davud, “Ədəb”, 109; Tirmizi, “Dəavət”, 24




Bənzər məqalələr

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Yuxugörmə hadisəsi necə baş verir?

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir? Gecələr yuxuya dalırıq. Göz qapaqlarımız bağlanır, qulaqlarınız eşitmir, diliniz lal olur, əlimiz tutmur və ayağımız yerimir. Əgər yuxuda olarkən yanımızda kimsə danışsa onu görmür, danışdığını isə eşitmirik. Onun da, bizim yuxuda gördüklərimizdən, hiss edib yaşadıqlarımızdan xəbəri olmur. İnsan çox vaxt ancaq yatdığını və oyandığını bilir. Yatarkən gözü bağlı qaranlıqlara dalmış kimi olur və heç nə görmədən dünyaya qayıdır.

Yuxu və beynin istirahəti

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.

Yuxu nədir? Hansı növləri var?

Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. Yuxularda gözə, maddəyə və işığa ehtiyac olmur, hər şey bəsirət və ruhla sezilir. Məhz buna görə də yuxular bir çox hallarda insana təsəvvürəsığmaz gözəllikləri göstərir.

Peyğəmbərimiz (s.ə.s.) yuxu yozmuşdur?

Peyğəmbərimizin (s.ə.s) yuxunu peyğəmbərliyin qırx altı parçasından biri kimi dəyərləndirmişdir. Hətta peyğəmbərliyin ilk vaxtlarında gördüyü yuxular gün kimi çin çıxmışdı.


Şərh yaz

*