Aylıq namaz vaxtları
3. 017 dəfə oxunub ,   0 şərh   Çap et

Qurban ibadəti Kitab, Sünnə və İcma dəlillərinə əsaslanır. Qurban hicrətin ikinci ili əmr olunmuşdur.

Qurani-Kərimdə qurban ibadətinin əsaslandığı dəlillərlə yanaşı tarixi haqda da məlumat verilir. Belə ki, Hz. Adəmin iki oğlu, Habil ilə Qabilin Allaha qurban etdikləri və bunlardan yalnız Allahdan çəkinənin qurbanının qəbul edildiyi bildirilir.[1] Başqa bir ayədə də qurban hökmünün İslamdan əvvəlki ilahi dinlərin hamısında mövcud olduğu bildirilir.[2]

Qurban Hz. İbrahim peyğəmbərdən gələn məşhur sünnələrdəndir. Saffat surəsində bildirilir ki, Hz. İbrahim Allahdan bir uşaq istəmiş, duası qəbul olub bir övlad bəxş edildikdə də onu qurban etməklə imtahan edilmişdi. Quranda adı qeyd edilməməklə yanaşı İslam alimlərinin əksəriyyətinə görə, qurban edilmək istənilən İsmayıldır. İbrahim (ə.s) oğlu İsmayılı kəsmək istədikdə, ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilmiş və oğlunun əvəzinə bir qurban verilmişdir. Üstəlik ilk xanımı Saradan dünyaya gələcək İshaq (ə.s) müjdələnmişdir.[3]

Qurani-Kərimdə İbrahim və oğlu İsmayılın Allahın əmrinə tabe olduqları bildirilir: “Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!(Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.[4]

Qurani-Kərimdə möminlər üçün qurban kəsməyi əmr edən açıq bir hökm yoxdur. Buna görə də qurbanın hökmü fərz deyil. Belə ki, Əbu Hənifəyə görə qurban kəsmək vacib, əksər İslam hüquqşünaslarına görə isə sünnədir. Kövsər surəsindəki, “Rəbbin üçün namaz qıl və qurban kəs![5] ayəsindəki “namaz”, ən məşhur fikrə görə bayram namazını, “qurban kəsmək” də, qurban bayramı günlərində kəsilən qurbanları ifadə edir.

Başqa bir ayədə də qurbanlıq dəvələrdən belə bəhs olunur: “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik.[6] Ayədəki “şəair” kəlməsi Allahın dininin nişanə və simvolları mənasına gəlir.

Qurbanla bağlı çox sayda hədis var. Zeyd İbn Əkrəm nəql edir ki, Rəsulullahdan (s.ə.s.) qurbanın nə olduğunu soruşdular O, belə cavab verdi: “O, atanız İbrahimin sünnəsidir.” Qurbanın savabı haqqında soruşulanda isə: “qurbanın hər bir tükü üçün bir həsənə (savab) veriləcəyini” bildirmişdir.[7] Hz. Aişədən (r.anha) nəql edir: “Adəm oğlu üçün Allah dərgahında qurban bayramı günündə qurban kəsməkdən daha istəkli bir əməl yoxdur. Bu heyvan qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələcəkdir. Şübhə yoxdur ki, qurbanın qanı yerə düşməzdən əvvəl Allaha vasil olur. Odur ki, qurbanlarınızı səmimi-qəlbdən kəsin.”[8]

Uca Allahın kəsilən qurbanların nə ətinə, nə də qanına ehtiyacı yoxdur. Ona çatan sadəcə qurban kəsənin niyyət, ixlas və təqvasıdır. Ayədə belə buyurulur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).[9]       

Ənəs (r.a) nəql edir: “Rəsulullah (s.ə.s) ağı qarasından çox olan buynuzlu iki qoç qurban kəsdi. Onun ayağını heyvanların yanına qoyduğunu, bismillahla təkbir dediyini və əli ilə onları kəsdiyini gördüm.”[10]

Qurban kəsməyin hikməti hədsiz nemətlərə qarşı Allaha şükür etmək və günahların bağışlanmasını istəməkdir. Qurban kəsilməklə həm kəsən ailə, həm də yoxsullar əsas qida məhsullarından olan ət baxımından bolluq tapar. Bu səbəblə fitrə sədəqəsində qiymətini vermək mümkün olsa da, qurbanda qiymətinin yoxsullara paylanması kifayət deyil.

Düzdür hər gün insanların ət ehtiyacı üçün yer üzündə yüz minlərlə heyvan kəsilir. Ancaq bunlardan yalnız almağa gücü çatanlar istifadə edirlər. Qurban ətlərindən isə ümumiyyətlə möhtac olanlar faydalanırlar.  

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.

[1]Bax. Maidə, 5/27-31.

[2]Bax. Həcc, 22/34.

[3]Bax. Saffat, 37/102-113.

[4]Saffat, 37/103-107.

[5]Kövsər, 108/2.

[6]Həcc, 22/36.

[7]İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, 368; bax: Saffat, 37/107.

[8]Tirmizi, Ədahi, 1; İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, V, 239.

[9]Həcc, 22/37.

[10]Buxari, Ədahi, 9, 14, Tövhid, 13; Müslim, Ədahi, 17; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1; Darimi, Ədahi, 1; Əbu Davud, Ədahi, 4.




Bənzər məqalələr

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır. “İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”.

Ov heyvanlarından qurban kəsilər?

Sual: Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Heyvanın qurban kəsilməsinə mane olan əlamətlər

Qurbana mane olan böyük qüsurlar bunlardır: 1. İki və ya bir gözünün kor olması 2. Kəsim yerinə getməyə gücü çatmayacaq dərəcədə topal olması 3. Bir və ya iki qulağının kəsik olması 4. Dişlərinin çoxunun və ya hamısının  tökülmüş olması 5. Bir və ya iki buynuzunun kökündən qırılmış olması 6. Quyruğunun yarısı və ya üçdə birindən […]


Şərh yaz

*