- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qurban sünnəyə uyğun necə kəsilir?

Qurbanlıq heyvanı şəriətə uyğun rahat və çox incitmədən kəsmək üçün ilk növbədə iti və iri bir bıçaq hazırlanır və heyvanın görmədiyi yerə qoyulur. Sonra qurbanlıq heyvan kəsim yerinə əziyyət verilmədən gətirilir. Heyvan üzü və ayaqları qibləyə tərəf sol böyrü üstə yerə uzadılır. Arxa sağ ayağı boş buraxılaraq, digər üçü bağlanılır və qurban sahibi və ya onun vəkili üzü qibləyə durub bu ayələri oxuyur:  

إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

(İnni vəccəhtu vəchiyə lilləzi fətəras-səməvati vəl-arda hənifən və mə ənə minəl muşrikin. )[1]

 

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

(“İnnə salati və nusuki və məhyəyə və məməti lilləhi rabbil­aləmin.”)[2]

Bu ayələrdən sonra “Allahu Əkbər, Allahu Əkbər. Lə iləhə illəllahu vallahu əkbər. Allahu Əkbər və lilləhil həmd” şəklində təkbir gətirilir və “Bismillah, Allahu Əkbər” deyilərək əvvəlcədən hazırlanmış iti bıçaqla heyvanın boğazı – damar və nəfəs boruları tamamilə kəsilərək qanı yaxşıca axıdılır.

Heyvan bu şəkildə kəsiləndən sonra tamam ölənədək gözləmək lazımdır. Sonra heyvanın başı üzülür. Qarnı kəsilir, içalatı çıxarılır, gövdəsi və əti doğranılır.

Heyvan tamamilə ölmədən başını və ayaqlarını qoparmaq (kəsmək), dərisini soymaq, qiblədən döndərmək və ya əziyyət vermək məkruhdur.

Qurbanlıq heyvanın sahibi tərəfindən kəsilməsi məndubdur. Başqasına da kəsdirmək olar.

Təsmiyəni kəsən adam edir. Qurbanı kəsən və sahibi əllərini üstə-üstə qoyub kəssələr, təsmiyəni ikisini də eyni vaxtda deməlidir”.[3] “Yalnız qurban sahibinin bəsmələsi (bismillah deməsi) yetərli deyil, onun kəsənin də bəsmələ çəkməsi şərtdir. “Bismillah, Allahu Əkbər” deməlidir.

Qəsdən bəsmələ deyilməzsə, qurbanın ətini yemək olmaz. Heyvan kəsilərkən qurban sahibi əlini kəsənin əli üstünə qoysa, yəni qurbanı bu cür kəssələr, hər ikisi də bəsmələ deməlidir. Biri deməsə, qurbanın ətini yemək olmaz”.[4]


[1]“Ənam” surəsi, 6/79: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”

[2]“Ənam” surəsi, 6/162: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

[3]Mehmet Dikmen, İslam İlmihali, s. 473-474.

[4]Bilmen, Büyük İslam İlmihali, s. 416-417.