Aylıq namaz vaxtları
3. 290 dəfə oxunub ,   0 şərh   Çap et

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.

1. Vacibdir: Hənəfilərdəki əsas fikrə görə qurbanın hökmü vacibdir. Bu mövzuda dayandıqları dəlillər bunlardır: Quranda Hz. Peyğəmbərə xitabən “Rəbbin üçün namaz qıl və qurban kəs![1] əmri əməl baxımından “vaciblik” bildirir. Çünki sırf Hz. Peyğəmbərə aid olduğu bildirilməyən əmr, Hz. Peyğəmbərin timsalında ümmətini də əhatə edir. Lakin ayədə cəm şəkilçisinin olmaması dəlalət (ifadə etdiyi məna) baxımından zənn əmələ gətirdiyi üçün qurbanın hökmü fərz deyil, vacibdir.

Digər bəzi hədislər də qurbanın bu mənasını dəstəkləyir. Hz. Peyğəmbər (s.ə.s); “Qurban kəsin! Şübhəsiz bu, atanız İbrahimin (ə.s) sünnəsidir”[2] buyurmuşdur. Bu hədisdə Allah Elçisi qurban kəsməyi əmr etmişdir. Mütləq əmr forması isə əməl baxımından vaciblik ifadə edir. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bu hədis də qurbanın vacibliyi fikrini qüvvətləndirir:“Kim bolluq və imkan tapdığı halda qurban kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın!”[3] Bu tərzdə edilən bir tənbeh yalnız vacibin tərki üçün mümkündür. Bununla birlikdə bəzi hədislərdə qurbanın ümmət üçün sünnə olduğunun bildirilməsi vacibliyinə mane təşkil etməz. Çünki sünnə izlənən yol mənasına gəlir. Belə ki, Məhəmməd İbn Sirin qurbanın vacib olub-olmadığını soruşduqda,  Abdullah İbn Ömər (r.a) bu cavabı vermişdir: “Rəsulullah (s.ə.s) və ondan sonra müsəlmanlar qurban kəsmişlər və bu mövzuda sünnə meydana gəlmişdir.”[4]     

2. Sünnədir: Qurban kəsmək hənəfilərdən başqa digər əksər alimə görə sünnədir. Gücü çatanın onu tərk etməsi məkruhdur.

Məzhəb imamlarının əksəriyyəti bu mövzuda Quranda açıq hökmün olmadığını, Hz. Peyğəmbərin mütəmadi olaraq etdiyi qurban fəaliyyətini isə “sünnə” kimi dəyərləndirilməsinin məqsədə uyğun olduğunu vurğulamışlar. Əksəriyyətin əsaslandığı bəzi hədisdən dəlillər bunlardır: Səid İbn əl-Müsəyyəbin Ümmü Sələmədən rəvayət etdiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Zilhiccənin hilalını gördüyünüzdə, sizdən kim qurban kəsmək istərsə, saçlarını və dırnaqlarını kəsməsin.”[5] Başqa bir rəvayətdə hədisinin başlanğıcı, “Zilhicənin onuncu günü olduğunda…”[6] ifadəsi var. Bu hədis gücü çatanın qurban kəsib-kəsməmə mövzusunda sərbəst buraxıldığına dəlalət edir. Bir şeyi istəyə bağlamaq isə onun vacib olmadığını göstərir.

Başqa bir dəlil İkrimənin İbn Abbasdan (r. anhumə) rəvayət etdiyi bu hədisdir. İbn Abbas belə demişdir: “Hz. Peyğəmbərin belə buyurduğunu eşitdim: Üç şey vardır ki, mənə fərzdir, sizin üçün nafilədir: Vitr namazı, qurban kəsmək və duha namazı.”[7]

İslam hüquqşünaslarının əksəriyyəti qurban kəsməyi uşaq dünyaya gəldikdə kəsilən əqiqə qurbanına qiyas etmişlər. Eyni zamanda qurban kəsməyənlə bağlı tənbeh məzmunlu hədis də, cümə günü qüsl almağı bildirən bu hədisə oxşayır: “Cümə günü qüsl almaq yetkinlik çağına çatan hər bir kəsə vacibdir.”[8] Halbuki bu qüsl vacib deyil, müstəhəb hökmündədir.

Bununla birlikdə Hz. Əbu Bəkr və Ömərin qurban kəsmədiklərinə dair rəvayətlər də buna dəlalət edir. Onların qurban kəsməmələrinin səbəbi, insanların bunu vacib hesab etmələrindən qorxmaları idi. Lakin hənəfilər onların bir və ya iki il qurban kəsməməyini nisab miqdarı mala sahib olmamaları ilə izah edirlər. Çünki bu iki xəlifə beytulmaldan yalnız onlara və ailə fərdlərinə kifayət miqdarda maaş alırdılar.[9]

Şafeilərə görə qurban kəsmək təkbaşına olan hər bir kəs üçün ömründə bir dəfə eyni-sünnədir. Çünki burada əmrin təkrarı vacib deyil və əmrin yerinə yetirilməsi ən az miqdarla mümkündür, o da bir dəfə etməklə gerçəkləşir.[10] Əgər ailə fərdləri birdən çox olarsa kifai sünnədir. Ailə fərdlərindən hər hansı biri bunu yerinə yetirdikdə, hamısı üçün kifayətdir.[11] Əsaslandıqları dəlil Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bu hədisdir. “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ev xalqına, hər bir il üçün bir qurban vacibdir.”[12] Bununla birlikdə Hz. Peyğəmbərin kök, buynuzlu və ağ-qara iki qoçu, birisi ümməti adına, digərini də özü və ailə fərdləri adına kəsdiyi rəvayət edilmişdir.[13]

Əbu Əyyub əl-Ənsari (r.a) Əta İbn Yəsarın Rəsulullah (s.ə.s) dövründə qurbanların necə kəsildiyini soruşduqda belə cavab vermişdir: “Hər bir kəs bir qoyunu özü və ailə fərdləri adına kəsər, ətindən yeyərlər və başqalarına da yedirərdilər. Ancaq insanlar bir-birinə qarşı öyünməyə başladıqda, gördüyün vəziyyət ortaya çıxdı.[14] Əhməd İbn Hənbəl və İshaq bu fikri mənimsəmişdir. Əsasları da bu hədisdir. Hz. Peyğəmbər bir qoçu qurban kəsmiş və belə demişdir: “Bu ümmətimdən qurban kəsməyənlər üçündür.”[15]

Qurban bayramı günlərində kəsilən qurbandan başqa ibadət niyyəti ilə kəsilən digər qurban növləri də vardır. Nəzir qurbanı, əqiqə qurbanı, qiran və təməttü həcci edənin kəsdiyi şükür qurbanı, həcdə ehram qadağalarına tabe olmayanların kəsdiyi cəza və kəffarə qurbanı bunların arasındadır. Həcc edənlərin kəsdikləri qurban növlərinin hamısına birlikdə “hədy qurbanı” deyilir.


[1]Kövsər, 108/2.

[2]İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, 368.

[3]İbn Macə, Ədahi, 2. Bu hədis sənədindəki Abdullah İbn Əyyaş səbəbi ilə zəif sayılmışdır. Eyni zamanda bax. Əhməd İbn Hənbəl, II, 321; Şövkani, e.a.ə., V, 108.

[4]İbn Macə, Ədahi, 2.

[5]Müslim, Ədahi, 41; Şövkani, e.a.ə., V, 112.

[6]Müslim, Ədahi, 40; Şövkani, e.a.ə., V, 112.

[7]Əhməd İbn Hənbəl, I, 231. Hakim Müstədrəkdə rəvayət etmiş və haqqında heç bir şey deməmişdir. Ancaq bu hədisin sənədində Nəsai və Darəqutinin zəif saydığı bir ravi vardır. bax. Zeyləi, Nəsbur-Rayə, IV, 206.

[8]Buxari, Azan, 161, Cümə, 2, 3, 12, Şəhadat, 18; Müslim, Cümə, 4, 7; Əbu Davud, Təharət, 127.

[9]Bax. Kasani, e.a.ə., V, 62, 63; Züheyli, e.a.ə., II, 597.

[10]Züheyli, e.a.ə., III, 597.

[11]İbn Rüşd, Bidayətul-müctəhid, I, 415; Şirbini, Muğnil-möhtac, IV, 282 vd.; Şirazi, Mühəzzəb, I, 23; İbn Qüdamə, Muğni, VIII, 617.

[12]Tirmizi, Ədahi, 18; İbn Macə, Ədahi, 2; bax. Nəsai, Fər, 1; Əhməd İbn Hənbəl, IV, 215, V, 76; Şövkani, e.a.ə., V, 138.

[13]Bax. Buxari, Həcc, 117, 119; Əbu Davud, 4; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1; Zeyləi, Nəsbur-rayə, IV, 215.

[14]Tirmizi, Ədahi, 10.

[15]Tirmizi, Ədahi, 10.




Bənzər məqalələr

Heyvanın qurban kəsilməsinə mane olan əlamətlər

Qurbana mane olan böyük qüsurlar bunlardır: 1. İki və ya bir gözünün kor olması 2. Kəsim yerinə getməyə gücü çatmayacaq dərəcədə topal olması 3. Bir və ya iki qulağının kəsik olması 4. Dişlərinin çoxunun və ya hamısının  tökülmüş olması 5. Bir və ya iki buynuzunun kökündən qırılmış olması 6. Quyruğunun yarısı və ya üçdə birindən […]

Ailə üzvləri adından qurban kəsmək

Sual:Bəzi rayonlarımızda hər il ailə üzvlərindən birinin adına qurban kəsmək adəti var. Bu caizdirmi? Cavab: Ailə fərdlərindən hər hansı birinin adına qurban kəsmək olar. Həmin qurban ailə üçün yetərlidir. Bu haqda hədislər vardır. Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədis belədir: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ailəyə hər […]

məscid namaz dua
Bayram namazı necə qılınır?

Rəsulullah (s.ə.s) Mədinəyə gəldikdə mədinəlilərin bayram etdiyi iki gün var idi. Hz. Peyğəmbər bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: “Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik” dedi. Bunu eşidən Allahın Elçisi belə buyurdu: “Alah o iki günün yerinə sizə bundan daha xeyirlisini vermişdir. Biri Qurban bayramı, biri də Ramazan bayramıdır.”[1]

Mərhumların adına qurban kəsmək olar?

Bir adam savabını vəfat etmiş bir qohumuna və ya sevdiyi kimsəyə bağışlamaqla qurban kəsə bilər. Mərhumun adına sədəqə verildiyi, həcc gedildiyi kimi, qurban da kəsmək olar. Həqiqətən də, Peyğəmbərimiz ümmətindən qurban kəsə bilməyənlərin adına qurban kəsmişdir.

Qurbanın əti və digər hissələri ilə bağlı hökmlər

Nəzir qəbilindən olmayan qurbanın ətindən sahibi varlı olsun və ya olmasın özü yeyə bildiyi kimi yoxsul olmayanlara da yedirə və paylaya bilər. Fitva belə verilmişdir. İslam alimlərinin əksəriyyətinə görə, qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilir. İkinci hissəsi varlı olsalar da arvad, dost […]


Şərh yaz

*