Aylıq namaz vaxtları
5. 068 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə Habil və Qabilin Allaha qurban təqdim etməsi hadisəsi təfərrüatı ilə əksini tapmışdır. “Onlara Adəmin iki oğlunun gerçək olan xəbərini oxu: Onların hər ikisi bir qurban təqdim etmişdilər də, birininki qəbul edilmiş, o birisininki qəbul edilməmişdi. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Haqq Təala yalnız müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram…”.[1] Təfsir alimlərin fikrincə, Allah-Təala Habil və Qabilə əkizləri olan qızlarla çarpaz evlənməyi əmr etmiş, buna razı olmayan Qabil qaydaya etiraz edərək: “Allaha qurban kəsək, hansımızın qurbanı qəbul olsa, gözəl qızı o alacaq,” – demişdi.[2]  Yəni bu, Allaha bir qurban verək, hansımızdan qəbul olsa, o qazansın. Nəticə olaraq, Habilin qurbanı qəbul edilmiş, onunku isə qəbul edilməmişdi. Hadisənin məzmunundan və qurbanın nə məqsədlə kəsilməsindən aydın olur ki, bu ilk qurban “nəzir qurbanı”dır.

Udhiyyə və hədy qurbanı həzrət İbrahimin sünnəsidir.

Həzrət İbrahimdən əvvəlki peyğəmbərlərin həyatında bir və ya bir neçə dəfə qurban kəsmə hadisəsi olsa da, İbrahim əleyhissalamın hər il həcc mövsümündə qurban kəsməsi, eləcə də ümmətinə kəsdirməsi sayəsində bu əməl müntəzəm yerinə yetirilən bir ibadətə çevrilərək “sünnə” halına gəlmişdir. Həzrət İbrahim oğlu İsmailin qurban edilməsi ilə bağlı yuxunu Allah tərəfindən “fərz” əmr kimi başa düşmüş və buna təşəbbüs göstərmişdi. Əgər həcc mövsümündə kəsilən qurbanlar həcc ibadətinin bir ünsürü olmasa idi, həzrət İbrahimdən Rəsulullaha qədər davam etməz və davam edib Quranda sabitləşməzdi.

Həzrət İbrahimə oğlunu qurban etmə əmrinin verilməsi, ehtimal ki, ya onun oğluna hədsiz sevgisini tarazlama “əməliyyatı”dır, ya da onun qurban kəsmə təşəbbüsünün nəticəsi olaraq oğlu  İsmailin – Həzrət Məhəmmədin onun nəslindən gələcəyi səbəbi ilə – qədir-qiymətini bir ata qəlbində daha dərindən hiss etdirmək və bu hissi bir ata şəfqəti ilə dərinləşdirmək üçündür.

Həzrət İbrahim oğlunu qurban etməkdən qurtulduğuna görə şəxsən bayram etmiş və oğlunun yerinə göndərilən qurbanı kəsmişdir. Allah Rəsulu (s.a.s.) da oğullarını kiçikkən əcəlin təqdirinə qurban vermiş və uşaqlarının əvəzinə verilən Kövsərə görə namaz qılıb qurban kəsməklə şəxsən bayram etmişdir.

Hz. İbrahimə qan bağlılığı olan iki nəsil, Rəsulullaha isə iman bağlılığı olan həqiqi ümmət nəsli bəxş edilmişdir. Eyni zamanda Kövsərin “ümmətin çox olması” mənasına gəlməsi də bunun açıq-aşkar dəlili və bariz göstəricisidir. Bəli, Rəsulullah övlad itkisi ilə üzləşsə də, milyardlarla müsəlmandan ibarət bir ümmətə sahib olmuşdur. Qurani-Kərimin “Saffat” surəsində[3] udhiyyə qurbanının təməlləri, “Həcc” surəsində isə hədy qurbanının əsasları həzrət İbrahimə söykənir və onun bir sünnəsi olaraq yerinə yetirilmişdir. Rəsuli-Əkrəm (s.a.s.) də:

Qurban kəsin! Çünki qurban kəsmək əcdadınız həzrət İbrahimin (ə.s.) sünnəsidir,” – buyurur.[4]

Həm həcc mövsümündə hacıların kəsdiyi hədy qurbanları, həm də həcdə olmayan əksər müsəlmanların Qurban bayramının ilk üç günü kəsdiyi udhiyyə qurbanları Hz. İbrahimin sünnəsidir ki, Qurani-Kərim və Allah Rəsulu (s.a.s.) bunu bizə xəbər vermişdir.

Hədy qurbanının tarixi 

Bu Quran ayəsindən aydın olur ki, Həcc mövsümündə hədy qurbanı kəsmək həzrət İbrahimin sünnəsidir: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!” İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanlardan müəyyən günlərdə Allahın adını çəkərək qurban kəssinlər. Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin![5] 

Udhiyyə qurbanın tarixi 

Quranın xəbər verdiyi kimi, həzrət İbrahimin oğlu İsmaili Allaha qurban etməyə təşəbbüs göstərməsi və bu işdə qərarlı olmasın məlum olandan sonra bundan azad edilib onun yerinə bir qoçu kəsməsi hadisəsi udhiyyə qurbanının tarixi əsasını təşkil edir. Qurani-Kərim məlum hadisəni belə təsvir edir: “(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.[6] O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Sənə nə əmr olunursa, onu da et, atacan. İnşallah, mənim səbirli olduğumu görəcəksən!”[7] Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.[8]  Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.  Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” [9]

İslamda qurban ibadətinin yaranması və formalaşması tarixi

Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər[10] ayəsi də bunun bütün ümmətlərə şamil olduğunu bildirir. İslamda Qurban ibadətinin Quranda əsaslandığı ayələrdən biri də budur. 

Rəsulullah hələ hicrətdən əvvəl Məkkədə nazil olan “Kövsər”­ surəsinin (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cən­nətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (“Kövsər” surəsi, 108/1-2) ilahi əmri ilə təkcə Ona fərz buyurulan quşluq namazını (və ya şükür namazını) qılmağa və qurban kəsməyə başlamışdı. Qurban bayramı isə ilk dəfə hicrətdən sonra Mədinədə Rəsulullahın (s.a.s.) Allahın əmri istiqamətində sözlü və feli sünnəsi ilə bütün möminlərə dini bayram  olmuş[11] və bu günlər bayram namazı qılmaq və qurban kəsmək vacib buyurulmuşdur.[12]

Peyğəmbərimiz (s.a.s.) Məkkədə ikən yalnız Onun üçün fərz olan qurban kəsirdi. İbn Abbasdan belə nəql olunur: “Rəsulullahın belə buyurduğunu eşitdim:

Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır“.[13]

Tirmizinin rəvayət etdiyi bir hədisdə Rəsulullah (s.a.s.): “Qurban kəsmək Mənə əmr edildi, lakin sizin üçün bir sünnədir,” – buyurur. Göründüyü kimi, quşluq namazı qılmaq və qurban kəsmək Məkkədə “Kövsər” surəsinin nazil olması ilə birlikdə Rəsulullaha fərz buyurulmuşdu.

“Kövsər” surəsində “fə salli li Rabbikə vənhar” (108/2) ayəsində keçən “vənhar!” (boğazla, kəs) ilahi əmri mücməl (qısa xülasə) olduğuna görə, bu ayədən aşağıdakı mənalar çıxarmaq olar:

1.  “Nəhr adlı ibadəti də yerinə yetir!”

2.  “Rəbbin üçün kəsilməsi mümkün olan heyvanlardan qurban kəs!”

3.  “Nəhr (Qurban) bayramı et!” Bütün bu mənaları “Allah üçün qurban kəsmək” mənasına gələn “nəhr” feli ilə xülasə etmək olar.

4. Muqatil (rahiməhullah) ayəni belə şərh edir: “Ey Məhəmməd! Sən Rəbbin üçün beş vaxt namazı qıl, Qurban bayramı günü qurban kəs!”

5. Bəzi alimlər isə: “Bayram namazını qıl və (Minada) dəvə qurban et!” mənasında anlamışlar.

6. Bir qisim alimlər isə bu şəkildə mənalandırmışlar: “Sən qurbanını kəsmək üçün əlini “təkbir”lə (“Allahu Əkbər”lə) qaldır, kəsərkən də qibləyə tərəf çevril!”

7. Digər tərəfdən nəhr və zəbh (boğazlamaq və kəsmək) sözləri təkcə qurbanlıq mənasında deyil, heyvanın yalnız ətini yemək və ya satmaq anlamında da işlətmək olar. Lakin Qurban bayramının üç gününə daha çox “nəhr günləri” deyildiyinə və şükür və ibadət sözlərinin axarına uyğun gəldiyinə görə “vənhar”ın qurban mənası daşıması açıq-aşkar görünür. Buna görə ayədən “Namaz qıl, qurban kəs, Qurban bayramı et!” mənası da başa düşülə bilər. Elə bəzi təfsir alimləri də ayədə keçən “namaz” əmrinin bayram namazı, nəhrin isə Qurban bayramında kəsilən qurban olduğunu müəyyən etmişlər.[14] Beləliklə, aydın olur ki, Allah-Təala “vənhar” bəyanı ilə Rəsulunun simasında bütün möminlərə Qurban bayramı keçirməyi əmr edir.[15]

Peyğəmbərimiz Mədinəyə hicrətin ikinci ilində ümmətinə qurban bayramını qeyd etməklə birlikdə bayram namazı qılıb qurban kəsməyi vacib buyurmuşdur. Bu da hacıların Ərəfata çıxdığı günlə, yəni Ərəfə günü ilə başlamış, sonra hədy qurbanı kəsilən dalbadal üç gün və ziyarət təvafı edilən dördüncü günlə başa çatmışdır. Qurban bayramı ilə udhiyyə qurbanının kəsilməsinə də başlanıldı. Məlum olduğu kimi, Rəsulullah (sallallahu əleyhi və səlləm) Mədinəyə hicrət edəndə Mədinə əhalisinin iki bayramı vardı. Həmin  günlər əylənərdilər. “Bu iki gün hansı günlərdir?” deyə soruşanda: “Biz cahiliyyə dövründə bu günlər əylənərdik!” – deyə cavab vermişdilər. Əleyhissalatu vəssalam: “Allah-Təala, sizə bu iki günün əvəzində ondan daha xeyirli iki gün lütf etdi: yəvmi-ədha (Qurban bayramı) və yəvmi-fitr (Ramazan bayramı)”.[16]

Rəsulullahın Kövsər lütf edilməsinə şükür əlaməti olaraq qıldığı şükür namazı və kəsdiyi şükür qurbanı Mədinəyə hicrətdən sonra bütün ümmət üçün külli nemət olmuş, şükür namazı bayram namazına, şükür qurbanı da Bayram qurbanına çevrilmişdir. Rəsulullaha fərz olan bu iki ibadət ümmətə vacib buyurulmuşdur. Deməli, Qurban bayramının ruhunda bir şükür duyğusu, şükranlıq hissi vardır.

Həzrət İbrahim və İsmailin bir sünnəti olan Qurban ibadətini yalnız zəvvarlar üçün deyil, bütün möminlər üçün bir bayrama çevirən aləmlərə rəhmət olaraq göndərilmiş həzrət Məhəmmədin (s.a.s.) ata-babaları arasında ən çox həzrət İbrahimə bənzəməsi və həzrət İsmailin nəslindən gəlməsi[17] qədərin neçə-neçə hikmətini ehtiva edir, olduqca anlamlıdır, möhtəşəm bir təvafüq, xariqüladə uyğunluqdur.


 [1]“Maidə” surəsi, 5/27-31.
[2]əl-Baküvi, Mir Muhammed Kərim, Kəşfül-Həqaiq ən Nükətil-Ayəti vəd-Dəqayiq, I, “Maidə” surəsinin 27/307 təfsiri. Baxın: Təbəri, Tarixi-Təbəri Tərcüməsi, I, 87-90.
[3]Məkkədə nazil olmuşdur
[4]İbn-i Macə, Ədahi, 3; ƏhmƏd b. Hənbəl, Müsnəd, 4/368; Hakim, Müstədrək, 2/422
[5]“Həcc” surəsi, 22/26-28
[6]Bu duadan belə bir nəticəyə gəlmək olar ki, o vaxt Hz. İbrahim əleyhissalamın övladı yox idi. Hz. İsmail və Hz. İshaqın Onun olduqca yaşlı çağlarında dünyaya gəldiyini (“İbrahim” surəsi, 14/39) nəzərə alanda aydın olur ki, duası uzun illər sonra qəbul olunmuşdur
[7]Hz. İbrahim oğlunu qurban kəsdiyini deyil, qurban kəsməyə cəhd  etdiyini görmüşdü: “(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı (“Məryəm” surəsi, 19/55)”. Bu hadisə Kitabi-Müqəddəsdə də əksini tapır. (KM, çıxış, sayı 13, 2; Təkvin, 22/1-14) 
[8]Bu ayələrdən məlum olur ki, peyğəmbərlərin yuxusu vəhy formalarından biridir. Əks təqdirdə Allah ona xəbərdarlıq edərək Quranda belə yanlış anlaşılmaya imkan verməzdi. Qurbanlıq uşağın adı Quranda açıqlanmır. Bəzi təfsir alimlərinə görə, bu uşaq İsmail, bəzilərinə görə İshaqdır. Lakin çoxluq birinci fikri bölüşür.  Yəhudi və Xristian ənənəsi isə İshaqı götürür.
[9]“Saffat” surəsi, 37/100-111
[10] “Həcc” surəsi, 22/34
[11]Əbu Davud, Ədahi 1; Nəsai, Dahaya 2; Muvatta, Təharət 113; Əhməd b. Hənbəl, II, 16.
[12]H. Yazır, e.a.ə., IX, 611-620
[13]Bu hədis Əhməd b. Hənbəl, Müsnəd, Hakim (“Müstədrək”də) və Darəkudnidən rəvayət edilmişdir. Hakim sözügedən hədis haqda heç bir qeyd vermir. Ancaq Nəsəyi və Darəkudni müəyyən edir ki, bu hədisin sənədində ravilərdən biri zəifdir (etibarlı deyil). Baxın: Zeylai, Nasbur-Riaye, 4/20
[14]H. Yazır, e.a.ə., IX, 619.
[15]H. Yazır, e.a.ə., IX, 6203, 6213; Geylani, Gunyətüt-Taibin, s. 342
[16]Əbu Davud, Salat 239, 245; Nəsai, Iydeyn 1; Əhməd b. Hənbəl, Müsnəd, III, 103, 178.
[17]Buxari, 3/227; Zəməxşəri, əl-Kəşşaf, 4/56



Bənzər məqalələr

Qurbanlıq heyvanın şərikli kəsilməsi

Qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsilir. Bir dəvə yaxud bir sığır (inək və camış) bir nəfərdən yeddi nəfərə qədər şərikli qurban kəsilə bilər.

Qurbanlıq heyvanın yaşı

Qoyun və keçinin ya bir yaşı tamam olmalı, və ya qoyunlar yeddi-səkkiz aylıq olmasına  baxmayaraq, bir yaşlı heyvan kimi görünməlidir. Dəvənin ən azı beş, inəyin isə iki yaşı tamam olmalıdır.

Qurban payı

“Rəsulullah (s.a.s.) qurban ətinin üçdə birini ailə fərdlərinə ayırar, üçdə birini yoxsul olan qonşularına paylayar, geri qalan üçdə birini də sədəqə verərdi.”

Qurbanın əti və digər hissələri ilə bağlı hökmlər

İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir.

Qurban nə deməkdir?

Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.


Şərh yaz

*