6. 430 dəfə oxunub ,   0 şərh   Çap et

Quranı bütün dərinlikləri ilə qavramaq, əslində, hər bir möminin vəzifəsidir. Ancaq zənnimcə, bu gün belə insanlar olduqca azdır. Quranı bu cür qavramaq üçün bir çox xüsuslar önəmlidir. İlk növbədə Quranın dilini, yəni ərəbcəni bilmək lazımdır. Ancaq təkcə ərəb dilini bilmək kifayət etmir. Quranı daima özünə nazil olurmuş kimi oxumaq… Hz. Muhammədi (sallallahu əleyhi və səlləm) tanımaq… Quranı öyrənməyə əzmlə çalışmaq… Təmiz, səmimi və ixlaslı olmaq, əsbabun-nüzul (ayələrin nazil olma səbəbi), üsuli-təfsir (təfsir üsulu) kimi elmləri bilmək… İlahi lütf və ehsanlara açıq qəlbə sahib olmaq…

Quran bəşər övladının qiymət və dəyəri nisbətində, onun qəlb-ağıl-ruh və cismaniyyəti nəzərə alınmaqla bəşəriyyət üfüqündə doğmuş ən mükəmməl bəyan və ilahi qanunlar məcmuəsidir.

Bu gün təqribən bir milyard insanın müqəddəs kitabı olan Quran əbədi və dəyişməz ilahi prinsipləri ilə insan xoşbəxtliyinin və o xoşbəxtliyə aparan ən qısa, ən işıqlı yolun bələdçisi kimi tayı-bərabəri olmayan yeganə kitabdır.

Quran yerin taleyinə hökm etmiş ən möhtəşəm, ən nurani insan cəmiyyətlərinin – onların arasında milyonlarla alim, minlərlə filosof və mütəfəkkir də var − işıq mənbəyidir. Və bu mənada onun səltənətinə bərabər ikinci bir səltənət yoxdur.

Quran qəlblərdə büllurlaşan bir nur, ruhlara işıq salan ziya mənbəyi və başdan-başa həqiqətlər toplusudur. Onu əsl çöhrəsini ancaq bir çiçəyin simasında bütün kainat gözəlliklərini sezməyi bacaran və bir damlada tufanları seyr edən inanmış ruhlar tanıyıb anlaya bilər.

Həqiqi ədaləti, əsl azadlığı, müvazinətli bərabərliyi, xeyri, namusu, fəziləti, hətta heyvanlara qədər hər varlığa şəfqət göstərməyi əmr edən, zülmü, şirki, haqsızlığı, cəhaləti, rüşvəti, faizi, yalanı, yalan şahidliyi açıq-aşkar qadağan edən yeganə kitab Qurandır.

Yetimi, yoxsulu, məzlumu himayə edib, padşahla köləni, sərkərdə ilə əsgəri, şikayətçi ilə müttəhimi eyni kürsüdə oturdub mühakimə edən kitab da yenə yalnız və yalnız Qurandır.

Quranı əsatir və xurafatların mənbəyi göstərmə anlayışı on dörd əsr əvvəl yaşamış cahiliyyə ərəblərindən bu günün dinsizlərinə miras qalan tutarsız cəfəngiyatdan başqa bir şey deyil. Hikmət və həqiqi fəlsəfə belə bir anlayışa gülür.

Qurani-Hakim bu böyük kainat kitabının ən uca şərhçisi və ən mükəmməl tərcüməçisidir. Bəli, o, Furqandır, bu kainatın səhifələrində və zamanların yarpaqlarında Qüdrət qələmi ilə yazılan fiziki, təbii qanunları cinlərə və insanlara öyrədir.[1]

Sonsuz, parlaq və yüksək həqiqətləri ehtiva edən Qurani-Hakim şeirin xəyal dolu təsvirlərindən uzaqdır.

Quran Allahın ən böyük ismindən və hər ismin ali mərtəbəsindən gəlmişdir. Həm də bütün aləmlərin Rəbbi Allahın kəlamıdır. Həm də bütün varlığın İlahı ünvanını daşıyan Allahın fərmanıdır. Həm yerin və göylərin Yaradanı olan Allahın xitabıdır. Həm də mütləq Rəbb olan Allahın bəyanıdır. Həm Sübhani səltənətinin əzəli xütbəsidir. Həm hər şeyi əhatə edən əngin mərhəmət sahibi Rəhmanın iltifat dəftəridir. Həm də Uca və Ulu Üluhiyyəti ilə bəzən başında şifri olan xəbərləşmə məcmuəsidir. Həm ən böyük isminin əhatə dairəsindən nazil olmaqla Əzəmətli Ərşin əhatəsi mümkün olan bütün yerlərdən xəbər verən, təftiş edən, hikmət saçan müqəddəs kitabdır. Məhz buna görə Qurana “Allahın kəlamı” ünvanının verilməsi yerinə düşür.

Əgər bütün cin və insanların gözəl sözlərinin hamısı bir yerə toplansa, yenə Quranın uca mərtəbəsinə yetişib ona tay ola bilməz.

Bəşərin cüzi elmi, ələlxüsus da, bir ümminin biliyi Quranın mənbəyini təşkil edə bilməz. Əksinə, o, hər şeyi ehtiva edən bir elmə söykənir və bütün əşyaları eyni vaxtda görən, əzəl və əbəd ortasında bütün həqiqətləri, reallıqları bir anda müşahidə edən bir Zatın kəlamıdır.

Qurani-Hakim hər bir şüurlu varlığın imamıdır, cin və insanların mürşidi, kamil insanların rəhbəri, həqiqət əhlinin müəllimidir. Buna görə də onun bəşəriyyətin danışıq və üslubu tərzində olması zəruridir, məcburidir. Çünki cinlər və insanlar Allaha yalvarışları ondan öyrənir, duanı ondan öyrənir, məsələlərini onun dili ilə zikr edir, davranış qaydalarını ondan öyrənir və hər kəs ona istinad edir.

Quranın əsl vəzifəsi Allah-Təalanın Rəbb olmasının zəruriliyini, Onun sifətlərini və bizim qulluq vəzifələrimizi öyrətməkdir.

Quranın uca həqiqətlərini heç bir elmi həqiqət inkar edə bilməz. Pozitiv elmlərin qısa əli onun nöqsansız və uca ətəyinə çata bilməz.

Əlimdə Quran kimi əbədi möcüzə ola-ola başqa dəlil axtarmaq lüzumsuzdur. Quran kimi bir həqiqət dəlili əlimdə ola-ola inkarçıları susdurmaq üçün qəlbim sıxılarmı? 

Qurani-Hakim – yekdil fikrə görə – ümmi bir insanın dili ilə Hz. Adəmin zamanından Səadət əsrinədək peyğəmbərlərin xüsusiyyətlərini və başlarına gələn mühüm hadisələri təsvir edir. Tövrat və İncil kimi kitablar da bunu təsdiq edir. Əvvəlki səmavi kitablarda əksini tapan və onların da həmfikir olduğu məsələləri təsdiq edir. İxtilaf etdikləri məsələlərdə hadisənin əsl axarını ortaya qoyaraq sanki onların səhvlərini düzəldir. Deməli, Quran bütün əvvəlki səmavi kitabların fövqündə dayanaraq keçmiş hadisələri görür ki, onların həmfikir olduğu məsələləri təsdiqləyir, ixtilaflı məsələləri həll edərək onların arasını düzəldir. Halbuki, Quranın keçmişdəki hadisələrdən xəbər verməsi ağıla sığan bir iş deyil ki, ağılla xəbər verilsin. Əksinə, eşitməklə bağlı olub nəqldir. Nəql isə oxumağı və yazmağı bacaranlara məxsusdur. Dost və düşmən hər kəs təsdiq edir ki, Quran oxumaq və yazmaq bilməyən, etibar timsalı, ümmi bir insana nazil olmuşdur.

Ey insanlar və cinlər! Əgər Quranın İlahi bir söz olduğuna şübhəniz varsa, bir insan sözü olduğunu zənn edib vahiməyə düşürsünüzsə, budur meydan, di gəlin! Siz də Muhammədul-Əmin adlandırdığınız oxuyub-yazmağı bacarmayan bir ümmidən Quran kimi bir kitab gətirib ortaya qoyun!

Bir usta necə ki tikdiyi və idarə etdiyi iki evdən danışır, işlərinin siyahısını tutur. Quran da bu kainatı quran, idarə edən, işlərinin siyahısını və kataloqunu və proqramını yazan, göstərən bir Varlığın bəyanına yaraşan tərzdədir. Heç bir sünilik və məcburilik görünmür. Heç bir təqlid qoxusu və ya başqasının adından danışma kimi aldatma əlaməti olmayan Quranın saf, aydın, parlaq bəyanı bütün ciddiyyəti ilə, bütün saflığı ilə, bütün doğruluğu ilə “Günəşdən gəldim” deyən gündüz işığı kimi, “mən aləmin Yaradanının bəyanıyam və kəlamıyam” deyə hayqırır.

Bu dünyanı sənətləri ilə süsləyən bir Sənətkarın sənətini tərifləyən bir insanla danışmaması mümkün deyildir. Madam ki edir və bilir, əlbəttə, danışar. Madam ki danışır, elə isə danışmasına Quran yaraşır.

Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir.

Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.

Cinlərin və insanların, hətta şeytanların düşüncələrinin nəticələri, bütün cəhdlərinin nəticəsi olan mədəniyyət və fəlsəfənin tapıntıları, əcnəbi ədəbiyyatlar Quranın ehkamı, hikməti və bəlağəti qarşısında acizdir.

Quran qəlblərə qüvvət və qida, ruhlara şəfadır. Qidanın təkrar qəbul edilməsi qüvvəti artırır. Təkrar edilməklə vərdişə çevrildiyinə görə ləzzəti artır.

Quran həm zikrdir, həm fikirdir, həm hikmətdir, həm elmdir, həm həqiqətdir, həm şəriətdir, həm də qəlblərə şəfa, möminlərə hidayət və mərhəmətdir.

Quranın irəli sürdüyü əsaslar Allaha qulluq, tövhid, peyğəmbərlik, məhşər (diriliş) və ədalət olmaqla dörddür. Bəhs etdiyi digər məsələlər isə bu əsas məqsədlərə çatmaq üçün sadəcə vasitədir.

Allah-Təalanın mərhəməti ilə qəlbimə belə bir fikir gəldi: “Bu müxtəlif yolların başı, bu suların mənbəyinin mənbəyi və bu planetlərin günəşi Qurani-Hakimdir. Həqiqi birlik qibləsi ondadır. Demək ki, ən uca mürşid və ən müqəddəs ustad da odur.[2]

Zaman qocaldıqca Quran gəncləşir, verdiyi işarələr ortaya çıxır.[3]

Bu dünyanı ən mükəmməl və müntəzəm bir şəhər, bir saray kimi var edən bir Yaradanın o şəhərdə, o sarayda ən əziz qonaqları və dostları ilə danışmaması mümkün deyildir. Madam ki bu sarayı bilərək qurmuşdur, öz iradə və istəyi ilə təşkil etmiş və bəzəmişdir, əlbəttə, quran bilir, bilən də danışır. Madam ki bu sarayı, bu şəhəri bizim üçün gözəl qonaq evi və ticarət yeri yaratmışdır, əlbəttə ki, bizə olan marağını və bizimlə bağlı arzularını göstərən bir dəftəri, bir kitabı olmalıdır. Məhz o uca dəftərin ən mükəmməli qırx yöndən möcüzə olan və hər dəqiqədə ən azı, yüz milyonun əlində oxunan, nur saçan və hər bir hərfində ən az on savab və on həsənə (yaxşılıq), bəzən on min və bəzən də – Qədr gecəsinin sirri ilə – bir hərfinə otuz min savab və cənnət meyvəsi və qəbir nuru verən Möcüzəli bəyan Qurandır. Kainatda elə bir kitab yoxdur ki, onunla rəqabət aparsın. Və heç kim də belə bir kitab göstərə bilməz.[4]

Özünü tanıtmaq üçün kainatı başdan-başa heyrətamiz gözəlliklərlə yaradan və minlərlə dəlillərə kamalını söylətdirən, əlbəttə, öz sözləri ilə də Özünü tanıdacaq.[5]

Quran toplumun həyatını nurani, səadətli və düzgün şəkildə dəyişməklə yanaşı, insanların həm nəfsində, həm qəlbində, həm ruhunda, həm ağlında, həm şəxsi, həm ictimai, həm də idari həyatında elə bir dəyişiklik etmiş, bu dəyişikliyi elə davam etdirmiş və elə idarə etmişdir ki, on dörd əsrdir, ən az, yüz milyondan çox insanın dilində 6666 ayəsi hər dəqiqədə böyük ehtiramla oxunur, insanları tərbiyə edir, nəfsləri  təmizləyir, qəlbləri saflaşdırır, ruhlara inkişaf və tərəqqi, ağıllara istiqamət və nur, həyata həyat və səadət bəxş edir. Belə bir kitabın bənzərsiz, heyrətamiz, xariqüladə və  möcüzə olması da təbiidir.[6]

[1] Sözlər, səh. 131

[2] Məktubat, səh. 356.

[3] E.a.ə., səh. 475.

[4]. Ləmalar, səh. 225.

[5] Şualar, səh. 124.

[6] Şualar, səh. 134.



Açar sözləri

möcüze quran sirr

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz