Aylıq namaz vaxtları
7. 842 dəfə oxunub ,   0 şərh   Çap et

Quran və Sünnədə namaz vaxtları

Sübh (fəcr) namazının vaxtı

Günorta (zöhr) namazının vaxtı

İkindi (əsr) namazının vaxtı

Axşam (məğrib) namazının vaxtı

Gecə (işa) namazının vaxtı

Vitr namazı

Fərz və sünnə namazlar, vitr, təravih və bayram namazlarının qılınması üçün üçün müəyyən bir vaxt şərtdir. Fərz namazlar: sübh (fəcr), günorta (zöhr), ikindi (əsr), axşam (məğrib) və gecə (işa/yatsı) namazlarıdır. Cümə namazı günorta namazını əvəz edir. Namazı vaxtında qılmaq əda, vaxtından sonra qılmaq isə qəza sayılır. Çalışmaq lazımdır ki, namazlar qəzaya qalmasın, hər biri öz vaxtında qılınsın. Gündəlik beş vaxt namaz qəza edildiyi halda, cümə, bayram və sünnə namazları qəza edilmir. Namazın mükəlləf üzərinə vacib və məqbul olması üçün namaz vaxtlarını bilmək şərtdir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.

Qurani-Kərimin müxtəlif ayələrində “səlat, təsbeh, həmd və səcdə etmək” kimi ifadələrlə namaz vaxtlarına işarə edilmişdir. Bəzi ayələrdə bir-iki vaxta, bəzilərində isə beş vaxt namaza işarə edilmişdir. “Şübhəsiz namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir[1] ayəsi də xüsusilə fərz namazların müəyyən vaxtlarda qılınmalı olunduğunu göstərir. Bu ayələri iki qrupda toplamaq mümkündür:

Gündəlik beş vaxt namaza aid ayələr: “Günortadan (gün batmağa meyl etdikdən) gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.”[2] Burada beş vaxt namaza: sübh, günorta, ikindi, axşam və gecə (yatsı) namazlarına işarə vardır.

Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə), gündüz də Onu təqdis edib şəninə təriflər deyin![3] İbn Abbasa (r.a) görə bu iki ayə beş vaxt namazı əhatə edir. Belə ki, “axşama yetişəndə” ifadəsi axşam və gecə namazlarına, “səhərə çıxanda” ifadəsi sübh namazına, “günün sonuna yetişəndə” ifadəsi ikindi namazına, “gündüz” ifadəsi də günorta namazına işarədir.[4]

“…Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de, gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdis et ki, xoşhal olasan.”[5] Müfəssirlərin əksəriyyətinə görə, “şükür edib şəninə təriflər de” ayəsindən məqsəd namazdır və beş vaxt namaza işarədir. Belə ki, günəş doğmamışdan əvvəl ifadəsi “sübh namazı”nı, batmamışdan əvvəl ifadəsi “ikindi namazı”nı, gecənin bir vədəsində ifadəsi “gecə namazı”nı, günorta radələrində ifadəsi də “günorta və axşam namaz”larını bildirir.[6] Günorta radələri (gündüzün başları) sözü başqa bir ayədə “gündüzün iki başında” şəklində istifadə olunur[7] və bu günəşin çıxma və batma zamanlarını ifadə edir.

Müxtəlif namaz vaxtlarına işarə edən ayələr: “Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl!”[8] “Səhər-axşam Rəbbinin adını zikr et! Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de![9] Bu ayələr sübh, axşam və gecə namazlarının vaxtına dəlalət edir.

“Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de![10] Bu ayədə sübh, ikindi və gecə namazlarına işarə edilir.

“Gecənin bir vaxtı durub ancaq sənə xas olan təhəccüd namazını qıl.”[11] Bu ayədə isə Hz. Peyğəmbərə (s.ə.s) təhəccüd namazı qılmağı əmr edilir. Onun yolunu izləyən ümməti də dolayı yolla bu namaza təşviq olunur.

Hz. Peyğəmbərin (s.ə.s) fərz namazlarının hansı vaxtlarda qılınacağına dair müxtəlif hədisləri və tətbiqatı var. Lakin burada namaz vaxtlarının hamısını bildirən “Cibril hədisi” ilə kifayətlənəcəyik. Namazın fərz olduğu Merac gecəsinin ertəsi günü Cəbrayıl (ə.s) Hz. Məhəmmədin (s.ə.s) yanına gələrək ona  şəxsən imamlıq etmiş, namazların başlama və qurtarma vaxtlarını göstərmişdir. İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Cəbrayıl (ə.s) mənə iki dəfə Beytullahın yanında imamlıq etdi. Birinci dəfə günorta namazını günəş zirvə (zenit) nöqtəsindən qərbə meyl edəndə qıldırdı. İkindi namazını əşyaların kölgəsi bir misli qədər olanda qıldırdı. Axşam namazını oruclu iftar edəndə qıldırdı. Gecə namazını üfüqdəki qırmızılıq gedəndə, sübh namazını da oruc tutana yemə və içmə qadağasının başladığı vaxt qıldırdı. Ertəsi gün isə günorta namazını əşyaların kölgəsi bir misli olanda, ikindi namazını isə cismlərin kölgəsi iki misli olduqda qıldırdı. Axşam namazını yenə də oruclunun iftar edəcəyi vaxtda qıldırdı. Gecə namazını gecənin üçdə birinə doğru qıldırdı. Sübh namazını dan yeri ağaranda (isfar) qıldırdı. Sonra mənə dönərək dedi: Ey Muhəmməd! Bu, səndən qabaqkı peyğəmbərlərin (namaz qıldıqları) vaxtlarıdır. Namaz vaxtlarının başlama və qurtarması bu iki vaxt arasında qalan zamandır.”[12]

Sübh (fəcr) namazının vaxtı

Dan yeri ağarmağa başlayandan günəşin çıxmasınadək olan müddət sübh namazının vaxtıdır. Dan yeri deyəndə səhərə yaxın üfüqdə yayılmağa başlayan aydınlıq nəzərdə tutulur. Bununla sübh namazının vaxtı girmiş, gecə (yatsı) namazının vaxtı çıxmış və oruc tutanlar üçün oruc ibadətinin vaxtı başlamış sayılır. Buna “fəcri-sadiq” deyilir. Bundan əlavə birinci fəcr də var. Birinci fəcr üfüqün ortasında iki tərəfi qaranlıq və üfüqi xətt şəklində yüksəyə doğru yayılan ağ rəngli xətdir. Bu, qısa müddət sonra itir və ardınca qaranlıq çökür. Bundan sonra dan yeri ağarmağa başlayır. Birinci fəcrə səhərin tam açılmağını göstərmədiyinə görə  “fəcri-kazib” (yalançı fəcr) deyilir. Bu fəcrin göründüyü vaxt gecə sayılır. Bununla nə gecə namazının vaxtı çıxır, nə də sübh namazının vaxtı başlayır. Oruc tutanlar bu müddət ərzində yeyib-içə bilərlər. Dəlil kimi bu hədisi göstərmək olar:

Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Fəcr (şəfəq) iki cürdür. Birincisi yemə-içməyi haram, namazı halal edən fəcrdir. İkincisi isə, sübh namazını qılmaq doğru olmayan, lakin yemə-içməyin halal olduğu fəcri kazibdir.”[13] “Sübh namazının vaxtı ikinci fəcrdən (dan yeri ağarandan) günəşin çıxmasına qədərdir.”[14] Günəş çıxdıqdan sonra günorta vaxtına qədər keçən müddət fərz namazın qılınmadığı vaxtdır.

Sübh namazını dan yeri ağarandan sonra qılınmaq müstəhəbdir. Yəni sübh namazını dan yeri ağarandan sonra buludsuz, açıq havada atılan ox görünənə qədər gecikdirilmək müstəhəbdir.

Günorta (zöhr) namazının vaxtı

Günorta namazı günəşin zenit nöqtəsindən qərbə tərəf meyl etməsi ilə başlayır. Günəş zenit nöqtəsində olandan sonra cismlərin kölgəsi (feyi-zəval) özünün bir mislinə çatana qədər davam edir. Əbu Hənifəyə görə isə günortanın vaxtı feyi-zəvaldan başqa cismlərin kölgəsi iki misli uzanana qədər davam edir. Bununla günorta namazının vaxtı çıxmış, ikindinin vaxtı girmiş olur. Buna “əsri-sani” deyilir.

Fəqihlərin əksəriyyətinin dəlili Cəbrayılın (ə.s) Hz. Peyğəmbərə (s.ə.s)  namaz vaxtlarını öyrədərkən ikinci gün günorta namazını hər şeyin kölgəsi bir misli olanda qıldırmağıdır.[15] Əbu Hənifənin dəlili isə Hz. Peyğəmbərin (s.ə.s) bu hədisidir: “Günorta namazını hava sərinləyəndə qılın. Çünki günorta vaxtındakı istinin hərarəti, cəhənnəmin istiliyini xatırladır.”[16] Ərəbistan bölgəsində ən şiddətli isti hər şeyin kölgəsinin bir misli olduğu vaxtdır. Buna görə də isti bölgələrdə günorta namazını yayda sərinə saxlamaq müstəhəb sayılmışdır.[17]

Günəşin çıxması və batması arasındakı müddət gündüz adlanır. Dini termin kimi gündüz dan yeri ağarandan (fəcri-sadiqdən) günəş batana qədər olan müddətdir. Günəşin zenit nöqtəsindən qərbə meyl etməyinə zəval deyilir. Zəval örfi günün tam ortasına təsadüf edir. Məsələn, örfü gün on saat olsa, bunun yarısı beş saat olur. Məhz günəşin yarı yolu qət etdiyi anda bir cismin yerə düşən kölgəsinə “feyi-zəval” (zəval vaxtındakı kölgə) deyilir. Bu kölgənin  uzunluğu yarımkürə, meridian və en dairəsinə görə müxtəlifdir. Bu zaman yerə basdırılan 1 metrə uzunluğundakı çubuğun kölgəsi yarım metrə olarsa, kölgə 1,5 metrə çatınca əksəriyyətə görə “əsri-əvvəl”, 2,5 metrə çatınca da Əbu Hənifəyə görə “əsri-sani” olur. Yəni günorta namazının vaxtı çıxmış və ikindi namazının vaxtı başlamış olur.

Cümə namazının vaxtı da günorta namazının vaxtı ilə eynidir.

İkindi (əsr) namazının vaxtı

İkindinin vaxtı günorta namazı vaxtının çıxdığı andan etibarən başlayır və günəşin batmasıyla sona çatır. Yuxarıda da qeyd edildiyi kimi ikindi vaxtı müctəhidlərin əksəriyyətinə görə, hər şeyin kölgəsi bir misli, Əbu Hənifəyə görə isə, iki misli olduğu andan etibarən başlayır və günəşin batdığı zamana qədər davam edir.

Dəlil bu hədisdir: “Günəş batmazdan əvvəl ikindi namazından bir rükətə çatan, ikindi namazına çatmış sayılır.”[18]

Müctəhidlərin əksəriyyətinə görə, ikindi namazını günəşin saralma vaxtına qədər gecikdirmək məkruhdur. Çünki Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bu vaxtda qılınan namaz münafiqlərin namazıdır. Münafiq dayanıb günəşi gözləyər. Günəş şeytanın iki buynuzu arasına girdiyi (batmağa başladığı) vaxt, tələsik ikindini dörd rükət qılar, Allahı çox az zikr edər.”[19]

İslam alimlərinin əksəriyyətinə görə, Qurani-Kərimdə sözügedən “orta namaz” ikindi namazıdır. Hz. Aişənin (r.anha) rəvayət etdiyi bu hədis dəlildir: “Hz. Peyğəmbər (s.ə.s) “Namazlara, (xüsusilə) orta namaza riayət edin”[20] ayəsini oxudu və “Orta namaz ikindi namazıdır” buyurdu.[21] İkindi namazına “orta namaz” deyilməsinin səbəbi ikisi gecə, ikisi də gündüzə aid namazın arasında olmasına görədir.

Axşam (məğrib) namazının vaxtı

Axşam namazının vaxtı günəşin tamamilə batmasıyla başlayır və üfüqdəki qırmızılığın (şəfəqin) itməsi ilə qurtarır. Əbu Hənifəyə görə, şəfəq günəş batdıqdan sonra qərb üfüqündəki qırmızılığın ardınca əmələ gələn bəyazlıqdır. Əbu Yusif, İmam Məhəmməd və hənəfilərdən başqa digər üç məzhəb ilə Əbu Hənifədən başqa bir rəvayətə görə isə şəfəq üfüqdə əmələ gələn qırmızılıqdır. Bu qırmızılıq getdikdə, axşam namazının vaxtı çıxır. Abdullah İbn Ömərin (r.a) “Şəfəq üfüqdəki qırmızılıqdır”[22] sözü də dəlildir. Bu mövzuda hənəfilərdə fətva, qəbul edilən rəy Əbu Yusif və İmam Məhəmmədin rəyidir.

Gecə (işa) namazının vaxtı

Gecə namazı qərb üfüqündəki qırmızılıq itdiyi andan başlayır və dan yeri ağaranadək (ikinci fəcrədək) davam edir. İkinci fəcr olanda gecə namazının vaxtı çıxır. İbn Ömərin (r.a) rəvayət etidiyi “Şəfəq qırmızılıqdır. Şəfəq itdikdə, namaz qılmaq fərzdir”[23] hədisi bunun dəlildir. Başqa bir dəlil Əbu Qətadənin (r.a) rəvayət etdiyi “Yuxuda qüsur yoxdur. Qüsur digər namazın vaxtı girincəyədək namazı qılmayandadır”[24] hədisidir. Bu hədis sübh namazı istisna olmaqla hər namazın vaxtının digər namaz vaxtı girincəyədək davam etdiyinə dəlalət edir.

Gecə namazını gecənin üçdə birinədək gecikdirmək müstəhəb, gecənin yarısına qədər gecikdirmək mübah, bir üzr olmadıqca dan yeri ağaranadək (ikinci fəcrədək) gecikdirmək isə məkruhdur. Çünki bu zaman namazın qəzaya qalmaq təhlükəsi vardır.

Vitr namazı

Vitr namazının vaxtı yatsı namazının ardıncadır. Vitrin sonu isə dan yeri ağarmadan (ikinci fəcrdən) bir az əvvələ kimidir. Oyanıb-oyanmayacağını bilməyənin yatmadan əvvəl qılması, oyanacağını bilənin isə, vitr namazını gecənin sonunadək gecikdirməsi daha fəzilətlidir.

Əsas götürülən fikrə görə təravih namazının vaxtı gecə namazından sonradır və bu vaxt sübh namazına qədər davam edir.

Bayram namazlarının vaxtı günəş doğub kərahət vaxtı çıxdıqdan sonra başlayır və günəş səmada zenit nöqtəsində olana qədər (istiva) davam edir. Ramazan bayramı namazı üzrlü səbəblə birinci gün istiva zamanından əvvəl qılına bilməzsə, ikinci gün istiva zamanınadək qılınmalıdır. Hər hansı bir üzr olmazsa üçüncü gün qılına bilməz. Qurban bayramı namazı isə, üzrlü səbəblə birinci gün qılına bilməzsə ikinci gün qılınmalı, ikinci gün də üzrlü səbəblə qılına bilmədiyi təqdirdə, üçüncü gün istiva vaxtına kimi qılınmalıdır. Bu namazları hər hansı üzrlü səbəb olmadan ikinci və ya üçüncü günə saxlamaq doğru deyil. Bayram namazları istiva vaxtından və ya zəval vaxtından sonra qətiyyən qılmaq olmaz. Qəzaları da caiz deyil.[25]


 [1] Nisa, 4/103.

[2] İsra, 17/78.

[3] Rum, 30/17-18.

[4] Qurtubi, Cami, XIV, 11, 30/17-18.

[5] Taha, 20/130.

[6] Qurtubi, Cami, II, 173.

[7] Hud, 11/114.

[8] Hud, 11/114.

[9] İnsan, 76/25, 26.

[10] Qaf, 50/39.

[11] İsra, 17/79.

[12] Əbu Davud, Səlat, 2, H. No: 393; Tirmizi, Səlat, H. No: 149; Əhməd ibn Hənbəl, I, 382, III, 330, 331, 352. Tirmizi bu hədis üçün “həsən-səhih” demişdir. Bax. Təhanəvi, İlaüs-Sünən, 1-ci çap, Beyrut, 1418/1997, II, 3-67.

[13] Sənani, Sübulus-Salam, 2-ci çap, t.y, I, 115.

[14]Buxari, Məvaqit, 27; Əbu Davud, Səlat, 2; İbn Macə, Səlat, 2; Nəsai, Məvaqit, 15; İbn Hənbəl, II, 210, 213, 223.

[15] Əbu Davud, Səlat, 2; Tirmizi, Məvaqit, 1; Nəsai, Məvaqit, 6, 10, 15; İbn Hənbəl, I, 383, II, 330; Malik, Müvətta, Səlat, 9.

[16] Buxari, Məvaqit, 9, 10, Azan, 18; Bədül-Xəlq, 10; Müslim, Məsacid, 180, 181, 184, 186; Əbu Davud, Səlat, 4.

[17] Mövsili, İxtiyar, I, 38, 39; Züheyli, e.a.ə., I, 508.

[18] Malik, Müvəttə, Vüqut, 5; Əbu Davud, Səlat, 5; İbn Macə, Səlat, 2; İbn Hənbəl, II, 236, 254, 260, 282.

[19] Malik, Müvəttə, Quran, 46.

[20] Bəqərə, 2/238.

[21] Əbu Davud, Səlat, 5; İbn Hənbəl, V, 8; İbn Kəsir, Muxtəsəru Təfsiri-İbn Kəsir, (tdq. M. Əli Sabuni) Beyrut, 1981, I, 218.

[22] Sənani, Sübülüs-Salam, I, 106.

[23] Sənani, e.a.ə., I, 114.

[24] Müslim, Məsacid, 311.

[25] Namaz vaxtları üçün bax. İbnul-Hümam, Fəthul-Qədir, I, 151-160; İbn Abidin, Rəddul-Muxtar, I, 321-342; Meydani, Lübab, I, 59-62; Şirazi, Mühəzzəb, I, 51-54; İbn Qüdamə, Muğni, I, 370-395; Züheyli, e.a.ə., I, 506 vd.




Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.


Şərh yaz

*