5. 894 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu bir hədisi-şərifində belə bir bənzətmə edir: “Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.[1]

Allah Rəsulu Quran oxuyan mömini portağala bənzədir. Mömin Quran oxumalıdır, çünki Quran oxumasa, həyat, şərait və axınlar onu yoldan azdıra bilər. Qurandan uzaq olduğu müddətdə özü də bilmədən Allahdan uzaqlaşa bilər. Çünki Quran onu idarə edən kitabdır.

 “Qoxusu da xoşdur, dadı da xoşdur”. İlk dəfə o yaxşı bir şey dadmış və qəlbini gözəl bir şeylə süsləmişdir. Ona görə də ətrafına gözəl qoxu yayılır. İnsanlar da bu qoxudan məst olur.

“Mədinəyə hicrət hələ başlamamışdı. Məkkə müşrikləri zülm və əziyyəti möminlərdən “əsirgəmirdilər”. Bu ərəfədə Hz. Əbu Bəkir yoldaşları kimi Həbəşistana hicrət etmək qərarına gəlir. Be­ləcə Həbəşisatan deyib yola düşür. Yolda İbnud-Dağinnə adlı bir müşriklə qarşılaşır. İbnud Dağinnə soruşur:

− Ey Əbu Kuhafənin oğlu, hara belə?

− Qövmüm məni qovdu. Daha orada qalmaq mümkün deyil.

− Sənin kimi insanı Məkkədən çıxarmaq olar? Sən kasıbların imdadına yetişir, dul qadınlara yardım edir, yetimlərin əlindən tutursan. Bəli, səni Məkkədən çıxarmaq Məkkəni sənin kimi bir dəyərli insandan məhrum etmək deməkdir. Gəl mənim himayəmi qəbul et, səni qoruyum.

Hz. Əbu Bəkir geri qayıdır, Dağinnə də onu himayə etdiyini müşriklərə elan edir. Hz. Əbu Bəkir İbnu Dağinnənin şərtlərini qəbul edərək evinə çəkilir. Orada Quran oxumağa başlayır. Lakin bir müddət sonra bu, ona az gəlir. Çünki Quranın qoxusunu ətrafa yaymaq, duyurmaq lazım idi. Ona görə də pəncərənin qarşısına eyvan kimi bir şey tikdirir, orada namaz qılıb Quran oxumağa başlayır. Hz. Əbu Bəkir gözü yaşlı, kövrək insan idi. “Allah” deməsi ilə ağlamağı bir olur, hıçqırıqlarını saxlaya bilmirdi. Namaz qılanda da belə idi.  O, eyvanda ibadət edərkən qadın-kişi, uşaq – yan-yörədə kim varsa, eyvanının ətrafına yığışırdı. Onun halı öz rayihəsini ətrafa saçır və iman dairəsi genişlənirdi. Bu isə müşrikləri özündən çıxarır. Nəhayət, gedib İbnud Dağinnəyə deyirlər: “Bunu himayəndən çıxar. Yoxsa himayənə məhəl qoymayacağıq. Sonra camaat haqqında dedi-qodu etməsin”.  İbnud Dağinnə də Hz. Əbu Bəkrin yanına gəlib Quran oxumamağı xahiş edir. Hz. Əbu Bəkir cavabında: “Mən Quran oxumadan yaşaya bilmərəm. Bu, Allahın kəlamıdır. İnsanlara çatdırmaq üçün nazil edilmişdir. Vallah, sən məni himayəndən çıxarsan da, mən bu işi Allahın himayəsində davam etdirəcəyəm”, – deyir.

Quran portağal kimi dadlıdır. Bu dadı dadan Ona aşiq olur. Quranın həm də ətri var.  Kim o qoxunu hiss etsə, mövləvi[2] kimi Quranın ətrafında pərvaz edər. Bu hal əsl möminə xasdır. Quran onun ruhunda, qəlbində və dilində bu şəkildə ən gözəl mənasını tapır.

Quran oxumayan möminə gəldikdə isə:

“Quran oxumayan mömin isə xurma kimidir. Onun qoxusu yoxdur, lakin dadlıdır. Belə bir mömin imanın dadını və Quranın ləzzətini hiss etsə də, Quran oxumadığına görə ətrafına təsir edə bilmir və çevrəsi Müqəddəs kitabın o gözəl qoxusundan faydalana bilmir. O, mömindir, lakin möcüzəli bəyanın ətrini, ətrafa səpəcəyi nurları məhdudlaşdırır. Bu da Quran oxumayan, onun həqiqətlərinə sarılmayan və onu yaymayan möminin xüsusiyyətidir. Allah Rəsulu sözlərinə bu cürə davam edir: “Quran oxuyan münafiqə gəldikdə isə o, qoxusu gözəl, amma dadı acı reyhana bənzəyir. Qoxusu gözəldir, lakin dadı çox acıdır”.

“Quran oxumayan münafiq və riyakara gəlincə o da Əbucəhl qarpızı kimidir. Qoxusu yoxdur. Dadı da çox acıdır”.

Quran həqiqəti kimi böyük bir həqiqət göz qabağındadır. Onunla bağlı bir qisim vəzifələrimiz var. Amma mükəlləfiyyətimiz təkcə onu qorumaqdan ibarət deyil. Bu, lüzumludur, lakin zərfdən daha çox zərfin içindəkinə hörmətlə yanaşmaq lazımdır. Quranı bir şeyə büküb evin əlçatmaz yerinə qoymaqla mükəlləfiyyətimizi  – Qurana ehtiram vəzifəsini yerinə yetirmiş olmuruq. Sizə hökmdardan bir məktub gəlsə, o məktubu öpüb bir tərəfə qoyarsınız, yoxsa hökmdarın məramını bilmək üçün məktubu diqqətlə oxuyarsınız? Sultanlar sultanı Malikül-Mülk olan Allah-Təala sizə bir məktub göndərib, elə bir məktub ki, sizin üçün həyati əhəmiyyət kəsb edir və onun içərisində sizin dünyanız və axirətinizlə bağlı­ məsələlər var. Siz bunu əlinizə alıb hörmətlə öpdükdən sonra rəfə qoymaqla, görəsən, o Sultanı məmnun edirsinizmi?


[1]Buxari, Fədailul-Quran 17, 26; Ətimə 30; Darimi, Fədailul-Quran 8.

[2]Mövlana təriqətinin mənsubları



Açar sözləri

quran quranın fəziləti

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz