Aylıq namaz vaxtları
890 dəfə oxunub ,   0 şərh   Çap et

Bu günə qədər Quran və elm mövzusunda bir çox tədqiqatlar aparılmış və cildlərlə kitab yazılmışdır. Məsələyə obyektiv yanaşan elm adamlarının hamısı Qurani-Kərimin elmlərdən daim bir addım öndə olduğunu görmüş, heyrət və heyranlıqla “Bu kitab ancaq Allah kəlamı ola bilər” deməkdən özlərini saxlaya bilməmişlər.

Təfsilatları həmin kitablara həvalə edib məsələnin məğzinə keçək.

Kainat və insanı yaradan da, Qurani-Kərimi nazil edən də Allahdır

Atomdan insana, insandan nəhəng göy cisimlərinədək kai­natda mövcud olan canlı-cansız, kiçik-böyük bütün varlıqlar qüdrət qələmi ilə yazılmış bir kitabdır. Elm adamları göstərir ki, ancaq güclü mikroskoplarla görünən bircə DNT hüceyrəsi nəhəng bir ensiklopediya qədər informasiya daşıyır. O halda rahatlıqla deyə bilərik ki, kainat özündə milyonlarla irili-xırdalı kitabları ehtiva edən böyük və möhtəşəm kitabxanadır.

Məhz Qurani-Kərim də bu möhtəşəm kainat kitabını və ka­i­natın kiçik bir timsalı olan insanı dərk etmək üçün Allah tə­rə­fin­dən göndərilmiş doğru rəhbərdir.

 Biz kainatın özbaşına olmadığını, göylərin, yerin və yerlə göy arasında hər şeyin kim tərəfindən və nə üçün yaradıldığını, yer üzündə Sonsuz Rəhmət Sahibinin əziz qonağı olduğumuzu daima o Əzəli Rəhbərdən öyrəndik, indi də öyrənməkdəyik. Qısa­ca desək, insan, kainat və Quran sonsuz elm sahibi olan Allah-Təa­lanın elm və qüdrət qələmi ilə yazılmış və bir-birini tamamlayan kitablardır. Bunların bir-birinə zidd olması mümkün deyildir.

Elmlərin qaynağı kainat kitabıdır

Fizika, kimya, biologiya, tibb, astronomiya kimi bütün dəqiq (fundamental) elmlərin mənbəyi kainat kitabıdır. Allah-Təala ka­inatı çox incə, dəqiq ölçülərlə, müəyyən plan və proqrama uy­ğun xariqüladə şəkildə xəlq etmişdir. Bir toxumun torpağın köksündə rişə salıb meyvə verən bir ağaca çevrilməsi, günəşin, planetlərin, ulduzların – bir sözlə, kainatda olan hər şeyin bir-bi­rinə uyğun və ahəng içində işləməsi üçün sabit, dəyişməz, mü­kəmməl qanunlar qoymuşdur. Kainatdakı bu mükəmməl pro­seslər və bu proseslərin kökündə dayanan sabit qanunlar olmasa, yuxarıda adını çəkdiyimiz elmlər necə ortaya çıxa bilərdi? Elm adamları bu əsrarəngiz sistemləri, strukturları, canlı və cansız varlıqları, bunların bir-biri ilə əlaqələrini araşdırır, sonra da onlara ad verir, yaxud da müəyyən formullarla izah edirlər. Analiz və sintezlərlə müəyyən nəticələr əldə edirlər. Məsələn: Nyuton yerin cazibə qanununu, Arximed isə suyun qaldırma qüvvəsini kəşf etmişdir. Bu qanunlar onların kəşfindən əvvəl də vardı və mükəmməl işləyirdi. Ondan sonra da işləməkdə davam etdi və Allah-Təalanın dilədiyi müddətə qədər də davam edəcək. Bütün elm sahələri haqda bu cür yüzlərlə misal çəkmək olar.

Elə isə mənbəyini Allahın yaratdığı sistemlərdən, qanun və qaydalardan götürən elmlərlə Allahın Kəlam sifətinin təcəllisi olan Quranın bir-birinə zidd olması mümkündürmü? Əgər hər hansı bir məsələdə elmlərin əldə etdiyi nəticələrlə Quran ayələri arasında bir ziddiyyətdən danışılırsa, demək ki, ya həmin elmlər o sahə üzrə hələ kifayət qədər inkişaf etməmişdir, ya da Quran ayələri yanlış izah edilir. Bunun üçüncü səbəbi yoxdur.

Quran elmlər üçün də dəyişməz meyardır

İstər humanitar, istərsə də dəqiq elmlərdə mütəxəssislərin irəli sürdüyü qanunlar və prinsiplər zaman keçdikcə köhnəlir, qismən və ya tamamilə yenisi ilə əvəz olunur. Məsələn: bir ölkənin ən yaxşı və ən məşhur hüquqşünasları bir yerə toplaşıb bir konstitusiya tərtib edirlər. Bu konstitusiyanın hazırlanmasından heç üç-beş il keçmir ki, boşluqlar və ya bəzi maddələrdə səhvlər ortaya çıxır. Daha sonra müəyyən əlavə, çıxarış və dəyişikliklər edilir. Bir müddət də keçəndən sonra həmin konstitusiya öz qüvvəsini itirir və onun əvəzinə yenisini hazırlamağa  başlayırlar.

Dəqiq elmlərdə də dünənədək mütləq qəbul edilən bəzi mə­sə­­­lələr bu gün artıq yanlış hesab olunur. Məsələn: yaxın vaxtlara kimi elm adamları maddənin ən kiçik hissəsinin molekul olduğunu iddia edirdilər. Halbuki bu gün atom belə hissələrə parçalana bilir. Müasir dövrdə elm adamlarının mütləq hesab etdiyi bəzi məsələlərin də yanlışlığı yaxın gələcəkdə isbat oluna bilər. Ancaq Allahın qanunlarında heç bir dəyişiklik olmadığı kimi, ən kiçik nöqsan da müşahidə edilmir. Uca Rəbbimizin kainatın ilk yaradılışdan etibarən ortaya qoyduğu qanunlar milyardlarla ildir ki, heç bir dəyişiklik olmadan işləməkdə davam edir. “Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) əsla bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 23) məallı ayə də bu həqiqəti göstərir.

Kainat kitabının əzəli tərcüməsi olan Quran həqiqətləri də eyni ilə belədir. Quranda insanın və kainatın yaradılışından Qi­ya­mətə, oradan da ölümdən sonrakı sonsuz həyata qədər hər şey əhəmiyyətinə görə bəzən açıq-aşkar, bəzən üstüörtülü, amma­ müt­ləq doğru şəkildə ifadə və bəyan edilmişdir. Dolayısilə, hər zaman yanlışlıq ehtimalı  daşıyan elmi araşdırmalar Quran ayə­lərinə meyar ola bilməz. Əksinə, elmlər Qurana nə qədər yaxınlaşsalar, həqiqətə də bir o qədər yaxınlaşmış olurlar. Elmlər üçün də Quran yanılmaz və yanıltmaz bir meyardır. Yetər ki, düzgün başa düşülsün.

Din-elm qarşıdurması Qərbin problemidir

İslam dünyasında müsəlmanların Quranı və İslamı düzgün anlayıb yaşadığı o gözəl dövrlərdə heç vaxt din-elm qarşıdurması olmamışdır. Əksinə, dini elmlərlə dəqiq elmlər yanaşı addımlamış, paralel inkişaf etmişdir. Qərb bir neçə əsr əvvələ qədər zülmət qaranlıqda oturduğu halda, İslam aləmi Quranın işığı ilə parlaq dövrlər yaşamışdır. Məhz bunun nəticəsində də fizika, riyaziyyat, tibb, astronomiya kimi demək olar, bütün dəqiq elmlərdə ilk addımı məhz müsəlmanlar atmışlar.

Elmlərin təməlini bizdən götürən Qərbdə isə elm adamları ilə təhrif olunmuş Tövrat və İncil arasında ziddiyyətlər meydana gəlmişdir. Məhz bu səbəbdən elm adamları  ilə din xadimləri və kilsə arasında qarşıdurmalar baş vermişdir. Bunun ən bariz nümunəsi Qallileydir. İncildə yer sini kimi düz və sabit təsvir edilsə də, o, Yeri yuvarlaq hesab etmiş, buna görə də kilsənin ittihamlarına məruz qalmışdır. Halbuki Qurani-Kərimdə Yerin kü­rə şəklində olmasına, həm öz oxu ətrafında, həm də Günəş ət­ra­fında fırlanmasına dair işarələr var.

İslamiyyətdə din-elm qarşıdurması mümkün deyildir

İlk əmri “Yaradan Rəbbinin adı ilə oxu!” olan Qurani-Kərim bütün elmlərin özülü olan həqiqətləri ortaya qoymaqla yanaşı,­ insanları müntəzəm olaraq düşünməyə və araşdırmağa çağırır. O nurlu bəyanlardan bir neçə nümunə: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz et­mə­sində, insanlara fayda vermək üçün gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanların onun hər tərəfinə yayılmasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, əlbəttə, ağıl sahibləri üçün Allahın varlığına və birliyinə dəlalət edən neçə-neçə əlamətlər vardır”. (“Bəqərə” surəsi, 164)

“Yeri döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gün­düzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!” (“Rad” surəsi, 3)

“O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xid­­mətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğ­rudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!” (“Nəhl” surəsi, 12)

“(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları,­ bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nə­sihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüd­rətini, əzəmətini bildirən) əlamətlər vardır! ” (“Nəhl” surəsi, 13)

Ağıla, düşünməyə, araşdırmağa bu qədər önəm verən və hər fürsətdə insanları təfəkkür etməyə çağıran bir Kitab elmlə təzad təşkil edə bilərmi?

Müsəlmanların müəyyən dövrlərdə elmdə, texnologiyada geri qalması isə onların Quranı və kainat kitabını lazımınca və düzgün oxuyub anlamamasından qaynaqlanır.

Yazımızı gözəl bir nəticə olsun deyə Qurani-Kərimin iki ayəsi ilə tamamlayaq:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən paksan, müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (“Ali-İmran” surəsi, 190-191)



Açar sözləri

Quran ve elim

Şərh yaz

*