Aylıq namaz vaxtları
20. 098 dəfə oxunub ,   0 şərh   Çap et

Qunut sözü lüğəvi mənada itaət etmək, xuşu, ibadət etmək, ayaq üstə dayanmaq deməkdir. Quranı-Kərimin bəzi ayələrinə nəzər saldıqda bu mənalarda işləndiyini görə bilərik.[1]

Fiqh termini olaraq isə itaət etmək, dua etmək və hər hansı bir bəladan, şərdən xilas olmaq ya da xeyir bir şeyi əldə etmək üçün namazda Allaha dua etmək, Ona yönəlmək deməkdir.

Hz. Peyğəmbərin (s.ə.s) də müxtəlif vəsilələrlə qunut duası oxuduğu səhih hədislərlə sabitdir (Buxari,”Vitr”, 7; Müslim, “Məsacid”, 294-308). Özəlliklə Rəsulullah (s.ə.s) hicrətin dördüncü ilində Əbu Bəranın təminat verməsi üzrə Nəcd çölü istiqamətinə İslam dinini təbliğ etmək üçün 70 qurra ( hafiz, mürşid ) göndərir. Zöhd və təqva sahibi olan bu seçkin insanlar həyatlarını dini anlatmaq üçün nəzr etmişlərdi. Biri-Məunə deyilən yerə çatdıqlarında onlara xəyanət edilir. Əmr ibn Tüfeyl və adamları tərəfindən mühasirəyə alınaraq şəhid edilirlər. Hz. Peyğəmbər ( s.ə.s) bu hadisədən xəbər tutunca çox kədərlənmiş, tam bir ay boyunca dinlərini anlatmaqdan başqa bir qayə-məqsədləri olmayan əshabını şəhid edən bu zalımlara səhər namazının fərzinin son rükətində rükudan qalxdıqdan sonra bəddua etmişdir.[2] Hətta dua edərkən: “Allahım! Vəlid ibn Vəlidi, Sələmə ibn Hişamı, Ayyaş ibn Əbi Rəbianı və zəif möminləri qoru . Ya Rəbbi! Mudar qəbiləsinə olan şiddətini artır. Onların güzəranını Yusuf(ə.s) peyğəmbərin qıtlıq illəri kimi et! Allahım! Lihyan, Ri’l, Zəqvan ilə Allah və Rəsuluna üsyan edən Üsayyə qəbilələrinə lənət et”.[3] Hz. Ənəs ibn Malik belə bildirir : “Rəsulullah (s.ə.s ) qurra ( hafizlər ) öldürüldüyü zaman bir ay qunut oxudu. Rəsulullahı (s.ə.s.)  tanıyandan bu hadisəyə kədərləndiyi qədər başqa bir şeyə kədərləndiyini əsla görmədim”.[4] Göründüyü kimi Hz. Peyğəmbər ( s.ə.s) Biri-Məunə faciəsinin baş verməsinə səbəb olan bu qəbilələrin bir-bir adını çəkmiş, bəzi möminlərin də adını zikr edərək onların səhhət və salamatlığı üçün dua etmişdir.

Rəsulullahın (s.ə.s) qurranın şəhid edilməsi üzərinə bir ay boyunca səhər namazında qatillərə qunut etməsi çox mənalıdır. Çünki Allah Rəsulu (s.ə.s): ” Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir”;[5] ” Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir “[6],- ayələrində işarə edilən hikməti və həqiqəti ümmətinə göstərmək istəmişdir.

Allah Rəsulu (s.ə.v) bir kədər və çətinlik ilə qarşılaşdıqda dərhal namaz qılaraq  Rəbbinə yönəlmişdir[7]. Çünki namaz, hər şeyi nizama salıb müxtəlif hikmətlər xəlq edən aləmlərin Rəbbinin hüzurunda olma, arzı-haldır. Ona təslim olduğumuzu göstərmə, Onun himayəsinə sığınmaqdır.

 Qunut duası haqqında alimlərin fikri

 Namazlarda qunut duasının oxunması mövzusunda məzhəblər həmrəydir. Ancaq hansı namazlarda və namazın hansı hissəsində qunut tutulacağı ixtilaflıdır. Əbu Hənifəyə görə qunut duasını oxumaq vacibdir. Lakin iki tələbəsi İmam Əbu Yusuf  və İmam Muhamməd də daxil olmaqla bütün alimlər sünnə olduğu haqda ittifaq etmişlərdir.[8]  Hənəfilər və Hənbəlilərə görə qunut duasının yeri vitr namazının son rükəti, Şafei alimlərinə görə sübh namazının son rükəti ilə Ramazan ayının ikinci yarısındakı vitr namazlarının son rükətidir[9]. Malikilər görə isə yalnız səhər namazının fərzinin son rükətində qunut duası oxunur. Hənəfilərdə görə qunut duası rükudan əvvəl oxunur. Hənbəli və Şafei məzhəbində isə rükudan qalxdıqdan sonra oxunur. Malikilərə görə isə rükudan əvvəl oxunması daha fəzilətli olmaqla yanaşı, rükudan qalxdıqdan sonra da oxuna bilər.[10]

Qunut duası olaraq nə oxuna bilər?

Qunut duası olaraq hər hansı bir dua oxuna bilər.[11] Ancaq Hənəfilər və Malikilər Hz. Ömərdən rəvayət edilən ” Allahummə inna nəstə’inukə …” və ” Allahummə iyyakə nəbudu …”[12] dualarını, Şafeilər və Hənbəlilər isə Hz. Əlidən rəvayət edilən ” Allahümməhdini fi mən hədəytə …”[13] duasını oxumağı tərcih etmişlər.

Bu duaları oxumaq sünnədir və əzbərlənməsi də məqsədə uyğundur. Ancaq əzbər bilməyənlər “Rəbbənə ətinə fid-dünya həsənət…” və üç dəfə “Allahumma məğfir li” deyərək qunut edə bilərlər.

Qunut duaları və mənaları

اَللّٰهُمَّ اِنَّا نَسْتَعِينُكَ وَنَسْتَغْفِرُكَ وَنَسْتَهْدِيكَ وَنُؤْمِنُ بِكَ وَنَتُوبُ إِلَيْكَ وَنَتَوَكَّلُ عَلَيْكَ وَنُثْنِى عَلَيْكَ الْخَيْرَ كُلَّهُ نَشْكُرُكَ وَلَا نَكْفُرُكَ وَنَخْلَعُ وَ نَتْرُكُ مَنْ يَفْجُرُكَ

اَللّٰهُمَّ إيَّاكَ نَعْبُدُ وَلَكَ نُصَلِّى وَنَسْجُدُ وَإِلَيْكَ نَسْعٰى وَنَحْفِدُ نَرْجُوا رَحْمَتَكَ وَنَخْشٰى عَذَابَكَ إِنَّ عَذَابَكَ بِالْكُفَّارِ مُلْحِقٌ

[Allahummə innə nəstəinukə və nəstəğfirukə və nəstəhdikə və nu`minu bikə və nətubu iləyk. Və nətəvəkkəlu aleykə və nusni aləykəl xayra kulləhu nəşkurukə və lə nəkfurukə və nəxləu və nətruku mən yəfcuruk.

Allahummə iyyəkə nə’budu və ləkə nusalli və nəscudu və iləykə nəs’a və nəhfidu. Nərcu rahmətəkə və nəxşə azəbəkə innə azəbəkə bil-kuffəri mulhiqun]

Məalı

Allahım, Səndən yardım, hidayət və bağışlanma istəyirik. Sənə iman edər, Sənə tövbə edər, Sənə güvənib sığınarıq. Hər xeyirlə zatı-pakını tərif, nemətlərinə şükür edərik. Əsla Sənə (inkar ilə) küfr etmərik və Sənə üsyan edənlərdən uzaq olarıq.

Allahım, ancaq Sənə ibadət edir, sadəcə sənin üçün namaz qılır və səcdə edirik. Ancaq Sənə (qulluq) üçün çalışırıq. Rəhmətini umur, əzabından da qorxuruq. Çünki Sənin əzabın kafirlər üçündür

اللَّهُمَّ اهْدِنَا فِيمَنْ هَدَيْتَ، وَعَافِنَا فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنَا فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لَنَا فِيماَ

أَعْطَيْتَ وَقِنَا شَرَّ ماَ قَضَيْتَ فَإِنَّك تَقْضِي وَلاَ يُقْضَي عَلَيْكَ وَإنَّهُ لاَ يَذِلُّ مَنْ وَلَّيْتَ

وَلَا يَعِزُّ مَنْ عَدَيْتَ تَبَرَكْتَ رَبَّنَا  وَتَعَالَيْتَ. فَلَكَ الْحَمْدُ عَلَى مَا قَضَيْتَ وَنَسْتَغْفِرُكَ اَللَّهُمَّ وَنَتُوبُ اِلَيْكَ

وَصَلَّى اللهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى اَلِهِ وَ صَحْبِهِ وَسَلِمْ

 [Allahumə-hdinə fimən hədəytə, və afinə fimən afəytə, və təvəllənə fiman təvəlləyt və bərik lənə fimə ə’taytə və qinə şərrə mə qadəytə, fə innəkə təqdi və lə yuqda aleykə və innəhu lə yəzillu mən vələytə, və lə yəizzu mən adəytə, təbərəktə rabbənə və təaləytə. Fələkəl-həmdu alə mə qadəytə və nəstəğfirukə Allahummə və nətubu iləykə. Və sallallahu alə səyyidinə muhammədin və alə əlihi və sahbihi vəsəllim.]

Allahım, hidayət verdiklərinin  içərisində bizə də hidayət ver. Əfv etdiklərinin içində bizi də əfv et. Dost götürdüklərinin içində bizi də dost götür. Bizə verdiklərini bərəkətli et. Təqdir etdiyin şərdən bizi qurtar. Həqiqətən, Sən hər kəsə hökm edənsən! Sənə heç kim hökm edə bilməz! Sənin dost götürdüyünü heç kəs zəlil edə bilməz. Və Sənin düşmən götürdüyünü heç kəs izzətləndirə bilməz. Ey Rəbbimiz Sən mübarəksən, Sən ucasan! Allahım bizi bağışla və tövbələrimizi qəbul buyur. Əfəndimiz Hz. Muhammədə səlat və səlam olsun.[14]

 Hz. Əlinin (r.a.) rəvayət etdiyi belə bir dua da vardır:

 اللَّهُمَّ إنِّى أعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكِ، وَأعُوذُ بِمُعَافَتِكَ مِنْ عُقُوبَتِكَ، وَأعُوذُ بِكَ

مِنْكَ، َ أحْصِى ثَنَاءً عَلَيْكَ، أنْتَ كَمَا أثْنَيْتَ عَلى نَفْسِكَ

“Allahım! Qəzəbindən rizana, cəzalandırmandan əfvinə sığınıram. Səndən Sənə sığınıram. Səni haqqı ilə tərif etməyə gücüm çatmaz. Sən, özünü tərif etdiyin kimisən.”[15]

Qunut duası necə oxunur?

Hənəfi və Malikilərə görə qunut duası istər tək başına, istərsə də camaatla qılınan namazlarda  gizli olaraq oxunar.[16] Şafei və Hənbəlilər də isə camaatla qılınan namazlarda imam qunut duasını səsli oxuyar, camaat da səsli amin deyər; hər hansı bir səbəblə imamın səsini eşitməyənlər də özləri səssiz oxuyarlar. Şafei və Hənbəli alimlər qunut duası oxuyarkən əllərin sinə xəttinə qədər qaldırılmasını sünnə saymışlar. Ayrıca Hənbəlilər qunut duası oxunduqdan sonra əllərini üzlərinə çəkərlər.

Bəla və müsibətlə zamanı qunut duası oxumaq

Qıtlıq, yolxucu xəstəlik, düşmən hücumu, nazilə (ümumi müsibət), zalımların təzyiq və basqınları kimi ümumi fəlakət zamanlarında da qunut duasının oxunması alimlər tərəfindən məqbul görülmüşdür. Hətta bəzi fəqihlər qunut duasının yalnız belə zamanlara məxsus olduğunu söyləməkdədirlər.[17] Belə olan hallarda qunut duası hansı namazlarda və harada oxunacağı da müzakirə olunmuşdur. Hənəfi və Hənbəlilər səhər namazının fərzinin ikinci rükətində, Şafei alimlər isə bütün fərz namazların son rükətində rükudan qalxdıqdan sonra oxunacağına hökm etmişlər.


 Qaynaqlar:

Muhsin Koçak, DİA, “Kunut” maddəsi

Şamil  İslam Ensiklopediyası, “Kunut” maddəsi.

http://www.zaman.com.tr/ahmet-kurucan/kunut-ve-dua

[1] Bəqərə 2/ 116 , 238; Ali- İmran, 3/ 17 , 43; Nisa 4/ 34; Nəhl, 16/ 120; Rum 30/ 26; Əhzab, 33/ 31 , 35; Zümər, 39 /9; Təhrim 66/ 5 , 12.

[2] Mövlana Şibli , Əsri Səadət , Tərcüməçi , Ömər Rza Doğrulrıl,İstanbul , 1977 , I , 276.

[3] Buxari , Məğazi , 28; Müslim , Məsacid , 294-308 .

[4] Buxari , Cənaiz , 41.

[5] Bəqərə, 45

[6] Bəqərə, 153

[7] Əhməd b. Hənbəl , I , 206 , 268 ; Nəsai , Mevakit , 46.

[8] İbn Abidin, Rəddul-Muxtar, Vitr bəhsi

[9] Əbu Davud, Səlat, 340

[10] DİA, qunut maddəsi, Ankara, 2002, XVI, 380.

[11] İbn Abidin, Rəddul-Muxtar, Vitr bəhsi

[12] Tahavi, I, 249

[13] Əbu Davud,” Vitr”,5; Tirmizi,”Vitr”,10

[14] Əbu Davud, Vitr, 5; Tirmizi, Vitr, 10; Nisai, Qiyamul-leyl, 51; İbn Macə, İqamə, 117; Darimi, Səlat, 214

[15] Əbu Davud, Səlat, 340; Tirmizi, Davat, 123; Nəsai, Qiyamul-Leyl, 51.

[16] Rəsulullah belə buyurmuşdur: “Zikrin ən xeyirlisi, gözəl olanı gizli olan, ruzinin ən xeyirlisi də yetəcək qədər olanıdır” (Əhməd İbn Hənbəl, I, 172, 180).

[17] İbn Qəyyum əl-Cəvziyyə Zadul-Məad, I, 273 və Şövqani də Neylul-Əvtar , II , 384-391

 

Endir

 




Bənzər məqalələr

Vitr namazı

Vitr sözü ərəb dilində “tək” mənasındadır. Rəsulullah (s.ə.s) günün ərzində qılınan son namazın vitr namazı olmasını tövsiyə etmişdir. Hz. Peyğəmbər (s.ə.s) vitr namazını gecə oyanacağından əmin olan şəxsin sübh namazından əvvəl, əmin olmayanın isə yatsı namazından sonra, yatmazdan əvvəl qıla biləcəyini bildirmişdir.


Şərh yaz

*