Aylıq namaz vaxtları
478 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (s.a.s.) vəfatına yaxın xəstəliyi xeyli şiddətlənmişdi. Sahabələri ilə halallaşmağı düşünürdü.  Yatağından qalxıb məscidə − hər zaman oturduğu, insanlara söhbət etdiyi minbərinə tərəf getmək istəyirdi. Ayaq üstə duracaq taqəti yox idi. Bir qolundan Həzrət Əli (r.a.), o bir qolundan da Fəzl ibn Abbas (r.a.) tutdu. Çətinliklə ayağa qalxa bildi. Birtəhər məscidə gəldi. Minbərə çıxıb oturdu və Bilalı (r.a.) çağırdı və belə dedi: 

“Ey Bilal! İnsanlara elan elə, məscidə toplaşsınlar. Onlara vəsiyyət edəcəm. Bu mənim son vəsiyyətimdir.” Həzrət Bilal Rəsulullahın (s.a.s.) tapşırığı yerinə yetirdi. Çox keçmədən insanlar məscidə yığışdılar. Allah Rəsulu (s.a.s.) Allaha həmd və səna etdikdən sonra insanlara belə xitab elədi:

Ey insanlar! Sizdən ayrılma vaxtım çox yaxındır. Kiməsə vurmuşamsa, gəlib belimə vursun. Kiminsə malını almışamsa, gəlib haqqını istəsin. Diqqət edin! Heç kim “qisas tələb etsəm Rəsulullah məndən inciyər”-  deyə düşünməsin! Bilirsiniz ki, məndən haqqını istəyəndən küsmək və incimək mənə yaddır. Mənim yanımda ən sevimliniz haqqı varsa, gəlib məndən onu istəyəndir. Yaxud haqqını halal edəndir. Mən Rəbbimin hüzuruna üzərimdə qul haqqı olmadan getmək istəyirəm…”[1]

Kiməsə borclu olmaq insanı həmişə narahat edir. Bəli, borc çox ağır bir yükdür. Əsl insan hər cür asılılıqdan qurtulub azad olmalı, çalışmalııdr ki, kiməsə minnət borcu belə olmasın. Hər kəs tərəfindən bilinən borc. gec-tez ödənilir. Çoxumuzun fərqində olmadan yığılan bir haqq borcu var ki, ödənilməsi çətin, hətta bəzən imkansızdır. Bu borc qul haqqıdır.   

Qul haqqı nədir?

İslamda əsasən iki cür haqq anlayışı var:

  1. Allahın haqqı: namaz qılmaq, oruc tutmaq, malın zəkatını vermək, müəyyən günahlardan uzaq qalmaq və s. Dinin əmr və qadağalarını yerinə yetirmək də Allahın haqqıdır.
  2. İnsanın başda insanlar olmaq şərti ilə digər varlıqlara qarşı haqq məsuliyyətləri. Bunlardan ən vacibi isə qul haqqıdır. Qul haqqına insan haqları da deyə bilərik. Haqq məsələsi insanın cənnət və ya (Allah qorusun!) cəhənnəmə getməsi üçün əsas təyin edici xüsusdur.

Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan  istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.

 Qul haqqı ən dar dairədə ailə üzvlərinə qarşı məsuliyyətlərlə başlayır. “O gün insan öz qardaşından/ dostundan, atasından-anasından, həyat yoldaşından və övladlarından qaçacaq. O gün hər kəsin belini bükən ağır məsuliyyəti olacaqdır.”[2] Qeyd edilənlər bizim ən yaxınlarımız, ən çox ərk elədiyimiz insanlardır. Bu dünyada onlar bizim üçün, biz də onlar üçün bir çox fədakarlığı etməyə hazırıq. Ancaq hər haqq sahibi kimi onlar da Allahın bəndələri olduğu üçün axirətdə haqlarını tələb edəcəklər. Çünki məhşər meydanında hərənin hesabı ayrı olacaq. Hamı öz canının hayında olacaqdır.

Qul haqqı fərdi ola biləcəyi kimi, cəmiyyətlə də əlaqəli ola bilər. İnsanların haqqına girən şəxs tək-tək hər kəsdən halallıq istəməlidir. Məsələn: Dövlət malını qəsb edən şəxs, ümuma aid haqqı tapdamış olar. Çünki dövlət əmlakında hər bir vətəndaşın haqqı var. Bəzən  haqqı çeynəmək sadəcə əmlakın qəsbi ilə qalmır, insan vəzifəsindən və səlahiyyətlərindən sui-istifadə edir. Başqalarına şüurlu şəkildə zülm və əziyyət verir. Bəzən də cəmiyyət içərisinə ədavət, çaxnaşma salır. Hər kəsi razı salmadan bu cür haqsızlığın vəbalını ödəmək çətindir.

Qul haqlarının axirətdəki nəticəsi çox ağırdır. Qul haqqında girən insanın etdiyi ibadət və yaxşılıqlar nə qədər çox olsa da axirətdə onlardan tam faydalan bilməyəcək. Belə şəxslər müflis adlandırılır.

Müflis kimdir?

Bir gün Allah Rəsulu (s.a.s.) səhabələrdən: “Müflis kimdir, bilirsinizmi?” – deyə soruşdu. Səhabələr: “Bizə görə müflis pulu və malı qalmayan adamdır,” – deyə cavab verdilər. Ancaq Allah Rəsulu (s.ə.s.) bunu belə izah etdi:

Ümmətimin müflisi Qiyamət günü namaz, oruc və zəkat kimi əməllərlə gəlir, amma birini təhqir etmiş, birinə zina iftirası atmış, birinin malını qəsb etmiş, birinin qanını tökmüş, birini döymüşdür. Vəziyyət belə olanda etdiyi yaxşılıqların savabı ona-buna verilir və qul haqlarını qaytarmamış savabları qurtarır. Bu səfər haqq sahiblərinin günahları ona yüklənir. Axırda da (günahkar olaraq) Cəhənnəmə atılır.”[3]

Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz və köməyə ehtiyacı olanda da onu darda qoyub getməz. Müsəlmanın namusu, malı və qanı müsəlmana haramdır. (Əli ilə sinəsini göstərərək) təqva bax buradadır. Bir müsəlmanın müsəlman qardaşına xor baxması onun üçün şər (əməl) və pis əxlaq kimi kifayət edir.”[4]

Qul haqları bağışlanırmı?

Quranda Allaha şərik qoşmaq xaricində bütün günahların bağışlanacağını bildirilir. Bu əsas prinsipdir və əsasən Allahın əmrlərinə riayət etməyənlər üçün keçərlidir. İnsanlarla əlaqəli onların haqqı qarışan günahlarda əfv edilib, bağışlanmaq haqq sahibinin ixtiyarındadır. Bir hədisdə belə buyurulur:

Allahın bağışlamadığı günahlar insanların bir-birinə qarşı etdikləri zülm və haqsızlıqlardır. Haqqı keçən şəxs haqqın tələb edib razı qalmadıqca Allah bu zülm və haqsızlıqları bağışlamaz.”[5]

Kim müsəlman qardaşınən şərəfini, heysiyyətini, ləyaqətini alçaldaraq və ya başqa bir haqsızlıq edərək haqqına girmişsə qızıl və gümüşün olmayacağı gün gəlmədən dünyada ikən halallaşsın. Əks təqdirdə o gün, nə qədər saleh əməli varsa, haqsızlığı qədər əlindən alınar və haqq sahibinə verilər. Əgər kifayət qədər yaxşılığı yoxdursa, haqq sahibinin günahları alınaraq ona yüklənər.”[6]

Allah Rəsulu (s.a.s.) müsəlman qardaşına maddi və mənəvi zərər vuran, haqsızlıq edənlərə bu dünyada halallaşmağı tövsiyə edir. Axirətdə bu dünyada dəyər verdiyimiz maddi şeylərin heç bir faydası olmayacaq. Bunu əlimizdəki milli pulun başqa ölkədə işlənməməsinə bənzədə bilərik. Axirətdə əsas sərmayə iman, ibadət və savab qazandıran xeyirli əməllərdir. Borclar ancaq savabların dağıdılması ilə ödəniləcəkdir. Əlindəki sərmayəsi qurtaran şəxs yerdə qalan borcunu qarşı tərəfin günahlarını üzərinə almaqla ödəyəcəkdir.

Şəhidlər belə məsuldur

“Allah Rəsulu (s.ə.s.) səhabələrin arasında olarkən ayağa qalxdı və Allah yolunda cihadla Ona iman etmənin ən üstün əməllər olduğunu bildirdi. Bu vaxt bir nəfər qalxıb: “Ya Rəsulullah! Əgər Allah yolunda şəhid olsam, bu, mənim günahlarımın bağışlanmasına vəsilə olar?” – dedi.  Allah Rəsulu (s.ə.s.): “Bəli, səbir etsən və ixlasla mükafatını yalnız Allahdan gözləyərək, cəbhədən qaçmayaraq düşmənlə döyüşə-döyüşə Haqq yolunda şəhid olsan, günahlarına kəffarə olar,” – buyurdu və arxasınca “Necə demişdin?” – deyə soruşdu. Həmin şəxs: “Allah yolunda şəhadət şərbətini içsəm, günahlarımın bağışlanmasına vəsilə olarmı?” – deyə soruşmuşdum,” – dedi. Allah Rəsulu (s.ə.s.): “Əlbəttə, səbir etsən və ixlasla mükafatını yalnız Allahdan gözləyərək, cəbhədən qaçmayaraq düşmənlə döyüşə-döyüşə Haqq yolunda şəhid olsan, günahlarına kəffarə olar. Ancaq qul haqqına aid şəxsi borcların istisnadır. Çünki Cəbrail bu məsələni mənə xüsusi  bildirdi,” – buyurdu.”[7]

Göründüyü kimi şəhidlər belə qul haqqından məsuldur. Qısacası, Uca Rəbbimiz hüzuruna qul haqqı ilə çıxmamağı tövsiyə edir.

Axirətdəki mənzərə

İnsan xəta və günah işləməyə meylli yaradılmışdır. Peyğəmbərimiz (s.a.s.) bir hədisində buna işarə etmişdir: “…Adəm rədd etdi, zürriyyəti də rədd elədi. Adəm unutdu, zürriyyəti də unutdu. Adəm xəta etdi, zürriyyəti də xəta elədi.”[8] Başqa bir hədisdə isə belə buyurulur: “İnsanlar xəta edərlər. Ancaq xəta edənlərin də hamısı şərli deyildir! Xəta edənlərin də xeyirlisi vardır…”

Bəzi səhabələr: “Ey Allahın Rəsulu, xəta edənlərin xeyirlisi kimlərdir?” − deyə sual verdilər. Allah Rəsulu (s.a.s.) cavabında belə buyurdu:

Xətalarından sonra tövbə edən, eyni şövq və həvəslə yollarına davam edənlərdir.”[9] 

Bəli, insan bəzən büdrəyə, hətta sürüşüb üzüstə yıxıla bilər. Əsas məsələ ayağa qalxıb yola davam edə bilməkdir. Hər bir günahdan dönüş yolu tövbə ilədir. Tövbənin də keçərli olması üçün bəzi şərtlər var:

  1. İşlənən günaha qarşı səmimi-qəlbdən peşmanlıq hissi keçirmək.
  2. Eyni xətanı təkrar etməməkdə qərarlı olmaq.
  3. Edilən xəta və günahı birdəfəlik tərk etmək.

Bu şərtlər fərdi günahlar üçündür. Əgər buraxılan xəta və işlənən günahın başqaları ilə əlaqəsi varsa, bu halda növbəti bənd də əlavə olunur: həmin haqq sahibinə dəyən zərərin ödənilməsi.

Başqasının haqqına maddi olaraq zərər vurulubsa, məsələn oğurluq, qəsb etmək və s. belə olan halda həmin zərərin maddi əvəzi zərərçəkmişə ödənilməlidir. Əgər çeynənilən haqq qeybət, iftira, böhtan, başqasının namus və ləyaqətini tapdamaq kimi mənəvi bir şeydirsə, mütləq haqq sahibindən üzr istəmək, halallıq almaq lazımdır. Allah qul haqqının bağışlanmasını, haqsızlıq edilən şəxsin ixtiyarına buraxmışdır.  Bu çox acınacaqlı haldır. Əgər kiminsə haqqına girilibsə, mütləq haqq sahibi axtarıb tapılmalı və halallıq alınmalıdır. Hətta həmin şəxsin adından kasıblara, xeyriyyə təşkilatlarına yardım etmək də olar. Həmin şəxsi tapmaq mümkün olmadıqda və ya vəfat etdikdə, varisləri ilə də halallaşmaq olar. İslam ümidsizlik dini deyil. Bu cür hallarla qarşılaşan möminlər üçün ümid verici bir hədis var:

Ənəs ibn Malik (r.a.) nəql edir: Bir gün Peyğəmbərimiz (s.a.s.) səhabələrlə birgə oturmuşdu. Söhbət əsnasında dişləri aydın görünəcək şəkildə gülümsədi. Səhabələr bunun səbəbini soruşdu. O (s.a.s.) da, qiyamət günü baş verən bir səhnəni xatırladığı dedi. Ardınca: İlahi hüzurda iki nəfər bir-birindən haqqını istəyəcək. Borclu alacaqlılara paylandığına görə heç bir savabının qalmadığını deyərək çarəsizliyini bildirəcək.

Haqq sahibi: “Onda mənim günahlarımdan bəzilərini sənə verilsin” deyəcək. Bu deyədə Allah Rəsulu (s.a.s.) qəhərləndi və gözləri doldu. Bu əsnada haqsızlığa məruz qalandan başını qaldırıb ətrafına baxmağı istənilər. Gördüyü cənnət nemətləri başını döndürər. Haqq sahibi bu nemətlərin kimə aid olduğunu soruşar. Ona: “Bunlar əvəzini ödəyənlərə verilir” – deyilər. Həmin şəxs çaşıb qalar və təəccüblə “Bunun dəyərini kim ödəyə bilər ki?” – dedikdə, ona belə cavab verilər:

“İstəsən, sən də bunların əvəzini ödəyə bilərsən.” Haqq sahibi heyrətlə:

“Necə? Mən bunların əvəzini nə ilə və necə ödəyə bilərəm ki?!” − deyər. Ona belə cavab verilər:

“(Dünyada ikən sənə haqsızlıq edən) qardaşını əfv edib, ondakı haqqını bağışlamağının əvəzi olaraq bunlar sənin ola bilər.” Haqq sahibi gördüyü nemətlər qarşılığında haqqından vaz keçib, zülm edəni əfv etdiyini bildirər. Ona belə deyilər:

“Onda qardaşının əlindən tut və birlikdə Cənnətə girin!”

Rəsulullah (s.a.s.) qiyamət günü baş verəcək bu hadisəni nəql etdikdən sonra, “Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.”[10] ayəsini oxudu. Ardınca bunları dedi: “Bunu edin, şübhəsiz ki, Allah qiyamət günü dünyada əlindən gələni etdiyi halda halallaşa bilməyən, buna fürsət tapmayan möminlərini barışdıracaq.”[11]

Bu hədis halallıq almaq imkanı tapmayanlar üçüb bir çıxış yolu, ümid qapısıdır. Bunun üçün axirət sərmayəsi olan ibadətləri, xeyirxah işləri artırmaq, ən əsası Allahın rızasını qazanmaq lazımdır.

Ən dəhşətlisi…

Qul haqlarının ən dəhşətlisi ümumun haqqı olan maddi və mənəvi haqlara təcavüz etməkdir. Ümuma aid malı və ya əşyanı oğurlayan, qəsb edən, mənimsəyən şəxs götürdüyünü geri verməklə yanaşı hamıdan halallıq istəməlidir. Ümumun qeybətini edən, iftira və böhtan atan, mənən onları alçaldan şəxs də tövbə və peşmançılıqla yanaşı hər kəsdən tək-tək halallıq istəməlidir. Belə haqlarda onları təmsil edən şəxsin “halal olsun” deməyi kifayət etmir.

Başqasının haqqı olan malı, əşyanı öz sahibinə və ya onun varislərinə vermək lazımdır. Əgər həm özü, həm də varisləri bilinmirsə, həmin şəxsin adından kasıblara və xeyriyyə təşkilatlarına vermək olar. Həmçinin etdiyi səhv və xətaya görə Allaha tövbə və istiğfar etməlidir. Qeybət, yalan və s. kimi mənəvi xətalara görə də halallıq istənilməli, lazım gələrsə, həmin şəxsə imkan nisbətində hədiyyə də vermək olar. Tapa bilməsə, həmin şəxsə dua etməli, onun adından xeyriyyə işləri görməlidir. Bu şəkildə görülən işin savabı haqq sahibinə bağışlanarsa, edilən xətaya kəffarə olacağı ümid edilər.[12]

Allahın hüzuruna qul haqqı ilə çıxmağın vəbalı çox ağırdır. Çünki qul haqqından yaranan günahları Uca Allah,  ancaq haqq sahibi əfv etdikdən, razılaşdıqdan sonra bağışlayır. Haqq sahibi, haqqını almadıqca və ya bu haqqından vaz keçmədikcə, Allah qul haqqı yeyənin bu günahını bağışlamaz, çünki bu ilahi ədalətə ziddir. Vida xütbəsində Rəsulullah (s.a.s.):

Ey insanlar, sizin canlarınız, mallarınız, ləyaqət və namuslarınız, Rəbbinizə qovuşana qədər bir-birinizə haramdır (toxunulmazdır).”[13]

Nəticə etibarı ilə deyə bilərik ki, içində yaşadığımız gəlimli-gedimli, son ucu ölümlü dünyadan əlbət bir gün köçəcəyik. Əsl həyat axirət həyatıdır. Orada əbədi olaraq qalacağıq. Bu dünyada gördüyümüz və etdiyimiz hər işin bizdən hesabı sorulacaq. Zülmə haqsızlığa məruz qalmış insanlar dünyadakı itirdikləri haqların əvəzində böyük sürprizlərlə qarşılaşacaqlar. Fürsət var ikən, doğru yola qayıtmaq və axirətə borclu getməmək lazımdır.


[1] İbn Sad, Təbəqat, 2:255; Təbəri, Tarix, 3:191; İbni-Kəsir, Sirə, 4:257.
[2] Əbəsə surəsi 80/34-37.
[3] Müslim, Birr 59; Tirmizi, Qiyamət 2.
[4] Müslim, Birr 58  Tirmizi, Birr, 18.
[5] Suyuti, Camius-Sağir, 2/94.
[6] Buxari, Məzalim, 10; Tirmizi, Qiyamət, 2.
[7] Müslim, İmarə 117.
[8] Tirmizi, Təfsirul-Quran, 7.
[9] Tirmizi, Qiyamət, 49; İbn Macə, Zöhd, 30.
[10] Hücurat surəsi 49/10.
[11] Hakim, Müstədrək, hədis N: 8718.
[12] İbn Teymiyyə, əl-Fətavl-Kübra, I, 113.
[13] Buxari, Həcc, 132.



Bənzər məqalələr

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Tövbə nədir?

Tövbə vicdanən peşman olmaq və bu peşmançılıq içində iztirab çəkməkdir. Tövbəni  dillə söyləmək isə qəlbin tövbəsinə sadəcə tərcümanlıq etməkdir.

Məsuliyyət

Məsuliyyət sözü ərəb dilində “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındakı “səələ” felindən törəmişdir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır.

Günah psixologiyası

Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.


Şərh yaz

*