- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qohumluq əlaqələrini kəsməyə çalışan yaxınlarımıza necə davranmalıyıq?

Silei-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək  mənasında işlənən dini-əxlaqi bir termindir. Silei-rəhm vacib, silei-rəhmi kəsmək isə günah hesab edilir.

Allah Təala, “Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin (çəkinin)!”[1] buyurmuş, Peyğəmbərimiz də (s.ə.s) “Allaha və axirət gününə inanan kəs qohumluq əlaqələrini qorusun.”[2] buyuraraq silei-rəhmin imanla əlaqəli əhəmiyyətinə diqqət çəkmişdir.

Qohumlar arasında silei-rəhm bağlarının dərəcələri vardır. Məsələn: ana-ata silei-rəhmdə ən birincidir.[3] Hətta valideynlər övladla əlaqələrini kəssələr də övlad silei-rəhm bağlarını qoparmamalıdır. Hədisdə “Yaxşılığa yaxşılıqla cavab verən qohumluq əlaqələrinə tam riayət etmiş olmaz. Bu vəzifənin tam yerinə yetirilməsi münasibəti kəsən qohumlarla əlaqə saxlamaq, onlara baş çəkmək və kömək etməklə mümkündür”[4] − buyurulur.

Ziyarət, qarşılıqlı yardımlaşma, ehtiyacları qarşılamaq və salam vermək[5] silei-rəhmin dərəcələrindəndir. Peyğəmbərimiz (s.ə.s) “Bir salamla da olsa qohumlarla əlaqənizi davam etdirin.” − buyuraraq qohumlarla əlaqəni tamamilə kəsməməyi tövsiyə etmişdir.

Qohumlarla aramızda hər hansı uzlaşmazlıq və ya narazılıq olsa da onlarla əlaqəmizi tam kəsməməli, salamla da olsa münaisbətlərimizi davam etdirməliyik. Yəni qohumluq əlaqələrinin zədələnməsinə imkan verməməliyik. Hər kəs öz qohumları ilə müəyyən vasitələrdən istifadə edərək əlaqə saxlamağa çalışmalıdır. Məsələn, ayda bir dəfə də olsa telefonla danışmaq, bayramlarda ziyarət etmək, təbriklər göndərmək və s. kimi davranışlar əlaqələri möhkəmləndirmək üçün bir vasitədir. Sonda bir qaydanı xatırlatmaq yerinə düşər: “Bir şeyin hamısını əldə etmək mümkün deyilsə, onu tamamən tərk etmək də doğru deyildir.


[1] Nisa surəsi, 4\1

[2] Buxari, Ədəb 85

[3] İbni Abidin, Xasiyətu Raddi-l-mutar, Daru-i-fikir, Beyrut 2000, 6\411

[4] Buxari, Ədəb 15

[5] Məvsuatu-l-fiqhiyyətu-l-Quveytiyyə, mad. “Ərham”, 3\84