- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qızıl, gümüş və ipəyin hökmü nədir?

Sual: Qızıl, gümüş əşyalar və ipək paltarın istifadəsində hər hansı məhdudiyyət varmı?  

İnsanın tarix boyunca qızıl, gümüş, ipək, almaz kimi qiymətli əşyalara heyranlığı bilindiyi üçün Quranda cənnət həyatının təsvirində bu kimi əşyalara əhəmiyyət verilmişdir.[1] Hz. Peyğəmbərin hədislərində hər dövrdə bəzək əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayan qızıl, gümüş və ipək paltardan istifadə etmə ilə əlaqədar müəyyən məhdudiyyət qoyulmuşdur. Qadınların fitrətən bəzənməyə olan ehtiyac və meyilləri səbəbilə onlara bu mövzuda güzəşt göstərilmişdir. Qadınların israf və göstərişə yönəlməmələri, həmçinin bunları cinsi təhrik vasitəsi etməmələri qeyd-şərti ilə qızıl və gümüşü bəzək (zinət) əşyası kimi istifadə edə biləcəkləri və ipək paltarlar geyə biləcəkləri bildirilmişdir. Lakin bunların məişət əşyası kimi istifadə olunması məhdudlaşdırılmışdır. Sözü gedən bu üç maddənin kişilər tərəfindən istifadə olunması isə bir qayda olaraq qadağan olunmuşdur.

Mövzu ilə əlaqədar qadağaları bildirən hədislərdən bir neçəsi bunlardır: “Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır”.[2] “Qızıl və gümüş qablarda heç bir şey içməyin və bu ikisindən emal olunan boşqablarda heç bir şey yeməyin. Çünki bu boşqablar dünyada müşriklər üçün, axirətdə isə sizin üçündür”.[3] “Hz. Peyğəmbər qızıl üzükdən istifadə etməyi qadağan etdi.”[4] Əvvəllər Hz. Peyğəmbər qızıl üzük taxardı. İnsanların da qızıl üzük taxdıqlarını gördükdə, qızıl üzüyü ataraq onu əsla taxmayacağını bildirdi. Bu hadisə qarşısında qalan müsəlmanlar da üzüklərini çıxarıb atdılar.[5] Allahın Rəsulu bundan sonra gümüş üzük taxmışdır.[6] Bəra İbn Azib (r.a.) belə demişdir: “Hz. Peyğəmbər bizə yeddi şeyi əmr, yeddi şeyi də qadağan etdi. Bizə qızıl üzükdən istifadə etməyi, gümüş qabdan içməyi, yəhərlərin üstünə qoyulan ipək örtüdən (misərə), ipəkdən naxış qoyulmuş parçadan (qəssiy) istifadə etməyi, ipək (həsir), qalın ipəkdən parça (istəbrəq) və ipək parça (dibac) geyməyi qadağan etdi”[7]

Yuxarıda qeyd olunan üç maddənin və buna oxşar bəzək əşyasının istehsalı və ticarəti (alqı-satqısı) caizdir.[8] Çünki bunların istifadəsi halal olduğu kimi, müharibə şəraitində və ya sağlamlıq səbəbilə ipək paltar geymə kişilər üçün də caiz sayılmışdır.[9] Əksər İslam hüquqşünaslarına görə, ipək parçanın yalnız geymək üçün yox, həmçinin yorğan, döşək, yastıq, xalça kimi əşyada da kişilər üçün geyinmə hökmündə olduğu fikrini irəli sürmüşlər. Ancaq Əbu Hənifə və bəzi Maliki məzhəbindən olan İslam hüquqşünaslarına görə, hədislərdəki qadağa ancaq geyim əşyası ilə əlaqədardır. Odur ki, ipək parça kişilər üçün geyimdən başqa yerdə istifadə oluna bilər.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1]bax. Kəhf, 18/31; Həcc, 22/23; Fatir, 35/33; İnsan, 76/12, 31.

[2]Buxari, Libas, 30; Əbu Davud, Xatəm, 3; Tirmizi, Libas, 1.

[3]Müslim, Libas, 1.

[4]Buxari, Libas, 45.

[5]Buxari, Libas, 46.

[6]Buxari, Libas, 45

[7]Buxari, Libas, 45 ; Müslim, Libas, 1.

[8]Buxari, Libas, 25,30.

[9]Buxari, Libas, 29.