- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Qiyamət günü şəfaət

Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı  – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir. Allah Rəsulu bu xüsusla bağlı buyurur:

“İnsan rəngi dəyişmiş və zəifləmiş halda məzarından qalxanda Quran onu qarşılayır və: “Məni tanıyırsan?” – sualını verir. O da: “Xeyr”, – deyir. Quran: “Mən sənin dostun və səni qızmar istilərdə susuz, qaranlıq gecələr yuxusuz qoyan Quranam”, – de­yir.[1] Sonra o şəxsin başına vüqar tacı qoyulur, ana-atasına da iki gözəl libas geyindirilir. Ana-ata bunun səbəbini soruşduqda övladlarının Quranla (oxuyub öyrənmək və yazmaqla) məşğul olduğunu deyirlər”. Bir başqa hədisində Allah Rəsulu belə buyurur: “Quran oxuyun! Çünki Quran qiyamət günü onu oxuyanı şəfaətçi kimi qarşılayacaq”.[2]

Abdullah ibn Məsud (radiyallahu anh) rəvayət edir: “Cənazə qəbrə qoyulandan sonra əzab mələkləri ölünün ayaq tərəfindən gəl­mək­ istəyir. Bu vaxt ayaqlar: “Buradan gələ bilməzsiniz, çünki sahibim “Mülk” surəsini oxuyardı”, – deyir.  Mələklər sinə tərəfdən gəlmək istədikdə sinə və ya qarın: “Buradan gələ bilməzsiniz, çünki sahibim üstümdə “Mülk” surəsini oxuyardı”, – deyir. Bu dəfə mələklər baş tərəfdən gəlmək istəyir, ancaq baş da: “Buradan gələ bilməzsiniz, çünki sahibim “Mülk” surəsini oxuyardı”, – deyir. Beləcə “Mülk” surəsi qəbir əzabına mane olur. Gecələr “Mülk” surəsini oxuyanlar böyük sər­vətə qovuşar və gözəl əməl işləmiş olarlar”.[3]


[1]İbn Macə, Ədəb, 52; Darimi, Sünən, 2⁄451.

[2]Müslim, Müsafirin, 252.

[3]Məcməuz-Zəvaid, 7⁄127-128; Münziri, Tərqib Tərhib, 3⁄38 Əli əl-Muttəqi, Kənzul-Ümmal 1⁄223.