- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Qəlblərin açarı – sevgi dili

Görəsən, ailədə ancaq sevgi dilləri eyni olanlarmı xoşbəxt olurlar? Ya da ailənin xoşbəxt olması üçün əsas şərt sevgi dillərinin eyni olmasıdırmı? Təbii ki, yox. Ailədə hər iki tərəfin sevgi dillərinin eyni olması yaxşıdır. Üstəlik, bu, tərəflər arasında ünsiyyətin artması deməkdir. Elə isə “sevgi dili” nədir? Qısaca desək, sevgi dili sevginin ifadə olunması və ya qəbul edilməsi formasıdır. Bu baxımdan, bəzi tərəflər sevgi dilində daha çox sözə üstünlük verirlər. Məsələn, adi “Səni sevirəm!” sözü onlar üçün çox şey ifadə edir. Bəzilərinin isə sevgi dili hədiyyədir. Başqa sözlə, onlar öz sevgilərini hədiyyə ilə ifadə edirlər.

Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir. Sevginin ifadəsi şəxsin xarakteri, vərdişləri, şəxsiyyəti, yaşadığı mühit və s. ilə yaxından əlaqəlidir. Sevginin də şəxsdən şəxsə dəyişən dili və rəngi var. Əsas sevgi dilləri, xoş və gözəl sözlərlə xitab etmək, diqqətli olmaq, hədiyyələşmək, qayğı göstərmək və toxunmaqdır.

Xoş və gözəl sözlər, sevgi xitabları sevgini ifadə etməyin ən təsirli yollarından biridir. Sevginin sevilən insanın xoşbəxtliyi üçün çalışmaqdır. Ailədə tərəflər arasındakı qarşılıqlı etimadın, sevgi və sayğının formalaşmasında xoş sözlər deməyin xüsusi yeri var. Demək olar ki, hər insanın əhvalını yaxşılaşdıracaq, sevindirəcək və onu cəsarətləndirəcək xoş və gözəl sözlərə ehtiyacı var. Bunun üçün tərəflər bir-birlərinin hiss və duyğularına yaxından bələd olmalı, qarşı tərəfin nələrdən xoşlandığını yaxşı bilməlidir. Sevgi sözləri və xitablarının necə deyilməsi də önəmlidir. Yüksək səslə, bağıraraq deyilən sözlər adətən o qədər də xoş qarşılanmır. Normal səs və gülər üzlə deyilən sözlər isə insanın səmimiyyətindən xəbər verir.

Diqqətli olmaq deyərkən, qarşı tərəfə diqqət göstərmək nəzərdə tutulur. Diqqət göstərmək daha çox hərəkət və davranışlarla olur. Məsələn, tərəflər bir-biri ilə söhbətləşərkən bir-birinin gözlərinə baxmalı, dinləyərkən başqa işlə məşğul olmamalı, bədən dili ilə qarşısındakı insana onu dinlədiyini və ona dəyər verdiyini hiss etdirməlidir. İnsan anlayaraq dinləməklə yanaşı öz hiss və duyğularını qarşı tərəfə ifadə etməyi də bacarmalıdır. Bura həmçinin tərəflərin bir-birinin qulluğunda dayanması, qeydinə qalmasını da aid etmək olar. Elə insanlar var ki, həyat yoldaşına yemək bişirmək, ev işlərində kömək, xəstələnəndə onun qulluğunda dayanmaq və s. özünə aid olmayan işlərdə yardım etməklə ona olan sevgisini bildirməyə çalışır.

Hədiyyələşmək ailə həyatında sevginin davamlılığı üçün əhəmiyyətlidir. Hədiyyə xatırlamağın simvoludur. Yəni bir insana hədiyyə almaq, ona dəyər verdiyini, onu unutmadığını, onu sevdiyini, xətrinin sənin üçün nə qədər əziz olduğunu bildirməkdir. Hədiyyənin qiyməti və necəliyi o qədər də əhəmiyyət kəsb etməməlidir. Əsas olan onu sevgiylə təqdim edə bilməkdir. Hədiyyələr mənəvi dəyərə malikdir. Baha və ya ucuzluğunun bir əhəmiyyəti yoxdur.  Hər gün və ya hər həftə də verilməməlidir. Hədiyyə vermək sevgi dillərinin ən asanıdır. Tərəflər bir-birlərinə hədiyyə verməklə öz sevgilərini çatdıra bilərlər.  

Tərəflərin bir-birinə qayğı göstərməsi, bir-birinin xoşlandığı işləri görməyə çalışması da sevgi dillərindən biridir. Tərəflər evlilikdən əvvəlki sevgililik dövründə bir-birinə göstərdiyi diqqət və qayğını artıqlaması ilə evlilik həyatında da göstərməlidirlər. Rica və xahişlər sevgini artırdığı halda, tələb və təkidlər sevginin azalmasına səbəb ola bilər. Tənqidlər isə çox vaxt təhqir kimi başa düşülə və tərəflər arasında incikliyə, hətta artıqca ayrılmalara qədər gətirib çıxara bilər. Hər insanın qayğıya, şəfqətə və yardıma ehtiyacı var. Bu ehtiyacın sevdiyi insan tərəfindən qarşılanması hər kəs üçün sevindirici bir haldır. Hər insanın müəyyən nöqsanlarının olması təbiidir. Həmin nöqsanları deyərkən əsla kobud ifadələrdən istifadə etməməyə, qarşı tərəfin xətrinə dəyməməyə çalışmalı, ən gözəl üslubla onu çatdırmalıyıq.

Toxunmaq da sevgini ifadə etməyin yollarında biridir. Elə insanlar var ki, onlar toxunuş olmadıqca sevildiyini əsla hiss etməzlər. Çünki, onlar üçün təmas önəmlidir və sevildiklərini ancaq sevdiklərinin toxunuşu ilə hiss edirlər.

Təbii ki, bu maddələrin sayını artırmaq da olar. Ancaq, əsas məsələ tərəflərin eyni sevgi dilinə malik olması yox, bir tərəfin qarşı tərəfin sevgi dilini bilməsidir. Ona görə də, tərəflər “Onsuz da həyat yoldaşımı sevirəm” və ya “Belə şeylərə ehtiyac görmürəm” deməməli və təkcə öz sevgi dillərinin təsiri altında qalmamalıdırlar. Başqa sözlə, həyat yoldaşınız sizə işlərinizdə kömək edirsə və ya işlərinizi asanlaşdırmağa çalışırsa, bu onun dilində “səni sevirəm” sözünü ifadə edə bilər. Əvəzində bunu görməmək və özünüzü yalnız bu cümləni eşitməyə kökləmək təbii ki, sizə uğur gətirməyəcək. Üstəlik, bu, tədricən qarşı tərəfin bezməsinə səbəb olacaq. Elə isə, nə etməli? Hər şeydən əvvəl qarşı tərəfin sevgi dilini öyrənmək üçün həyat yoldaşınızı “müşahidə edin”. Hansı hərəkətlər ona necə təsir göstərir? Nə vaxt hansı reaksiyanı verir? Digər tərəfdən, həyat yoldaşınızın sizin sevgi dilinizi öyrənməsi üçün gözləyə, ya da bu məsələni oturub bir yerdə müzakirə edə bilərsiniz.