- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qədərlə iradə bir-birinə zidd görünmürmü?

Mahiyyətcə insanın iradəsi ilə ilahi qədər bir-biri ilə ziddiyyət təşkil etmir. Yəni insanın iradəsi ilə qədər çiyin-çiyinə gedir. İndi isə bu fikrə aydınlıq gətirək:

İnsanlar işlədikləri savablarla Cənnətə, günahlarla Cəhənnəmə gedirsə, bunların qədər dilində Allah-Təala tərəfindən təsdiqlənməsi bir növ iradənin qüvvətləndirilməsidir. Buradan da göründüyü kimi, insanda onu xeyrə, savaba və Cənnətə sövq edən və ya tamamilə əksinə, pisliyə, günaha və Cəhənnəmə yuvarlanmasına səbəb olan bir güc vardır və bu güc qədərin hökmünə əsas təşkil edir. Bu güc iradədir və bu iradənin varlığı Allahın qədərinə mane olmur.

Bütün hərəkətlərimiz haqqında da eyni şeyi düşünə bilərik. Məsələn, əlimizi qaldırmaq istəyəndə – əgər fiziki qüsur yoxdursa – qaldıra bilirik, danışmaq istəyəndə danışa bilirik. Bu hərəkətləri edə bilməyimiz bizdə iradənin olduğunu sübut edir. Mahiyyətini bilməsək də, iradənin varlığı gün kimi aşkardır, sübuta ehtiyacı yoxdur.

İlahi təqdirin mənasına gəldikdə isə, sanki Allah-Təala insana bu cür xitab edir: “Mən indi sənin iradəni bu istiqamətdə işlədəcəyini bilirəm. Ona görə də bu işin sənin istədiyin şəkildə olmasını təqdir edirəm”. Bu, iradənin varlığını qüvvətləndirmək deməkdir.

Bəli, əşyanı yaradan Allahdır. Ancaq insanın iradəsinin hansı işdə hansı səmtə yönələcəyini, yəni insanın öz iradəsi ilə nə iş görəcəyini Allah-Təala əvvəlcədən bilir və təqdirini də buna uyğun həyata keçirir. Demək, qədər insan iradəsinin varlığını qüvvətləndirir, onu inkar etmir. Yəni qədər bir mənada insan iradəsini də ehtiva edir.