Aylıq namaz vaxtları
6. 809 dəfə oxunub ,   0 şərh   Çap et

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.[1] Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Ləzzətləri acılaşdıran ölümü çox xatırlayın”.[2]

Bir hədisi-şərifində isə: “Sizə qəbir ziyarətini qadağan etmişdim; bundan sonra ziyarət edin, çünki onlar axirəti xatırladır”, – buyurur.[3]

Əbu Hənifə “Vəsiyyətnamə” adlı əsərində Əbu Yusufa xitabında deyir: “Ustadın və sənə elm öyrədən insanlar üçün Allahdan bağışlanma dilə və Quran oxumağa davam et, qəbirləri, şeyxləri və mübarək yerləri çox ziyarət et”.

Hədislər qəbir ziyarətinin dinə uyğunluğunu, hikmətini, vaxtını, üsul və ədəbini göstərir. Bu ziyarətlərdə ölüdən bir şey istəmək və ya kömək gözləmək düzgün deyil. “Ancaq Sənə ibadət edərik və ancaq Səndən kömək gözləyirik” (Fatihə 1/5) ayəsindən göründüyü kimi, yalnız Allaha ibadət edir və ancaq Ondan kömək diləyirik.

Dirilərdən istəyə bilməyəcəyimiz şeyləri ölülərdən istəmək mənasızdır. Bu ziyarətlərin ədəbi: “Əs-salamu əleykum yə əhləl qubur və innə inşəallahu bikum ləhiqun – Ey qəbir əhli! Sizə Allahın salamı olsun. İnşallah, biz də (bir gün) sizə qovuşacağıq”, – deyə salam vermək, dirilər üçün salamatçılıq və bağışlanma, ölülər üçün də Allahdan əfv diləməkdir. Bundan başqa, Qurani-Kərim oxuyub savabını mərhuma bağışlamaq, ələlxüsus, hər kəsin da bir gün onların yanına köçəcəyini düşünüb ilahi iradəyə sığınmaq lazımdır.

Qəbir ziyarətlərinin hansı gün daha məqbul olması haqqında konkret dəlil yoxdur. Ancaq əsasən, cümə və ya şənbə, həmçinin ərəfə və bayram günləri ziyarətin daha münasib olması haqqında fikirlər var. Allah Rəsulunun, xüsusən, bu günlərdə qəbirləri ziyarəti etdiyinə dair bəzi hədislər də vardır. Qəbirləri ziyarət edənlər qib­ləyə və ya məzara tərəf dayanır, Qurani-Kərim oxuyub savabını mərhuma bağışlayır və onun üçün Allaha dua edir. Bu ziyarətlərdə “Fatihə” surəsini, “Bəqərə” surəsinin ilk səhifəsini, Ayətül-kürsini, Əmənərrəsulunu, “Yasin” surəsini, “Mülk” surəsini, “Təkasur” surəsini, on iki, on bir, yeddi və ya üç dəfə “İxlas” surəsini oxumaq olar. Ziyarətçi bunları bilmirsə, bildiyi qısa surələrdən oxuyub: “Allahım, oxuduğumun savabını onlara çatdır”, – deyə bilər.

Aşağıdakı hədislər oxunulan Qurani-Kərimin və ya xeyirli işlərin mərhum üçün faydalı olduğunu göstərir. İbn Abbas (radiyallahu anh) nəql edir: “Sad ibn Ubadənin (radiyallahu anh) anası vəfat etmişdi. O, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək:

– Ey Allahın Rəsulu! Anam vəfat edəndə yanında deyildim. Onun adından sədəqə versəm, bir faydası dəyər? – deyə soruşdu. Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Bəli, – buyurdu. Hz. Sad (radiyallahu anh).

– Ey Allahın Rəsulu! Siz də şahid olun ki, meyvə bağımı anamın adından sədəqə verirəm, – dedi”.[4]

Hidayət rəhbərimiz Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur:

– İnsanın əməl işləyib savab qazanma imkanı ölümün gəlməsi ilə sona çatır. Ancaq bu üç şeydən başqa: sədəqəyi-cariyə, faydalı olan elm və dua edən xeyirli övlad”.[5]

Bu hədisi-şəriflər mərhum möminlərin sağlıqlarında gördüyü xeyirxah işlərin, həmçinin yaxınlarının və mömin qardaşlarının dua və infaklarının onlara faydalı olacağını bəyan edir və bu xeyirli əməllərə təşviq edir.

Qəbir ziyarətində qəbir daşlarına əl-üz sürtmək, qəbirləri tapdalamaq, üstündə oturmaq və yatmaq olmaz. Bundan başqa qəbirlərə tərəf yönəlib namaz qılmaq və ölülər üçün nəzir demək olmaz. Ziyarətdə ölülərdən kömək istəmək, qəbirlərin başına dolanmaq, şam yandırmaq və buna bənzər hərəkətlər bidətdir və bu cür xurafatlardan uzaq durmaq lazımdır.

Qəbir ziyarətinin faydaları:

a) İnsana ölümü və axirəti xatırladaraq ibrət almağa çağırır.

b) İnsanı zöhd və təqvaya yönəldir. Dünyaya ifrat bağlanmağın və haram əməllərin qabağını alır. İnsanı yaxşılığa sövq edir.[6]

c) Allah Rəsulunun məzarını, həmçinin əməlisaleh insanların qəbirlərini ziyarət etmək qəlbə mənəvi rahatlıq verir, ülvi hislər aşılayır. Hz. Məhəmməd Mustafanın və övliyaların qəbirlərini zi­yarət etmək üçün səfərə çıxmaq da məndubdur. Bir hədisi-şərifdə: “Məni öləndən sonra ziyarət edən sağlığımda ziyarət etmiş kimidir”, – buyurulur.[7]

d) Qəbir ziyarəti insana keçmişi xatırlatmaqla yanaşı, din və ta­rix şüurunun formalaşmasında da rol oynayır.


[1]. Savab qazandıran əməl, müstəhəb

[2]. Tirmizi, Qiyamə, 26, Zühd 4; Nəsayi, Cənaiz, 3; İbn Macə, Zühd, 31.

 [3]. Müslim, Cənaiz, 105, 108, Ədahi, 37; Əbu Davud, Cənaiz, 75; Tirmizi, Cənaiz, 60; Nəsayi, Cənaiz, 100, 101.

 [4].Buxari, Vəsayə, 15.

 [5]. Müslim, Vəsiyyət, 14.

 [6]. İbn Macə, Cənaiz, 47.

 [7]. Mansur Əli Nasif, ət-Tac, əl-Camiul-üsul, II, 190.




Bənzər məqalələr

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

Yemək ziyafətlərinə və dəvətlərə getmə ədəbi

Qurani-Kərimdə “Ey iman edənlər! Yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan), vaxt-bevaxt Peyğəmbərin evinə girəyin!


Şərh yaz

*