- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qadınlara aid xüsusi hallar

Yetkin bir qadından üç növ qan gələ bilər. Birincisi, müəyyən yaş arasında və müəyyən vaxtlarda gələn heyz qanıdır. İkincisi, doğumdan sonra müəyyən müddət gələn nifas qanıdır. Üçüncüsü də bu ikisi xaric və ümumiyyətlə, bir xəstəlikdən qaynaqlanan istihazə (üzr) qanıdır.

Heyz

  Yetkinlik çağına girmiş sağlam qadının bətnindən müəyyən vaxt aralığında axan qana heyz deyilir. Qadınlarda həddi-büluğ yaşından müşahidə edilən bu fizioloji hadisəyə heyz halı (“aybaşı”, “adət qanaması”) deyilir.

  Qadınlarda orqanizmin fiziki, irsi xüsusiyyətlərindən, ətraf mühit və iqlim şəraitindən asılı olaraq ilk heyz və son heyz yaşı fərqlənir.

Adət qanamaları əksərən 11-13 yaşlarından başlayıb 45-50 yaşlarında sona çatır. Heyz müddətində cinsi münasibətdə olmaq haramdır.

  Heyz ən azı üç gün, üç gecə, ən çoxu on gün on gecə davam edir. İki adət arasında təmizliyə “tuhur” deyilir. Tuhurun müddəti ən azı 15 gündür.

  Qadın adət etdiyi heyz müddətində – az və ya çox olmasından  asılı olmayaraq, – qan gəlməsə də, heyzli sayılır. Məsələn, deyək ki qadının heyz müddəti beş gündür. Əgər heyzin birinci, dördüncü və beşinci günlərində qan gəlsə, ikinci və üçüncü günlərdə qan gəlməsə, qadın yenə heyzli sayılır.

    Rəhmdən gələn axıntının tamamilə ağ rəngə çevrilməsi heyzin bitdiyini göstərir. Axıntı qan qırmızı rəngdə olmaqla yanaşı, torpaq rəngində, bulanıq, yaşıl, sarı və qara da ola bilər.

    Qadınlar heyz müddəti sona çatan kimi qüsl alaraq təmizlənməli və ibadəti davama etdirməlidir.

    Heyz müddətində qılınmayan namazların qəza edilməsinə ehtiyac yoxdur, tutulmayan oruclar isə təmizləndikdən sonra qəza edilməlidir.

Nifas (Zahıllıq)

  Doğuşdan dərhal sonra qadının rəhmindən gələn qana nifas deyilir. Bu, “zahılıq” qanı da adlanır. Nifas müddəti ən çox 40 gündür.

  Nifasın bitməsi ilə namaz və oruc kimi ibadətlər davam etdirilir. 40 gündən artıq davam edən (40 gündən sonra gələn) qan nifas qanı sayılmır, artıq bu qan üzr qanıdır.

İstihazə

 Heyz (aybaşı) zamanı bir qadından 3 gündən az və yaxud 10 gündən çox gələn qana istihazə qanı deyilir. Lohusalı (zahılı) qadından isə 40 gündən çox gələn qan istihazə qanıdır. Bu qan qadının namazına, orucuna və digər ibadətlərinə mane olmadığı kimi cinsi yaxınlığa da əngəl törətmir. İstihazə olan qadın hər namazda dəstəmaz almalıdır. İstihazə daimi burun qanaması kimi sadəcə dəstamazı pozur.

Heyiz Və Nifas Halındaykən Nələr Etmək Olmaz

  1. Namaz qılmaq

  Qadınlar heyz və nifas hallarında namaz qıla bilməz. Bu namazların qəzası sonradan qılınmır. Tilavət və şükür səcdəsi də etmək olmaz. Ancaq arzu edən namaz vaxtları girəndə dəstəmaz alıb səccadədə oturaraq təsbeh (Allah Təalanı şəninə layiq ifadələrlə yad etmək. “Əstağfirullah, Sübhanallah, Əlhamdulilləh” demək) edə bilər.

  2. Oruc tutmaq:Heyz və nifas halında oruc tutmaq olmaz. Ancaq Ramazan

orucunun qəzası sonra tutulmalıdır.

  3. Quran oxumaq: Yalnız həmd və dua ilə bağlı ayələri dua və zikr niyyəti ilə oxumaq caizdir.Məsələn, dua niyyəti ilə “Fatiha” surəsini oxumaq olar. Bunun xaricində Quran oxuması caiz deyil.

 4. Zərurət olmadığı halda bir məscidə girmək.

 5. Kəbəni təvaf etmək.

 6. Həyat yoldaşı ilə cinsi münasibətdə olmaq.

Xüsusi (heyz və nifas) Hallarda Qadınlar Nə Etməlidirlər?

  Qadınlar xüsusi hallarda bəzi dini vəzifələri yerinə yetirə bilmir. Bu zaman bəzi şər qüvvələrin onlara xətər yetirməsi mümkündür. Şər varlıqlar daha çox bu hallarda onları təsir altına almağa çalışır.Bu zaman qadınlara özlərini qorumaq, məsələn, dəstəmaz alaraq namaz müddətində səccadə üstündə üzü qibləyə oturmaq, təsbeh (“Subhanallah”), təkbir (“Allahu Əkbər”) və təhlil (“Lə ilahə illəllah”) demək, dua etmək, dua ayələri oxumaq tövsiyə edilir.