- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Qadının cənazəsi necə kəfənlənir?

Vəfat etmiş kişi və ya qadın bütün bədəni örtüləcək şəkildə kəfənlənməlidir ki, bu fərzdir. Qadının kəfəni beş qat parçadan ibarətdir. Bunlar − qamis (köynək), izar (ətək), lifafə (sarğı), baş örtüyü və sinə örtüyüdür. Qadını belə kəfənləməyə imkan olmadığı təqdirdə ətək, sarğı və baş örtüyü ilə kifayətlənmək olar. Bu cür kəfənləmə kəfəni-kifayə adlanır.

Vəfat edən qadını kəfənləməyə başlamazdan əvvəl saçı iki yerə ayrılaraq hörülməlidir. Sonra saçı sinə nahiyəsinə tərəf kəfən köynəyi üzərində yığılmalıdır. Bundan sonra baş örtüyü ilə üzü görünməyəcək şəkildə örtürməlidir. Daha sonra üzərinə ətək sarılmalı, ətəyin üstündən də sinə örtüyü bağlanmalıdır. Ən sonda cənazə başdan-ayağa olmaqla örtük (lifafə) ilə sarılmalıdır.

Kəfən qadının həyatda ikən geyindiyi təsəttürün (hicabın) davamı mahiyyətindədir. Beləliklə qadın vəfatından sonra da, təsəttürdə sayılır. Hənəfi məzhəbinə görə, vəfat edən evli qadının kəfənini – qadının varlı olub-olmamasından asılı olmayaraq − əri almalıdır. Əri olmayan qadının kəfən pulu özünün malı varsa həmin maldan alınaraq, yoxdursa ona baxmaqla mükəlləf olan qohumlar tərəfindən təmin olunmalıdır.[1]

[1]Həmdi Döndürən, Dəlillərilə İslam Elmihalı, s. 489-490.