20. 241 dəfə oxunub ,   1 şərh   Çap et

Qədr gecəsi “Gecələrin şahı” adlandırılmışdır və mübarək gecələrin ən üstünü sayılır. Qiyamətə qədər bütün insanlara dünya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş günü və bunun ildönümləri, əlbəttə ki, müstəsna gündür və qeyd olunmağa dəyər. 

Qədr gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan[1] dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Qurani-Kərimdə “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185)  buyurulur.

Qurani-Kərimdə Qədr gecəsi haqqında müstəqil surə vardır.­ Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adını ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.

Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir. Bu surə Quranın vəhyinin başlanğıcından, gecənin böyük fəzilət və bə­rə­kətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edir:

1. Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!

2. Sən Qədir gecəsi nədir, bilirsən?!

3. Qədir gecəsi min aydan daha xeyirlidir!

4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş­dən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)

Qədr gecəsi “hökm gecəsi” deməkdir. İlahi qədərdə hökmü­ verilmiş işlərin, yaxud da bir çox işlərə hökm edən mütləq əmr­lərin ayırd edildiyi gecə mənasını verir. Burada əzəli hökm aydın olur. Hikmətli işlər haqqında qərar verilir. Bu gecədə bir mənada əzəli qədər kitabının üzü çıxarılır. Yəni İmami-Mubindən Kitabi-Mubinə köçürlür.

“Duxan” surəsində bu gecə haqda buyurulur: “(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu mübarək bir gecədə (qədir gecəsində) nazil etdik. Çünki Biz Haqdan üz döndərənlərə xəbərdarlıq edirik! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk. Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!” (“Duxan” surəsi, 44/2-6)[2]

Qurani-Kərim bu gecədən etibarən Rəsuli-Əkrəmə (s.a.s.) nazil olmağa başlamışdır. Cəbrail Peyğəmbərimizə (s.a.s.) ilk vəhyi bu gecə gətirmişdir. Quranın ilk hissələri olan “Ələq” surəsinin başlanğıc ayələri də Qədir gecəsi nazil olmuşdur.[3]

Bu gecənin fəzilətindən bəhs edən hədislər Qədir gecəsini ibadətlə keçirənlərin keçmiş günahlarının əfv ediləcəyini xəbər vermişdir.[4] Bununla yanaşı, Qədir gecəsinin gündüzü tutulan orucun bütün ili tutulan oruca tən olduğu bildirilmişdir.[5]

Rəsulullah (s.a.s.) başqa bir hədisində belə buyurmuşdu: “Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar”. (Buxari, Savm 6, Təravih 1, Leylətül-Qədr 1; Müslim, Müsafirin 173-17)

Qədr gecəsinin adı haradan götürülüb?

Qədr gecəsi “qədir” kəlməsindən gəlir. Yəni o gecə qədirbilənlik xüsusiyyəti aşkar olur. Demək, o gecənin qədrini bilməliyik ki, qədrimiz bilinsin. Sonsuz mərhəmət sahibi Allah bu gecə layiq olub-olmamasından asılı olmayaraq, hər kəsi müstəsna lütfü ilə əhatə edir.

Qədr gecəsi Peyğəmbərimizin ümmətinə hədsiz sevgisindən etdiyi bir duanın qəbul olunmuş şəklidir. Belə ki, əvvəlki insanların ömür müddəti və ya onların ömründən Allahın dilədiyi qədər Peyğəmbərimizə göstərildi. Bunu görən Rəsulullah (s.a.s.):  “Allahım, başqa ümmətlərin uzun ömürdə edə bilmədiyi (xeyirli) əməllərə ümmətimə qısa ömürdə nəsib et”, – deyə dua etdi. Allah da Ona min aydan daha xeyirli olan Qədir gecəsini bəxş etdi”.[6] (Min ay səksən üç il, dörd aya bərabərdir) “Min ay” çoxluq mənasında işlənmişdir və bu nemət də hər kəsə deyil, bəlkə də, hər gecəni Qədr bilənlərə nəsib olur: hər gecəni Qədir bilir, hər gecəni yuxubilməz qəlblə Rəbbin hüzurunda keçirirlər ki, Qədir də bardağı daşıran son rəhmət damlasına çevrilir. Qul damla ilə dəryaya yetişir…

Böyük İslam mütəfəkkiri Piri Muğan üç ayların savabı ilə bağlı belə buyurur: “Hər yaxşı əməl başqa vaxtlarda on savab qazandırırsa, rəcəb ayında bu savab yüzü keçir, şaban ayında üç yüzdən artıq olur və ramazanda minə, cümə gecələrində minlərə və Qədir gecəsində isə otuz minə çatır”.


[1] “Hifz olunmuş”, “qorunmuş lövhə” deməkdir. Mənəvi lövhədir, olmuş və olacaq hər şey orada yazılmışdır. Burada yazılmış taleyin bir hərfini belə dəyişdirmək və ya silmək mümkün deyildir, yəni hər cür müdaxilədən qorunmuşdur. Lövhi-məhfuz adı Quranın bir ayəsində işlənir. Bu ayədə Quranın Lövhi-məhfuzda olması bildirilir (“Buruc” surəsi, 85/22), amma heç bir izah verilmir. Ancaq bir çox ayələrdə onun əlamətlərinə toxunulur. Lövhi-məhfuz hər şeyi əhatə edən (“Ənam” surəsi 6/59), “ilahi dərgahda hər şeyin hifz olunduğu” (“Qaf” surəsi, 50/4), yer üzünə və insanlara gələcək bütün bəlaların yazıldığı (“Hədid” surəsi, 57/22), hər şeyin hesaba alınıb təsbit edildiyi (“Yasin” surəsi, 36/12), göydə və yerdə bütün gizli şeylərin açıq-aydın göstərildiyi (“Nəml” surəsi, 27/75), təmiz yaradılmış mələklərdən başqa heç kimin toxuna bilmədiyi açıq-aydın, qorunmuş, qoruyan Ana Kitabdır.

[2] Əksər müfəssirlərin fikrincə, bu müqəddəs gecə Qədir gecəsi, bəzilərinə görə isə, Bəraət gecəsidir.

[3] “Ələq” surəsinin ilk beş ayəsi: “1. Yaradan Rəbbinin adı ilə oxu, 2.  O, insanı laxtalanmış qandan yaratdı. 3.  (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.

[4] Darimi, Savm 54

[5] İbn Macə, Siyam 39

[6] Muvatta, Etikaf 6



Açar sözləri

qedr qədir qədr

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Qədr gecəsinin feyz və bərəkəti

Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar.

Qədr gecəsinin vaxtı və əlamətləri

Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.

Ayə və hədislərlə ramazan

Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.

Qədr gecəsinin fəziləti

Qurani Kərimin 97-ci surəsi olan Qədir surəsində bu gecənin min aydan daha xeyirli olduğu bildirilmişdir. Həmçinin bu gecə mələklərin və ruhun yer üzünə endiyi və səhər açılana kimi əmin-amanlığın, xeyir-bərəkətin hər tərəfi bürüdüyü bildirilir. Bu gecənin əhəmiyyəti haqqında Peyğəmbərimizin (s.ə.s.)  hədislərində isə belə buyrulur: “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədir gecəsi  namaz qılarsa, keçmiş […]


1 şərh yazılıb
  1. gulnar , 18/07/2014 tarixində, saat 20:07

    Salam aleykum. Cox sag olun.Allah razi olsun

Şərh yaz