- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimizin aləmlərə rəhmət olmasını necə anlamalıyıq?

Hər bir peyğəmbər öz-özlüyündə Allahın insanlara bir lütfü və mərhəmətidir. Ancaq son peyğəmbər olmasına, nübüvvətinin cinlər də daxil olmaqla hər kəsi əhatə etməsinə və hər kəsin onun peyğəmbərliyindən faydalanmasına görə “aləmlərə rəhmət olaraq göndərilən” vəsfi ilə anılmışdır. “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (“Ənbiya” surəsi, 21/107)

 “Rəhmət” möhtacların imdadına çatmağa sövq edən şəfqət duyğusudur. Qəlbi qatı bir insanın həqiqi tərbiyəçi – müəllim olması mümkün deyildir. Çünki mərhəmət qəlbin titrəməsi, ruhun təsirlənməsi və insanı etinasızlıqdan çəkindirən bir hisdir. Rəhmət Peyğəmbəri Həzrət Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) bütün insanların müəllimi olduğuna görə yer üzündə ən əngin rəhmət duyğusu da Onda olmalıdır.

Onun rəhməti təkcə inan insanları deyil, bütün cahanı öz ağuşuna alır. Ayənin ifadəsi ilə desək, O, bütün aləmlərə rəhmətdir. Bu rəhmət həm dini, həm də dünyəvi yöndədir. Dini yöndən rəhmət olması:

 Allah Rəsulu (sallallahu əleyhi və səlləm) insanların zəlalət içində bo­ğulduğu bir vaxtda gön­dərilmişdir. Bir tərəfdə Cahiliyyə hökm sürür, digər tərəfdə də Əhli-Kitab təhrif olunmuş müqəddəs kitabları ilə get-gedə yolunu daha da azırdı. Beləliklə, Allah həqiqət axtarmağın və nicat tapıb ilahi mükafat qazanmağın əlçatmaz olduğu bir zaman kəsiyində Onu yer üzünə göndərib hidayət yollarını göstərmişdir.

 Dünyəvi baxımdan rəhmət olmasına baxsaq, bəşəriyyət Onun sayəsində bir çox zillətdən, müharibədən, münaqişədən, qar­şıdurmadan xilas olmuş, həqiqi sülhə və hüzura qovuşmuşdur.

Rəsulullahın geniş və əngin rəhməti müsəlmanları, qeyri-mü­səlmanları, dostları, düşmənləri, azad insanları, kölələri, bö­yük­ləri, kiçikləri, hətta insanlarla yanaşı, heyvanları da əhatə edir. Bəli, Onun rəhməti möminə hidayət, münafiqin həyatı üçün bir aman, kafirə də İlahi əzabın təxiri (günahların dərhal cəzalandırılmaması) şəklində təcəlli etmiş, münafiqlər bu rəhmət sayəsində dünyada əzaba məruz qalmamış, müsəlmanlarla bir yerdə yaşamış, onların istifadə etdiyi hüquqlardan yararlanmış və münafiqlik qaxıncı ilə üzləşməmişlər. Əvvəlki qövmlər Allaha üsyan etdikləri üçün köklü-köməcli həlak edildikləri halda, Rəsulullahın təşrifindən sonra ümumi həlak olmamışdır. Beləliklə, bu rəhmətin kölgəsi bir mənada kafirlərin üstünə də düşmüşdür.  Yəni Allah-Təala Onun varlığını əzabına sipər etmişdir.

“Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını dilə­yərkən də Allah onlara əzab verməz!” (“Ənfal” surəsi, 8/33)

Allah Rəsulunun hədisləri də bu həqiqəti açıqlayır: “Mən rəh­mət olaraq göndərildim, lənət olaraq deyil” (Müslim, Birr, 87), “Mən Məhəmmədəm, Mən Əhmədəm, Mən Muqaffi­ – son pey­ğəm­bərəm, Mən Həşirəm. Mən tövbə və rəhmət pey­ğəmbəriyəm”. (Müslim, Fəzail, 126; Əhməd ibn Hənbəl, 4/395)

Rəvayətlərə görə, Allah Rəsulunun geniş rəhmətindən hətta Cəbrail də istifadə etmişdir. Bir gün Allah Rəsulu Cəbraildən soruşur: “Bu rəhmətdən Sənə də bir şey çatdımı?” Cəbrail: “Bəli, bəli, ya Rəsulallah! Çünki mən də aqibətimin necə olacağından arxayın deyildim. Elə ki: “Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. (Elə bir elçi ki) çox qüvvətlidir, ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir)” (“Təkvir” surəsi, 81/19-20) ayəsi nazil oldu, mən də əmin oldum”, – buyurur.

Allah-Təala Rəsulullaha mərhəmətli olmağı, möminlərə qol-qanad olmağı tövsiyə etmiş, Onun insanlar üçün bir rəhmət ol­duğunu bildirmiş, eyni zamanda Onu ilahi  mərhəməti ifadə edən iki adla anmışdır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ümmətini çox düşünmüş, onun aqibətindən narahat olub ağlamışdı. Bir gün Hz. İbrahim haqqında olan “Ey Rəbbim! Onlar (bütlər), hə­qiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəl­sə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, artıq o, Sənin mərhəmətindən asılıdır. Sən (günahları) bağışlayansan, (bən­dələrinə) rəhm edənsən!” (“İbrahim” surəsi, 14/36) ayəsi ilə Hz. İsa haqqında olan “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (“Maidə” surəsi, 5/118) ayəsini oxuyaraq əllərini qaldırmış: “Ya Rəbbi! Ümmətim! Ümmətim!” – deyə dua etmiş və göz yaşı tökmüşdü. Hər duanı eşidən Allah: “Ya Cəbrail! Məhəmmədin yanına get, nə üçün ağladığını soruş. Rəbbin onun nə üçün ağladığını çox yaxşı bilir”, – buyurmuşdu. Cəbrail da Onun yanına gəlib niyə ağladığını soruşmuşdu. Rəsulullah da ümmətinə görə narahat olub ağladığını demişdi. Nəhayət, Allah: “Ya Cəbrail! Get Məhəmmədə bunları söylə: Biz səni ümmətinin məsələsində razı edəcək və səni kədərləndirməyəcəyik”, – buyurmuşdu. (Müslim, İman, 346) Başqa bir yerdə: “Həqiqətən, Rəbbin Sənə lütf edəcək və sən (Ondan) razı qalacaqsan! (“Düha” surəsi, 93/5) ayəsi ilə bu məsələ qüvvətləndirilmişdir.

Rəsulullah (sallallahu əleyhi və səlləm) insanlara iman etməsələr, aqi­bətlərinin pis olacağını deyir və onları hidayətə çağırırdı. Lakin cahillər Onun dəvətinə qarşı çıxır, inanmaq istəmirdilər. Bu vəziyyət şəfqət və mərhəmət timsalı Allah Rəsulunu olduqca kə­dər­ləndirirdi. Belə anlarda Rəsulullahın sıxıntılarını aradan qaldırmaq, onu rahatlatmaq və təskinlik vermək üçün “Yoxsa (onlar) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi,18/6), “(Ya Rəsulum! Onlar) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?) (“Şüara” surəsi, 26/3) kimi təqdir məzmunlu ilahi xəbərdarlıq gəlir, hidayət və zəlalətin Allahın əlində olduğu bildirilirdi.

 “Pis əməli özünə yaxşı göstərilən insan yaxşılıq edib gözəl əməllər işləyən insanla eyni ola bilərmi?! Şübhəsiz ki, Allah istə­diyini zəlalətə, istədiyini də doğru yola salar. Elə isə onlara görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini bilir!” (“Fatir” surəsi, 35/8)

Rəsulullah (sallallahu əleyhi və səlləm) son dərəcə həssas və kövrək insan idi. Fəqirlərə acıyar, bütün canlılara və heyvanlara şəfqət və mərhəmət göstərərdi. İnsanlara da heyvanlara qarşı şəfqətli olmağı tövsiyə edərdi. Rəhmət Allah Rəsulunun ruhu, fitrəti idi, hal və hərəkətlərinə hopmuşdu. Şəfqət və mərhəmətin misilsiz mücəssəməsi idi.

Bu rəhmət duyğusundandır ki,  namaz uzadıb başqalarını narahat edəni tənbehləmiş, uşaq səsi eşidib namazı qısa qıldırmış, bəzilərinin bütün il boyu oruc tutduğunu eşidib bunu qadağan etmiş, uşaqlarını oxşayıb əzizləməyənə xəbərdarlıq etmiş, günahkar bir qadının bir itə yazığı gəlib su verməsini öymüş və bu davranışına görə Cənnətə getdiyini bildirmiş, gününü ibadətlə keçirən bir qadının pişiyin ölümünə səbəb olduğuna görə Cəhənnəmlik olduğunu söyləmişdir.

Mərhəmət abidəsi Rəsulullahın rəhmət dolu bəyanları bunu sübut etmirmi? “Allah ancaq mərhəmətli qullarına mərhəmət edər” (Buxari, Cənaiz, 32), “Siz yer sakinlərinə mərhəmət edin ki, göy sakinləri də sizə mərhəmət etsin” (Tirmizi, Birr, 16), “Allah-Təala hər şeylə yaxşı və gözəl rəftar edilməsini istəyir. Heyvanları əziyyət etmədən kəsin. Heyvan kəsməyə hazırlaşan bıçağını yaxşı itiləsin və əziyyət vermədən kəssin”(Əbu Davud, Ədabi, 12; Tirmizi, Diyət, 14).