- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Bu məqaləAilədaxili ünsiyyətməqaləsinin davamıdır.

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir? Gəlin bunlara birlikdə baxaq:

Səmimi olmaq, dəyər vermək

Ailədə müəyyən anlaşılmazlıqlar ola bilər. Bu cür anlaşılmazlıqları həll etmək ailə rəisinin üzərinə düşür. Rəsulullah (s.a.s.) da ailədaxili məsələləri heç kimin xətrinə dəymədən həll etmişdir.[1] O, həyat yoldaşlarına əsla əl qaldırmamış, sərt sözlər deyib qəlblərinə dəyməmişdir. Həyat yoldaşları ilə həmişə gülərüzlə rəftar etmiş, onlara hörmət göstərmişdir.[2]

Rəsulullah (s.a.s.) zövcələrinə gözəl xitablarla səslənmişdir. Müraciətində, səs tonunda, dediyi sözlərdə sevgi və hörmət hissini açıq-aşkar hiss etdirmişdir. Evdə həyat yoldaşları ilə söhbət edərkən səsini yüksəltməmişdir.[3]

Onun gözəl tövsiyələri həyatını əks etdirir:

Qadınlar da sizin kimi insandır. Zövcələrinizi döyməyin.”[4]

Həyat yoldaşınıza acı söz deməyin. Onun gördüyü işi pisləyib üzünə vurmayın.”[5]

 “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı gözəl olandır. Ən xeyilisi də qadınlarla yaxşı rəftar edəndir.”[6]

Sizə qadınlarla xoşrəftar olmağı tövsiyə edirəm.”[7]

Həzrət Peyğəmbər həmçinin zövcələrinin fəzilətlərini özlərinə demiş, sevgisini gizlətməmiş, kədərindən ağlayan zövcəsinin göz yaşlarını əlləri ilə silərək təsəlli vermiş. Həmişə həyat yoldaşları ilə maraqlanmış və onlarla səmimi rəftar etmişdir. Bu səmimiyyəti bu hadisədə görürük:

Bir gün ordu ilə səfərə çıxmışdı. Aişə anamız da yanında idi. Bir yerə çatanda Allah Rəsulu (s.a.s.) ordunu qabağa göndərib, Həzrət Aişəyə yarışmağı təklif etdi. Yarışdılar. O günlərdə Həzrət Aişə bədəncə çox zəif, yəni daha çevikdi. Allah Rəsulunu ötüb şərtləşdikləri yerə daha tez çatdı. Bu səfərin üstündən bir xeyli keçmişdi. Bir gün Aişə anamız Allah Rəsulu (s.a.s.) ilə yeni bir səfərə çıxmışdı. Yenə yarışdılar. Lakin bu dəfə şərtləşdikləri yerə birinci çatan Allah Rəsulu (s.a.s.) oldu. Çünki ötən illər ərzində Həzrət Aişə bir qədər kökəlib ağırlaşmışdı. Bunu görən Peyğəmbərimiz üzünü Aişə anamıza tutdu, əvvəlki yarışı yada salıb təbəssümlə:

− Bu, əvvəlki yarışın əvəzidir![8] − dedi.

Anlayışlı olmaq

Ailədaxili ünsiyyətdə anlayışlı olmaq da yüksək məziyyət sayılır. Anlayış hər iki tərəfə aiddir. Yəni kişi və qadın bir-birini başa düşməyə çalışmalıdır. Ailə qurmaq bir-birini başa düşmək sənətidir. Qarşı tərəfi anlamaqda fitri xüsusiyyətləri bilmək faydalıdır.

Qadın kişidən daha həssas, daha incə bir xasiyyətə malikdir: tez əyilir, birdən qırılır, o saat inciyir. Qadın qabırğa sümüyü kimidir, düzəltmək istəsən, qıra bilərsən. Düzəltmə, olduğu kimi qəbul elə“[9]

hədisi bu mövzuda bizə çox şey deyir.

Bir gün həzrət Əbu Bəkir qızıgilə gəlmişdi. Bu vaxt həzrət Aişə nəyəsə hirslənmişdi, bir qədər ucadan danışırdı. Atası onu bir kənara çəkib acıqlandı: “Ey filan qadının qızı! Sən hansı cürətlə Rəsulullahın hüzurunda belə yüksək səslə danışırsan?!” Və vurmaq üçün əlini qaldırdı. Bu vaxt Allah Rəsulunun onlara baxdığını hiss elədi. Məsələni başa düşüb oradan səssizcə uzaqlaşdı. Onun getdiyini görən Rəsulullah (s.a.s.) zövcəsinin yanına gəldi. Hüznü sevincə çevirmək üçün bir addım atmaq lazımdı, onu da Allah Rəsulu (s.a.s.) atdı. Ayrılıb gedən qudası Həzrət Əbu Bəkri göstərib dedi: “Gördün, səni onun əlindən necə aldım?!”

Bir neçə gün sonra həzrət Əbu Bəkir yenə onlara gəldi. Bu səfər tamam başqa mənzərə ilə qarşılaşdı. Allah Rəsulu ilə qızı onu gülər üzlə qarşıladılar. O gün olanlar geridə qalmış, yerini sevinc tutmuşdu. Həzrət Əbu Bəkir təbəssüm edib dedi:

− Məni ogünkü gərginliyə məni ortaq etdiyiniz kimi, indi də sevincinizə şərik edin! Rəsulullah da, “Buyur gəl” – deyə onu içəri dəvət etdi.[10]

Peyğəmbərimiz zövcəsinin səsini yüksəltməyinə səsini qaldırmaqla cavab verməmiş, insan fitrətidir deyib anlayış göstərmişdir. Elə hadisələr var ki, bir təbəssümlə, bir anlıq sükutla axarına düşə bilər. Ancaq acı bir söz qarışqanı böyüdüb filə döndərir. El deyimindəki kimi, tərəflərdən biri od olanda o biri su olmalıdır.

Yenə bir dəfə Rəsulullah (s.a.s.) zövcələrindən birinin otağında idi. Bu vaxt başqa bir xanımı bir qab yemək pay göndərmişdi. Rəsulullahın həmin yeməyi xoşlaması yanındakı zövcəsini qısqandırdı. O da özünü saxlaya bilməyib yemək qabını yerə vurub sındırdı. Rəsulullah sakitcə qalxıb yerə tökülən yeməyi yığdı və yanındakı səhabələrə: “Fikir verməyin ananız qısqandı” – buyurdu.[11]

Qısqanclıq insana xas təbii duyğudur və müxtəlif davranışlar şəklində ortaya çıxa bilər. Lakin belə hallarda bir anlıq səbir etmək və aradakı səmimiyyət qorumaq lazımdır.

Kişi və qadın bir-birinin xoşlarına gəlməyən xasiyyətlərini anlayışla qarşılamalıdır.

Heç kim zövcəsinə kin bəsləməsin. Hansısa xasiyyəti xoşuna gəlməyə bilər, ancaq bəyəniləsi məziyyətləti mütləq vardır.”[12]

Yəni ey insanlar! Ailədə hər şeyin mükəmməl olması, xasiyyətinizin tamamilə uyğunluğu çətin məsələdir. Həyat yoldaşınızın qüsurları ilə məşğul olsanız, onun gözəl xüsusiyyətlərini görməyə macalınız qalmaz. Üstəlik həm günah qazanar, həm münasibətləri korlayar, həm də qəlb qırmış olarsınız. Əksinə gözəl xasiyyətləri görməyə çalışsanız heç nə itirməzsiniz.

Allah Rəsunu zövcələrinin məşru (halal) istək və hərəkətlərini anlayışla qarşılamış və bu xüsusda onlara kömək etmişdir.

Bayram günü idi. Bir dəstə adam qılınc və qalxanları ilə camaatı əyləndirirdi. İnsanlar toplaşıb onlara baxırdılar. Aişə anamız şənliyi seyr etmək üçün izdihama yaxınlaşmışdı. Ancaq camaatın arxasında qalmışdı, tamaşanı görə bilmirdi. Yanında dayanan Allah Rəsuluna tamaşaya baxmaq istədiyini dedi. Peyğəmbərimiz ona:

− Doğrudan, ora baxmaq istəyirsən? – deyə sual verdi.

Aişə anamız başı ilə təsdiqləyərək:

− Hə, – dedi.

Allah Rəsulu da onu belinə qaldırdı. Hətta yanağı Peyğəmbərimizin mübarək üzünə toxunurdu.[13]

Salamlaşma və söhbət

Rəsulullah (s.a.s.) evə girəndə mütləq salam verər[14] və ailə üzvlərinin əhvalını soruşardı. Rəsulullah bəzən tək-tək, bəzən də bütün ailə fərdləri ilə birgə söhbət edər, onlara vaxt ayırardı.[15] Səfərə çıxarkən də zövcələrindən birini və ya ikisini özü ilə aparardı. Kimi aparacağını isə püşk ataraq seçərdi.[16]

Rəsulullah (s.a.s.) hər səhər və ikindi namazından sonra həyat yoldaşlarını bir-bir ziyarət edər və onların hal-xətrini soruşardı.[17]

Həzrət Aişə bildirir ki, Rəsulullah (s.a.s.) səhər namazının sünnəsini qılandan sonra, oyaq olsam mənimlə danışar, əks halda müəzzin iqamə oxuyana qədər (sağ yanı üstə) uzanardı.[18]

Bəzən Rəsulullahın (s.a.s.) digər xanımları axşamlar Onun qalacağı evə yığışar və söhbət edərdilər.[19] Bu söhbətlərdə Peyğəmbərimiz (s.a.s.) zövcələrinə qissələr danışar, onlara dini biliklər öyrədərdi. Həminçinin çətinlikləri ilə maraqlanardı. Qısqanclıqla əlaqəli bəzi inciklikləri aradan qaldırardı.[20]

Peyğəmbərimiz (s.a.s.) bir zövcəsi ilə təklikdə söhbətləşərkən bəzən əlini onun çiyninə qoyar, bəzən də başını çiyninə söykəyərdi.[21] Zövcələri ilə söhbətləşib ayrılanda onları öpərdi.[22]

Allah Rəsulu (s.a.s.) təkcə zövcələrinin dərdlərini dinləyib, həll etməklə kifayətlənməz, qarşılaşdığı çətinlikləri də onlarla bölüşərdi.

Buna misal olaraq Hüdeybiyyə müqaviləsi imzalanarkən baş verən hadisəni göstərə bilərik. Müsəlmanlar həmin il ümrə etmək məqsədilə gəlmişdilər. Ancaq yeni müqavilənin şərtlərinə görə həmin il ümrə etmədən geri dönəcəkdilər. Rəsulullah onları ehramdan çıxaraq qurbanlarını kəsməyə çağırdı. Üç dəfə çağırmasına baxmayaraq heç kim qurbanını kəsmədi. Səhabələrin bu hərəkətindən narahat oldu və çadırına getdi. Zövcəsi Ümmü Sələməyə baş verənləri danışdı. Ümmü Sələmə: “Ey Allahın Rəsulu! Onlara heç nə demə. Öz qurbanını kəs və ehramdan çıx. Onlar da sənin kimi edəcəklər”. Həyat yoldaşının dedikləri xoşuna gəldi və dərhal çadırından çıxıb qurbanını kəsdi. Peyğəmbərimizin qurbanını kəsdiyini görən səhabələr də qalxıb qurbanlarını kəsdilər.[23]

Ailəcanlılıq

Peyğəmbərimiz (s.a.s.) həm də dövlət başçısı idi. O, bu ağır vəzifəni yerinə yetirməsinə rəğmən ailəsinə vaxt ayırardı. Səhabələr deyir ki, “biz Rəsulullahın söhbətlərində iştirak edirdik. Söhbət qurtaran kimi evinə gedərdi. Başqa yerlərdə çox vaxt keçirməzdi”.

Bir hədisində belə buyurur:

Yolçuluq bir növ əziyyətdir. Yuxu və yemək rejimini pozur. Səfərə çıxan şəxs işini qurtaran kimi, vaxt itirmədən evinə-ailəsinin yanına qayıtsın.”[24]

Kişi hansı işdə işləməyindən asılı olmayaraq ailəsinə vaxt ayırmalıdır.

Zarataflaşmaq

Peyğəmbərimiz bir ailə başçısı kimi çalışırdı ki, hüzurunda olan insanlar özlərini rahat hiss etsinlər, utanıb sıxılmasınlar, evin ab-havası daha gözəl olsun. Bir gün Aişə anamız Rəsulullaha (s.a.s.) süd və ya su ilə qarışdırılmış bir un yeməyi bişirmişdi. Bu vaxt Sevda anamız da orada idi. Peyğəmbərimizə yemək verən Həzrət Aişə, Sevda anamızı da yeməyə dəvət etdi. Ancaq o, yemək istəmədi. Aişə anamız ona:

− Ya sən oturub bu yeməyi yeyəcəksən, ya da yeməyi üz-gözünə yaxacağam, – deyib onu məcbur etmək istədi. Ancaq Həzrət Sevda fikrini dəyişmədi. Yəqin ki, onların arasında inciklik olmuşdu, ona görə də yeməyə yaxın durmurdu. Həzrət Sevdanın könlünü almağın əsl vaxtı idi və zarafata salıb onları barışdırmaq lazımdı. Elə bu vaxt Aişə anamız yeməkdən bir qədər götürüb Sevda anamızın üzünə yaxdı. Bu hərəkətini Allah Rəsulu təbəssümlə qarşıladı.

Rəsulullah (s.a.s.) Aişə anamızın bu zarafatyana hərəkətindən onları barışdırmaq üçün faydalandı. Yeməyi götürdü və Sevda anamıza uzadaraq:

− Sən də ona eyni şeyi elə, – buyurdu.Həzrət Sevda Peyğəmbərimizin dediyi kimi elədi, yeməyi Aişə anamızın üzünə yaxdı. Hamısı gülümsədi. Sonra Allah Rəsulu onlara: “Di durun, üzünüzü yuyun”, – dedi.[25]

Bu gün kişilərin camaatdan utanıb qəribə qarşıladıqları bəzi davranışları Allah Rəsulu (s.ə.s) o vaxtlar xalqın arasında edirdi. Bu davranışları ilə xanımlarına nə qədər dəyər verdiyini insanlara göstərirdi. Bununla yanaşı, qadına lazımsız əşya kimi baxan cəmiyyətə göstərirdi ki, onlar da toplumun bir parçasıdır, onlarla səfərlərə çıxmaq, zarafatlaşmaq olar.

Bu nümunlərlə Allah Rəsulu (s.a.s.) bizə ailədaxili ünsiyyətdə nələrə riayət etməli olduğumuzu göstərmişdir.

[1] Durak Pusmaz, En Güzel Rehber Hz. Peygamber, s. 259.
[2] Kemal Sandıkçı, İslam’da Ailenin Önemi”, s. 165.
[3] Bekir Saglam, Model İnsan Peygamber,  s. 78.
[4] Əbu Davud, Nikah, 43.
[5] Əbu Davud, Nikah, 42. İbn Macə, Nikah, 3.
[6] Tirmizi, Rada, 11.
[7] İbn Macə, Nikah, 3.
[8] Əbu Davud, Cihad, 68 (2578); Əhməd ibn Hənbəl, Müsnəd, 6/39 (24164).
[9] Bax: Müslim, Rada 64; Nəsai, Nikah 15.
[10] Əbu Davud, Ədəb, 92 (4999); Nəsayi, “əs-Sünənül-kübra” 5/139 (8495); 5/365 (9155)
[11] Nəsai, İşrətun-nisa, 4, 7, 70-71.
[12] Müslim, Rada, 61.
[13] Bax: Buxari, İdeyn, 2, 3, 25; Nikah, 82, 114; Müslim, İdeyn, 18 (892); Nəsayi, İdeyn, 35
[14] Müslim, Nikah, 14-87.
[15] Bax: Buxari, Hibə, 15; Müslim, Rada, 13.
[16] Bax: Buxari, Hibə, 15; Şəhadət, 15.
[17] Əbu Davud, Nikah, 38
[18] Buxari, Təhəccüd, 24; Müslim, Müsafirin, 133.
[19] Müslim, Rada, 46; Əhməd ibn Hənbəl, IV, 107, 157.
[20] Kazıcı, Hz. Muhammedin aile hayatı ve eşleri, s. 63.
[21] Sağlam, Model insan Peygamber, s. 73.
[22] Heysəmi, Məcməuz-Zəvaid, II, s.150-151.
[23] Buxari, Şurut, 15; İbn Hənbəl, IV, 326, 331; Vaqidi, II, 613
[24] Müslim, İmarə, 179.
[25] Əbu Yala, “Müsnəd” 7/449; Həmçinin bax: Heysəmi, “Məcməüz-zəvaid”, 4/315, 316