Aylıq namaz vaxtları
417 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı[1] sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır. Eyni zamanda, namaz Allah Rəsulundan əvvəl gələn bütün peyğəmbərlərə əmr olunmuş bir ibadətdir. Bu qədər əhəmiyyətli olan və bütün ibadətləri özündə cəmləyən namazı ən mükəmməl yerinə yetirən, sözsüz ki, bütün peyğəmbərlər, xüsusilə, Həzrət Məhəmməd Mustafadır. Quran “Həqiqətən, Allahın Rəsulunda sizlər üçün Allaha və axirət gününə qovuşmağı gözləyənlər və Allahı çox zikr edənlər üçün mükəmməl bir nümunə vardır[2] ayəsi ilə Onun (s.ə.s.) qulluğunun bizə nümunə olduğunu xatırladır, başqa ibadət və əməllər kimi namazda da Onu (s.ə.s.) nümunə götürməyin vacibliyini vurğulayır. Bu səbəbdəndir ki, Sevgili Peyğəmbərimiz (s.ə.s.) “Mən necə namaz qılıramsa, o cür namaz qılın[3] buyurmuşdur.

Allah Rəsulu (s.ə.s.) namazı “gözümün nuru”[4] adlandırmış, insanların bəzi şeylərə duyduğu şəhvət hissini O, namaza qarşı hiss etmişdir. Meraca namazla çıxmış, namaz hədiyyəsi ilə də geri dönmüşdür.

Deməli, mənəvi yüksəlişin birinci şərti namaz, xalq arasında Haqla olma düşüncəsini aşılayan ən əsas ibadət də yenə  namazdır.

Rəsulullahın namazı

Ən kamil nümunə olan Rəsuli-Əkrəm (s.ə.s.) namazı xüşu ilə hiss edə-edə qılar və bir mənada namazla bütünləşərdi.

Allaha ən sayğılı və ən müttəqi insan, şübhəsiz ki, Rəsulullahdır (s.ə.s.). Heç bir bəşər övladı Onun yüksəldiyi xəşyət və xüşu məqamına çata bilməmiş və bilməyəcəkdir də. Əlbəttə, bu cür kamil bir insanın namazı da fərqli olmalıydı. Nəbilər Nəbisi (s.ə.s.) hal və hərəkətlərində olduğu kimi, ibadətlərində, xüsusilə, namazlarında da kainatın Xaliqi Allah-Təalanın hüzurunda xüşu ilə dayanır, qiyam, rüku və səcdəsi çox vaxt göz yaşları ilə müşayiət olunurdu. Təklikdə etdiyi ibadətlərdə taqəti kəsilənədək Rəbbinin hüzurundan ayrılmır, camaatla ibadətlərdə isə, ümmətinə gücü çatanı tövsiyə və tətbiq edirdi.

Rəsulullah (s.ə.s.) bəzən səcdədə o qədər dayanırdı ki, Həzrət Aişə (r.a.) əndişələnirdi. Onun dediyinə görə, Allah Rəsulu (s.a.s.) gecələr on bir rükət namaz qılardı. Bəzi rükətlərdə bizim əlli ayə oxuyacağımız qədər səcdə edər, başını yerdən qaldırmazdı.[5]

İbn Məsud (r.a.) nəql edir: “Bir gecə (təhəccüd vaxtı) Allah Rəsulunun (s.ə.s.) namazına qoşuldum. Qiyamı o qədər uzun çəkdi ki, az qala dözə bilməyib oturacaq, Onu namazda tək qoyacaqdım”[6] – deyir. Peyğəmbərimiz (s.a.s.) qiyamda “Bəqərə”, “Ali-İmran” və “Nisa” surələrini oxumuşdu. Bu da təxminən 100-ə yaxın səhifə deməkdir. İbn Məsud kimi böyük səhabə Peyğəmbərimizin ibadəti ilə ayaqlaşmaqda çətinlik çəkmişdi.

Həzrət Hüzeyfə (r.a.) də İbn Məsud kimi bir gecə Allah Rəsulu (s.ə.s.) ilə birlikdə namaz qılırdı. Allah Rəsulu (s.a.s.) “Bəqərə” surəsini oxumağa başladı. Hüzeyfə “hər halda yüz ayə oxuyub rüku edəcək” deyə ürəyində fikirləşdi. Ancaq Rəsulullah (s.ə.s.) yüz ayədən sonra dayanmadı. Hüzeyfə “yəqin, bu surəni iki rükət arasında bölüşdürüb oxuyacaq, sonra namazı bitirəcək” deyə düşündü, amma Rəsulullah yenə oxumaqda davam etdi. Hüzeyfə “hər halda bu surəni qurtarıb rükuya gedər” deyə fikirləşdi, amma yenə də oxumaqda davam etdi. “Bəqərə” surəsindən sonra “Nisa” surəsini oxudu. Sonra “Ali-İmran” surəsinə keçib onu da qurtardı. Aramla, düşünə-düşünə oxuyur, təsbih ayələrinə çatanda təsbih edə-edə oxuyur, dua-dilək bildirən ayələrdə niyazla Rəbbinə yönəlir, sığınma mənasına gələn ayələri oxuyanda isə Allaha sığınırdı. Bu uzun qiraətdən sonra, nəhayət, rükuya getdi. “Sübhanə rabbiyəl-əzim” (Uca Rəbbim hər cür qüsur və nöqsandan uzaq və pakdır) deyərək təsbih etməyə başladı. Rükusu da qiyamı qədər uzun oldu. Sonra “Səmiallahu limən həmidəh, rabbəna ləkəl-həmd” (Allah edilən həmdləri eşidir. Bütün həmdlər əzəldən əbədədək yalnız Sənə məxsusdur, ey Rəbbimiz)” dedi və rüku qədər də ayaqüstə dayandı. Sonra səcdəyə getdi və “Sübhanə rabbiyəl-alə” (Uca Rəbbim bütün qüsurlardan uzaq və pakdır) sözləri ilə təsbih etdi. Səcdəsi də hardasa ayaq üstə dayandığı qədər çəkdi”.[7]

Abdullah ibn Şıhhır (r.a.) bir gün namaz qılan Rəsulullahın (s.a.s.) hüzuruna girmiş və köksündən qopan hıçqırıq səslərinə şahid olmuşdu.[8]

Həzrət Aişə (r.a.) Peyğəmbərimizin (s.a.s.) namaza dərin bağlılığını bu sözlərlə dilə gətirir:

“Rəsulullahla (s.a.s.) söhbət edərdik. Namaz vaxtı girən kimi birdən halı dəyişər və namaz qılmaq üçün qalxardı. O vaxt nə Onun (s.a.s.) bizi tanımağa halı qalırdı, nə də biz Onu tanıya bilirdik!”

O, namazı zahiri və batini ilə (xüşu və tədili-ərkanla) mükəmməl qılır, bütün varlığın təsbih, həmd və təkbirinin önündə qiyamda dayanır, rükuya gedir, səcdə edirdi.

Allah Rəsulunun (s.ə.s.) namazları, kim bilir, nə qədər əngin idi?! Bir İslam alimi “bir dəfə səhabə namazı kimi namaz qılmaq üçün bir illik ibadətimi verərəm” – deyirsə, Peyğəmbərimizin namazının feyzi və bərəkətini dərk etmək, sizcə, mümkünmü?! Həzrət Aişə anamız gecələr mübarək ayaqları şişənədək ibadət edən Rəsuli-Əkrəmdən (s.a.s.): “Ey Allahın Rəsulu! Allah səni keçmiş və gələcək günahlardan uzaq etdiyi halda niyə bu qədər ibadət edib özünə əziyyət verirsən?” – deyə soruşmuş, Rəsulullahdan bu cavabı almışdı:

Ey Aişə,  Rəbbimə çox şükür edən bir qul olmayım?[9]

Yenə Həzrət  Aişə (r.a.) Onun (s.ə.s.) namazı haqqında soruşanlara “Elə qiyamda durur, elə rükuya gedir, elə səcdə edirdi ki, təsəvvür etmək mümkün deyil”[10] cavabını vermişdi.

Cənabi-Haqqın varlığına başqa heç bir dəlil olmasaydı belə, Allah Rəsulunun qıldığı namaz kifayət edərdi. Çünki Onun (s.ə.s.) bütün ibadətlərində Haqq-Təala təcəlli edirdi.

Allah Rəsulu (s.ə.s.) öz ibadət dünyasını həddindən ziyadə nurlandırıb namazlarını uzun-uzadı qılsa da, camaatla qılınan namazlarda imamın qiraəti qısa oxumasını məsləhət görərdi. “İnsanlara namaz qıldıranlar onu qısa eləsin, çünki camaat arasında zəif, xəstə və yaşlılar var. Tək namaz qılanda isə istədiyiniz qədər uzadın”[11] – deyərək camaatın vəziyyətini nəzərə almağı tövsiyə edərdi.

Bir gün bir nəfər Rəsulullahın (s.ə.s.) yanına gəlib: “Filankəs imamlıq edəndə namazı o qədər uzadır ki, sübh namazını qılmaq üçün məscidə getmək istəmirəm” – deyə şikayət etdi. Bunu eşidən Allah Rəsulu (s.ə.s.) bərk cəlallandı – o günədək bu qədər qəzəblənməmişdi  və buyurdu: “Ey camaat! Aranızda dinə nifrət oyadıb insanları dindən soyudanlar var! Kim imamlıq edərsə, ərkanına və sünnəsinə əməl eləmək şərtilə namazı qısa qıldırsın. Çünki arxasında dayanan camaatın yaşlısı, uşağı var, işi-gücü olanlar var”.[12]

Peyğəmbərimiz (s.ə.s.) günlərini beş vaxt fərz namazı ilə yanaşı, nafilə[13] namazları ilə də bəzəyir, şükür və dua ilə Rəbbinə üz tuturdu. Səhərlərini quşluq və ya işraq,[14] gecələrini də təhəccüd namazı ilə nurlandırır, fani dünya vaxtını əbədi axirət rənginə boyayırdı. Adi vaxtlarda olduğu kimi, döyüşə və səfərə çıxanda da ibadətlərini axsatmırdı. Onun vaxtında qılmayıb qəza etməyə məcbur olduğu namaz sayı bir-ikini keçmir. Bu da ya müharibə şəraiti, ya da səfər yorğunluğu ilə bağlı olmuşdur.

Namazla yaşadı, namaz xəbərdarlığı ilə də Haqqa qovuşdu

Ömrü boyu namazın üstündə titrəyən Rəsulullah (s.ə.s.) “Nasr” surəsi nazil olandan sonra Rəfiqi-Əlaya (Uca Dosta) qovuşma vaxtının yaxınlaşdığını hiss etmiş, son vaxtlarında təsbih və istiğfara daha çox yer vermişdir. “Sübhanallahi və bi həmdihi əstağfirullah və ətubi ileyh”[15] duası dilindən düşməzdi.[16] “Rükuya gedəndə Rəbbinizə təzim edin, səcdələrinizi də dua ilə bəzəyin. Çünki duaların qəbul olunmağa ən layiq vaxtı səcdədir”[17] – buyuran Rəsulullah (s.a.s.) namazda da istiğfar və dua edirdi.

Peyğəmbərimiz (s.ə.s.) “(Hər) namazı vida namazı kimi qılın”,[18] “Allahı görürmüş kimi ibadət et (Ona heç bir şərik qoşma və Allah rizası üçün əməl işlə)”![19] Sən Onu görməsən də, O, səni görür. Və özünü ölü hesab et”[20] məallı hədisləri ilə ümmətini də xüşu içində namaz qılmağa çağırır. Vida namazı “Bəlkə də, bu qıldığım namaz son namazdır, bəlkə də, bir daha namaz qıla bilməyəcəyəm” düşüncəsi ilə  qılınan namazdır.

Şərəfli ömrünü Allaha qulluqla keçirən Rəsulullah (s.ə.s.) gecə-gündüz namaz qılmaqla bir növ namazlaşdı, namazın canlı mücəssəməsinə çevrildi. “Necə yaşayırsınızsa, elə də ölürsünüz” – deyən və namazla nəfəs alan bir insan olaraq Haqqa qovuşdu. Son anlarında da namazı soruşdu.

Bir İslam alimi Allah Rəsulunun (s.ə.s.) son günlərini belə təsvir edir: “Son günləri idi. Gözlərini açmağa belə halı qalmamışdı. Üzünə su səpilincə gözlərini açır, bircə kəlməyə taqəti yetsə, “Camaat namazı qıldımı?” deyə soruşurdu. İkicə kəlməni demək belə onu taqətdən salır, yenə huşunu itirirdi. Üzünə soyuq su tökülüncə özünə gəldi, yenə camaatın namaz qılıb-qılmadığını soruşdu.

Xeyr, camaat bayaqdan Onu (s.ə.s.) gözləyirdi. Gözlər Onun qapısına zillənmişdi. Nə vaxt pərdə aralanacaq, məscidə günəş doğacaqdı. Hamı bunun intizarında idi. Çoxları günəşin qüruba yönəldiyini anlayırdı, ancaq buna heç cür inanmaq istəmirdi. Allah Rəsulu (s.a.s.) namaz qıldırmağa taqətinin olmadığını görüb: “Əbu Bəkirə deyin, namazı qıldırsın!” – buyurdu. Bir az yaxşılaşdığını hiss edər-etməz məscidə getmək istədi. Əmisi Həzrət Abbas (r.a.) bir qolundan, əmisi oğlu, həm də kürəkəni Həzrət  Əli (r.a.) o birindən tutub çətinliklə məscidə gətirdilər. Özündən sonra imam olacaq Həzrət Əbu Bəkirin arxasında dayandı və namazı oturaraq qıldı.

O, bu vəziyyətdə məscidə iki dəfə gələ bildi. Birində namazı özü qıldırdı, Əbu Bəkir də onun səsini arxa cərgələrə çatdırdı. Digərində isə namazı Həzrət Əbu Bəkrin arxasında qıldı. Bir mənada ümmətinə yeni imamın kim olacağını işarə etdi.

Bəli, O (s.ə.s.), namaz və camaatla bu səviyyədə bütünləşmişdi. Son nəfəsinədək camaatdan ayrı qalmamışdı. Hətta güclə məscidə gəlmiş və namazını camaatla qılmışdı”. Dünya ilə vidalaşmadan əvvəl əshabına son tövsiyələri idi bunlar. Möminlərin səf-səf düzülərək  camaatla namaz qıldığını görəndə təbəssüm etmiş, gördüyü mənzərədən məmnun olmuşdu. Möminlər Rəsulullahı (s.ə.s.) son dəfə belə təbəssüm edərkən görmüşdülər.

Səhabələrin namazı

Zahidlərin sərvəri Peyğəmbərimizin (s.ə.s.) namaz sevgisi xələflərinin qəlbində ibadətlərə qarşı dərin eşq və şövq hissi oyatmışdı. Namazı gözünün nuru bilən, namaza məftunluğunu hərəkət və davranışları ilə biruzə verən, ayaqları şişənədək namazda ayaqüstə duran, bəzən bir neçə cüz oxuyub, sonra rükuya gedən, xüşu hissi ilə hıçqıran və səcdədə Haqqa sayğısından qıvrılan Rəsuli-Əkrəmin (s.ə.s.) namaza qarşı bu qədər həssaslığı səhabə və möminləri də namaz aşiqinə çevirmişdi.

Həzrət Əbu Bəkir (r.a.) “Allahu Əkbər” deyib namaza başlayanda sağa-sola baxmaz, bir sütun kimi dimdik dayanardı.

Həzrət  Ömər (r.a.) də Peyğəmbərimiz (s.a.s.) kimi namaz aşiqi idi. Bəzən yatmağa vaxt tapmaz, bir küncdə və ya oturduğu yerdə mürgüləyərdi. “Heç yatmırsınızmı?” – deyə soruşanlara: “Gündüz yatsam, xalqın iş-gücünün yarımçıq qalacağından, gecə yatsam, Allahdan gələcək qismətdən məhrum olmaqdan (və axirətdə yoxsul olaraq həşr edilməkdən) qorxuram”[21] – deyərdi.

Möminlər dəfələrlə onun namaz qılarkən inilti və yalvarışlarına şahid olmuşdular. Hıçqırıqlarla boğulan səsi ta arxa səflərdən eşidilərdi. Çox vaxt oxuduğu ayənin mənasına varar, davam etdirə bilməzdi. Bəzən ağlamaqdan huşunu itirib yerə yıxılar, sonra da evinə qapanardı. İşin əslini bilməyən camaat onu xəstə sanıb baş çəkməyə gələrdi.[22]

Həzrət Əli namaza duranda başqalaşır, rəngi dəyişir, Allaha (c.c.) qorxu və ehtiram hisləri ilə ikiqat olurdu. Rəsulullahdan (s.a.s.) bir dua öyrənmişdi, hər gecə oxuyurdu. Bir nəfər Nəhrivanda xaricilərlə döyüşdüyü gecəni nəzərdə tutaraq: “O ağır gecə də o qədər sıxıntıya baxmayaraq, dua və zikrini tərk etmədinmi?” – soruşunca: “O gecə belə tərk etmədim” – cavabını vermişdi.

Bir gün Kufədə sübh namazını qıldırdıqdan sonra oturmuş, camaat da onu dövrəyə almışdı. Üzündə kədər cizgiləri vardı. Camaat: “Görəsən, xəlifə niyə narahatdır, niyə belə qəm-qüssəlidir?” – deyə düşünürdü. Heç kimdən səs çıxmırdı. Xəlifə Həzrət Əlinin (r.a.) kədəri camaata da sirayət etmişdi. Birdən qalxıb iki rükət namaz qıldı. Rəngi saralmışdı. Namazını bitirdikdən sonra başını sağa-sola yırğalayıb dedi: “Allaha and olsun ki, mən Məhəmmədin (s.a.s.) əshabını gördüm və onlarla bərabər böyüdüm. Ancaq indi onlar kimi insanlar görmürəm. Onlar gecəni nurlandıraraq səhəri açardılar. Gecələrini Allah üçün səcdədə keçirər, Quran oxuyar, bəzən qiyamda, bəzən də oturaraq ibadət edərdilər. Allahı zikr edərkən fırtınada silkələnən ağac kimi titrəyər, paltarları islanana qədər göz yaşı tökərdilər”.[23]

Abdullah ibn Abbas namazlarına çox həssas idi. Çox səcdə etdiyinə görə “səccad” ləqəbini almışdı. Gözləri tutulanda bir həkim ona: “Yeddi gün səbir edib namazlarını uzanaraq qılsan, Allahın izni ilə, səni müalicə edərəm” – deyə təklif etmişdi. Fiqh alimi olmasına baxmayaraq, başda Həzrət Aişə və Əbu Hüreyrə olmaqla bir çox səhabəyə adam göndərib  bu barədə fikirlərini soruşmuşdu. Hamısı da: “Bu yeddi gündə ölsən, namazlarının hesabını necə verəcəksən?” – demişdi. İbn Abbas bir az götür-qoy edəndən sonra müalicədən  imtina etmişdi.

Bədəncə zəif olan Abdullah ibn Məsud nafilə oruc tutmaqdan daha çox namaza üstünlük verirdi. “Oruc tutanda namaz qılmağa çətinlik çəkirəm” – deyirdi. Bununla yanaşı hər ayın əvvəlində, ortasında və sonunda üç gün oruc tuturdu.[24] “Namaz qılan Sultanın qapısını döyər. Kim qapını çox döysə, qapının açılması daha yaxındır”[25] – deyir və çox namaz qılmağı tövsiyə edirdi. Həmişə iftitah təkbirinə çatmağa tələsirdi. Hər şeydən əvvəl namaz üçün tələsməyin zəruri olduğunu deyirdi.[26]

O, digər səhabələr kimi gecələr qalxıb namaz qılardı. Quranı tərtil üzrə və yavaş səslə oxuyardı. Səhərə yaxın əllərini açıb belə dua edərdi: “Allahım! Çağırdın, gəldim. Əmr etdin, itaət etdim. Bu səhər vaxtının bərəkəti hörmətinə məni bağışla”.[27]

Həzrət Ömərin qızı və Allah Rəsulunun (s.a.s.) zövcəsi Hafsa (r.a.) da çox və uzun namaz qılması ilə tanınırdı. Cəbrail (ə.) belə onu çoxlu oruc tutan və namaz qılan saleh qadın kimi təqdir etmişdi.[28]

Səhabələr namaz qılarkən nələrə diqqət edərdilər?

Çox namaz qılardılar

Namaz səma qapılarını açan, insanı yerdən ərşin ətəklərinə yüksəldən sirli bir ibadətdir. Qulu ilahi hüzura çıxaran ən asan və qısa yol namazdır. Bəkir ibn Abdullah bəndənin namazla bir anda kimin hüzuruna yüksəldiyini bu sözlərlə xatırladır: “Ey Adəm oğlu! Sənin kimisi varmı? Dəstəmaz alıb mehraba keçməklə Allahla aranda olan bütün pərdələr qalxır. Azacıq zəhmətlə istədiyin vaxt maneəsiz və vasitəçisiz Rəbbin  hüzuruna çıxa bilirsən”.[29]

Namazın əsrarına məftun olan və onu Rəblə baş-başa qalmaq üçün ələdüşməz fürsət bilən səhabə, tabeun və təbeyi-tabeun nəsli arasında gündə beş yüz rükət namaz qılan insanlar az olmamışdır. Məsələn, Abdullah ibn Qalib yüz rükət quşluq namazı qıldıqdan sonra qalxıb belə deyərmiş: “Biz bunun üçün yaradılmışıq, bununla mükəlləfik…”[30] Bu etirafla o, “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”[31] ayəsinə işarə edir və bəşər övladının yer üzünə gəliş qayəsini xatırladırdı.

Amir ibn Abdullah hər gün min rükət namaz qılmağı özünə bir vəzifə bilirdi. İkindi namazından sonra – qiyamda uzun dayandığına görə – ayaqları şişmiş halda oturur və öz-özünə belə deyirdi: “Ey nəfs! Bunları etmək sənin borcundur, ibadət üçün yaradılmısan. Ancaq narahat olma, bu cəfadan qurtulmağa çox qalmayıb”.[32]

Ümeyr ibn Hani hər gün min rükət namaz qılar, yüz min dəfə zikr edərdi.[33] Səmnun ibn Həmzə gündə beş yüz rükət namaz qılmağa adət eləmişdi.[34] Ümmü Talk hər gün gündüz və gecə dörd yüz rükət namaz qılar, bacardığı qədər Quran oxuyardı.[35]

Şubə ibn Həccac ibadət etməkdən arıqlayıb bir dəri, bir sümük qalmışdı. Müslim ibn əl-Fərahidi: “Nə vaxt Şubənin yanına getdim – kərahət vaxtları istisna – onu namazda gördüm” – deyirdi. Rükuda və iki səcdə arasında o qədər dayanırdı ki, görənlər elə sanırdı, yəqin, rükudan qalxmağı və ya səcdəyə getməyi unudub.[36] Hətta Abdüssəlam ibn Mütahhir onun haqqında: “Şubədən çox ibadətə bağlı olan bir insan görmədim” – demişdi.[37]

Muxadramundan[38] olan Əbu Osman Ən-Nəhdi axşamla işa namazları arasında yüz rükət namaz qılardı. Huşunu itirib yıxılana qədər namaz qıldığı vaxtlar olurdu[39].

Abbasi dövlətinin məşhur xəlifələrindən Harun ər-Rəşid o qədər dünya və dövlət işləri ilə məşğul olmasına baxmayaraq, ölənə qədər – xəlifəlik dövrü də daxil olmaqla – hər gün yüz rükət namaz qılmışdı.

Süfyan ibn Üyeynə “Bizim vaxtımızda Məkkəyə Əbu Hənifədən çox namaz qılan gəlməmişdi”[40] – deyərək İmami-Əzəmin ibadətə bağlılığını diqqətə çatdırmışdır.

Adiyy ibn Xatim namaza olan sevgisini bu sözlərlə ifadə edir: Elə bir namaz yoxdur ki, onu həsrətlə gözləməyim. Hər namazdan əvvəl hazırlıq görürəm (Rəbbimin hüzuruna çıxmağa tələsirəm).[41]

Tədili-ərkana əməl edərdilər

Tədili-ərkan – namazın əsaslarına tələsmədən yerli-yerində riayət etmək və üzvlər tam oturuşanadək gözləməkdir. Bu, insan bədəninin namazda aldığı vəziyyətdir ki, ona əməl etmədən namaz tamam olmaz. Zənnimcə, ehtiyat olaraq tədili-ərkanı fərz sayanların fikri ilə hərəkət etmək daha doğrudur.

Səhabələr Allah Rəsulunun (s.ə.s.) namazını: “Sapa düzülmüş inci dənələri kimi nizamlı və yerli-yerində idi” – sözləri ilə təsvir edib Rəsulullahın (s.ə.s.) namazının zahiri-batini tamlığından xəbər verir. Şübhəsiz ki, əshabın təsvir etdiyi kimi Peyğəmbərimiz (s.ə.s.) gözəl namazı ilə möminlərə kamil nümunə olmaqla yanaşı, tədili-ərkana riayət məsələsi ilə bağlı xəbərdarlıq da etmişdir.

“Allah-Təala rüku və səcdələrində belini dikəltməyən bir qula qiyamət günü mərhəmət nəzəri ilə baxmaz”[42] və “Rüku və səcdələrinizi tədili-ərkana uyğun edin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, siz rüku və səcdə edərkən mən sizi arxamdan da görürəm”[43] – buyuraraq, namazın əsasları sayılan rüku və səcdələrin həssaslıqla yerinə yetirilməsini istəmişdir. Tədili-ərkana riayət edənlərlə namazı başdansovdu qılıb yola verənlərin eyni olmadığını da bildirmişdir: “Kim gözəl dəstəmaz alıb, namazı rüku və səcdəsinə tədili-ərkana riayət etməklə vaxtında və xüşu ilə qılarsa, o namaz par-par parıldayaraq Allah-Təalanın hüzuruna: “Məni haqqımı qoruyaraq qıldığın kimi Allah da səni hifz eləsin” – deyib yüksələr. Kim də namazı vaxtında qılmaz, dəstəmazına diqqət etməz, rüku, səcdə və xüşuya riayət etməzsə, qıldığı namaz qapqara olub: “Sən məni başdansovdu qılıb zay etdiyin kimi, Allah da səni zay etsin!” – deyə-deyə Cənabi-Haqqın dilədiyi yerə qədər yüksələr. Sonra da lazımsız bir əşya kimi bükülüb sahibinin üzünə çırpılar”.[44]

Alah Rəsulu bir gün “Ən pis oğurluq namazdan edilən oğurluqdur” buyurmuş, bunu eşidən səhabə: “Namazdan oğurlamaq necə olur, ey Allahın Rəsulu?” – deyə soruşmuşdu. Allah Rəsulu (s.ə.s.) da: “Rüku və səcdəni ala-yarımçıq etmək, namazını xüşu ilə qılmamaq  namazdan oğurlamaqdır[45] – cavabını vermişdi.

Peyğəmbərimiz (s.a.s.) bir dəfə necə gəldi namaz qılan bir adam gördü və ona namazı yenidən qılmağı məsləhət bildi. Adam namazı təzədən qılsa da, əvvəlkindən fərqi olmadı. Allah Rəsulu (s.ə.s.) yenə namaz qılmağı əmr etdi. Ancaq bu dəfə də nəticə hasil olmadı. Adam namazı üç dəfə təkrarlayıb axırda belə dedi: “Səni Haqq din və Kitabla göndərən Allaha and olsun ki, mən başqa cür namaz qılmağı bacarmıram. Mənə doğrusunu öyrət” – deyə xahiş etdi. Peyğəmbərimiz də (s.ə.s.) buyurdu: “Namaza başlayanda əvvəlcə iftitah təkbirini[46] de. Sonra nə qədər istəyirsən, o qədər Quran oxu. Quran oxuyandan sonra rükuya gedib üzvlərin aram tapanadək gözlə. Ardınca başını qaldırıb ayaq üstə tam dikəl. Sonra səcdə edib bədənin aram tapanadək dayan. Yenə başını qaldırıb bir qədər otur. Bütün rükətləri bu şəkildə qılaraq namazını tamamla”[47].

Fərz namazlarına dəyər verər, nafilələrlə süsləyərdilər

Bəndəni Allaha yaxınlaşdıran ən əsas ibadətlər də fərzlərdir. Heç bir nafilə ibadət fərzin yerini tuta bilməz. Nafilə ibadətlər ancaq fərzlərdən sonra gəlir.

Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Qiyamət günü qulun ilk hesaba çəkildiyi əməl fərz namazlarıdır. Əgər bu namazları tam qılıbsa, sorğu-sualı asan keçər və istəyinə çatar. Əksinə bu ibadətləri düzgün və məqbul olmayıbsa, sorğu-sualı çətin keçər və mətləbinə yetişməz. Fərz namazlarında bir çatışmazlıq və ya qüsur olarsa, Əziz və Cəlil Allah: “Qulumun bu çatışmazlığını tamamlamaq üçün sünnət və nafilə namazları varmı, bir baxın” – deyə buyurar. Beləcə, fərz namazları sünnət və nafilə namazları ilə tamamlanar. Digər əməllərinə görə də bu şəkildə sorğu-suala çəkilər”.[48]

Allah Rəsulu (s.ə.s.) “Fərzlərdən sonra ən fəzilətli namaz təhəccüd namazıdır”[49] – buyurur. Təhəccüd eyni zamanda bizdən əvvəlki saleh qulların adəti, Allaha yaxınlıq, günahlara kəffarə, xətalardan qurtuluş və xəstəliklərə şəfa[50] olan xüsusi bir ibadətdir.

Mövzunu bir dua ilə yekunlaşdıraq: “Allahım! Rəsuli-Əkrəm (s.ə.s.) namazı hansı ənginlikdə qılırdısa, bizə də o idrakı lütf eylə, namazın mənasını ruhumuza hiss etdir. Ey Rəbbimiz! Biz də Peyğəmbərimiz (s.ə.s.) kimi namaz qılmaq və onu varlığımızın bütün zərrələrində hiss etmək istəyirik. Namazda Səndən qeyri hər şeyi unutmağı və namazla bütünləşməyi arzu edirik. Nə olar, Allahım! Bu lütfünü bizlərə də nəsib eylə”.


[1]Suyuti, “Şərhu-sünəni-İbni Macə”, s. 313 (4239); Əli əl-Qari, “Mirqatul-məfatih”, I, 113.
[2]“Əhzab” surəsi 33/21.
[3]Buxari, “Əzan” 18, “Ədəb” 27; Tirmizi, “Səlat” 37.
[4]Nəsai, “İşarətün-nisa”, 1.
[5]Buxari, “Vitr”, 1, “Təhəccüd” 3.
[6]Buxari, “Təhəccüd”, 9; Müslim, “Səlatul-müsafirin”, 204.
[7]Müslim, “Səlatul-müsafirin” 203.
[8]Əbu Davud, “Səlat” 158.
[9]Buxari, “Təhəccüd” 6; Müslim, “Sifətül-münafiqin” 81.
[10]Buxari, “Təhəccüd”, 16; Müslim, “Sifətül-münafiqin” 125.
[11]Buxari, “Elm”, 28, “Əzan”, 62; Müslim, “Salət” 183.
[12]Buxari, “Ədəb”, 75, “Əhkam” 13; Müslim, “Salət” 182.
[13]Fərz və vacib ibadətlərdən başqa bütün ibadətlər nafilə ibadətlər adlanır.
[14]İşraq namazı günəş doğub, kərahət vaxtı çıxandan, yəni sübh namazının çıxmasından qırx beş dəqiqə keçəndən sonra iki və ya dörd rükət qılınan nafilə namazdır. Bu namaz duha namazı da deyilir.
[15]Allahım! Həmdini sözümə sərtac (baş tacı) edərək səni hər cür nöqsan və qüsurlardan uzaq tuturam. Sənə sığınır və tövbə edirəm
[16]Əhməd ibn Hənbəl, “Müsnəd”, VI, 35.
[17]Müslim, “Salət”, 207.
[18]Təbərani, “Mucəmul-kəbir”, IV, 154 (3987), VI, 44 (5459); İbni əbi Şeybə, “Müsənnəf”, XIV, 26 (36741)
[19]Beyhaqi, “Şuabul-iman”, I, 145 (548), 1/382 (10665); İbnül-Mübarək, “Əz-zöhd” I, 542 (1551); İbn Əsakir, “Dəməşq tarixi” 47/168
[20]Təbərani, “Mucəmul-kəbir”, XX, 175 (374);  İbn Əsakir, “Dəməşq tarixi”, 68/113 (9081), 47/67; İbnu Əbiddünya, “Əs-səmt və ədəbül-lisan”, I, 56 (22).
[21]İbnul-Cövzi, “Sifətüs-saffə” II, 382.
[22]Əbu Nuaym, “Hilyətül-övliya”, I, 52.
[23]İbnul-Cövzi, “Sifətüs-safvə” I, 331.
[24]İbn Sad, “Təbəqətül-kübra” III, 155;  Heysəmi, “Məcməüz-zəvaid” II, 257.
[25]Təbərani “Mucəmul-kəbir” IX, 205; Əbdurrəzzaq, “Müsənnəf” III, 47.
[26]İbn Sad, “Təbəqətül-kübra” III, 155; Heysəmi, “Məcməuz-zəvaid” II, 257.
[27]İbnul-Cövzi, “Sifətüs-safvə” I, 405.
[28]İbn Sad, “Təbəqətül-kübra” VIII, 85.
[29]Beyhaqi, “Şuabul-iman” III, 168.
[30]Beyhaqi, “Şuabul-iman” III, 169.
[31]“Zariyat” surəsi 51/56.
[32]Beyhaqi, “Şuabul-iman” III, 153.
[33]İbn Həcər,  “Təhzibüt-təhzib” VIII, 133.
[34]İbnül-Cövzi, “Sifətüs-safvə” II, 276.
[35]İbnül-Cövzi, “Sifətüs-safvə” IV, 31.
[36]Əbu Nuaym, “Hilyətül-övliya” VII, 145; İbnül-Cövzi, “Sifətüs-safvə”, III, 349.
[37]Zəhəbi, “Siyərü-aləmin-nübəla”, VII, 210.
[38]Allah Rəsulu ilə eyni dövrdə yaşayıb iman edən, Onu görə bilməyən möminlərə verilən ad.
[39] Zəhəbi, “Siyərü-aləmin-nübəla”, IV, 177.
[40]Xatib əl-Bağdadi, “Tarixi-Bağdad” XIII, 353.
[41]İbni əbi Şeybə, “Müsənnəf”, VII, 193.
[42]Əhməd ibn Hənbəl, “Müsnəd” II, 525; Təbərani, “Mucəmus-sağir” II, 100.
[43]Müslim, “Səlat” 110; Nəsai, “Sünənül-Kübra” I, 220, Beyhaqi, “Sünənül-kübra” II, 117.
[44]Təbərani, “Mucəmul-əvsat” III, 263.
[45]Beyhaqi, “Sünənül-kübra” II, 385.
[46]Namaza başlarkən “Allahu Əkbər” demək.
[47]Buxari, “Əzan” 95; İman 15; Müslim, “Salət”, 45.
[48]Tirmizi, “Məvaqit”, 188.
[49]Müslim, “Siyam” 202; Əbu Davud, “Siyam” 55; Nəsai “Qiyamul-leyl”, 6.
[50]Tirmizi, “Dəavat” 101.



Bənzər məqalələr

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Namazdan sonra təsbihat

Allah Rəsulu (s.ə.s.) namazı qurtarıb salam verəndən sonra üç dəfə “əstəğfirullah” deyə tövbə edər və bu duanı oxuyardı

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Səfərilikdə namazın hökmü nədir?

  Bir şəxsin hər hansı bir səbəblə daimi yaşadığı yerdən başqa bir yerə getməsinə  və ya getmək üçün yola çıxmasına ərəbcə “səfər”, yola çıxmış adama da “səfəri” deyilir. Dilimizdə yolçu və yolçuluq kəlmələrini bu mənalarda istifadə olunur.   Səfər ümumiyyətlə məşəqqət və əziyyətli olduğu üçün səfərdə olan şəxslərə namaz, oruc kimi ibadətlərdə bəzi müəyyən rüsxətlər […]


Şərh yaz

*