1. 573 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər məsələdə nümunə olduğu kimi, xanımları ilə rəftarında da ideal bir örnəkdir. Onun bir neçə xanımının olmasının, həmçinin onların mədəni və yaş fərqlərinin, bəlkə də, ən əsas hikmətlərindən biri də ümmətinə ailə mövzusunda nümunə olması
və xanımlarına necə davranacağını təfərrüatı ilə göstərməsidir.

1. Xanımları ilə məşvərət edərdi.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ən çətin vəziyyətlərdə və müxtəlif hadisələr qarşısında xanımları ilə məşvərət etmişdir. Bir surənin “Şura” (məşvərət) adını alması da bu  məsələnin vacibliyini göstərmişdir. “Onlar işlərini məsləhət-məşvərətlə görərlər…” (“Şura” surəsi, 42/38) bəyanı ilə məşvərət edənlər öyülmüş, “İşləri onlarla məsləhətləş” (“Ali-İmran” surəsi, 3/159) uca buyruğu ilə Rəsulullaha nümunəvi davranış xatırladılmışdır. Bu uca bəyanın bəşər hə­yatında ən ideal əksini Peyğəmbərimiz elə ilk vəhylə qarşılaşanda görürük. Bu məşvərətdə mələyin görülməsi, müqəddəs vəzifənin verilməsi, ilahi vəhyə müxatəb olması kimi mövzular danışılmışdı. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilk dəfə Cəbraillə qarşılaşanda bu qeyri-adi hadisəni anlamaq, necə addım atacağını müəyyənləşdirmək və doğru qərar vermək üçün onun-bunun deyil, yeganə xanımı Hz. Xədicə anamızın yanına getmişdi.

Hudeybiyyə kimi son dərəcə əhəmiyyətli bir müqavilə imzalananda şərtlər zahirən müsəlmanların əleyhinə görünürdü. Bu səbəbdən müsəlmanlar müqavilədən narazı qalmış, dolayısilə, Rəsulullahın “qurbanları kəsib ehramdan çıxmaq” əmrini gec ye­rinə yetirmişdilər. Bu, bir peyğəmbər üçün olduqca çətin və həssas vəziyyət idi. Peyğəmbərə üsyan küfr etmək demək idi. Belə bir çətin vəziyyət qarşısında Allah Rəsulu (sallallahu əleyhi və səlləm) xanımlarından Ümmü Sələmə anamızla məşvərət etdi. Məşvərətə uyğun olaraq özü qurbanını kəsib ehramdan çıxdı. Bunu görən səhabələr də vəziyyəti başa düşüb eyni şeyi etdilər.

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mümtaz xanımı Hz. Aişə anamıza iftira atılanda da digər xanımı Zeynəb binti Cahşla məsləhət-məşvərət etdiyini görürük.

2. Xanımlarına kömək edərdi

Aləmlərin Peyğəmbəri (sallallahu əleyhi və səlləm) ev işlərində də kənara çəkilməz, xanımlarına kömək edərdi. Evdə ailəsinin işlərini özü görürdü. Köməkçiləri, xidmətçiləri yox idi. Paltarını özü tikib yamayardı. Qoyunları sağır, ayaqqabılarını tikib düzəldirdi. Dəvəsini özü yemləyirdi. Bəzən də xəmir yoğururdu. Bazardan aldığı məhsulları özü daşıyırdı. Uşaq saxlamaqda xanımlarına kömək edirdi. Qızı Zeynəbdən nəvəsi Ümamənin üzündəki kiri-pası görəndə onun üzünü özü silib təmizləmişdi.

 3. Xanımlarına dəyər verərdi

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) xanımlarını sevdiyini birbaşa söyləyirdi. “Sevdiyinizə sevdiyinizi bildirin!” – demirdimi? Eyni zamanda xanımlarının fəzilətlərini özlərinə hiss etdirir və deyirdi. Heyvana minməyə kömək etmək kimi (Buxari, Məqazi, 38) nəzakətli davranışları ilə aradakı telləri möhkəmlədirirdi. Bir gün yeməyə dəvət edilmiş, O Nəzakət Abidəsi (sallallahu əleyhi və səlləm) də xanımını özü ilə gətirmək şərtilə gələcəyini demişdi (Müslim, Əşribə, 139). Çünki O (əleyhi əkməlüt-təhaya): “İman baxımından ən qüsursuz mömin ən gözəl əxlaqı olandır (insan əxlaqı ilə heç bir ibadətlə əldə edilməyən zirvələrə, insani səmalara yüksələr). Ən gözəl əxlaqlınız da xanımı ilə ən gözəl rəftar edəninizdir”, (Tirmizi, Rada 11) – buyuraraq bu cür gözəl davranışların qüsursuz imana işarə olduğunu bildirmişdi.

Xanımlarının bir sıxıntısı oldumu, maraqlanır, ağladığını görəndə təsəlli verir, əlləri ilə göz yaşlarını silirdi. Məsələn bir gün Sa­fiyyə anamızın üzüldüyünü görür. Xanımlarından biri Safiyyə ana­mızın yəhudiliyini üzünə vurmuş və ona: “Ey yəhudi qızı!” – demişdi. O da məsələni Allah Rəsuluna bildirir və kədərləndiyini söyləyir. Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) ona belə təsəlli verir:

 – Bir də sənə belə şey desələr, sən də onlara bu cür cavab ver: “Mənim atam Həzrəti Harun, əmim Həzrəti Musa, ərim də gördüyünüz kim Həzrəti Məhəmməd Mustafadır. Siz nəyinizlə öyünürsünüz?” (Tirmizi, Mənaqib, 63; Hakim, əl-Müstədrək, 4/31).

Belə mükəmməl bir çözümə kim sevinməzdi ki! Elə belə də oldu. Safiyyə anamız Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzurundan ayrılarkən kədərindən əsər-əlamət qalmamışdı.

Hz. Aişənin uşağı yox idi. Bunun üçün künyəsi də yox idi. Ərəblərdə künyəyə çox əhəmiyyət verilirdi. Bu, Hz. Aişəni kə­dərləndirirdi. Bir gün bunu Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) söyləmiş və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də belə bir yol göstərmişdi:

– Sən qardaşın Abdullah bin Zübeyri özünə övlad götür və onun adı ilə künyə al.

Bundan sonra Hz. Aişə qardaşı oğlu Abdullah bin Zübeyrə istinadən Ümmü Abdullah künyəsini aldı (İbn Sad, Tabaqat, 8/66).

4. Xanımları ilə nəzakətli davranırdı

Rəsulullah (sallallahu əleyhi və səlləm): “Sizin ən xeyirliniz ailəsinə ən xeyirli olandır. Mənə gəlincə, sizin aranızda ailəsinə ən xeyirli olan mənəm”, – (Tirmizi, Mənaqib, 63) buyuraraq həm xanımları ilə necə davrandığını göstərmiş, həm də xanımlarla gözəl rəftar etməyi  məsləhət görmüşdür. Başqa bir hədisində isə: “Qadınlara qarşı xeyirxah olun. Çünki onlar sizin yanınızda əmanətdir. Onlarla yaxşı davranmaqdan başqa bir haqqınız yoxdur, yetər ki, onlar açıq-aşkar çirkin əməl etməsinlər”, – buyuraraq xanımların Allahın insanlara bir əmanəti olduğunu, dolayısilə, əmanətə həssas yanaşmağın vacibliyini bəyan etmişdir.

Xeyirli olmağın bir meyarı da onların xətalarını necə qarşılamasıdır. Allahın Elçisi (əleyhi əkməlüt-təhaya) xanıma qarşı nəzakətli və səbirli olmağı, xüsusilə xanımların həssas olduğuna görə onlarla daha incə davranmağı tövsiyə etmişdi. Onların “qabırğa sümüyündən yaradıldığını” (Buxari, Nikab, 79; Ənbiya, 1) diqqətə çatdıraraq nəzakət və incəliyinə işarə etmiş, düzgün davranılmadıqda isə qırılmasının qaçılmaz olduğunu bildirmişdir.

Safiyyə anamız çox gözəl yemək bişirərdi. Bir dəfə Rəsulullah Hz. Aişə anamız otağında olanda ona yemək bişirib göndərmişdi. Bunu görən Hz. Aişə anamız qısqanclıqdan yemək tabağını yerə vurub qırmışdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) heç nə deməmiş, səbir və təmkinlə işin sonunu xeyrə çevirmişdi. Bir müddət sonra Aişə anamız peşman olmuşdu, hətta bunun kəffarəsini də soruşmuşdu. Rəsulullah (sallallahu əleyhi və səlləm) də tabağa tabaq, yeməyə də yemək olduğunu bildirmişdi (Əbu Davud, Büyu 91; Nəsayi, İşrətun-Nisa 4).

Qadınlara qarşı xeyirli olmağın bir meyarı da onlara həqarət etməmək və əl qaldırmamaqdır. Başqa insanların təhqirini xoş qarşılamayan Allah Rəsulu xanımlara qarşı həssas davranmağı tövsiyə buyurmuş, döymək kimi insana yaraşmayan güc nüma­yişini qətiyyən qəbul etməmişdi. Allah Rəsulun (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində, xüsusilə, gündüz qadını heyvan kimi döyüb gecə də yanına getməyi sərt şəkildə qınamışdır. Allah Rəsulunun həyatında belə bir şeyə rast gəlinməmişdir.

5. Xanımlarının yaxınlarına dəyər verirdi

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) xanımları ilə müna­si­bətində diqqət çəkən bir davranış da xanımlarının yaxınlarına və rəfiqələrinə etibar etməsi, onlara hədiyyə göndərməsi idi. Evinə gələn yaşlı bir qadına iltifat etmişdi. Hz. Aişə anamız səbəbini soruşanda:

– Ey Aişə, bu qadın Xədicənin rəfiqəsidir, onun sağlığında bizə gələrdi. Dostluğa vəfa göstərmək imandandır, – demişdi.  Eyni zamanda Rəsulullah hər dəfə qoyun kəsəndə Hz. Xədicənin rəfiqələrinə də pay göndərirdi.

6. Xanımlarına qarşı xoşgörü ilə davranardı

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) o qədər işlərin arasında şəfqətli ailə başçısı kimi xanımlarına qiymət verir, onları dinləyir, gətirdikləri xəbəri izah edir və onları sevdiyini dilə gətirirdi. Hz. Aişə anamız bir gün Rəsulullaha (sallallahu əleyhi və səlləm) on bir xanımın bir yerə yığışıb ərləri haqqında bir-birinə danışdıqlarını söyləmişdi. Bu, o zamanlar ərəblər arasında geniş yayılmışdı. Hədisi rəvayət edən Hz. Aişə deyir ki: “Rəsulullah könlümü almaq üçün: “Ey Aişə! Əbu Zər Ümmü Zəri necə istəyirdisə, mən də səni elə istəyirəm, bir fərqlə ki, Əbu Zər Ümmü Zəri boşadı, ancaq mən səni boşamadım. Biz birlikdə yaşayacağıq”, – buyurdu (Buxari, Nikab, 83; Müslim, Fəzailüs-Səhabə, 9).

Allah Rəsulunun xanımlarına qarşı sevgisinin bir göstəricisi də onlarla birlikdə vaxt keçirməsidir. Həm bir dövlət başçısı, həm də bir peyğəmbər olmasına baxmayaraq, işləri nə qədər çox olsa da, bunlar ailəsi ilə maraqlanmağa mane olmurdu. O (sallallahu əleyhi və səlləm), ən çox ibadət etsə də, əsas vaxtları səhabələrlə birlikdə olsa da, qətiyyən ailəsini ehmal etmirdi. Buna son dərəcə həssas yanaşır, onlarla söhbət edib hal-əhval tutur, zarafat edirdi.

Hətta Rəsulullah gecə kimin yanında qalacaqsa, digər xanımları da ora yığışır, bir yerdə söhbət edirdilər. Bu söhbətlərdə Rəsulullah (sallallahu əleyhi və səlləm) xanımlarına ibrətli qissələr danışır, zarafatları ilə hamısına təbəssüm etdirirdi. Beləcə xanımlarının isinişməsini, deyib-gülməsini, incikliklərin aradan qalxmasını təmin edirdi.




Şərh yaz