- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərlərin göndəriliş qayəsi

Peyğəmbərlər dərəcə fərqi ilə yanaşı,[1] Allah-Təalanın Zatının təcəllisinə layiq görülən seçilmiş insanlardır. Allah (c.c.) onları Özünə məhrəm qəbul etmiş, əğyardan qoruyaraq öz himayəsində böyütmüş, kamilləşdirmiş və onun gözünə Rəbbindən qeyrisini göstərməmişdir.

Bütün nəbilərin, xüsusən, Peyğəmbərimizin gözləri Rəbbindən başqa bir şey görməmişdir. Bəli, əğyar Onun baxışlarını bulandıra bilməmişdir. O, gözünü açanda Rəbbini görmüş, gözünü yumanda da yenə Onu müşahidə edərək: “Allahım, Rəfiqi-Alanı istəyirəm” demişdi. İndi hadisəni Həzrət Aişədən (r.a.) dinləyək:

“Allah Rəsulu bəzən xəstələnəndə yanıma gəlir və “mənə dua et” deyirdi. Mən də əlimlə Onun mübarək əlindən tutur və Onun əlinin bərəkəti ilə şəfa tapmasını ümid edərək əlimi başına qoyur və dua edirdim.[2] Son xəstəliyində də belə etmək istəyirdim ki, əlini möhkəmcə çəkdi və: “Allahım, Rəfiqi-Alanı istəyirəm” deyə dua etdi”.[3]

Demək ki, Allah Rəsulu artıq yer üzündəki dostları deyil, hə­qiqi dost olan Rəbbini arzulayır və Onun hüzuruna varmaq istə­yirdi.

Məhz gəliş-gedişləri ilə belə bir həyat yaşayan peyğəmbərlər və xüsusilə də, Peyğəmbərimiz, görəsən, dünyaya nə üçün gəlmiş və hansı məqsədlə göndərilmişdir? Bu, mühüm mövzunun təhlili, ələlxüsus da, iki məsələyə görə daha böyük əhəmiyyət kəsb edir:

Birincisi: Peyğəmbərliyin uca və ali məqamını görüb, onları adi insanlar kimi qəbul etməmək və onları bu cür görənlərə də qaneedici cavablar hazırlamaq.

İkincisi: Bu gün peyğəmbər yolunu davam etdirənlərə, yəni Allahın dinini və adını ucaltmağa çalışanlara lazımi yol və sistemi göstərmək.

Məsələni hansı yönündən götürsək də, mövzunun əhəmiyyəti azalmayacaq. Ona görə də mövzuya dair düşüncələrimizi bir neçə maddə şəklində təqdim etməyə çalışacağıq:

1. Qulluq

Peyğəmbərin göndərilmə qayəsi insanın yaradılış qayəsi ilə eyni nöqtədə birləşir. Bu da Allaha qul olmaqdır.

Haqq-Təala Qurani-Kərimdə: “Mən cinləri və insanları ancaq Mənə qulluq etsinlər deyə yaratdım“, – buyuraraq bu nöqtəyə işarə edir.

Demək ki, bizim əsas yaradılış qayəmiz Allahı (c.c.) bilib tanımaq və Ona layiqincə qul olmaqdır. Yoxsa yemək-içmək, mal və mülk qazanmaq və ya sırf dünya üçün ev-eşik sahibi olmaq deyil. Hərçənd bunlar da bizim üçün təbii ehtiyaclardır, ancaq yaradılışımızın qayəsi deyildir. Elə peyğəmbərlər də bizə bu sirli yolu göstərmək üçün gəlmişdir.

Allah-Təala: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək“,[4] – buyuraraq bu xüsusa işarə edir.

Başqa bir ayədə də:

Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin!” – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə gəzib görün, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı­ necə oldu![5] – buyurularaq yenə peyğəmbərlərin göndərilmə qayəsi insanların bütlər tapınmaqdan çəkinib Allaha qulluğa yönəlməsinə rəhbərlik etmək hikməti ilə izah olunmuşdur.

Rəsulullahın (s.ə.s) fərqi

Peyğəmbərimizin (s.ə.s) vəziyyəti isə daha fərqlidir. O, bütün aləmlərə rəhmət olaraq həm insanları, həm də cinləri Allaha qulluq yoluna dəvət etmək vəzifəsi ilə göndərilmişdir. Abdullah b. Məsud (r.a.) başına gələn bir hadisəni belə nəql edir:

“Peyğəmbərimizlə bir yerə getdik. Mənim ətrafıma bir xətt çəkərək: “Sən buradan ayrılma”, – dedi və uzaqlaşdı. Daha sonra səs-küy eşitməyə başladım. “Görəsən, Allah Rəsuluna bir şey olmadı ki?!” – deyə təşvişə düşdüm. Lakin mənə “buradan ayrılma” dediyi üçün yerimdən tərpənə bilmirdim. Bir müddət sonra Allah Rəsulu qayıtdı. Səs-küyün səbəbini soruşdum: “Ya Rəsulallah! O səs-küy nə idi?”

Cin tayfası mənə iman gətirib beyət etdi. Sonra aralarında münaqişə düşdü. İnananlarla inanmayanlar bir-biri ilə tutuşdular. Bunun səs-küyünü eşitmisən. Həm də mənə vəfatım xəbər verildi”, – dedi”.[6]

Allah Rəsulu son sözləri ilə bu həqiqəti xəbər verirdi: “Mən insanlara və cinlərə hidayət yolunu açmaq üçün göndərilmişəm. Bu gün artıq cinlər də mənə iman və itaət etdilər, artıq dünyada qalmağımın bir mənası yoxdur. Elə isə dünyadan ayrılıb gedə bilərəm”.

O, belə düşünür və dediyi sözlərlə risalətin qayə və hədəfinə aid sirləri verirdi. Əslində, O, bizlərə dünya və ya  axirət seçimi haqda bir dua da öyrətmişdi:

Allahım nə qədər ki həyat mənim üçün xeyirlidir, məni yaşat. Ölüm mənim üçün daha xeyirli olanda da ruhumu al və məni dünyadan apar.[7]

2. Təbliğ

Peyğəmbərlərin göndərilmə qayələrindən biri də dini təbliğ etməkdir. Əgər onlar gəlməsəydi, ibadətə aid məsələlərdən, əmr və qadağalardan xəbərimiz olmaz və mükəlləfiyyətlərimizi qavraya bilməzdik. Namaz, oruc, zəkat, həcc nədir, içki, qumar, zina, möhtəkirlik və faiz kimi haramların hökmü necədir, qətiyyən bilməzdik.

Bəli, bütün bunları və bu kimi bir çox məsələləri peyğəmbərlər vasitəsilə öyrənmişik. Bütün peyğəmbərlər eyni bəyanlarla gəlmiş və təfərrüatda fərq olsa belə, təməl məsələlərdə həmişə eyni şey­ləri söyləmişlər ki, buna da qısaca “risalət vəzifəsi” deyirik.[8]

Qurani Kərimdə nəbilərə aid bu ümumi məqsəd və vəzifə haqda buyurulur:

O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir“.[9]

Bəli, onlar bu qayəni gerçəkləşdirmək üçün gəlmişlər. Bu yolda qarşılarına çıxan maneə kim və nə olur-olsun, onlara zərrə qədər təsir etməz, qorxu nədir bilməzlər. Çünki hər zaman Allahdan (c.c.) qorxarlar.

Və bu mövzuda Peyğəmbərimizə (s.a.s.) belə səslənilir:

“Ya Rəsulallah! Rəbbin tərəfindən sənə nazil olanı (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!

Yəni əgər sən vəzifəni qüsurlu yerinə yetirsən, bu, göndərilmə qayəndə, yəni risalət vəzifəndə qüsura yol vermək sayılır. Bu da təkcə sənin şəxsi həyatınla bağlı bir qüsur deyil, əksinə bütün in­sanların şəxsi və ictimai həyatı ilə əlaqədardır. Çünki Sənin vəzifən bütün insanlığı işıqlandırmaqdır. Əgər sən bu vəzifəni yarımçıq yerinə yetirsən, bütün insanlıq zülmət içində qalacaq…

Əslində, O, vəzifəsinin şüurunda idi. Elə olmasaydı, Allah Onu bu vəzifə ilə göndərməzdi.

Allah Rəsulunun (s.ə.s) təbliği

Allah Rəsulu bu ülvi vəzifəni alandan sonra bütün həyatını dinin təbliğinə həsr etdi. O, qapı-qapı gəzdi, dinini anlatmaq üçün dost sima və könüllər axtardı.

Müşriklər əvvəlcə əhəmiyyət vermədi, ardınca müsəlmanları şəhərdən təcrid etməyə çalışdı. Daha sonra istehza edib ələ salmaqla reaksiya verdilər. Axırda da hər vasitəyə əl atdılar. Yollarına tikan tökdülər, namaz qılarkən başına içalat qoydular, xülasə, hər cür həqarəti rəva gördülər. Ancaq heç bir şey  Allah Rəsulunun əzmini qıra, Onu yolundan döndərə bilmədi. Çünki O, dünyaya bu qayə ilə gəlmişdi. Ən amansız düşmənləri də daxil olmaqla hər kəsin qapısını dəfələrlə döyüb onları Allahın dininə səslədi. Bəli, Əbu Cəhil və Əbu Ləhəb kimi din və iman düşmənlərini belə, kim bilir, neçə dəfə İslama çağırdı. Haqq və həqiqəti bəyan etdi!

O, bazarları dolaşır, bir nəfərin hidayətinə səbəb olmaq üçün çadır-çadır gəzir, qapılar üzünə bağlansa da, yenə də döyür, təbliğ vəzifəsini yerinə yetirirdi. Məkkədən ümid kəsiləndə Taifə getdi. Taif səfalı, gəzməli bir yerdir. Bolluqdan, firavan həyatdan azğınlaşmış taiflilər amansızlıqda məkkəliləri ötüb keçdilər. Taifin səfeh və sərsəriləri yığışıb Rəsuli-Əkrəmi, bəli, mələklərin belə üzünə baxmağa qıymadığı o Günəşlər Günəşini daşlayaraq Taifdən çıxardılar. “Övladım” deyib bağrına basdığı Zeyd b. Harisə Allah Rəsulunun yanında idi. Zeyd özünü atılan daşlara sipər edərək Peyğəmbərimizi qorumağa çalışdı, amma yenə də bütün vücudu qan içində idi.

Taiflilərdən uzaqlaşıb bir ağacın altına sığınmışdılar ki, birdən-birə Cəbrail (ə.) göründü. Və “İzin ver, ya Rəsulullah, bu dağı o azğın insanların başına yıxım”, – dedi. Allah Rəsulu nə qədər in­ci­dilsə də, nə qədər əziyyət görsə də, onun kimi düşünmürdü. “Xeyr” dedi, razı olmadı.

 Bəli, əgər bir gün Taifdən imanlı insanlar çıxacaqsa, o gün onların ilahi əzaba məruz qalmasını istəmirdi…

Və sonra əllərini açıb Rəbbinə dua edərək yalvardı:

“Allahım, gücsüzlüyümü, zəifliyimi və insanların həqir gör­mə­sini Sənə şikayət edirəm. Ya Ərhamərrahimin! Sən xor baxılan və həqir görülən biçarələrin Rəbbisən. Mənim də Rəbbimsən. Məni kimə tərk edirsən? Pis sözlü, pis üzlü yad kəslərəmi, yoxsa və­zifəmə müdaxilə edən düşmənəmi? Əgər mənə qəzəbin tutmayıbsa, çəkdiyim möhnətlərə, bəlalara heç əhəmiyyət vermərəm. Ancaq lütfün ürəkaçan və daha genişdir. İlahi, qəzəbinə tuş gəlməkdən, yaxud xoşuna gəlməyən bir əməli işləməkdən Sənin o zülmətləri aydınladan, dünya və axirət işlərinin çarəsi nurlu simana sığınıram. İlahi, Sən razı olanacan Sənin əfvinə müntəzirəm! İlahi, bütün güc və qüvvət yalnız Sənin əlindədir”.

Bu vaxt bir nəfər səssizcə onlara yaxınlaşdı və bir qaba qoyduğu üzüm salxımını Allah Rəsuluna uzadıb: “Buyurun, bundan yeyin”, – dedi. İki Cahan Sərvəri əlini qaba uzadarkən “Allahın adı ilə” mənasında “Bismillah” dedi. Üzüm gətirən Addas adlı kölə həyəcanlanıb heyrətlə soruşdu: “Sən kimsən?” Allah Rəsulu cavab verdi: “Son rəsul və son nəbiyəm”. Addas onun əl-ayağına düşüb öpməyə başladı. İllərdir, göydə axtardığını indi yerdə tapmış, heç gözləmədiyi anda rastına çıxmışdı və dərhal iman etdi.[10]

Əgər bu son hadisə də olmasaydı, Rəsulullah Taifdən çox kədərli qayıdacaqdı. Hüznü başına gələnlərə görə deyildi, bircə insana da ilahi həqiqətləri çatdıra bilməməkdən idi. Halbuki indi sevincinin həddi-hüdudu yox idi. Çünki Addas Onun vasitəsilə hidayətə gəlmişdi.

Bəli, O, nəbilər sərvəri idi. Bir an da dayanmadan həqiqətə dost, saf qəlbli və təmiz üzlü insan axtarır, tapanda isə qəlbini fəth edib ruhunun ilhamlarını pıçıldayırdı. Beləcə ətrafında halələnən nur halqası günü-gündən daha da genişlənir, genişləndikcə də küfr əhlini özündən çıxarırdı.

Məkkə Allah Rəsulunu qoruya bilməyincə O da Mədinəyə hicrət etdi. Orada İslamı yaymaqda davam edəcəkdi. Mədinədə də yəhudi və münafiqlərlə mübarizə aparacaq, ordu təşkil edib küfrlə müharibə edəcək, hərb meydanlarında dişi qırılacaq, üzü yaralanacaq, ac və susuz qalacaq, çox vaxt aclıqdan qarnına daş bağlayacaq, amma yolundan dönməyəcəkdi. Və dönmədi də. Bəli, O, təbliğ vəzifəsindən bir an da əl çəkmədi. Dinin ən kiçik məsələlərinə qədər hər şeyi insanlara çatdırdı, izah və elan etdi. Mədinədə dinc dövrdə də, dövlətlərlə üz-üzə gələndə də fərdlərin irşadını əsla ehmal etmədi. Bir bədəvi bir şeyi, bəlkə də, yüz dəfə təkrar soruşsaydı, həmişə eyni şövq və həvəslə cavab verərdi.

Təbliğ insanları sirati-müstəqimə, doğru yola çağırmaq, sövq etmək deməkdir. Və təbliğ bütün nəbilər kimi Nəbilər Sultanının da gəliş qayəsidir. O sirati-müstəqim ki, hər mömin onu çox yaxşı bilir və bilməlidir də. Bəli, biz gündə ən azı qırx dəfə namazda Rəbbimizdən sirati-müstəqim diləyirik.[11] Yəni nəbilərin, siddiqlərin, şəhidlərin keçdiyi yoldan keçmək və onlar kimi, məqsuda çatmaq istəyirik. O, geniş bir yoldur və hər kəsin o yolda bir nəsibi var. Çünki sonuncu Nəbi, ayənin ifadəsi ilə, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir.[12]

Həmçinin O, – ayənin  bəyanına görə – şahid, müjdə verən və qorxudub xəbərdar edəndir: “Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir xəbərdaredici kimi göndərdik!”[13]

Allah Rəsulu iyirmi üç il peyğəmbərlik kimi ağır bir məsuliyyəti daşımış və mükəlləfiyyətlərini mükəmməl şəkildə yerinə yetirmiş müstəsna insandır. Belə ki, bu müvəffəqiyyət heç bir məfkurə insanına nəsib olmamışdır…Və məhz bu ruh və şüurla gündən-günə  sona yaxınlaşırdı.

Vida Həccində idi, – onsuz da, həyatında cəmi bir dəfə həcə get­mək qismət oldu. Ümrə ilə həcci birləşdirdiyi üçün biz buna “Həcci-Əkbər” də deyirik.[14] Allah Rəsulu bu son həccində dəvəsinə mindi və hər şeyi anladıb sona çatdırmağa çalışdı. Bəli, qan davalarından qadın haqlarına, ondan da faizə, qövm və qəbilə münasibətlərinə qədər hər şeyi danışdı. Daha sonra da əshabından “Diqqət yetirin, təbliğ etdimmi?”– deyə soruşdu. Hər dəfə: “Bəli, təbliğ etdin” cavabını alıb Allahı şahid gətirərək: “Allahım, şahid ol!” – buyurdu.[15]

O, öz vəzifəsini layiqincə yerinə yetirmişdi. Buna görə də vicdanı rahat, qəlbi hüzurlu idi və hər addımda Rəbbinin dərgahına getməyə hazırlaşırdı. O, müraqəbə (özünü hesaba çəkmə) timsalı və ən həssas insan idi. Başqa sözlə, bütün ömrünü belə bir hazırlıq için­də keçirmiş və öz-özünə: “Görəsən, əsl göndərilmə qayəmə uyğun yaşaya bildimmi?” – demişdi.

3. Gözəl örnək

Peyğəmbərlərin göndərilmə qayələrindən biri də ümmətə gö­zəl örnək olmaqdır.

Allah (c.c.) Müqəddəs Kitabında: “Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get[16]– buyurur.

Təsəvvür edin ki, Quranda keçmiş peyğəmbərlər bir-bir adları çəkiləndən sonra Həzrət Məhəmməd Mustafaya onların yolu ilə getmək əmr edilir. Qurani-Kərim bizlərə də səslənir:

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”[17]

Peyğəmbərlər bizim imamımız və rəhbərimizdir. Namazda imama tabe olduğumuz kimi, həyatın hər sahəsində də Ona tabe oluruq. Çünki həqiqi həyatı O və digər nəbilər yaşamış və təmsil etmişdir. İslamın ilk dövrünün müsəlmanları Allah Rəsulunun hər sözünə itaət etmişlər. Buna görə də İki Cahan Sərvəri həm onları, həm də onlardan sonra gələnləri belə tərif etmişdi.

Peyğəmbərimiz (s.a.s.) bir hədisində:

“İnsanların ən xeyirlisi mənimlə eyni dövrdə yaşayanlardır. Sonra onların ardınca gələnlər,daha sonra da onların ardından gələnlərdir”[18] – buyuraraq Səadət əsrində və ona yaxın dövrlərdə yaşayan müsəlmanların fəzilətinə işarə etmişdir. Çünki onlar yaşadıqları həyatı, duyğularını, düşüncələrini Allah Rəsulunun həyatına, duyğu və düşüncəsinə bənzətməyə çalışır və bu yolda olduqca həssaslıq göstərirdilər. Əslində, Allahın (c.c.) örnək və rəhbər seçdiyi bu uca insana bənzəmək məqsəd olmalı idi və oldu da.

Bəli, səhabə, tabiun və təbeyi-tabiun həzrətləri Rəsulullahın yoluna çox həssas yanaşırdılar. Və buna görə də digər əsrlərin insan­lardan daha fəzilətli sayılırlar. Həzrət Musa: “Qüdsilərin bayraqları əllərindədir”,[19] – deyir, “Qüdsilər” sözü ilə Peyğəmbərimizin ümmətini nəzərdə tuturdu. Bu, böyük bir ehtiramın ifadəsi idi.  Allah Rəsulu bir (zəif) hədisdə: “Mənim ümmətimin alimləri Bəni-İsrailin peyğəmbərləri kimidir”, – buyurur.[20] Bəli, onlar Peyğəmbərimizə tabe olmaqda, Onun yolunu yaşamaqda, imanda, fəzilətdə elə bir səviyyəyə çatmışdılar ki, bu məqamdan bir az irəlidə peyğəmbərliyin sərhədləri başlayırdı.

İslamı qəbul edən və ömrünü bu yola fəda edən Həzrət Ömər (r.a.) gözəl nümunədir. O, Peyğəmbəri bir rəhbər və lider kimi qəbul etmiş, ömür irmağını Onun həyat məcrası ilə axıtmış bənzərsiz bir insan idi. Romanın, Bizansın qapıları üzünə taybatay açılanda, ölkələr və hökmdarlar rəiyyətinə çevriləndə belə həyatı zərrə qədər dəyişməmişdi. Bu gün məhzun, kədərli, əsir və İslam aləminin qanayan yarası olan Qüds məhz onun dövründə fəth edilmişdi. Müsəlman ordusu şəhərə girib hakimiyyəti ələ alsa da, keşişlər bir müddət şəhərin açarlarını verməkdə tərəddüd etmiş və: “Bu şəhərin açarlarını təhvil alacaq şəxsin simasını aranızda görə bilmirik, onun üçün də açarları verə bilmirik”, – deyirlər.

Hadisədən xəbər tutan böyük xəlifə yola çıxır. Öz dəvəsi olmadığı üçün Beytül-maldan[21] borc dəvə götürüb köləsi ilə birlikdə növbəli minə-minə Qüdsə gedir. Qədərin cilvəsinə bax ki, şəhərə girəndə dəvəyə minmək növbəsi kölənin olur. Xəlifə dəvədən düşür, kölənin bütün israrlarına baxmayaraq, onu dəvəyə mindirir və özü dəvənin yüyənindən tutub şəhərə girir.

Mənzərəni görənlər şam kimi əriyirlər və: “Kitablarımızda şəmaili xüsusiyyətləri bildirilən adam məhz budur”, – deyib açarları ona təslim edirlər. [22]

Belə edirdi, çünki Peyğəmbərimizdən belə görmüşdü. Ona itaət edəcək, Onun yolu ilə gedəcək, gələcək nəsillərə də nümunə olacaqdı.

Bəli, peyğəmbərin göndərilmə qayələrindən biri də ümmətə örnək olmaq idi.

4. Dünya-axirət müvazinəti

Peyğəmbərlər dünya və axirət müvazinətini təsis etmək üçün gəlmişlər. Bəşər onların gətirdiyi müvazinət düsturları ilə ifrat və təfritdən xilas olacaq və istiqaməti (doğru yolu) tapacaqdır. Bəli, bu, nə keşiş və ruhanilər kimi dünyanı tamamilə tərk edib monastırlara çəkilmək, nə də bütünlüklə dünyaya bağlanıb onun qulu, köləsi olmaq deyil, daima orta yolda olmaq və yaşamaqdır ki, o ucalığa da ancaq vəhyin nurlu dünyasında çatmaq mümkündür. Yoxsa belə bir müvazinəti ağıl və vicdan vasitəsilə qurmaq müşküldür, mücərrəd elm isə heç vaxt insanı bu səviyyəyə yüksəldə bilməz.

Qurani-Kərim dünya-axirət müvazinəti haqda buyurur:

Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə lütf etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”[23]

Bu ilahi tarazlığın bir tərəfində “Və (daima) Rəbbinin nemətlərindən söhbət aç![24] ayəsi ilə bildirilən dünya, digər tərəfində də “Sonra da, and olsun ki, həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız![25] ayəsinin xəbərdarlıq dolu ifadələri ilə bəyan edilən axirət dayanır. Məhz müvazinət də bu meyarlar çərçivəsində qorunmalıdır.

Həzrət Əbu Bəkir bütün sərvətini Allah yolunda sərf etmişdi, çünki siddiqlik – sədaqət və doğruluq bunu tələb edirdi. Xəlifəliyi dövründə ona bir qab soyuq su verdilər, içdi və ardınca da hıç­qıra-hıçqıra ağladı. Yanındakıları da ağlatdı. Bir müddət sonra hıçqırtılarını kəsdi, amma yanında olanlar hələ də ağlayırdı, ehtimal ki, bir müddət də onların ağlamasına göz yaşı tökdü, sonra üz-gözünü silib  özünə gəldi. “Niyə bu qədər ağladın, ya Əbu Bəkir?” – dedilər. Cavabı belə oldu:

“Bir gün Allah Rəsulu (s.a.s.) ilə birlikdə idik. Əli ilə nəyisə itələdi. Və sanki: “Məndən uzaq ol, məndən uzaq ol”, – deyirdi. Soruşdum: “Ya Rəsulallah, elə bil nəyisə özündən uzaqlaşdırırsan, amma mən heç kimi görə bilmirəm?” Buyurdu: “Dünya bütün dəb­dəbəsi ilə qarşımda canlandı, özünü mənə qəbul etdirmək istədi, mən də ona (məndən uzaq ol)”, – dedim. O da bir kənara çəkilə-çəkilə: “Vallah, sən məndən xilas olsan da, səndən sonra gələnlər mənim əlimdən qurtula bilməyəcək”, – dedi. Dünya bu bir qab su ilə özünü mənə qəbul etdirdi əndişəsi ilə ağladım”.[26]

Bəli, o və onun kimilər rahat və firavan həyat imkanı ola-ola, həmişə müvazinət içində ömür sürmüşdülər, çünki Allah Rəsulu bu cür yaşamışdı.[27]

5. Etiraz “qapı”sına qıfıl

Allah-Təala peyğəmbərləri axirətdə insanların etiraz etməyə haqları olmasın deyə göndərmişdir. Qurani-Kərimdə belə buyurulur:

“Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi gön­dərdik ki, daha insanların peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”[28]

Peyğəmbər olmayan liderlər kütlələri həmişə inandıra bilməmişdir, inandırsalar belə, lahuti (İlahi) mənbəyə söykənmədikləri üçün fikir, söz və davranışlarda bəşərilik qəlibindən çıxmağı bacarmamış, ətrafındakılar da zaman keçdikcə saralmış yarpaqlar kimi tökülüb getmişlər.

Halbuki peyğəmbərlərin liderliyi bundan fərqlidir. Yuxarıda da söylədiyimiz kimi, onlar xüsusi seçilmiş müstəsna insanlardır. Onlar ana bətnindən peyğəmbərdir. Onların həyatı musiqini, sözləri də şeiri xatırladır. Onlar danışarkən varlıq aləmi susub cani-könüldən dinləyir. Bəli, onlar gəlişləri ilə neçə-neçə cahanşümul hadisələrin axarını dəyişdirir və neçə-neçə könülləri fəth edir. Kainatda mövcud qanunlar bəzən onların hörmətinə  işləməz olur, bəzən də onların istəyi ilə məcrasını dəyişdirir…

Bir Nəbilər Sultanına baxın! Daş, ağac, torpaq və növ-növ heyvanlar Onu dinləyir və Onun peyğəmbərliyini təsdiq edirdi. Buseyrinin də dediyi kimi, “Ağac qaça-qaça  Ona doğru gəlir və öz dili ilə “Sən Allahın Rəsulusan”, – deyirdi.[29]

Çünki əşya Onun gəlişi ilə bir məna kəsb etmiş və varlıq xaosun pəncəsindən xilas olmuşdu. O, Quranın dili ilə “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız”,[30] – deyir, hər bir varlığa can və həyat üfləyirdi.

Biz hər şeyi Ondan öyrəndik və əşya hikmət taxtına Onunla oturdu.[31] Təbii ki, insan da əbəs və başlı-başına olmadığını dərk etdi.[32]

Hər peyğəmbərə insanları inandırmaq və inanmayanların da bəhanə gətirməsinə imkan verməmək üçün  möcüzələr bəxş edilir. Allah Rəsulu isə bütün peyğəmbərlərə aid möcüzələrin hamısını gətirmiş və Nəbilər Sultanı olduğunu göstərmişdir.

Bəli, hər ümmət öz peyğəmbərinin möcüzələrini şəxsən görmüş və ya eşitmişdir. Bizlər də Allah Rəsuluna aid minlərlə möcüzə din­əmişik. Və Quran kimi əbədi bir möcüzə də qarşımızdadır. Artıq bundan belə kimsənin etiraz etməyə haqqı yoxdur. Allah (c.c.) həqiqətləri Peyğəmbəri vasitəsilə açıq-aşkar gözlər önünə sərmişdir. Bu həm də onların göndərilmə qayələrindən biridir. Bir mühüm məqam da var: Allah “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”[33] mənasında buyurur. Demək ki, peyğəmbər göndərildiyi üçün mizan və tərəzi qurulacaq və bəhanəyə baxılmadan hər kəs hesaba çəkiləcək.


[1]Baxın: Bəqərə surəsi, 2/253; İsra surəsi, 17/55.

[2]Buxari, Fəzailül-Quran 14; Məğazi 83; Müslim, Salam 51.

[3]Müslim, Salam 46; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/120.

[4]Ənbiya surəsi, 21/25.

[5]Nəhl surəsi, 16/36.

[6] Təbəri, Camiül-bəyan, 24/33 vd.; Əhməd b. Hənbəl, əl-Müsnəd, I, 449.

[7] Buxari, Mərda 19; Müslim, Zikr 10

[8]“Peyğəmbərlər atabir qardaşlardır. Anaları isə ayrıdır. Dinləri birdir”. Yəni peyğəmbərlər dinin əsasında (tövhiddə) birləşirlər. Təfərrüatda isə bir-birindən fərqli şeylər gətirmişlər. (Buxari, Ənbiya 48; Müslim, Fəzail 145)

[9]Əhzab, 33/39.

[10]İbn Sad, ət-Tabaqatul-kübra, 1/211-212; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/266-269; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/136… vd. Hadisənin bəzi qisimləri üçün baxın.: Buxari, Bədül-xalq, 7; Müslim, Cihad,111.

[11]Fatihə, 1/6.

[12]Baxın: Ənbiya surəsi, 21/107.

[13]Əhzab, 33/45.

[14]Həcci-Əkbər: Bəzi alimlərə görə həccə, bəzilərinə görə isə ümrə ilə həccin birlikdə edilməsinə deyilir. Xalq arasında Ərafatın cümə gününə düşməsinə də deyilir ki, bu da doğru deyil.

[15]Müslim, Həcc, 147; Əbu Davud, Mənasiq, 56; İbn Macə, Mənasiq, 76, 84.

[16]Ənam, 6/90.

[17]Əhzab, 33/21.

[18]Buxari, Fəzailül-əshab 1; Müslim, Fəzailüs-səhabə 210-216.

[19]Əski Əhd, Təsniyə, Bab: 33, Ayə: 3.

[20]Acluni, Kəşfül-xafa, 2/83.

[21]Dövlət xəzinəsi

[22] Abdürrəzzaq, əl-Musannaf, 1/150; İbn Sad, ət-Tabaqatul-kübra, 3/350.

[23]Qəsəs, 28/77.

[24]Duha, 93/11.

[25]Təkasür surəsi, 102/8.

[26]Bəzzar, əl-Müsnəd, 1/106, 196; Beyhaqi, Şuabül-iman, 7/365; Əbu Nuaym, Hilyətül-övliya, 6/164.

[27]Nümunə olaraq baxın.: Müslim, Əşribə, 140-142.

[28]Nisa, 4/165.

[29]Baxın.: Müslim, Zühd 74; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/223.

[30]İsra, 17/44.

[31]“Öz içinizdən, sizə ayələrimizi oxuyan, sizi təmizləyən, sizə Kitab və hikməti və bilmədiklərinizi öyrədən bir Elçi göndərdik”. (Bəqərə, 2/151) Ayrıca baxın.:Bəqərə, 2/129; Ali-İmran, 3/164; Cümə, 62/2 və Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/202 (Həzrət Cəfər ilə Nəcaşi arasında olan söhbət.)

[32] Bu ayələr bu mövzunu gözəl izah edir: “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!” (Qiyamət, 75/36). “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun, 23/115)

[33]İsra, 17/15.