1. 056 dəfə oxunub ,   0 şərh   Çap et

 Zarafatın tarixi insanlığın tarixi qədər qədimdir. İnsan təbiət etibarilə həmişə eyni səviyyədə fəal və ciddi ola bilməz. Həddən artıq yorğun olanda müəyyən davranışlarla istirahət etməyə, ruhən dincəlməyə çalışır. Zarafat da bunlardan biridir. İstehza və məsxərədən fərqli olaraq zarafat əziyyət etmədən və qəlbləri qırmadan edilir.

Peyğəmbərimiz (s.ə.s.) zarafat etməklə zarafatın bir insani ehtiyac olduğunu göstərmișdir. Əgər O, daim kədərli və ciddi olsa idi, insanların Onun yanında dayanmağa gücü çatmazdı.

Hz. Aișə Rəsulullahın zarafat etdiyini söylədikdən sonra belə  buyurduğunu nəql edir: “Şübhəsiz, Allah-Təala yalan qarışmayan zarafata görə heç kimi sorğu-suala çəkməz”.[1]

Bir gün Əbu Hureyrə, çox güman, Allah Rəsulunun zarafat etdiyini anlamamıș, ona görə də:

– Ey Allahın Rəsulu! Bizimlə zarafat edirsən? – deyə sorușmuş­du. Rəsulullah:

– Bəli, Mən zarafat edirəm, amma yalnız doğrunu söyləyirəm, – deyə cavab vermișdi.[2]

Hətta O (s.ə.s.), nəvələri Həsən və Hüseynlə zarafatlașar, onları çiyninə mindirib:

– Dəvəniz nə gözəl dəvədir. Siz də nə yaxșı minicisiniz, – deyərək gəzdirərdi.[3] Peyğəmbərimiz Ənəsin ailəsini də bəzən ziyarət edərdi. Ənəsin qardașı Umeyrin Nuqayr adlı bir qușu vardı. Rəsulullah “Əbu Umeyr! Sənin Nuqayrın nə edir?” – deyə ușağın könlünü almıșdı.[4] Bu iki hadisədə Rəsulullahın (s.ə.s.) ușaqlarla etdiyi zarafat nümunələrini görürük. Hətta Ənəsə bəzən:

– Ey iki qulaqlı,[5] – deyə zarafat edərdi.

Rəsulullah ya irșad etmək, ya Allah rizasını qazanmaq, ya sevgi bağı qurmaq, ya da qəm, kədəri dağıtmaq üçün zarafat edirdi.

Bir gün minik heyvanı istəyən səhabəsinə:

–  Səni dəvə balasına mindirim? – deyə sual etmişdi.  Səhabə çaşıb qalmışdı. Və Rəsulullah:

–  Bütün dəvələr dəvə balası deyilmi? – cavabı ilə zarafat etdiyini xatırlatmışdı.[6] Yenə Vida həccindən qayıdarkən Əncəșə adlı səhabə  yanıq səsi ilə Rəsulullahın xanımlarını aparan dəvələri coșdurub yerişini yeyinlədirdi. Bunu  görən Peyğəmbərimiz:

– Ey Əncəșə! Yavaș sür, büllurları sındırarsan, – buyurdu.[7]

Ənsardan yașlı bir qadın cənnətə getmək üçün Rəsulullahdan dua istəmiş, Peyğəmbərimiz (s.ə.s.):

– Yașlı halda cənnətə getmək olmaz, –  buyurmușdu. Qadının bu sözdən çox kədərləndiyini görüb:

– Bilmirsən ki, cənnətə yașlı halda girməyəcəklər? – demişdi.[8]

Zahir adlı ucqarda yaşayan bir bədəvi vardı. Bəzən Rəsulullahı ziyarət edər və Ona hədiyyələr gətirərdi. Rəsuli-Əkrəm də onu hədiyyələrlə yola salar. Zahirə: “Zahir bizim çöldəki təmsilçimiz, biz də onun şəhərdəki  təmsilçisiyik,” – deyə zarafat edərdi. Rəsu­lullah Zahiri çox sevirdi. Zahir zahirən çirkin olsa da, mənən çox gözəl insan idi.

 Rəsulullah bir gün bazarda mal satan Zahiri arxadan qucaqladı. Zahir Rəsulullahı görə bilmirdi. “Sən kimsən, məni rahat burax!” – dedi. Bir az arxaya çevriləndə onun Rəsulullah olduğunu görüb müqavimət göstərmədi. Bu vaxt Rəsulullah (s.ə.s.):”Bu köləni (yəni Zahiri) kim satın alar?” – dedi.  Zahir də: “Ya Rəsulullah! Məni satsan, çox ucuz satarsan, çünki heç kim məni almaq istəməz,” – dedi.  Rəsulullah: “Ancaq sən Allahın nəzərində dəyərsiz deyilsən, əksinə çox dəyərlisən,” – buyuraraq zahirin deyil, gözəl əxlaq və niyyətin əhəmiyyətli olduğunu vurğulamıșdı.

Peyğəmbərimiz (s.ə.s.) bəzən nəvələriylə oynayardı. Onları bəzən çiyninə alar, bəzən kürəyinə mindirib gəzdirər, bəzən ayağında yelləyər, bəzən də üz hərəkətləri ilə güldürüb əyləndirərdi.[9]

 



[1]. İbn Asakir, Tarix, 4/37

[2]. Tirmizi, 4/357; Əhməd b. Hənbəl, 2/340, 360

 [3]. Tirmizi, 5/661

 [4]. Buxari, 5/2291; Müslim, 3/1692; Əbu Davud, 2/711; Tirmizi, 2/154, 357

 [5]. Əbu Davud, 2/719; Tirmizi, 5/681; Əhməd b. Hənbəl, 3/117

 [6]. Əbu Davud, 2/712; Əhməd b. Hənbəl, 3/267.

 [7]. Buxari, 5/2281, 2291; Müslim 4/1811; Əhməd b. Hənbəl, 3/107

 [8]. Tirmizi, Şəmail, 1/199; Heysəmi, Məcməüz-zəvaid, 10/776

 [9]. Tirmizi, 5/661; əl-Hindi, Kənzül-Ummal, 13/625

 




Şərh yaz