2. 878 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın məstləri

Rəsulullahın ömrünə nəzər salanda necə sadə həyat yașadığına șahid oluruq. Bu, Onun məstlərinə də sirayət etmişdi. Bureydənin (r.a.) rəvayət etdiyi hədis buna dəlildir:

“Nəcași (Həbəş hökmdarı)Peyğəmbərimizə naxıșsız, bəzəksiz, iki qara məst hədiyyə etdi. Peyğəmbərimiz bu məstləri geyindi, dəstəmaz alaraq üstünə məsh etdi.

Bu hədiyyəni Peyğəmbərimizə göndərən Həbəșistan məliyinin adı  “Əshəm”[1] idi. Həmin hökmdar vəfat edəndə Allah Rəsulu:

– Bu gün Həbəșistanda saleh bir qul vəfat etdi. Qalxıb onun cənazə namazını qılaq,[2] – buyurmușdur.

Dihyətül-Kəlbi də Peyğəmbərimizə məst hədiyyə etmișdi. Allah Rəsulu həmin məstləri köhnələnə qədər geyinmișdi.[3]

Hədis kitablarında belə bir hadisə nəql edilir: “Peyğəmbərimiz (s.ə.s.) bir gün ehtiyacını dəf etmək üçün uzaq bir yerə, bir ağacın altına getdi. Məstləri çıxarıb bir kənara qoydu. Elə dəstəmaz alıb məstin bir tayını geyinmişdi ki, bir quș enib o biri tayı götürdü və havaya qalxdı. Ardınca da məsti tərsinə çevirdi, içindən bir ilan düșdü. Bunu seyr edən Rəsulullah buyurdu:

– Allahım! İki və ya dörd ayağı üstə gəzən, qarnı üstə sürünən məxluqatın șərindən Sənə sığınıram”.[4]

Rəsulullahın ayaqqabıları

Nəbiyyi-möhtərəm Peyğəmbərimizin sadə həyatı ayaqqabılarından da görünürdü. Hz. Qatadə (r.a.) Hz. Ənəsdən sorușdu:

– Peyğəmbərimizin ayaqqabıları necə idi?

Hz. Ənəs:

– İki qayıșlı ayaqqabıları vardı. Biri baș barmağı ilə ikinci barmağının, biri də orta barmağı ilə dördüncü barmağının arasından keçərdi.[5]

İbn Abbasın rəvayətində isə “Peyğəmbərimizin ayaqqabılarında iki ədəd bağ olması” haqda məlumat var. İsa ibn Təhmən deyir: “Ənəs Peyğəmbərimizin ayaqqabılarını çıxardı. Üstündə tük yox idi.” Bu ayaqqabıların da iki bağı vardı.[6]

Bununla yanașı, Hz. Ənəs (r.a.) Rəsulullahın xatirəsini yad etmək və bərəkət gətirsin deyə Onun vəfatından sonra əșyalarını qoruyub saxlayırdı. Peyğəmbərimizin sünnətinə müștaq səhabə  Abdullah ibn Ömər ona:

– Tüksüz ayaqqabılar geyirsən, – deyən Ubeyd ibn Cüreycə bu cavabı vermişdi:

– Mən Allah Rəsulunun tüksüz ayaqqabılar geydiyini gördüm. Hətta dəstəmaz alandan sonra ayaqları yaş-yaş bu ayaqqabıları geyərdi.

İbn Ömər deyir:

– Mən də Allah Rəsuluna sünnətinə əməl etmək üçün bu ayaqqabıları geyməyi xoşlayıram.[7]

Ayaqqabıların növü ilə əlaqədar rəvayət: “Amr ibn Hureys (r.a.) deyir:

– Mən Allah Rəsulunun (s.ə.s.) ikiqat dəridən, tikișli ayaqqabı ilə namaz qıldığını gördüm.[8]

Peyğəmbərimiz (s.ə.s.) bir tay ayaqqabı geyinməyi xoş qaşılamır. Əbu Hureyrənin (r.a.) rəvayət etdiyi hədis belədir. Peyğəmbərimiz buyurdu:

– Heç kim ayaqqabının bir tayını geyib gəzməsin. Ya iki ayaqqabını birdən geyinsin, ya da ikisini birdən çıxarsın.[9]

Peyğəmbər əmrinin səbəbi budur: bir tay ayaqqabı və ya bir tay corabla camaat içinə çıxan șəxsin ruhi xəstə hesab olunması ehtimalı var. Bununla yanașı, orqanlar arasında da ədaləti təmin etmək üçün bu tarazlığa riayət etmək lazımdır.

Ayaqqabıları geyərkən sağ, çıxararkən isə sol ayaqdan bașlamaq lazımdır. Əbu Hureyrə (r.a.) bu haqda bir hədis rəvayət edir. “Ayaqqabınızı geyərkən sağ ayaqdan bașlayın. Çıxararkən də sol ayaqdan”.[10] Güman ki, aşağıdakı hədis Onun  bu mövzuda ümmətini çətinə salmaq istəmədiyini də göstərir. Aișə anamız nəql edir: “Peyğəmbərimiz sağ ilə bașlamağı, gücü əl verdikcə sağı istifadə etməyi xoşlayardı. O, saçlarını darayarkən, ayaqqabılarını geyərkən və dəstəmaz alarkən də belə edərdi”.[11]

Peyğəmbərimizin vurğuladığı xüsuslara ümmətin riayət etməsi çox əhəmiyyətli məsələdir. Madam ki saçını daramağa, ayaqqabısını geyməyə və dəstəmaza sağdan bașlamıșdır, ümməti də sünnətə riayət etməlidir.

Rəsulullahın üzükləri

“Xatəm” sözü həm üzük, həm də möhür mənasında işlənir. Hicaz bölgəsində üzük məşhur zinət əșyasıdır. “Nəbiyyi-möhtərəm Peyğəmbərimiz (s.ə.s.) necə üzüklərdən istifadə edərdi, qașı necə idi?”

Nəbilər Sultanı bəzi hökmdarlara İslamın təbliği üçün məktublar göndərirdi. Dövlət işlərində təcrübəli olan bəzi səhabələr bu məktubların möhürlü olmasının vacibliyini bildirdilər. Allah Rəsulu da özü üçün bir möhür düzəldilməsini tapşırdı. İlk möhür gümüșdən olub qașı da əqiq idi.

Hz. Ənəs (r.a.) rəvayət edir: “Peyğəmbərimizin ilk möhürü gümüșdən olub qașı da Həbəși idi”.[12] Həbəș dașına əqiq də deyilir.Əqiq dașına, daha çox Yəmən və Həbəșistanda rast gəlinir. İbn Ömər: “Peyğəmbərimizin bir gümüș üzüyü vardı, onunla möhür vurardı, amma taxmazdı,”[13] – deyir.

Peyğəmbərimizin ən məșhur möhürü belədir: möhürün üstündə birinci sətirdə “Allah”, ikinci sətirdə “Rəsul”, üçüncü sətirdə isə “Muhamməd” sözləri yazılmıșdır.[14]

Ayaqyoluna gedərkən üzük kimi əșyaların çıxarılıbçıxarılmaması məsələsində Rəsulullah çıxarılmasına üstünlük vermişdir.Bu, üzüyün üstünə Allahın isimlərinin yazılması ilə bağlıdır. Peyğəmbərimiz də ehtiyacını dəf edərkən üzüyünü çıxarmıșdır.[15] Peyğəmbərimizin möhür kimi də istifadə etdiyi üzük vəfatından sonra ardıcıllıqla Həzrəti Əbu Bəkrə, Həzrəti Ömərə, Həzrəti Osmana keçmișdir. Daha sonra həmin üzük Əris quyusuna düșmüșdür. Onun qașına “Muhammədun-Rasulullah” sözləri həkk olunmuşdu.[16]

Allah Rəsulu üzükdən necə istifadə edərdi?

Nəbilər Sərvəri Peyğəmbərimizin (s.ə.s.) üzükdən necə istifadə etməsi ilə əlaqədar fərqli rəvayətlər gəlib çatmışdır. Bu, Onun (s.ə.s.) bir növ üzük taxmadığını göstərir. Kürəkəni Həzrəti Əli rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s.) üzüyünü sağ əlinə taxardı”.[17] Oxșar  hədisi Əbu Sələmə də nəql edir.[18] Əbu Davudun rəvayətindəki hədisi İbn Ömər nəql edir:”Peyğəmbərimiz üzüyünü sol əlinə taxardı”.[19] Hətta  Hz. Həsən (r.a.) və Hz. Hüseyn (r.a.) də üzüyü sol ələ taxardılar.[20]

Rəsulullahın qılıncları

Hz. Məhəmməd (s.ə.s.) sülh peyğəmbəridir. Bir hədisində: “Mən mərhəmət peyğəmbəriyəm, eyni zamanda qılınc peyğəmbəriyəm,”[21] – buyurur. İstifadə etdiyi qılınclarla əlaqədar rəvayətlər belədir:

Hz. Ənəsin (r.a.) rəvayəti: “Peyğəmbərimizin mübarək qılıncının qəbzəsi gümüșdən idi”.[22] Məkkənin fəthi zamanı Rəsulullahın istifadə etdiyi qılıncın üzərində qızıldan və gümüșdən bəzəklər vardı.[23] Hətta Səmurə ibn Cündüb deyir: “Mən öz qılıncımı keyfiyyət və görünüşcə eyni Peyğəmbərimizin qılıncı kimi düzəltdirdim. Onun qılıncı Bəni-Hənifə qəbiləsinin qılıncına bənzəyirdi”.[24] Bu qəbilədə mahir qılınc ustaları vardı. Hətta Peyğəmbərimizin Məkkə fəthi zamanı bu qılıncı Bəni-Hənifə qəbiləsinə hədiyyə etməsi də rəvayət olunur.

RƏSULULLAHIN ZİREHLƏRİ

Peyğəmbərimiz (s.ə.s.) döyüșlərdə qalxandan istifadə etmișdir. Hətta Uhud döyüșündən əvvəl keçirilən müșavirədən sonra döyüș planının dəyișməsi üçün müraciət edən səhabələrə: “Bir peyğəmbər zirehini geydimi, bir daha çıxarmaz,”[25] – buyurmușdur.

Peyğəmbərimiz həmișə səbəbləri yerinə yetirməyə çalışmış, bu mövzuda ümmətinə nümunə olmușdur. İmam Qasalani Peyğəmbərimizin yeddi ədəd zirehinin olduğunu söyləyir. Birincisi, “Zatul-Fudulə”dir. Bu zirehi Peyğəmbərimizə Bədir döyüșünə gedərkən Sad ibn Ubadə hədiyyə etmişdir. İkincisi “Zatül-vișah”, üçüncüsü “Zatül-hivaș”dır. Bu zirehin də Hz. Davudun (əleyhissalam) Calut ilə döyüșdə istifadə etməsi və miras keçə-keçə Peyğəmbərimizə gəlib çatması haqqında rəvayət var. Bundan bașqa, Peyğəmbərimizin (s.ə.s.) “Sadeyh”, “Fiddə”, “Tibrə” və “Xırnık” adlı zirehləri də olmușdur.[26]

Zubeyr ibn Əvvamın rəvayət etdiyi hədisi-șərif belədir: “Peyğəmbərimiz (s.ə.s.) Uhud günü iki zireh geyinmişdi. Birinin adı “Zatul-Fudul”, digərininki isə “Fiddə”dir. Peyğəmbərimiz Uhud döyüşünün qızıșdığı vaxt əshabının əhvali-ruhiyyəsini yüksəltmək üçün bir qayaya çıxmaq istədi. Amma əynindəki zirehlərin ağırlığına görə çıxa bilmədi. Talha ibn Ubeydullahı çağırıb əyilməsini istədi. Onun çiyinlərinə basıb qayanın üstünə çıxdı. Beləcə əshabi-kiram Peyğəmbərimizin sağ olduğunu görüb çox sevindi. Ardınca Allah Rəsulu (s.ə.s.) belə buyurdu:

– Talha bu gün böyük bir mükafatı – șəfaətimi qazandı”.[27]

Peyğəmbərimiz Uhud günü iki zireh geyinmişdi. Birini xaricdən, digərini isə daxildən qorunmaq üçün geyinmișdi.[28]

Rəsulullahın dəbilqələri

Peyğəmbərimiz qalxan və zireh kimi, dəbilqədən istifadəyə də əhəmiyyət verirdi. Məkkənin fəthində mübarək bașına dəbilqə qoymuşdu.[29] Hətta bu dəbilqə dəmirdən idi.[30]

Rəsulullahın sarıqları

Ərəbcədə sarıq ya “dəstar”, ya da “imamə” sözü ilə ifadə olunur. Peyğəmbərimiz bir çox sarıqdan istifadə etmişdir. Bu sarıqlardan biri yeddi, biri isə on iki zira (arşın) uzunluğunda idi.

Peyğəmbərimiz sarıqlarını təkkə üstündən sarıyardı, yəni sarıq altından təkkə qoyardı. Bu mövzuda əshabi-kiramdan çoxlu hədis rəvayət edilmişdir. Allah Rəsulunun istifadə etdiyi sarığın rəngi, sarığı sarıma şəkli ilə əlaqədar bir çox rəvayətlər gəlib çatmışdır.

Hz. Cabirin (r.a.) rəvayət etdiyi hədis: “Peyğəmbərimiz Məkkə Fəthi zamanı başına qara rəngli bir sarıq dolamıșdı”.[31] Yenə bir rəvayətdən oxuyuruq ki,  bir xütbədə qara rəngli sarıq sarımış, bir tərəfini də kürəyinə sallamışdı.[32] Hətta bir səhabə deyir ki: “Buxarada bir adam gördüm, miniyinin belində ucadan:

– Mənim bașıma bu sarığı Allah Rəsulu sarıyıb, – deyirdi”.[33]

İbn Ömər (r.a.) isə rəvayət edir ki, Peyğəmbərimiz başına sarıq sarıyarkən ucunu mübarək çiyinlərindən așağı uzadardı.[34]

Rəsulullahın izarı

“İzar” vücudun așağı hissəsini örtən paltardır. “Rida” isə vücudun yuxarı qismini örtən libasa deyilir. Hacıların geyindiyi iki hissəli ehram da eyni sözlərlə ifadə olunur. Əbu Bureydə rəvayətində deyir: “Hz. Aișəni (r.a.) ziyarətə getmișdik. Bizə yamaqlı bir rida və qalın iplikdən toxunmuș bir izar gətirib göstərdi:

 – Aləmlərin Fəxri və Məqami-Mahmudun sahibi Peyğəmbərimiz vəfat edəndə əynindəki libaslar bunlar idi!”[35] Buradan aydın olur ki, Peyğəmbərimiz imkanı olan vaxtlarda belə sadə və təvazökar ömür sürmüşdü. O, yenə qulluğa yarașanı seçmișdi. Bir dəfə də Allah Rəsulu (s.ə.s.) bir səhabəyə arxadan səslənmişdi:

–  İzarını qaldır, bu, təqva və paltarın gec köhnəlməsi baxımından gözəldir, – dedi.

Həmin səhabə:

– Ey Allahın Rəsulu, bu, o qədər bahalı, təkəbbür nümayiş etdirmək üçün geyilən paltar deyil, – dedi.

Allah Rəsulu (s.ə.s.):

– Sən məndən bir gözəl əxlaq götürə bilməzsənmi?! – buyurdu.

Səhabə Rəsulullaha baxanda libasının topuğundan yuxarı olduğunu gördü”.[36]

Həzrəti Osman (r.a.) da əynindəki paltarı göstərib belə demişdi:

– Bax Rəsulullahın da paltarı belə idi.

O vaxt Həzrəti Osman əyninə geydiyi paltarın ətəyi topuqlarının yarısına qədər uzanırdı”[37] .


 [1]. Buxari, 1/443

[2]. Buxari, 1/420, 443, 447

 [3]. Tirmizi, 4/240

  [4]. Təbərani, Mucəmul-əvsat, 9/121; Heysəmi, Məcməuz-Zəvaid, 1/121

 [5]. Buxari. 5/220; Əbu Davud. 2/467; Tirmizi, 4/247

 [6]. Buxari 3/1131

 [7]. Buxari,1/73; Əbu Davud 1/550; Əhməd b. Hənbəl, 2/66

 [8]. Əhməd b. Hənbəl, 5/58; Əbu Yala, Müsnəd, 3/46; Tirmizi, Şəmail, 84

 [9]. Muvatta, 2/916; Beyhaqi, 2/432

 [10]. Buxari, 5/2200; Tirmizi, 2/244

[11]. Buxari, 1/74, 1/165, 2057,

 [12]. Müslim, 3/1658; Əbu Davud, 2/488, Tirmizi, 4/227; Əhməd b. Hənbəl, 3/225

 [13]. Nesaî, 8/179, 195; Əhməd b. Hənbəl, 2/68, 127; İbn Kəsir, Sirət, 4/703

 [14]. Buxari, 3/11331, 5/2205; Tirmizi, 4/229, 230

[15]. Tirmizi, 4/229; Nəsayi, 8/178

 [16]. Buxari, 2/2202, 2204; Müslim, 3/1655; Əbu Davud, 2/488

 [17]. Tirmizi, 4/228; Əbu Davud, 2/491

 [18]. Nəsayi, 8/174

 [19]. Tirmizi, 4/228; Əbu Davud, 2/492

 [20]. Tirmizi, 4/228; İbn Əbi Şeybə, Müsənnəf, 5/196; Beyhaqi, Şuabül-İman, 5/203

 [21]. Kənzul-Ummal, 11/598

 [22]. Tirmizi, 4/201; Əbu Davud, 2/36; Nəsayi, 8/219;

 [23]. İbn Kəsir, Sirət, 4/707

 [24]. Tirmizi, 4/197;

 [25]. Buxari, 6/2682; Əhməd b. Hənbəl, 3/351

 [26]. İbn Qayyim əl-Cevziyyə, Zadül-Məad, 1/126

 [27]. Tirmizi, 4/201

 [28]. Tirmizi, 5/643; Mişkatül-Məsabih, 2/383

 [29]. Əhməd b. Hənbəl, 3/180;

 [30]. İbn Həcər, Fəthul-bari, 4/60;

 [31]. Müslim, 2/990; Əbu Davud, 2/452; Tirmizi, 4/96, 225; Nəsayi, 5/201

 [32]. Müslim, 2/990; Əbu Davud, 2/452;

 [33]. Tirmizi, 5/425

 [34]. Tirmizi, 4/225; İbn Hibban, 14/307;

 [35]. Müslim, 3/1649; Tirmizi, 4/224; Əhməd b. Hənbəl, 6/32;

 [36]. Əhməd b. Hənbəl, 5/364; Tayalisi, Əhməd b. Hənbəl, 1/365

 [37]. Şəmail, 1/110




Şərh yaz