- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimiz (s.ə.s.) zarafat etmişdirmi?

Peyğəmbərimiz hər cəhətdən ən gözəl əxlaqa sahib idi. O, yerindən, vaxtından və həmsöhbətindən asılı olaraq ən gözəl davranışı ortaya qoyurdu. Məsələn: birbaşa peyğəmbərliyə aid olan məsələlərdə olduqca həssas, ciddi və təmkinli hərəkət edirdi. Eyni zamanda iman və ibadət xüsuslarında son dərəcə məsuliyyətli idi. Bütün bunlarla yanaşı, Allah Rəsulu ən çətin anlarında belə ətrafındakı insanlarla kobud və sərt davranmamışdır.

Digər tərəfdən də Peyğəmbərimiz insanlarla münasibətlərində son dərəcə təbii, təvazökar, səmimi və xoşgörülü olmuşdur. O, nübüvvətə aid məsələlər istisna, özünü əshabından ayırmazdı. Məsələn: bir iş olanda O da mütləq bir tərəfindən yapışardı. Darda qalanın köməyinə tələsər, acılı-şirinli hər şeyi əshabı ilə bölüşərdi. Onlarla ağlar, onlarla gülər, onlarla oturubdurardı. Lakin bu da bir həqiqətdir ki, təbəssüm Rəsulullahın üzündən əskik olmasa da, hüznlü Nəbinin çiyinlərində elə ağır və müqəddəs yük vardı ki, bunun öhdəsindən ondan başqa heç kim gələ bilməzdi. Bir şairimizin Peyğəmbərimizi “Məhzun Nəbi”  adlandırması da bundan qaynaqlanır.

Əslində, əshab da İslam davasına ciddiyyət və məsuliyyətlə çiyin vermişdi. Necə ki Qiyamətədək bütün bəşəriyyətin dünya və axirət səadətini təmin edən ən son və ən mükəmməl dinin – İslamiyyətin təbliğ və təmsil vəzifəsini Nəbilər Sultanından başqa heç kim yerinə yetirə bilməzdi, eləcə də o dövr üçün Peyğəmbərimizə və İslam davasına sahib çıxmaqda səhabələri də heç kim əvəz edə bilməzdi.

Bəli, O, Məhzun Nəbi olsa da, əshabına çox şəfqətli idi. Səha­bələrinin könlü açılsın deyə yeri düşəndə onlara gözəl sözlərlə iltifat göstərmiş, bəzən  də xoş və lətif zarafatlar etmişdir. Əvvəllər “zarafat” yerinə “lətifə” deyirdilər. Lətifə xoş, mənalı, dinləyicidə üzündə təbəssüm doğuran şirin və gözəl söz deməkdir. Peyğəmbərimizin zarafatları həmişə bu məzmunda olurdu.

Sözü uzatmadan Peyğəmbərimizin xoş zarafatlarından, bir neçə misal çəkək:

       Bir adam Rəsulullahdan (sallallahu əleyhi və səlləm) dəvə istədi. Allah Rəsulu da: “Səni dişi dəvənin balasına mindirəcəyəm”,– dedi. O adam: “Ey Allahın Rəsulu. Mən bala dəvəni neyləyim?”– (ona minmək olmaz ki!) dedi. Bunun cavabında Peyğəmbərimiz: “Dəvənin böyüyünü də, kiçiyini də dişi dəvə doğmayıb?” – deyə zarafat etdi.  (Tirmizi, Birr, 57)

Bir dəfə də yaşlı bir qadın Peyğəmbərimizin hüzuruna gələrək: “Ya Rəsulallah! Allaha dua et, Cənnətə girim”, – deyir. Peyğəmbərimiz də: “Cənnətə yaşlı qadınlar girə bilməz”, – buyurur. Cavabdakı incəliyi anlaya bilməyən qadın kədərlənib ağlamağa başlayır. Bunu görən Aləmlərə Rəhmət olaraq göndərilən Peyğəmbərimiz cavabını izah edir: “Yaşlı qadınlar cənnətə bu halda (yəni yaşlı) deyil, gənc və gözəl girəcəklər. Çünki Allah Qurani-Kərimdə: “Şübhəsiz ki, Biz onları (cənnətə girən qadınları) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik!” –(“Vaqiə” surəsi, 35-38) – buyurur. (Heysəmi, X, 419; Tirmizi, Şəmail, s. 91-92)

Bir başqa hadisəni də Ənəs bin Malik (radiyallahu anh) bu cür rəvayət edir: “Zahir adlı səhrada yaşayan bir adam vardı. Bu adam hər gəlişində orada yetişən məhsullardan Allah Rəsuluna hədiyyə gətirirdi. Geri dönəndə də Peyğəmbərimiz onun heybəsini şəhərdə tapılan şeylərlə doldurur və belə buyururdu: “Zahir bizim çölümüz, biz də onun şəhəriyik”. Rəsulullah onu çox sevirdi. Zahir görkəmcə elə də yaraşıqlı deyildi.

Bir gün Zahir əlindəkiləri satmaqla məşğul ikən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onu arxadan qucaqlayıb mübarək əlləri ilə gözlərini tutur. Zahir isə: “Sən kimsən? Burax məni!” – deyərək əlindən çıxmağa çalışır. Ancaq gözlərini tutan adamın Rəsulullah olduğunu başa düşən kimi rahat olur və kürəyini Kainatın Fəxri Peyğəmbərimizin köksünə sıxır. Bunu görən Rəsulullah: “Bu kölə satlıqdır. Almaq istəyən varmı?” – deyə səslənir. Zahir boynu bükük və qəmli halda: “Ya Rəsulallah! Mənim kimi dəyərsiz bir köləyə, vallah, quruş belə verən olmaz”, – deyir. Kainatın Fəxri Peyğəmbərimiz isə: “Xeyr, ya Zahir! Sən Allah qatında olduqca qiymətli və bahalısan!” – deyə buyurur. (İbni-Hənbəl, III, 161)

Peyğəmbərimiz burada qul, kölə anlamını verən “abd” sözündən istifadə etmiş və bununla da Zahirin Allahın qulu olduğunu nəzərdə tutmuşdu. Beləcə həm ona iltifat göstərmiş, həm də insana əsl dəyər gətirən şeyin Allaha qulluq olduğunu vurğulamışdır.

Peyğəmbərimiz böyüklərlə olduğu kimi, uşaqlarla da yaxından maraqlanırdı. Küçədə qarşılaşdığı uşaqlara salam verir, onlarla hal-əhval tutur, bəzən də edirdi.

Ənəs bin Malik (radiyallahu anh) nəql edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) ən gözəl əxlaqlı insan idi. Mənim bir qardaşım vardı, ona Əbu Umeyr deyirdilər. Qardaşımın sərçə boyda noqayr quşu vardı, onunla oynayırdı. Allah Rəsulu hər dəfə qardşımı görəndə ona: “Ya Əbu Umeyr, noqayr nə etdi?” – deyə soruşardı.

“Umeyr” Ömərcik, “noqayr” da quşcuğaz deməkdir. Peyğəmbərimiz:  “Ey Əbu Umeyr, noqayr nə etdi?” – deyə xoş zarafat edərdi.

Yenə Ənəs (radiyallahu anh) Rəsulullah əleyhissalatu vəs­salamın ona: “Ey iki qulaqlı!” – deyə zarafat etdiyini rəvayət etmişdir”. (Əbu Davud, Ədəb: 92)

Peyğəmbərimiz ailə üzvləri ilə də zarafat etmiş, həm ailə üzvlərinin, həm də əshabının xoş zarafatlarını təbəssümlə qarşılamışdır. Bunlarla yanaşı, yerli-yersiz, yalan qarışmış, qorxuducu, təhqiramiz, alçaldıcı zarafatları qəti qadağan etmişdir. Hətta belə bir xəbərdarlığına cavab olaraq bir səhabə: “Ya Rəsulallah, siz də zarafat edirsiniz”, – demiş, Allah Rəsulu da: “Bəli, mən zarafat edirəm, amma doğru danışıram”, – buyurmuşdur. Həqiqətən də, Peyğəmbərimizin lətifələri həmişə doğru, hikmətli, xoş, zərif və ibrətlidir. Zarafat necə edilir? Bir müsəlmanın həyatında yumorun yeri nədir? Bu məsələdə də Peyğəmbərimiz bizə bilavasitə ən doğru, ən gözəl ölçünü vermişdir.

Necə xoşbəxtdir o insanlar ki, Rəbbimizin haqqında: “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” – (“Qaləm” surəsi, 4) buyurduğu Peyğəmbərimizi örnək götürürlər!