Aylıq namaz vaxtları
754 dəfə oxunub ,   0 şərh   Çap et

Hər şeydə bir məqsəd olduğu kimi, Allahın seçilmiş qulları pey­ğəmbərlərin göndərilməsində qayə və hikmətlər vardır.

Birincisi, bir olan Allaha ibadət etməkdir ki, insanlar buna inan­maqla mükəlləfdir. İnsanın dünyaya göndərilməsində əsl qayə Yaradanı tanıyıb Ona layiqincə qulluq etməkdir. Bu məqam ayədə “Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım” (“Zariyat” surəsi, 51/56) şəklində açıq-aşkar bəyan edilir. Beləliklə, peyğəmbərlərin göndəriliş qayəsindən ilki bu qulluğun necə ediləcəyini insanlara öyrətməkdir.

Hər bir insan fitrətən özündən güclü və qüvvətli bir varlığa inanma ehtiyacını hiss edir. Bəziləri “təbiət qüvvələri”nə, bəziləri isə “öz əlləri ilə düzəltdikləri bütlər”ə uca varlıq kimi inanıb sitayiş etmişlər. Allahın hər bir elçisi öz qövmünü və ya bütün insanları bir olan Məbuda itaətə çağırmışdır. Tarix də açıq-aşkar göstərir ki, insan rəhbər olmadan Yaradanını düzgün tanımaqda acizdir.  Hətta iki peyğəmbər arasındakı dövrdə belə batil inanclara və xurafatlara tapınmış, heç bir fayda və zərəri olmayan bütlərə, cansız varlıqlara, ulduzlara və s. ibadət etmişdir. Hər peyğəmbər ümmətini Allaha inanmağa dəvət etmiş, bu istiqamətdə var qüvvəsi ilə çalışmış, onlara həqiqi Mabudu anlatmışdır.

Peyğəmbərlərin göndəriliş qayələrindən biri də dini təbliğdir. Əgər onlar gəlməsəydi bizlər ibadətə dair məsələləri bilməz, əmr və haramları heç vaxt anlamaz, içki, qumar, zina, möhtəkirlik və faiz kimi haramların hökmündən xəbərimiz olmazdı. Bəli, bütün bunları və bir çox digər məsələləri peyğəmbərlər vasitəsi ilə öyrənmişik.

Bir elçi olmadan ilahi əmr və qadağaların insanlara çatdırılması mümkün deyildir. Eyni zamanda bu elçi insan olmalıdır, dolayısilə, Allah peyğəmbərləri insanlar arasından seçmişdir. Bu seçilmiş elçilər ali vəzifəni layiqincə yerinə yetirmiş, ömürləri boyu insanları Allah yoluna çağırmışlar.

Peyğəmbərlərin göndəriliş qayələrindən biri də insanlara hər sahədə, hər məsələdə örnək olmaqdır. Nəbilər təmiz fitrətə, yüksək ruh və mənəviyyata, güclü iradəyə malik olur. Quran Rəsulullaha digər peyğəmbərlərin yolu ilə getməyi əmr etməklə peyğəmbər yolunun bütün insanlar üçün örnək olduğunu vurğulayır. “Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get!” (“Ənam” surəsi, 6/90)

Hər şeydən əvvəl peyğəmbərlərin həyatı böyük əxlaq və doğruluq nümunəsidir. Onlar insanlara dini və əxlaqi həqiqətləri bil­dirməkdən, faydalı olmaqdan və doğru yolu göstərməkdən başqa bir şey düşünməmiş və zərrə qədər mənfəət güdməmişlər. Onların gətirdiyi dini və əxlaqi prinsiplərin doğruluğu əsrlər keçməsinə baxmayaraq, hələ də göz qabağındadır. Qurani-Kərim: “Onların hamısı əməlisalehlərdən idi” (“Ənam” surəsi, 6/85) – buyuraraq bütün peyğəmbərlər haqqında qəti hökmünü vermişdir. Demək ki,  peyğəmbərlər bütün insanlar üçün mükəmməl rəhbər və ən gözəl örnəkdir. Hər kəs onlara itaət etmək və onların metodlarını yerinə yetirmək mükəlləfiyyətini daşıyır.

Bundan başqa Peyğəmbərlər dünya və axirət tarazlığını nizamlamaq üçün gəlmişdir. İnsan bu meyar sayəsində ifrata varmaqdan xilas olur və düzgün istiqaməti tapır. Yaradılış etibarilə insan övladının dünyaya sevgisi hədsizdir. Axirət həyatı qeybə aid məsələdir və insan ağlı peyğəmbərlər olmadan onu qavraya bilməz. Buna görə də peyğəmbərlər dünyaya meyilli olan biz insanları bu ülvi aləmə yönəltməyə çalışırlar.

Bu gün axirət inancı olmayan toplumlarda hüzurun və xoş­bəxt həyatın varlığını iddia etmək olduqca çətindir. Çünki uşaqlar yalnız cənnət düşüncəsi ilə dəhşətli və ələmli görünən ölümdən qorxmur və bu ümidlə şən-şaqraq yaşayırlar. İnsanların yarısını təşkil edən yaşlı nəsil üxrəvi həyata inanıb həmyaşıdlarını ağuşuna alan qəbri səbirlə qarşılaya bilirlər. Toplumun dinamik kəsimini təşkil edən gənclər isə ifrata meyil edən hissini, nəfsini, həvəs və istəklərini təcavüzkarlıq, zülm və haqsızlıq etməkdən ancaq Cənnət düşüncəsi və Cəhənnəm qorxusu çəkindirə bilir. Belə bir xoşbəxt toplumu da ancaq gətirdiyi prinsiplərlə insanları doğru istiqamətə aparan peyğəmbərlər qura bilər.

Peyğəmbərlərin göndəriliş səbəblərindən biri də axirət günü insanların əlinə əsas verməməkdir. Qurani-Kərimdə buyurulur: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (“Nisa” surəsi, 4/165)

“Qiyamət günü hər ümmətə bir şahid gətirərkən Səni də bunların üstünə şahid çəkəndə onların halı necə olacaq? O gün inkar edib peyğəmbərə üsyan edənlər yerlə-yeksan olmağı istəyərlər. Allahdan bircə söz də gizlədə bilməzlər (“Nisa” surəsi, 4/41-41; “Nəhl” surəsi, 16/89) ayəsində bildirildiyi kimi, Allah-Təala bütün insanları toplayacaq və hər bir peyğəmbəri ilahi əmrləri ümmətinə təbliğ etdiyinə dair şahid çəkəcəkdir.

Əslində, hər peyğəmbər insanları inandırmaq və inanmayanların da bəhanələrinə imkan verməmək üçün bir sıra möcüzələrlə gəlmişdir. Artıq bundan sonra heç kimin etiraz etməyə haqqı yoxdur. Allah əmrlərini peyğəmbərləri vasitəsilə açıq şəkildə bəyan etmişdir. Bu da onların göndəriliş qayələrindən biridir. Digər tərəfdən Allah-Təala: “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” – buyurmuşdur. Demək ki, peyğəmbərlər göndərildiyi üçün mizan və tərəzi qurulacaq və heç bir bəhanəyə baxılmadan hamı hesaba çəkiləcəkdir.

 



Açar sözləri

peygember rasulullah

Bənzər məqalələr

Niyə qadınlardan peyğəmbər göndərilməyib?

Sual: Qadınlardan peyğəmbər göndərilibmi? Əgər göndərilməyibsə bunun hikmətləri nədir? Cavab: İslam ailmlərindən peyğəmbərlərin sadəcə kişilərdən olduğunu iddia edənlər olduğu kimi, qadınlardan da peyğəmbər ola biləcəyini söyləyənlər olmuşdur.


Şərh yaz

*