Aylıq namaz vaxtları
6. 913 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz əshabının fəzilətli, gözəl əxlaqlı və kamil insan olması üçün səy göstərdiyi kimi, bədəncə sağlam, gümrah və güclü olmasını da arzu etmişdir. Buna görə də: “Atıcılıqla və at sürməklə məşğul olun” (Müslim, İmarə: 169), “Müsabiqə yarış keçirmək, at və dəvə ilə ötüşmək, ox və buna bənzər şeylər atmaqdadır” (Əbu Davud, Cihad: 60) – buyurmaqla onları o dövrün idman növlərinə təşviq etmişdir. Hətta özü də bu idman növlərinin bəziləri ilə məşğul olaraq əshabına örnək olmuşdur. Peyğəmbərimizin tövsiyə və təşviq etdiyi idman növlərinə hədislər işığında nəzər salaq:

Atıcılıq: Sevgili Peyğəmbərimiz bir hədisində buyurur: “…Allahı zikr etməyən hər şey ya əyləncədir, ya da boş vaxt keçirməkdir. Ancaq dörd şey bunlardan deyil: insanın atıcılıq məqsədilə iki şey arasında addımlaması, atını öyrətməsi, ailəsi ilə gözəl vaxt keçirməsi və üzgüçülüyü öyrənməsi. Bunlar Haqdandır”. (Əbu Davud, Cihad: 24)

Başqa bir rəvayətdə Peyğəmbərimiz bazarda ox yarışı keçirən bir qəbilə ilə qarşılaşmış və onlara: “Ey İsmail oğulları, atın, çünki atalarınız atıcı idi”, – buyuraraq onları ox atmağa təşviq etmişdir. (Buxari, Cihad: 78)

Yenə Peyğəmbərimiz: “…onlara qarşı bacardığınız qədər qüv­­və hazırlayın…” (“Ənfal” surəsi, 60) məallı ayəni oxuduqdan sonra üç dəfə: “Diqqətli olun, qüvvət atmaqdır!” (Müslim, İmarə: 167) – buyuraraq atıcılığa nə qədər önəm verdiyini vurğulamışdır.

Minicilik: Peyğəmbərimiz at yetişdirməyi, at əhliləşdirməyi (öyrətməyi) və at minməyi də israrla təşviq etmişdir. Özü şəxsən yetişdirdiyi atlarla yarışmış, səhabələr arasında da yarışlar keçirmişdir. Əbu Hureyrənin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdə Peyğəmbərimiz: “Bu üç şeydə mükafat vardır: dəvə yarışı, at yarışı və ox yarışı”,– buyurmuşdur. (Əbu Davud, Cihad: 67) Həzrəti Ənəsin rəvayət etdiyi bir hədisdə də Peyğəmbərimizin Adba adlı dəvəsi ilə yarışdığını öyrənirik. (Buxari, Cihad: 59)

Üzgüçülük: Uşaqlıq illərində Mədinədə üzməyi öyrənən Pey­ğəmbərimiz müsəlmanları bu idman növünə də təşviq etmişdir. Bir hədisində uşaqlara gözəl ad qoymağı, üzgüçülüyü və at çapmağı öyrətməyi valideynlərin vəzifələri arasında sadalamışdır.

Yerimə və qaçış:  Peyğəmbərimiz əshabına yeriməyi və qaçmağı da tövsiyə etmişdir. Bir rəvayətdə: “İki hədəf arasında qaçan insanın hər addımında bir savab vardır”, – buyurmuşdur. Bir başqa rəvayətdə də: “Ox yarışı keçirin, (bədəncə) möhkəmlənin, ayaqyalın gəzin”, – deyə əmr və tövsiyə etmişdir. (Kütubi-Sittə , 7-ci c., s. 150)

Peyğəmbərimizin özü də iki dəfə Aişə anamızla qaçmaqda yarışmışdır, birincidə Aişə anamız, ikincidə Peyğəmbərimiz keçmişdir. İkinci yarışda kökəldiyinə görə geridə qalan Aişə anamıza: “Bu, birinci qaçışın əvəzidir (beləcə, əvəz-əvəz olduq)”, – deyə zarafat etmişdir (Əbu Davud, Cihad: 67)

Güləş: Peyğəmbərimizin nəvələri Həzrəti Həsən və Həzrəti Hüseyn Onun hüzurunda güləşərdilər. Peyğəmbərimiz yaşca böyük olan Həzrəti Həsənin tərəfini saxlayırdı. Bunun səbəbini soruşanlara da: “Cəbrail Hüseynə kömək edir, mən də Həsənə kö­mək etməyi xoşlayıram”, – cavabını verirdi. (Kütubi-Sittə, 7-ci c., s. 150)

İbn Hişamın rəvayət etdiyi bir hədisi-şərifdən Peyğəmbərimizin də güləşdiyini öyrənirik. Məkkədə Ruqanə adlı kürəyi yerə gəlməyən adlı-sanlı bir güləşçi vardı. Peyğəmbərimiz bu adamı İslama dəvət edir. O da müsəlman olmaq üçün şərt qoyur  ki, Peyğəmbərimiz möcüzə göstərsin, yəni onu güləşdə yıxsın. Peyğəmbərimiz həm çox güclü, həm də fiziki cəhətdən hazırlıqlı olan Ruqanəni dalbadal üç dəfə məğlub edir. Bunun, həqiqətən də, bir möcüzə olduğunu anlayan Ruqanə müsəlman olur. (Əbu Davud, Libas: 21)

Bu hədislərdən açıq-aşkar göründüyü kimi, Peyğəmbərimiz atıcılıq, at çapmaq,  yeriş və qaçış, güləş kimi idman növlərini tövsiyə və təşviq etmişdir. Bu idman növlərinin hamısı kiçik fərqlərlə bu gün də yaşayır. Ancaq bunlardan başqa futbol, voleybol, basketbol, tennis, cüdo, taekvando kimi bir çox idman növləri də vardır. İslam alimləri Peyğəmbərimizin hədisi-şərifləri və İslamın əsas prinsiplərindən çıxış edərək bu idman növlərinin çoxunun da mübah olduğunu, yəni onlarla məşğul olmaqda heç bir maneə olmaması qənaətinə gəlmişlər. Bununla yanaşı idmanla bağlı qaydalara diqqət çəkmək istəyirik:

1. İdman da daxil olmaqla heç bir şey bizə yaradılış qayəmizi olan ibadəti unutdurmamalıdır.  Dolayısilə, idman məqsəd deyil, vasitə olmalıdır.

2. Əgər məşğul olduğumuz idman növü əsl peşəmiz deyilsə, bu idmanla elə məşğul olmalıyıq ki,  əsl işlərimizi ləngitməsin.

3. Hansı idman növü olursa-olsun, heç bir vəchlə harama gətirib çıxartmamalıdır.

4. Məşğuliyyət zamanı və ya gələcəkdə sağlamlığa zərərli olan idman növlərindən uzaq durmaq lazımdır. Buna ağır atletikaya aid idman növlərini misal göstərə bilərik.

5. İdman insana və ya başqa bir canlıya zərər verməməlidir. (Boks kimi) Həm də atıcılıq idman növündə insan da daxil olmaqla heç bir canlı hədəf seçilməməlidir.

6. İdman yarışları insanlar və toplumlar arasında birlik və bərabərliyə, qaynayıb-qarışmağa (əlaqələrin genişlənməsinə), dostluğa və qardaşlığa vəsilə olmalıdır. Hal-hazırda bu kimi yarışlarda yaşanan xoşagəlməz hallar, çəkişmələr həm idmanın ruhuna, həm də İslamiyyətin mahiyyətinə xas insan sevgisinə ziddir.

Xülasə, ümumbəşəri din olan İslamiyyət insanın bədəncə sağlam və gümrah qalmasına, lazım olanda fiziki gücünü sərf edib dincəlməsinə vəsilə olan idman növlərini təşviq etmişdir. Lakin bir müsəlman üçün Allahın razılığını qazanmaqdan başqa heç bir şey əsl məqsəd ola bilməz. Elə isə idman da daxil olmaqla heç bir işimizə görə dünyaya gəliş qayəmiz olan qulluq vəzifəmizi arxa plana keçirə bilmərik və keçirməməliyik.




Şərh yaz