1. 436 dəfə oxunub ,   0 şərh   Çap et

Hz. Məhəmmədin (s.a.s.) Allahın rəsulu olduğunun bir dəlili də onun ordu komandanlığıdır. Ərəblər o tarixə qədər qarşılıqlı meydan muharibəsi etməmişlərdi. Bədir, Uhud və.s. onların ilk meydan müharibələriydi. Düşünün ki, heç bu işlərdən xəbəri olmayan birisi ərəb tarixidə ilk dəfə olaraq bir sərkərdə kimi orduyu idarə edir və girdiyi hər müharibədə fərqli bir taktika qururdu. Bu adi hal deyildir və Onun şəksiz-şüphəsiz peyğəmbər olduğunun dəlilidir. Onun (s.a.s.) sərkərdəlik qabiliyyətinə nəzər salaq:

Allah Rəsulu daim fərqli döyüş üsullarından istifadə etmişdir.­ Bir dəfə istifadə etdiyi metodu ikinci dəfə işlətməmişdi. Ona görə də düşmənləri Onun nə edəcəyini kəsdirə bilmirdilər. Müasir dövrdə çox istifadə edilən, lakin o vaxtlar o qədər məlum olmayan  “kərr və fərr” – hücum etmə, geriyə çəkilmə, düşmənə göz­lə­nilməz yerlərdən zərbə endirmə və s. taktikalar Qüreyşi çaş-baş salmışdı.

Allah Rəsulu Bədirdə düşmənlərini belə qarşılamışdı. Güclü və sayca çox ordusu, atları, dəvələri, yaraq-yasaqları ilə gələn müşriklər nə ilə qarşılaşacağını bilməmiş, bir göz qırpımında  darmadağın edilmişdi.

Və yeni bir taktika… Cəbhədə camaatla namaz qıla-qıla düş­mənə meydan oxuyur… Düşmən onlara uzaqdan göz qoyur; qılıncları, qalxanları, ox-yayları ilə namaz qılırlar. Elə hücum et­mək istəyəndə bir də baxırlar ki, namazın içində belə taktika var. Döyüş mövqeyində olanlar namaza, namazda olanlar döyüş mövqeyinə gedib gəlir… Allah Rəsulu Rəbbinin əmri ilə namaz içində belə hücum, müdafiə və düşmənin içinə qorxu salmağı planlaşdırırdı.

Rəsulullahın istifadə etdiyi döyüş üsullarından biri də sezil­mədən hərəkət etməkdir. Nə hücumda, nə də müdafiədə Onun hədəf və hərəkət istiqamətini, döyüş üsulunu heç kim bilmirdi. Yolun bir hissəsini qət etmədən hədəfi deməzdi. Məsələn, Məkkəni fəth etmək üçün ordu ilə səfərə çıxır, Məkkəyə bir mənzillik məsafə qalanacan nə müşriklərin, nə də ordusunun plandan xəbəri olur. On min yerdə on min ocaq çatanda Qüreyşin ürəyinə bir qorxu düşür. Artıq heç bir çarə yox idi. Müsəlman ordusu o qədər yaxınlaşır ki, əl-qol açmaq mümkün olmur.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) qasid şəbəkəsindən da istifadə edirdi. Onun qurduğu qasid şəbəkəsinə tarix ilk dəfə şahid olurdu: məlumatlar mərkəzə vaxtında çatdırılır və dəyər­lən­dirilirdi. Digər tərəfdən düşmən Müsəlmanların planından xəbər tutmaqda aciz qalırdı. Xatib ibn Əbi Bəltəa bir dəfə xəta edib Onun Məkkəyə doğru hərəkətini Məkkəyə xəbər vermək istəmişdi, amma ulaqla yolda yaxalanmışdı. Təbii ki, ona da heç bir şey deməmişdilər. Həm də qarşısını alandan sonra niyə desinlər ki! O, xətasını etiraf etmiş, Allah Rəsulu da onu bağışlamışdı.

Bir dəvənin sürətli qaçışı ilə qırx səkkiz saata gedilən mənzilə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bundan da tez xəbər çatdıra bilirdi. Belə ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mə­di­nədədir, orduları isə Suriya yaxınlığında vuruşur. Bu uzaq mə­sa­fəni dayanmadan getməklə on günə qət eləmək mümkün idi. Amma Peyğəmbərimizin qasidləri bu məsafəyə səkkiz gündə xəbər çatdıra bilirdilər

İlk at  bir mənzil yol gedib istirahətə dayanırdı. Xəbəri ikinci at alır və bir mənzil qabaqda dayanan üçüncü ata çatdırırdı. Üçüncü atla dördüncüyə, o da beşinciyə ötürülür, beləcə  miniklər yorulmadan və vaxt itirilmədən xəbər yerinə çatdırılırdı. Məkkədə oturub Fizandan xəbər almağın başqa yolu yox idi.

O günün şərait və imkanlarında möhtəşəm fətanət sahibi Rəsulullah hər əmri ilə könüllərə hüzur və qəlblərə fərəh verir və  bir daha bizə peyğəmbərliyini elan və etiraf etdirir.

Bütün bunlarla yanaşı, O, bir hərbçi kimi vaxtında sülhə yönəlməyi bacarırdı. Quran Ona belə deyirdi: “Əgər onlar sülh istəyirlərsə, sən də qəbul et və Allaha təvəkkül et!” Yəni səbəblərə riayət et, amma Allah-Təalaya təvəkküldə qüsura yol vermə! Səbəblərə əməl etmədən təvəkkülə yönəlmək tənbəllik, şüursuzluq və idraksızlıqdan, səbəblərə riayətdən sonra təvəkkül etmək isə Allaha təslimiyyətdən, itaət və bağlılıqdan, fitri və təkvini qanunları bilməkdən və onlara əməl etməkdən qaynaqlanır.




Şərh yaz