Aylıq namaz vaxtları
1. 539 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fətanətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə!
Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.
Onun (s.a.s.) bəyanı o qədər gözəl, ifadələri o qədər füsunkar idi ki, sözlərini eşidən qəlblər məst olur, baxışlar başqalaşır, ağıl və mühakimələr ağ bayraq qaldırır, insani duyğular cana gəlir, ruhlar qanadlanırdı. Allah Onun dilinə elə bir güc bəxş etmişdi ki, dərin sözləri, təsirli bəyanları qarşısında hüzurunda olan bəxtiyar insanların sanki dili tutulur və ovsunlanırdı. Elə ki dodaqlarında hikmət inciləri bərq vurmağa başlayırdı, ağıl və mühakimə sahiblərinin nitqi tutulur, elə ki yaxşını, gözəli, doğrunu danışırdı, dilinin şəkər-şərbəti dinləyənlərin ruhunu sarır, elə ki odlu sözləri ilə çirkinlikləri hədəfə alır, küfr və inkar edənləri öz çirkabında boğurdu, məfkurəsi adından gətirdiyi hüccət, bürhan və dəlillərlə kükrəyəndə isə bütün qaranlıq ruhların dilinə kündə vurur və zülmətləri dağıdırdı.
O (s.a.s.), bu ilahi lütflərin şüurunda idi və təhdisi-nemət niyyəti ilə dilə gətirməkdə qəbahət görməzdi: “Mən ümmi nəbi olan Məhəmmədəm. Məndən sonra nəbi yoxdur! Mən sözün ilki ilə, sonu ilə və “cəvamiül-kəlimlə” şərəfləndirildim,” deyərək Haqqın lütflərini sadalayır və “Ey insanlar, mən “cəvamiül-kəlim”lə və hər şeyi söyləyib son nöqtəni qoymaqla şərəfləndirildim” nurlu bəyanları ilə də keçmiş və gələcəyin Uca Xətibi olduğunu elan edirdi.
Həqiqətən, Allah Rəsulu (s.a.s.) abi-həyat nəfəsi ilə Haqq bağçasının güllərinə ilahilər bəstələyən elə bir bülbül idi ki, nə vaxt cəh-cəh vursa, könlünü dilə gətirir və qəlbinin dilindən ən ovsunlayıcı nəğmələr söyləyirdi. Onun bağının təzə fidanlarından çıxan sözlər başqa baharda açılmış tumurcuqlara, başqa səhərdə günəşə gülən çiçəklərə bənzəmirdi. Onun söz süfrəsində hər şey bir qönçə kimi təzə və novbar idi. Və bu novbar nemətləri dadıb ləzzətini hiss etmək, ondan həzz almaq da yalnız bu silsilənin ilk talelilərinə müyəssər olmuşdu.
O Bəyan Sultanı (s.a.s.) söz cövhərindən elə bir qılınc düzəltdi ki, o qılıncın səmada bir dəfə çevrə cızıb işıq saçması ilə bütün yalançı və saxta bəyanlar qaçıb yarasa yuvalarında gizləndi, bütün nağıllarsa Qaf dağının arxasına sığındı. O, söz və bəyandan elə çeşmələr axıtdı ki, bir anda cahiliyyə səhrasının hər tərəfi Cənnət bağçalarına döndü və elə irmaqlar meydana gətirdi ki, qapıları imana açıq bütün könüllər özlərini sonsuzluq okeanına tökülən o irmaqlarda gördülər.
Onun sözləri səmadan süzülürdü. Əgər Rəsulun vəhyin nəğməsi ilə bəstələnən sözləri olmasaydı, cahan xaosdan çıxmazdı. O, söz qılıncı ilə təbiətin üzündəki pərdəni dəlik-deşik etdi, din kitabını söz naxışlarıyla bəzədi. Söz Onun atının tərkinə yüklənmiş bir gövhər, sadağında qızıl bir oxdur. O, getdiyi hər yerdə söz anlayanların ətəyini ləl-cəvahiratla doldurdu və yayı gərib atını qaranlıqların üstünə çapdı. Allah-Təala sonuncu dəfə sözlə bir cahan dövləti qurmaq istəyincə o Bəyan Sultanını (s.a.s.) bu dövlətin bahadırı seçdi, söz, sikkə və fərmanını Onun ixtiyarına verdi.



Yazının davamı,

Açar sözləri

bəlağət bəyan kəlam söz

Bənzər məqalələr

Fətanəti

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir. Fətanət quru ağıl və məntiq deyildir.

Söz – əməl bütövlüyü

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? {“Bəqərə” surəsi, 2/44}


Şərh yaz


(gərəkli)