Aylıq namaz vaxtları
617 dəfə oxunub ,   0 şərh   Çap et

Yaxın zamanla əlaqəli qeybi xəbərlər

Fitnələr

Qalibiyyət

İlk qovuşan sən olacaqsan…

Sülh

Bir əsr yaşayacaq

Başda Buxari, Müslimin əsərləri olmaqla bütün hədis kitabları yekdilliklə bu hadisəni nəql edir:

Bir gün Allah Rəsulu (s.a.s.) minbərə çıxmış, nəzərlərini qeybin üfüqlərinə dikmiş, qəzəb şəklində təzahür edən cəlali təcəllilər içində əshabına varidat təqdim edirdi. Bir ara: “Bu gün məndən nə istəyirsiniz, soruşun!” – buyurdu. Hər kəs soruşur, O da cavab verirdi. Elə bu əsnada bir gənc ayağa qalxdı: “Mənim atam kimdir, ya Rəsulullah?” – dedi. Hər halda, az da olsa, atası haqqında dedi-qodu vardı. Belə bir şayiədən narahat olurdu. O gün əlinə fürsət düşmüşdü və daima Haqqın izni ilə qeybi görən Allah Rəsulundan atasının kim olduğunu soruşurdu. Peyğəmbərimiz cavab verdi: “Sənin atan Huzafədir”. Gənc artıq rahat olmuşdu, çünki aldığı cavab onu məmnun etmişdi. Bundan belə o da bir ataya nisbət ediləcək və bir atanın adı ilə Abdullah b. Huzafətüs-Səhmi kimi tanınacaqdı.

Hər kəsin bir şey soruşduğu əsnada Allah Rəsulunun o andakı ruh halətini çox yaxşı qavrayan bir səhabə, bəli, o böyük Ömər (r.a.) birdən ayağa qalxdı və: “Biz Rəbb olaraq Allahdan, din olaraq İslamdan və peyğəmbər olaraq da Həzrət Məhəmməddən (s.a.s.) razıyıq”, – dedi. Onun bu incə və mənalı sözü Allah Rəsulunun sinəsində əsən hüzur (itminan) əsintilərinin təzahür pəncərələrini araladı. Bu anda calallı təcəlliləri üns əsintiləri əvəz etdi.[1]

Bu hadisə o gün məscidi dolduran səhabələrin gözləri önündə cərəyan etmişdi. Bütün səhabələr Allah Rəsulunun dediklərini təsdiq edir və sükutu ilə sanki: “Sadaqtə!” (Doğru söylədin) – deyirdilər.

Müslim nəql edir: hədisin ravisi Həzrət Ömər (r.a.) buyurur: “Bədirdə idik. Allah Rəsulu döyüş üsulunu tam müəyyənləşdirmiş və döyüşün gedəcəyi yerləri gəzirdi. Bu əsnada yenə gözləri aralanmış qeybi pərdələrin fövqündə, baxışları gələcəyin üfüqlərində əli ilə bəzi yerləri göstərərək: “Əbu Cəhil burada öldürüləcək, Utbə burada, Şeybə burada və Vəlid də burada öldürüləcək…” – deyib başqa bir neçə adamın da adını çəkdi”. Müharibədən sonra Həzrət Ömər and içir ki: “Allah Rəsulu haranı kim üçün göstəmişdisə, həmin yerlərdə onların meyidini gördük”.[2]

Bəli, sağlığında Allah Rəsulunu dillə təsdiq etməyən bu insanlar indi murdar cəsədləri ilə Onun sidqinə və doğruluğuna şahidlik edirdilər. Çünki O, xəbər verir və bildirdiyi xəbərlər hərfinə, nöqtəsinə kimi düz çıxırdı.

Əhməd b. Hənbəlin “Müsnəd”ində belə bir hadisənin nəql edildiyini görürük:

Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: “Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var”, – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.[3]

Beyhaqinin “Dəlailün-Nübüvvə”sində bu hadisə nəql edilir:

Əbu Süfyan Məkkənin fəthi ərəfəsində müsəlman olmuşdu, ancaq iman qəlbində tam oturuşmamışdı. Allah Rəsulu Kəbəni təvaf edəndə Əbu Süfyan da orada gəzirdi. Bir ara ağlından keçdi: “Görəsən, yenidən ordu yığıb bunun qarşısına çıxsam, necə olar?” Elə o əsnada Allah Rəsulu Əbu Süfyanın yanına yaxınlaşdı və qulağına əyilərək: “O zaman yenə səni məğlub edərik”, – buyurdu. Əbu Süfyan işi anladı. O anadək qəlbində qərar tapmayan iman birdən kök atdı, yerindən sıçrayaraq: “Allaha tövbə edir, Ondan əfv diləyirəm”, – dedi.[4]

Əbu Süfyanın bir anlıq ağlından keçənləri Allah Rəsuluna kim xəbər vermişdi? Əbu Süfyan məhz bu davranışı ilə Onun Allahın Rəsulu olduğunu və doğru söylədiyini göstərirdi.

Yenə mötəbər hədis kitablarında bu hadisə nəql edilir: Cahiliyyə dövrünün “şeytan adamı”[5] sayılan Umeyr b. Vəhb Safvan b. Ümeyyə ilə oturub razılaşdılar: Safvan b. Ümeyyə Mədinəyə gedəcək, Bədirdə əsir düşən oğlu üçün gəldiyini söyləyəcək və tiyəsi zəhərli qılıncı ilə Allah Rəsulunu öldürəcəkdi. Bunun əvəzində də Safvan b. Ümeyyə onun borclarını öhdəsinə götürəcək və ona bir şey olarsa, ailəsinə baxacaqdı.

Umeyr qılıncını itiləyib yola düşdü. Mədinəyə gələndə onu götürüb məscidə apardılar. Lakin səhabə Umeyrə etibar etmirdi. Ona görə də kimsə onu Allah Rəsulunun yanında tək qoymaq istəmirdi. Hamısı Allah Rəsulunun ətrafında ətdən divar olub onu qoruyurdular. Umeyr məscidə girincə Allah Rəsulu nə üçün gəldiyini soruşdu. Umeyr yalanları ard-arda düzdü, lakin Allah Rəsulunu heç birinə inandıra bilmədi. Nəhayət, İki Cahan Sərvəri belə buyurdu: “Madam sən doğrunu söyləmirsən, o halda mən söyləyim: sən Safvanla orada filan şeyləri danışdın və məni öldürmək üçün gəldin. Bunun əvəzində də Safvan sənin borcunu ödəyib ailənə baxacaqdı”.

Elə bil Umeyri ildırım vurdu, dərhal Allah Rəsulunun əllərinə sarılıb müsəlman oldu. Və daha sonralar İslam yolunda səyləri ilə bir çox adamın İslamı qəbul etməsinə vəsilə oldu.[6]

Umeyr və Safvanın gizli danışığını Allah Rəsulu haradan eşitmişdi? Belə uzaq məsafədən bu xəbəri Ona kim çatdırmışdı? İnanan-inanmayan hər kəs bu və bu kimi hadisələr üstündə baş sındırmaqda olsun, biz də növbəti fəslə keçək.

Yaxın zamanla əlaqəli qeybi xəbərlər

Buxari və Müslim Həzrət Üsamədən nəql edir: (Üsamə Zeyd b. Harisənin oğludur. Allah Rəsulu Üsaməni çox istəyir və yanından ayırmırdı. Həzrət Həsən və ya Hüseyni bir dizinə oturdanda çox vaxt o biri dizinə Üsaməni oturdurdu. Bir dəfə hamısını nəzərdə tutaraq: “Allahım! Bunlara mərhəmət et. Çünki mən də bunlara şəfqət edirəm”, – deyə dua etmişdi).[7] Ömrünün sonuna doğru Bizansa qarşı hazırladığı ordunun başına onu sərkərdə təyin etmiş və illər əvvəl atasının şəhid olduğu o torpaqlarda Allah düşmənlərinə həddini bildirmə vəzifəsini ona tapşırmışdı.[8] Ancaq Peyğəmbərimizin səhhətinin ağırlaşdığını görən Üsamə ordunu dayandırmış və Onun vəfatına qədər hərəkət etməmişdi.[9]

Həmin bu Üsamə (r.a.) deyir: “Bir gün Allah Rəsulu ilə birlikdə idim. Peyğəmbərimiz Mədinədə hündür bir binanın damına çıxmış, ətrafı seyr edirdi. Bir ara: “Bu anda evlərinizin arasında fitnələrin yağış kimi töküldüyünü görürəm”, – buyurdu.[10]

O, dünyadan köçdü. Onun vəfatından sonra küçələr fitnə selləri ilə inlədi. Bəli, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli (r.a.) bu fitnələrdə şəhid oldular. Elə bil fitnələr də bəla və müsibətlərin dili ilə Allah Rəsuluna “Sadaqtə!” deyirdi.

Fitnələr

Həzrət Ömər (r.a.) həmişə bu fitnələrin meydana çıxmasından ehtiyat edirdi. Bir gün əsciddə çoxlu adam yığışmışdı. Həzrət Ömər: “Allah Rəsulunun xəbər verdiyi fitnələri eşidən varsa, söyləsin?” – deyə soruşdu. Huzeyfə: “Mən eşitmişəm”, – deyincə Həzrət Ömər: “Sən cəsur adamsan, söylə”, – dedi. Huzeyfə də: “İnsanın fitnəsi ailəsində, malında, nəfsində, övladında və qonşusundadır. Bunlara da oruc, namaz, sədəqə, əmri-bil-məruf nəhyi-anil-münkər kəffarə olar”, – dedi. Ömər: “Xeyr, mən bunları deyil, dəniz dalğaları kimi dalğalanan (bütün toplumu sarsıdan) fitnələri soruşuram”, – dedi.

Huzeyfə: “Ya Ömər! Onların səninlə heç bir əlaqəsi yoxdur. Səninlə onlar arasında bağlı qapı var”, – dedi. Həzrət Ömər daha sonra: “Bu qapı açılacaq, yoxsa qırılacaq?” – deyə soruşdu. Huzeyfə: “Qırılacaq”, – dedi. Həzrət Ömər sarsıldı, dodaqlarından bu cümlələr töküldü titrək səslə: “Elə isə bu qapı bir daha bağlanmayacaq”.

Daha sonra səhabələr soruşdu: “Görəsən, Ömər bu qapının özü olduğunu bilirdimi?” Huzeyfə cavab verdi: “Bəli, adı kimi bilirdi”.[11]

Bəli, bilirdi ki, o gedincə Ümməti-Məhəmmədin vəhdəti sarsılacaq, fitnə və fəsad baş alıb gedəcək, ümmət arasında fərqli anlayışlar, müxtəlif axın və cərəyanlar zühur edəcək.

Həzrət Ömər bunu bilirdi, çünki bu xəbərləri doğru sözlü İki Cahan Sərvəri Həzrət Məhəmməd Mustafa (s.a.s.) vermişdi.

Və gün gəldi, deyilənlər eynilə zühur etdi. Bir xain iranlı Həzrət Öməri xəncərlə ağır yaraladı. Ömərə saplanan xəncər İslam vəhdətinə də ağır zərbə oldu. Düşmən hədəfini yaxşı seçmiş, insafsız qatil də xəncərini hədəfinə vura bilmişdi. Bəli, onun vəfatı ilə fitnələr sel olub axdı və İslam aləmini bürüdü. Əlbəttə, bu, hicran idi, iztirab idi. Ancaq hadisələr sanki səmada ulduzlarla “Lə iləhə illəllah Məhəmmədun Rəsulullah” yazır, Onun verdiyi  xəbərlərə dəlil və bürhan olurdu.

Qalibiyyət

Buxaridə və Əbu Davudun “Sünən”ində də Habbab b. Ərətin (r.a.) nəql etdiyi bir hadisəyə şahid oluruq. İndi onun dediklərini xülasə edək:

“Çətin bir dövrdə Allah Rəsulu örtüyünü başına atıb Kəbənin kölgəsində oturmuşdu. Kim bilir, yenə kimin həqarətinə məruz qalmışdı?! O vaxtlar bütün cahiliyyə adətlərindən Müsəlmanlar əleyhinə silah kimi istifadə edilirdi. Mən o dövrdə azad insan deyildim. Sahibimin və digər Məkkə ağalarının mənə rəva gördüyü əzab və işgəncə artıq dözülməz həddə çatmışdı. Allah Rəsulunu belə tək görüncə yanına yaxınlaşıb: “Ya Rəsulullah! Dua edib Allahdan qalibiyyət və kömək diləməzsənmi?” – dedim. Allah Rəsulunun dərhal əllərini açıb dua edəcəyini düşünürdü. Bir də Qüreyşə bəddua edəcəyini gözləyirdi. Lakin Rəsulullah bunları söylədi: “Allaha and içirəm ki, sizdən əvvəlki ümmətlər daha dəhşətli işgəncələr gördülər. Onların bəzilərini xəndəklərə uzadır və dəmir mişarlarla bədənlərini ikiyə bölürdülər, amma yenə dinlərindən dönmürdülər. Ətləri sümüklərindən ayrılırdı, amma onların əzmi qırılmırdı. Allah bu dini tamamlayacaq, ancaq siz tələsirsiniz. Bir gün olacaq, hər kəs Sənadan Hadramuta qədər tək başına səfər edəcək və yolda vəhşi heyvanlardan başqa heç nədən qorxmayacaq”.[12]

Və Peyğəmbərimizdən buna bənzər hədis rəvayət edən Həzrət Adiy b. Hatəm Allah Rəsulunun xəbər verdiklərini öz gözləri ilə gördüyünü söyləyir.[13]

İlk qovuşan sən olacaqsan…

Peyğəmbərimiz (s.a.s.) son günlərini yaşayırdı, xəstə idi. Oturuşu-duruşu və dərin baxışları ilə eyni özünə bənzəyən zərif Həzrət Fatimə anamızı (r.a.) yanına çağırdı və əyilib onun qulağına nəsə pıçıldadı. Həzrət Fatimə elə ağladı, elə fəğan etdi ki, fəryadı qəlbləri titrətdi. Bir az sonra yenə Allah Rəsulu onun qulağına bir şey pıçıldadı. Bu dəfə də elə sevindi ki, görənlər ona Cənnətin bütün qapılarından dəvətnamə gəldiyini sanardı. Bəli, bu qədər sevinmişdi.

Bu hadisə Həzrət Aişə anamızın (r.a.) gözündən qaçmadı. Bir az sonra bunun səbəbini soruşdu, lakin Fatimə anamız: “Bu, Allah Rəsulunun sirridir”, – dedi. Həzrət Aişə Peyğəmbərimizin vəfatından sonra Fatimə anamızdan təkrar həmin sirri soruşdu. Həzrət Fatimə belə cavab verdi: “Birinci dəfə özünün vəfat edəcəyini söylədi, onun üçün ağladım. Bəli, elə ağladı, Rəsulullahın vəfatında elə fəryad etdi ki, o gün dodaqlarından tökülən bu misralar bütün cahanı ağlatmağa yetərdi:

Həzrət Məhəmmədin məzarını qoxulayan bir insana başqa qoxu axtarmağa nə hacət?! Üstümə yağan müsibətlər gündüzlərin üstünə tökülsə idi, gecələr bitməzdi.[14]

İkinci dəfə isə ailəsindən Ona ən tez mənim qovuşacağımı müjdə verdi və mən də buna sevindim”.[15]

Altı ay sonra atasına qovuşmuşdu.[16] Həzrət Fatimənin vəfatı da Allah Rəsulunu təsdiq edir və elə bil, Ona “Sadaqtə!” deyirdi.

Sülh

Kutubi-Sittə ravilərinin əksəriyyətinin rəvayət etdiyi bir hədis Allah Rəsulunun bir gün xütbədə Həzrət Həsənə işarə ilə belə dediyini bildirir:

“Bu, bənim övladım Həsəndir, o, seyiddir. Allah (c.c.) onun vasitəsilə iki böyük camaatı barışdıracaq”. [17]

Bəli, o, kərim oğlu kərimdir. Allah Rəsulunun övladıdır, şərəflidir. Bir gün təqdim edilən xilafət və səltənəti sırf ümmətin birliyi pozulmasın deyə qəbul etməyəcək və seyid oğlu seyid olduğunu göstərəcəkdi. İyirmi beş-otuz il keçməmişdi ki, Allah Rəsulunun dedikləri bir-bir zühur etdi… Həzrət Əlidən sonra Əməvilər qarşılarında Həzrət Həsəni gördülər. Ancaq bu sülhsevər insan bütün haqlarından imtina edərək üz-üzə gəlib qılıncları sıyıran iki İslam ordusunun bir-biri ilə döyüşməsinə imkan vermədi və müvəqqəti də olsa, qorxunc bir fitnənin qarşısını aldı.[18] Şair nə gözəl deyir:

“O (Həsən), kərim oğlu kərimdir. Çünki onun babası insanların ən xeyirlisi, varlığın da iftixarıdır”.

Peyğəmbərimiz bu hadisəni xəbər verəndə Həzrət Həsən hələ kiçik bir uşaq idi. Bəlkə də, o gün Allah Rəsulunun nələrə işarə etdiyini anlamamışdı. Yəni o, Allah Rəsulu belə söylədi deyə o addımı atmamışdı. Əksinə, Allah Rəsulu onun belə edəcəyini bildiyi üçün bu sözü söyləmişdi. Bəli, Həzrət Həsən də babasını təsdiq edir və illər sonra Ona: “Sən doğru söyləyirsən” mənasında “Sadaqtə!” deyirdi.

Bir əsr yaşayacaq

Mübarək əllərini Abdullah b. Büsrün başına qoyaraq: “Bu uşaq düz bir əsr yaşayacaq, – buyurur və əlavə edir, – üzündəki bu xoşagəlməz ziyillər də gedəcək”.

Deyilənə görə: “O şəxs düz yüz il yaşadı və üzündəki ziyillər də getdi”.[19]

Allah Rəsulu necə ki وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى [20] sirri ilə hər an mənən yüksəlir və daim əvvəlki halını nöqsanlı görərək gündə yüz dəfə istiğfar edirdi,[21] ümməti də gün keçdikcə Onu daha yaxşı anlayır və tanıyır, gələcəyə dair verdiyi xəbərlərin gerçəkləşməsi onların imanını daha da artırır və Ona xitabən “Sən Rəsulullahsan” deyirdilər.


[1] Buxari, Elm 28-29; Məvaqitüs-səlat 11; Müslim, Fəzail 134-138.

[2] Müslim, Cənnət 76; Nəsayi, Cənaiz 117

[3] Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/359-360, 364.

[4]Beyhaqi, Dəlailün-nübüvvə, 5/102; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/348.

[5]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/212; İbn Əsir, Üsdül-qabə, 4/300.

[6]Təbərani, əl-Mücəmül-kəbir, 17/56-62; İbn Əsir, Üsdül-qabə, 4/300-301.

[7]Buxari, Ədəb, 22, Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/205.

[8]Buxari, Məğazi, 87; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/304-305

[9] İbn Sad, ət-Tabaqatül-kübra, 2/249; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/304-305.

[10]Buxari, Fəzailül-Mədinə, 8; Müslim, Fitən, 9.

[11] Buxari, Məvaqitus-salat, 4; Savm 3; Müslim, Fitən, 26-27.

[12]Buxari, Mənaqib, 25; Mənaqibül-ənsar, 29; İkrah, 1; Əbu Davud, Cihad, 97.

[13]Buxari, Mənaqib 25; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/257.

[14] Zəhəbi, Siyəru alamin-nübəla, 2/134.

[15] Buxari, Məğazi 83; Müslim, Fəzailüs-səhabə 98, 99.

[16] Buxari, Məğazi 38; Müslim, Cihad, 52.

[17] Buxari, Sülh, 9; Tirmizi, Mənaqib, 30

[18]İbn Kəsir, əl-Bidayə vən-nəhayə, 8/41; İbn Həcər, əl-İsabə, 2/72.

[19]Təbərani, Müsnədüş-şamiyyin, 2/17; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/189; Bəzzar, əl-Müsnəd, 8/43-432; Hakim, əl-Müstədrək, 4/545.

[20]“Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!” (Duha surəsi, 93/4.)

[21]Baxın: Buxari, Daavat 3; Müslim, Zikr 41-42.

 



Açar sözləri

doğruluq fitnə qeyb sülh

Bənzər məqalələr

Bürclər haqqında bilmədiklərimiz

Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.

Doğruluq və dürüstlük

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.

Münafiqliyin əlamətləri

Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.

Müxtəlif elm sahələrinə dair qeybi xəbərlər

Bu hissədə Allah Rəsulunun müxtəlif elm sahələrinə aid məsələlər haqda dediyi sözlərin yenə Onun doğruluğuna şahidlik etməsindən qısaca danışmaq istəyirik.

Uzaq gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri: “Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi.


Şərh yaz


(gərəkli)