7. 001 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Övladımız altı yaşında vəfat etdi. Anası heç cür onun vəfatı ilə barışmır. Onu necə təsəlli etmək olar? Övladınızın vəfatı bizi də kədərləndirdi. Lakin hökm Allahındır. Qəzaya riza göstərmək və qədərə təslim olmaq iman əsaslarındandır. Bəzi alimlər Quranda kəçən vildanun muxalladun (həmişəcavan övladlar) (İnsan 76/19) ayəsini bu şəkildə izah edirlər: möminlərin həddi-büluğa çatmadan vəfat edən övladları Cənnətdə əbədi uşaq olaraq qalacaq, valideynlərinə  övlad sevgisi kimi ülvi bir hissi daddıracaqlar. Bununla yanaşı bu dünyada müvəqqəti övlad sevgisinə qarşılıq, əbədi övlad sevgisini qazanmaq inanan insana ən böyük sevinc qaynağıdır.

Bir hekayədə belə keçir:

Adamın biri həbsə düşür. Ailəsi başsız qalır. O həm öz etdiyi səhvinin peşmançılığını çəkir, həm də ailəsinin və övladının güzəranını təmin edə bilmədiyi üçün çox kədərlənir. Onun bu halına acıyan padışah yanına bir adam göndərir:

-Bu uşaq sənin övladındır, mənim də rəiyyətim. Mən onu himayəmə alaraq, gözəl və dəbdəbəli sarayımda böyüdüb, gözəl təhsil və tərbiyyə verəcəm.

Məhbus fəryad edib ağlayaraq “təsəlli qaynağım olan övladımı əsla vermərəm” deyir.

Bunu görən yanındakılar məhbusa deyirlər:

-Sənin etdiyin doğru deyil. Ağlını başına al. Əgər sən övladına üzülürsənsə, bil ki o daha gözəl və rahat saraya gedəcək. Yox əgər öz mənfəətini düşünürsənsə, uşaq belə getsə daha çox çətinliklə qarşılaşacaq. Ayrıca saraya yerləşərsə bunun sənə də xeyri vardır. Çünki padışah rəhm edərək uşağın səninlə görüşməsini istəyəcək. Hər halda görüşmək üçün onu zindana göndərməyəcək, səni zindandan çıxarıb qaldığı saraya aparacaq, uşaqla orada görüşdürəcək. Ancaq bunun bir şərti var ki, bu da padişaha etimad və itaətinin tam olmasıdır…”

Bu hekayədən də görüldüyü kimi övladını itirən insan belə düşünməlidir:

“Uşağım məsumdur. Onu Yaradan Sonuz Mərhəmət və Kərəm Sahibidir. Mənim övladıma verəcəyim tərbiyədə nöqsan ola bilərdi, amma Sonsuz Mərhəmət Sahibi Allah onu dərgahına aldı. Övladımı dünyanın keşməkeşli zindanından çıxarıb, Cənnətin ən yüksək mərtəbəsinə yerləşdirdi.

Övladım necə də xoşbəxtdir! Bu dünyada olsaydı kim bilir halı necə olacaqdı?! Buna görə də mən onun vəfatına məyus olmaq yerinə sevinməliyəm. Çünki dünyada qalsaydı 20-30 illik müvəqqəti, kədərlə qarışıq övlad sevgim olacaqdı. Bəzən məni kədərləndirəcək, bəzən də sevindirəcəkdi. Bəlkə yaxşı tərbiyyə verə bilməyəcəkdim. Amma ayrılığı ilə mənə Cənnətdə övlad sevgisini daddıra və əbədi səadəti qazanmaq üçün bir şəfaətçi ola bilər”.

Vəfat edən uşağımızı da, bizi də yaradan Rəbbimizdir. Övladlarımız bizə əmanət olaraq verilmişdir. Valideynin övladına qarşı göstərmiş olduğu şəfqət, Allah Təalanın mərhəmətinin yüzdən biri qədərdir.[1] Biz Rəbbimiz qədər mərhəmətli ola, Onun qədər övladımıza qayğı göstərə bilmərik. Nəticə etibarilə onun da bizim də sahibimiz Allahdır. Verdiyinə etiraz etmədiyimiz kimi, aldığına da etiraz etməyə haqqımız yoxdur. Onun təqdir etdiklərində bizim bilmədiyimiz nə hikmətlər vardır[2]. Mərhəmətli Rəbbimiz hər hansı hikmətə görə övladı bizim əlimizdən almışsa, övladımızın həqiqi Sahibinə qarşı etiraz və şikayət etmək, ümidsizliyə qapılmaq, fəryad eləmək inanan insana əsla yaraşmaz.

Əgər dünya durduqca dursaydı, insan da bu dünyada əbədi yaşasaydı və ölüm, ayrılıq heç olmasaydı kədər və üzüntülər bir dəyər qazanardımı? Lakin bu dünya bir pəncərədir, hər gələn baxar keçər. Vəfat edən uşaq hara gedibsə, biz də əvvəl-axır ora gedəcəyik. Geci-tezi hamı vəfat edəcək, bir gün əvvəl və ya bir gün sonra. Bu dünyaya gəlmə vaxtımızı özümüz təyin etmədiyimiz kimi, getmə vaxtımızı da özümüz təyin etmirik. Ancaq ayrılıq əbədi deyildir. Burada ayrılanlar axirətdə yenidən görüşəcək. Buna görə də “əl hukmu lillah” (Hökm Allahındır  (Mömin 40/12)) və “O verdi, O aldı Əlhamdulillahi alə kulli hal (hər halımızda Allaha şükür olsun)” deyərək səbir və şükür etməliyik. İnsanlığın iftixarı Allah Rəsulunu düşünək: daha həyatda ikən yeddi övladından altısını qəbrə öz əlləri ilə yerləşdirdi.

İlahi rəhmətin iz düşümü olan şəfqət çox təsirli iksirdir. İstər ana, istərsə də ata övladını dünyalar qədər çox istəyər. İnanan insan övladı vəfat edincə dünyadan üz döndərər və Həqiqi Nemət Sahibinə üz tutaraq “madam ki, dünya fanidir ona ürəkdən bağlanmağa dəyməz” deyər. Bu hal onda övladlarının getdiyi yerə qarşı rəğbət oyadar və ona mənəvi güc verər.[3]

 Ayrıca vəfat edən uşağa deyilsə ki, bax sənin atan-anan sənin vəfatına məyus olub, kədərlənir. O uşaq geri qayıtmaq istəməz, çünki ümid edirik ki, Cənnətdədir. Orayı tərk edib, buraxıb gəlmək istəməz. Ancaq onun ürəyində bir arzusu olar, “Rəbbim, atam-anam da kaşki hidayət üzrə olsalar, mənim ayrılığıma üsyan etməsələr, səbr etsələr və gözəl işlər görərək onlar da Cənnətə daxil olsalar.”

Mövzumuzu bir ayə ilə bitirmək istərdik:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman:“Biz Allahdan gəldik (Onun bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (Bəqərə 2/155-157)


[1] Buxari, Tövhid, 15, 28; Müslim, Tövbə, 14

[2] İnsan, 30; Tekvir, 29

[3] Məktubat, 17-ci məktub




Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.


Şərh yaz