1. 302 dəfə oxunub ,   0 şərh   Çap et


Ramazan orucu İslamın beş şərtindən biridir. Oruc həm də uca dinimiz İslamın əlamət və simvollarındandır. Qeyri-müsəlman bir diyarda namaz qılan, iftar edən və s. görəndə ağıla ilk olaraq İslam gəlir. Çünki bu ibadətlər İslamın əlamət və simvolu sayılır. Bunun kimi azan, minarə, “bismillah” demək, salam almaq və vermək İslamın əsas əlamətlərindəndir. Bu əlamət və simvollar İslamın tanınmasında böyük əhəmiyyətə malikdir.

Biz İslamın gözəlliklərini bütün əməl və davranışlarımızda əks etdirə bilsək, digər insanların dəstə-dəstə İslama girdiklərini görərik. Yəni hal dili, hərəkət və davranışlarımızda İslamı təmsil etmək olduqca əhəmiyyətlidir.

Son dərəcə mükəmməl yaradılan Yer kürəsi bütün canlıların istifadə edə biləcəyi geniş süfrə kimidir. Bütün canlılar bu geniş süfrədən istifadə edir, hər canlı süfrədə özünə uyğun ruzi tapır. Məsələn, Allah-Taala bir quşu yaradarkən onun yaşaması və qidalanması üçün lazım olan ruzi və həyatı da yaradır. Arı ilə bərabər gül və çiçəklər, inək ilə bərabər onun bəslənməsi üçün ot və çəmənliklər də yaradılır. Bir sözlə, hər canlının nəyə ehtiyacı varsa, onunla birgə xəlq edilir.

Allahın nemətləri göz qabağındadır. Çünki yer üzündə ehtiyac və ehtiyac sahibi arasında bir qanunauyğunluq var. Hər insanın havaya ehtiyacı var və yaşadığımız dünyada hava var. Suya ehtiyacımız var, dünyada su var. Həmçinin Uca Rəbbimiz bu ruzi və nemətləri bizim ehtiyacımız olan vaxt və zamanda yaradır. Qarpıza ən çox yay fəslində ehtiyacımız olur, qarpız da yay fəslində yaradılır. Beləcə Uca Rəbbimiz hər şeyi necə hikmətlə xəlq etdiyini, əngin şəfqət və mərhəmətini bizə göstərir.

Şübhəsiz ki, bu yer üzü süfrəsinin ən şərəfli müsafirləri bizlərik. Bəs, görəsən, Uca Rəbbimizin bizə bəxş etdiyi nemətlərin nə qədər fərqindəyik? Bütün məxluqat özlərinə məxsus həmd və şükrünü Allaha qarşı dilə gətirdikləri halda, insanlar nə üçün bundan uzaq dururlar?

Əfsus ki, bu süfrənin çox qiymətli müsafirləri sayılan müsəlmanlar da, bəzən bu nemətləri unudur. İnək süd verir və biz südü inəyin yaxşı bəslənməsinə bağlayırıq. Arı bal verir, “bu il çiçəklər çox idi” deyirik. Bir şəxs bizə sevdiyimiz bir yemək, ya da bir hədiyyə versə, ona təşəkkür edər və o nemətin bizə çatmasında həmin şəxsi yeganə səbəbkar görərik. Əslində həmin səbəblər bir vasitə və vəsilədən ibarətdir. Bu səbəblərin arxasında bir güc var. Biz zahirə görə hökm verdiyimiz üçün, nemətlər bizə ən son hansı əl ilə gəlibsə, neməti ondan bilir və pərdənin arxasını görə bilmirik…

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.

Ramazan ayında tutulan oruclar insanı bu qəflətdən oyadır. Gün ərzində mədəmizin yeməyə və suya olan ehtiyacı Uca Rəbbimizin nemətlərini xatırlamağa və onların dəyərini dərk etməyimizə səbəb olur.

İftar vaxtı bütün müsəlmanlar nizam-intizamlı bir ordu kimi bir səs və bir işarə gözləyirlər. Bütün müsəlmanlar ümumi ahəng içərisində Uca Allaha təzim və itaətlərini ərz edirlər. Bütün İslam aləmi bir süfrə ətrafına toplanaraq Uca Allahın əmrini gözləyir. Bu – yəni iftarın yaxınlaşdığı dəqiqələrdə süfrənin başında gözləmək sünnətdir. Biz bu sünnəti yaşayarkən eyni zamanda o nemətlərin haradan gəldiyini düşünür, həqiqi mənada nemətlərin fərqinə varmağa çalışırıq.

Görəsən, ildə bir dəfə ramazan ayı olmasa, nə vaxt oturub o nemətləri bizə verəni düşünər, həmd və şükür edər və ya o nemətləri nə qədər təfəkkür edərik? Oruc tutaraq nemətlərin həqiqi sahibini təfəkkür edə bilirik?

Nazim Mustafayev




Bənzər məqalələr

  Səməni, ay səməni

 Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq.   Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]

Ramazandan kimlər “qazanclı” çıxır?

Həqiqi xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün müəyyən xüsuslara diqqət etmək lazımdır.

Rəyyan qapısı nədir?

Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Təfəkkür

Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir.


Şərh yaz