- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Orucun faydaları

Allah-Təalaya qovuşmağı xatırladır

İnsanı mələk səviyyəsinə yüksəldir

Nemətlərin qədrini bilməyi öyrədir

Qənaətkar olmağı öyrədir

Ruhu kamilləşdirir

Nəfsi cilovlayır

Günahlardan qoruyur

Əmanətə riayət etməyi öyrədir

Sözə əməl etməyi öyrədir

İnsana gözütoxluğu öyrədir

Səbir etməyi öyrədir

Çətinliklərə dözməyi öyrədir  

Həyatı nizama salır

Allah-Təalaya qovuşmağı xatırladır  

Orucun hər saatı, hər dəqiqəsi, hər saniyəsi Allahı və  Ona qovuşma (liqa) nemətini xatırlatma baxımından əhəmiyyətlidir. Oruc bu funksiyasını iki yolla həyata keçirir: Bunu ləzzətləri gedən,  amma yox olmayan nemətlərə istək və məşəqqətlərin bitməsi nəticəsində meydana gələn ləzzət şəklində ümumiləşdirə bilərik. Səhərdən axşama qədər oruc tutub ac-susuz qalan insan zahirən əziyyət çəksə də, etdiyi ibadətin axirətdə mükafatını düşünməklə bu əziyyətləri unudur. Oruc tutan adam yemək-içməyi, şəhvani hisləri rizası üçün tərk etdiyi Rəbbinə qovuşmağı düşünür. Bunun sayəsində həyatının hər anı dini qadağalar və əmrlər dairəsində cərəyan edir. Rəsuli-Əkrəm də: Oruc tutan adam iki dəfə sevinər: iftar açarkən və Rəbbinə qovuşarkən,” – deyə buyurur. (Buxari, Tövhid 35; Müslim, Siyam 164.)

İnsani mələk səviyyəsinə yüksəldir

İnsanda mələki (ruhani) və heyvani olmaqla iki cəhət var. Əgər insan heyvani hislərdən üz döndərib Rəbbinə doğru yönələrsə, mələki (ruhani) yönünün inkişaf etdiyini və heyvani tərəfinin azaldığını vicdanən hiss edər. İnsan yaradılış baxımdan digər canlılardan da üstündür. Lakin Allah onu əlayi-illiyin (ən üstün məqam) və əsfəli-safilin (ən aşağı səviyyə) arasında yaratmışdır. Başqa sözlə, insan bəzən mələklərdən üstün məqama yüksələr, bəzən də şeytandan belə aşağı səviyyəyə düşər.

İnsanı mələklərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun nəfs sahibi olmasıdır. Mələklər yeyib-içə, evlənə, Allaha üsyan edə bilməzlər. Yaradılış baxımdan məsum olan mələklər hər an Allahı təsbeh və Ona ibadət edirlər. “(Mələklər) Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”.(“Ənbiya” surəsi, 21/27-28) İnsan isə həyatını yalnız qidalanmaqla davam etdirə bilər. Onun xəta və üsyan etməsi hər an gözləniləndir. Ancaq oruc tutan möminə gəlincə, o, səhərdən axşama qədər yeməməkdən, içməkdən, şəhvani istəklərdən, qeybətdən və zülm etməkdən uzaq durmaqla bir növ mələk səviyyəsinə yüksəlir. Hətta bəzən bu davranışları ilə mələklərdən də üstün olur. Allah-Təala belə mömin qulları ilə fəxr edir və onları mələklərə nümunə göstərir. (Münziri, ət-Tərğib vət-Tərhib, 2/99)

Nemətlərin qədrini bilməyi öyrədir

Allah-Təala yer üzünü bir çox nemətlərlə bəzəmiş və onları insanın istifadəsinə vermişdir. Sanki, hər gün qarşımızda səmadan ard-arda endirilən bir süfrə açılır, yay, yaz, qış, payız demədən ağaclar meyvə verir, səma ətəyini dolduraraq cövhərlər gətirir, yer üzünü növbənöv nemətlərlə süsləyir.

Yer və göy insanın ixtiyarına verilmişdir. Amma bu saysız-hesabsız nemətlər içində üzən insan çox vaxt bu nemətlərin əhəmiyyətini dərk etmir. “O balıqlar ki dəryada üzsələr də, dəryadan xəbərsizdirlər”. Dənizin içindədirlər, ancaq su sayəsində üzdüklərini bilmirlər. Nemətlər içində üzən insan oruc tutmaqla onların qədir-qiymətini anlar, şükür etməyə çalışar.

Qənaətkar olmaği öyrədir

Oruc ibadəti insana gözəl xüsusiyyətlərdən biri olan qənaətkarlığı öyrədir. İstədiyi şeyi istədiyi vaxt etməyə öyrəşən insan oruc tutanda məcburən istədiyini edə bilməyəcək. Məsələn: ürəyi istəyəndə yemək yeyən, vücudunun nəfsani əmrlərini yerinə yetirən insan oruc tutanda istər-istəməz axşamı gözləməyə məcbur olacaq və beləcə qənaət etməyi öyrənəcək, məsuliyyətsiz, plansız, rejimsiz həyatdan uzaqlaşacaq.

Ruhu kamilləşdirir

İnsan bədən və ruh cütlüyündən ibarət varlıqdır. Bədənin bir sıra ehtiyacları olduğu kimi, ruhun da özünəməxsus ehtiyacları var. İnsan cismən kiçik varlıqdır. Lakin ruhi-mənəvi cəhəti  etibarilə “əbədiyyətlə qucaqlaşma yarışı”ndadır. İnsan sonsuz, sərhədsiz arzuları, istəkləri, duyğuları, xəyalları, düşüncələri və fikirləri ilə kainatın kiçik bir nümunəsini andırır.

Məhz belə bir varlığın ruh və qabiliyyətini kamilləşdirən əməllərin mənbəyi, onun fikirlərini genişləndirib nizama salan, şəhvətini və qəzəbini cilovlayan, onu kamillik zirvəsinə ucaldan və Rəbbinə bağlayan ən ali, ən yüksək irtibat yalnız və yalnız ibadətdir. İbadətin bir növü olan oruc bütün bu xüsusiyyətləri ehtiva edir. Peyğəmbərimiz bir hədisdə: “Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc isə səbrin yarısıdır,” – buyurur. (Tirmizi, Daavat 86; İbn Macə, Sıyam 44)

 Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir. Yemək vücudu bəslədiyi kimi, oruc da ruhu qidalandırır. Yemək yemədən maddi həyatı davam etdirmək çətin olduğu kimi, oruc tutmadan da ruhi-mənəvi həyatı davam etdirmək çətindir.

Ona görə də insanı ruhaniləşdirməyi, vücudun əsarətindən qurtarıb mənən kamilləşdirməyi qarşısına məqsəd qoyan bütün dinlərdə (formaca fərqli olsa da) oruc əsas ibadətlərdən biri olmuşdur. Hətta insanlara kamillik yolunu göstərəcək bütün peyğəmbərlər bu müqəddəs vəzifəni yerinə yetirməyə hazırlaşarkən həmin ərəfəni oruc tutmaqla keçirmişlər. Bu da insanın kamilləşməsində orucun nə qədər müsbət təsirə malik olduğunu göstərən dəlillərdən biridir.

Bəli, insanlarda ruh vücuda, vücud da ruha zidd inkişaf edir. Ruhən, mənən kamilləşmək istəyən insanlar mütləq oruc tutmalıdır. Başqa sözlə, oruc tutmayanlar vücudun altında “əzilir” və istənilən səviyyədə ruhən, mənən kamilləşə bilmirlər.

Nəfsi cilovlayır

Nəfsi özünə ram etmək insanlar üçün ən əhəmiyyətli məsələdir. Çünki nəfsin istəkləri və vərdişləri insanı zəhərləyir və onu əsfəli-safilinə (ən aşağı səviyyəyə) doğru çəkir. Nəfs insana daima pisliyi – pis işləri, çirkin əməlləri, napak düşüncələri əmr edir. Hz. Yusuf (ə.s.): “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” – deyə nəfsin nə olduğunu göstərməyə çalışmışdır. Nəfs verdikcə böyüyən, böyüdükcə istəyən bir xüsusiyyətə malikdir. Peyğəmbərimiz (əleyhissalatu vəssalam) də bir duasında: “Ey Allahım, acizlik və tənbəllikdən, qorxaqlıq və xəsislikdən, qocalıb əldən düşməkdən və qəbir əzabından Sənə sığınıram. Ey Allahım, mənə (nəfsimə) təqvalı olmağı nəsib eylə. Məni (nəfsimi) pak et. Çünki Sən təmizləyənlərin ən xeyirlisisən. Sənsən nəfsin sahibi. Ey Allahım, fayda verməyən elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən, qəbul olunmayan duadan Sənə sığınıram,” – buyurmuşdur. (Müslim, Zikr 73) Başqa bir duada isə nəfsin şərindən, pisliyindən, başa gətirəcək bəlalardan Allaha sığınmışdır. (Tirmizi, Dəavat 14)

Bu baxımdan oruc insanı böyük təhlükələrə aparan zinaya qarşı bir qalxandır. Evlənməyə imkanı olmayanlar Allah Rəsulunun tövsiyəsinə görə oruc tutmalıdırlar.  Çünki oruc insanı günahlardan qoruyan qalxandır.

Bəli, oruc nəfsi ram etməyin simvoludur. Ona görə də oruc fərz olaraq dinin əsas rüknlərindən və insanı (İslamın nəfsə tətbiqinin praktik ifadəsi olan) təqvaya aparan yollardan biridir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”  (“Bəqərə” surəsi, 2/183)

Oruc nəfsin “yüyəni”dir. Başqa sözlə, nəfsin şaha qalxmasına imkan vermir, onu cilovlayır. 

Xülasə, insan oruc tutmaqla öz nəfsini Allah-Təalaya üsyan etməkdən, itaətsizlikdən xilas edir və müti, itaətkar qula çevrilir. İnsan oruc tutanda digər günlərə (oruc tutmadığı günlərə) nisbətən pillə-pillə mələkləşdiyini hiss edir. Və dərk edir ki, izin verilməsə, ən adi işləri görə, hətta əlini suya belə uzada bilməz. Nəticədə, əşyaların həqiqi sahibi olmadığını, azad deyil, Allaha bir qul olduğunu anlayır, acizliyini, fəqirliyini, qüsurunu görür və mənəvi şükürlə mərhəmət qapısını döyməyə hazırlaşır. Bu şərtlə ki, orucu dini qoyduğu qaydalar çərçivəsində saxlasın.

İnsanı günahlardan qoruyur

Günah mənəvi tənəzzül, insan fitrəti ilə təzaddır. Günah işləyən insan özünü vicdani əzablar və mənəvi sıxıntılar qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi istedad və qabiliyyətlərini şeytana təslim etmiş bir məzlumdur. Əgər günah işləməkdə davam etsə, “ip”ini tamamilə nəfsin əlinə verər və bundan sonra təbii ki, nə iradə, nə dözüm, nə də özünü “yeniləməyə” macal qalar.

Məhz bu günah təhlükədən qorunmaqda oruc ibadəti bir zəmanət və təminat xarakteri daşıyır. Bəzi insanları yanlış yola düşməkdən qoruyan bir səddir. Günahlardan çəkindirən hayqırtı, çağırışdır. Bəli, o, bir qalxan kimi sahibini qoruyan, bir cənnət qapısına çevrilib sahibinin üzünə açılan və bir saqi kimi ona kövsər içirən müqəddəs yoldaşdır.

Allah Rəsulu (əleyhissalatu vəssalam): “Ey gənclər! Hansınızın evlənməyə imkanı çatırsa, evlənsin. Çünki bu (evlənmək) gözü, fərci (ədəb yerini) günahlardan qoruyur. Kimin evlənməyə imkanı çatmırsa, oruc tutsun. Çünki oruc onun üçün bir qalxandır,” – buyurur.  (Buxari, Savm 10; Əbu Davud, Nikah 1; Nəsai, Sıyam 43; İbn Macə, Nikah 1)

Oruc ibadəti insanda cismani istəklərlə mübarizə qabiliyyətini formalaşdırır. İnsan oruc tutarkən hər cür mənfi istək və meyillərin qarşısını ala bilir və günahlara qarşı müqavimət qabiliyyəti inkişaf etdirir. Bunun sayəsində oruc tutmadığı günlərdə də günahlara qarşı mübarizə apara, müqavimət göstərə bilir. Çünki oruc təkcə mədəni ac-susuz saxlamaq deyil, əksinə, mədə kimi bütün duyğulara: gözə, qulağa, qəlbə, xəyala və s. oruc tutdurmaq, onları haramdan, bihudə, faydasız işlərdən uzaqlaşdırmaq və hər birini öz ibadətinə sövq etməkdir. Bu şəkildə oruc tutan insan “halal” istiqamətdə həyat yaşayar. Bu incə məsələni Peyğəmbərimiz belə açıqlayır: “Kim mənə iki çənə və iki qıç arasını qoruyacağı barədə zəmanət versə, ona cənnəti vəd edərəm”. (Buxari, Riqaq 23)

Dini ibadətlərin, imanın sabitliyini təmin etmək üçün ən təsirli yol orucdur. Çünki mədənin daim tox olması bütün orqanları yüksək enerji ilə təmin edir ki, bu da  nəfsin istəklərini azğınlaşdırır. O zaman dil açılır, göz günaha açılır, özünənəzarət mümkün olmur. Nəzarətsiz dil axirət üçün ən böyük təhlükələrdən biridir. Onu nəzarət altında saxlamağın yeganə yolu nəfsin istəklərini, meyillərini məhdudlaşdırmaq və onların qarşısını almaqdır. Bu baxımdan oruc ən təsirli “resept” kimi tövsiyə olunur. Peyğəmbərimizin aşağıdakı hədisləri bu fikri təsdiqləyir: “Oruc tutarkən heç kimə pis söz deməyin, çığırıb-bağırmayın. Əgər kimsə sizi söyər və ya əli ilə sataşarsa, “Mən orucluyam” deyin.” (Buxar, Savm 9; Nəsai, Siyam 42; Əhməd ibn Hənbəl, Müsnəd, 2/273); “Oruc tutarkən yalan danışmaqdan və pis hərəkətlərdən əl çəkməyənlər bilsin ki, Allahın onların ac-susuz qalmasına ehtiyacı yoxdur.”(Buxari, Savm 8)

Xülasə, ən mükəmməl oruc mədə ilə yanaşı, göz, qulaq, qəlb, xəyal, düşüncə və s. orqan və duyğuların da oruclu olmasıdır. Yəni onları haramdan, faydasız şeylərdən çəkindirərək ibadətə sövq etməkdir. Bunun yolu da oruc vasitəsilə mədəni nəzarətdə saxlamaqdır, çünki insan vücudunda ən böyük “fabrik” mədədir. Mədəyə nəzarət digər üzvlərə nəzarəti də asanlaşdırar.

Əmanətə riayət etməyi öyrədir

Oruc əmanətə gizli və ya aşkar riayət etməyi öyrədir. Halal nemətlərdən müvəqqəti  imtina etdirən də yenə Allahdır. Oruc tutan adam gün ərzində Allahın qoyduğu qadağalara riayət edir. Əlində bütün imkanlar olsa da, onu hətta heç kim (Allahdan başqa) görməsə də, orucunu davam etdirir. O, axşama qədər əmanətə riayət hissi ilə yaşayır. Oruca belə həssaslıq müsəlmanın bütün həyatında təzahür edir.  Dolayısilə, oruc tutan insan ömrü boyu əmanətlərə riayət etməyə çalışır.

Sözə əməl etməyi öyrədir

Oruc vəfa hissinin təzahür etdiyi ən gözəl ibadətdir, çünki oruc Allahla bəndə arasında bir əhd-peymandır. Bəndə müəyyən zamanlarda (Ramazan günlərində) müəyyən şeylərdən (qida, su və s.) vaz keçərək əhdinə sadiq, vəfalı olduğunu göstərəcək. Eyni zamanda insan oruc tutmaqla get-gedə vəfa, sədaqət hissini gücləndirəcək və nəhayət, sədaqət hissi xarakterin ayrılmaz tərkib hissəsinə çevriləcək. Belə bir insan ictimai, ailə və şəxsi həyatında bir “vəfa” timsalı  olacaqdır.

İnsana gözütoxluğu öyrədir

İnsan oruc vasitəsilə nəfsin təlqin etdiyi şeytani vəsvəsələrin qarşısına sədd çəkər, onun “cilov”unu öz əlinə alar, onu lazımi istiqamətdə yönəldər. Çünki o, yemək-içməkdən, qadından və faydasız işlərdən uzaqdır. Beləliklə, o, nəfsin və bəşəri hislərin təzyiqindən xilas olaraq izzətli həyat yaşayar və möminə xas izzət məqamına yüksələr. ”Şərəf-şan (izzət) da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (“Münafiqun” surəsi, 63/8)

Səbir etməyi öyrədir

Orucun ən böyük faydalarından biri də səbir etməyi öyrətməsidir. İnsan tutduğu orucla səbir “təlimi” keçir: acanda yeməz, susayanda içməz, pislik görəndə “mən orucluyam” deyib, səbir edər. İnsan əlini, ayağını, dilini, dodağını, qulağını bağlayıb Rəbbinə doğru pərvazlanarkən səbri özünə “buraq” edə bilsə, Allah-Təalanın rizasını qazanma şərəfinə çatar.

Sinir sistemin orqanizmdə mühüm rol oynayır.  Əgər insanın dil sinirləri iflic olsa, danışa bilməz,  ayaq sinirləri sıradan çıxsa, yeriməyə bilməz. Sinirlərin pozulması  – iflic səviyyəsindən asılı olaraq, – insan həyatı üçün təhlükəlidir. Əsəbləri pozulmuş insan narahat həyat keçirir, səbir edə bilmir. Dava-dalaşların, cinayətlərin çoxu əsəbilikdən, səbirsizlikdən qaynaqlanır. Hədisi-şərifdə: “Oruc səbrin, səbir də imanın yarısıdır,” – buyurulur. (İbn Macə, Sıyam, 44) Deməli, oruc tutmaq imanın göstəricilərindən biridir. İmanlı insan da imanının dərəcəsindən asılı olaraq əsəblərinə hakim olar, cinayət və günah işləməz. Oruc tutaraq ac qalan insanın istəkləri bir növ “taqətdən” düşür və səbir etmək daha asan olur.

Çətinliklərə dözməyi öyrədir  

Hər cür nemətlər içində firavan həyat əbədi deyildir. Gözlənilməz yerdə və ya gözlənilməz vaxtda bir də görürsən, yoxsulluq qapını kəsdirib. Bu kimi gözlənilməz hadisələrlə qarşılaşarkən dözümlü olmaq, sarsılmamaq üçün orqanizmi əvvəlcədən dar günlərə hazırlamaq lazımdır. İnsan varlı olduğu halda, yoxsullaşa, bir fəlakət zamanı hər şeyini itirə və ya baş verən müharibələrdə məşəqqətlərlə üzləşə bilər.

Məhz bu və buna bənzər çətinliklər qarşısında pis vəziyyətə düşməmək, ümidsizliyə qapılmamaq üçün oruc ibadəti bir növ hazırlıq təlim daşıyır: İnsanı ac-susuz saxlamaqla səbir etməyi öyrədir, onu dar günlərə, ani baş verən hadisələrə hazırlayır. Və insan bu hazırlıq sayəsində müxtəlif çətinliklərə, əzab əziyyətlərə daha asan dözür. Eyni zamanda oruc ibadəti çətinliklər və əziyyətlər qarşısında əyilməyən, nəfsinə hakim olmağı bacaran, şirnikdirici vədlərə aldanıb Haqq yolundan dönməyən mükəmməl və ideal insanlar yetişdirir.

Həyatı nizama salır

Oruc tutan insan bir növ nizam-intizam üzrə təlim keçir. Müəyyən vaxtlarda yemək, müəyyən vaxtlarda yeməmək, oruclu olarkən namaza daha diqqətli yanaşmaq, bütün insanlarla eyni anı gözləyib sahur yeməyinə qalxmaq, təravih namazı qılmaq və s. insanı nizam-intizama alışdırır. Beləcə mömin həyatını nizama salır və vaxtdan səmərəli şəkildə faydalanır