- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Oruc sağlamlıqdır

İbadətlərin bir çox faydaları və hikmətləri vardır. Tibb elmi orucun bir çox faydalarının olduğunu sübut etmişdir. Belə ki, orucdan çətin müalicə olunan və qıcqırma nəticəsində meydana gələn bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda, qəbizliyin artmasının qarşısını alan ən münasib vasitələrdən biri də orucdur.

Bəzi dəri xəstəliklərini yaxşılaşdırması, mədə-bağırsaq sisteminin işini asanlaşdırması da orucun tibbi faydalarındandır. Bu səbəbdən dünyanın müxtəlif bölgələrində orucla müalicə aparan xəstəxanalar qurulmuşdur. Bunlardan biri professor Henri Lahmanın Saksoniyanın Drezden şəhərindəki xəstəxanasıdır.

Oruc və qidalanma

Albumin tərkibli yeməklər turşuları, tərəvəzlər əsasları və bunlar isə birləşərək müxtəlif duzları əmələ gətirir. Hüceyrə və toxumalarda mövcud olan duz növləri daima dəyişir.

Qidalarımızda kifayət qədər əsaslar olmasa, turşuların duza çevrilməsi prosesi baş verməz və zəhərlənməyə gətirib çıxarar. Bu uyğunsuzluğu tənzimləmək üçün orqanizmdə ehtiyat maddələr olsa da, eyni halın təkrarı və ya uzun müddət davam etməsi səhhətin normal fəaliyyətini pozur. Ümumiyyətlə, xəstəliklərin 50%-i mədədəki fəsadlardan meydana gəlir.

Turşu, əsas və duz müvazinəti səhhət üçün olduqca əhəmiyyətlidir. Ancaq buna həssas yanaşmır, zövqümüzə və ya imkanlarımıza uyğun qidalanırıq. Belə anormal qidalanma nəticəsində əziyyət çəkən vücuda ildə bir ay, yalnız gündüzlər fasilə vermək hava-su kimi lazımdır. Məhz oruc insanın daxili orqanlarının ətrafını tutan zərərli yağların əriməsinə, sorulmasına müsbət təsir göstərir.

İldə bir dəfə budanan ağaclar yazda daha sürətlə böyüyür, qol-budaq atır. Bunun kimi bir aylıq orucdan sonra orqanizmdə metobolizm canlanır. Oruc orqanizmin böyrək, qaraciyər, öd kisəsi, şəkər, ürək və damar xəstəliklərinə müqavimətini artırır. Ancaq gərək iftar və sahurda həddən artıq yemək yeyilməsin. Aleks Karl yazır: “Qida qəbulunun müvəqqəti dayandırılması zamanı əvvəlcə aclıq, bəzən əsəb gərginliyi və nəhayət, zəiflik meydana gəlir. Ancaq daha mühüm nəticələr verir. Qaraciyərdə şəkər, dəri altında yağ təbəqələri, əzələlərdə, vəzlərdə və dalaq hüceyrələrində proteinlər aktivləşir. Bütün üzvlər öz maddələrini daxili orqanların və ürəyin sağlamlığını qorumağa sərf edir. Beləliklə, oruc toxumaları təmizləyir və yeniləyir.

Orqanizmin aclıq və susuzluğa dözümlülük qabiliyyətini artıran oruc insan növünün qıtlıq və aclıq kimi fəlakətlərdən sağ çıxmasında mühüm rol oynamışdır.

Bəzi müqəddəs günlərdə, bazar ertəsi və cümə axşamlarında tutulan nafilə oruclar hormonal fəaliyyətləri tənzimləyir, enerjisini iş və ya idmana sərf etməyən  insanları, xüsusilə də, gəncləri əxlaqsız və çirkin əməllərdən qoruyur. Allah rizası üçün tutulan bu oruc, əslində bədənin ruha təzyiqini azaldır və ruhun hakimliyini təmin edir.

Oruc və əzələ fəaliyyəti

İnsan vücudu mərkəzi sinir sisteminə bağlı olan idarəedici sinir sisteminin nəzarəti altında fəaliyyət göstərən əzələlər sayəsində hərəkət edir. İnsanın hərəkət etməsi müəyyən əzələlərin yığılması və boşalması (açılması) sayəsində mümkün olur. Əzələlərin yığılma (sıxılma) və boşalma hərəkəti mürəkkəb bir proses olub digər orqanları da yorur. Ürək və qan dövranı əzələlərin öz vəzifəsini yerinə yetirməsi üçün onları lazımi oksigen və qida maddələri ilə təmin edir. Əzələlərə nə qədər çox qan gedərsə, onların yığılma və boşalma hərəkəti, yorğunluğa dözümü də bir o qədər artar. Əks təqdirdə, yəni qan dövranı zəif və qan miqdarı az olarsa, əzələlər süsləşər və gücünü itirər.

Əzələlərə ötürülən qanın həcmi müəyyən daxili proseslərdən asılı olaraq artıb-azalır. Bütün bədənə aid qanın həcmi damarlarda sabit qaldığı halda nə üçün əzələlərə bəzən az, bəzən də çox qan gəlir?

Vücudda əzələ və hərəkət orqanları ilə yanaşı, digər üzv və orqanlar da mövcuddur. Onlar da əzələlər kimi qana möhtacdır. Bir orqanın qana ehtiyacı azalanda bədənin digər hissələri qandan daha çox istifadə imkanı əldə edir.

Həzm sisteminin bütün vəzifələrini yerinə yetirməsi üçün bol miqdarda qan tələb olunur. Çünki yeməyin həzmi üçün zəruri olan bütün ifraz prosesləri, hərəkət, sorulma yalnız qan vasitəsilə mümkün olur. Buna görə də qidalanmanın başlanması ilə qan dövranının böyük qismi həzm prosesinə cəlb olunur. Bu müddətdə isə əzələlər və digər hərəkət üzvləri lazımi qədər qan qəbul edə bilmir. Bu hal vücuda süstlük, yorğunluq gətirir, onun dözümlülük qabiliyyətini azaldır. Orqanizm tənbəlləşib ağırlaşır.

Bu gün mütəxəssislər idmançılara ağır və çətin işlərə, gimnastika və idmana ac başlamağı tövsiyə edir.

Bəzi zəif və həssas orqanizmlər oruca davamlı olmur. Belə hallarda oruc bədənin əzələ fəaliyyəti və əqli qabiliyyətini zəiflədir. Belə insanlar az olsa da, İslam onları nəzər almışdır. Hərbdə Peyğəmbərimiz (s.ə.s): “Oruca dözə bilməyən varsa, orucunu pozsun”, – buyurmuşdur.

Oruc tutan vücudda əzələlər daha da möhkəmlənir, güclənir və gümrahlaşır. Əzələlər oruc müddətində digər günlərə nisbətən daha güclü olur və daha çox iş görə bilir.

Oruc ayı olan Ramazanda həddən artıq zehni və fiziki fəaliyyətə baxmayaraq, vücud zəifləmir. Çünki oruc vücudu qida maddələrindən yaxşı istifadə imkanı ilə təmin edir. Orqanizm yeni bir rejimlə qidalanmağa başlayır. Bütün gün yüngül bədənlə işləyən insan gecə də yaxşı istirahət edir və qidalanır.

Bir ay iyirmi dörd saat ərzində, demək olar ki, sabit qalan iki yemək (iftar və sahur) vaxtı vücudun qidalanmasına kifayət edir.

Ramazan ayında az da olsa, bəzi insanlarda müşahidə olunan zəiflik orucla bağlı deyil, yuxusuzluqdan və istirahət saatlarının azalmasından irəli gəlir.

Bəzən də oruc kökəlməyə səbəb olur. Çünki həzmi aktivləşdirir və həzm orqanları daha yaxşı işləyir, iştaha açılır.

Oruc işləməyə və vaxtdan səmərəli istifadəyə də müsbət təsir göstərir. Əslində, bir gündə iki dəfə yemək yemək ən ideal qidalanma rejimi sayılır. İşləmək üçün daha çox vaxt qalır. Digər tərəfdən, günorta yeməyinin təsiri ilə bədən süstləşir. Tənbəlləşən vücud yuxuya meyil edir. Və bu ağır bədənlə əvvəlki kimi həvəsli və aktiv işləmək olmur. Halbuki mədə boş olanda vücud yüngül və işləməyə daha həvəsli olur.

Gündüz saatlarında iki istirahət zamanı qılınan günorta və ikindi namazları isə bədənə güc, əzələlərə canlılıq, düşüncəyə dərinlik verir.

Gündəlik həyatı saniyə və dəqiqəsinədək bu qədər dəqiq tənzimləyən İslamdan daha mükəmməl yaşayış tərzi görə bilmirik.