- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Oruc orqanizm üçün zərərlidirmi?

Sual: Oruc tutmaq orqanizm üçün zərərlidir?

Cavab: Allah-Təala insanlara zərərli olan şeyi əmr etməz. Tibb mütəxəssislərinin fikrincə, oruclu şəxslərdə adrenalin və kortizon hormonları qana daha asanlıqla qarışır. Bu hormonlar xərçəng hüceyrələrinə də təsir göstərir və xərçəngə qarşı sanki qalxan funksikyasını yerinə yetirir yəni xərçəng hüceyrələrinin çoxalmasına mane olur.

Oruc həmçinin bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Oruc tutan şəxsin orqanizmi yeni müalicəyə başlayan xəstənin orqanizmi kimi olur. Daxili orqanları əhatə edən əlavə piy qatı əriməyə, orqanizmin gümrahlığı artmağa, mədə, böyrək, şəkər, ürək və qaraciyər xəstəliklərinə qarşı müqaviməti güclənməyə başlayar.

Müxtəlif funksiyaları (450-dən artıq funksiyası var) olan qaraciyər həzm prosesində də iştirak edir. Oruc tutulan müddətdə, qaraciyər, mədə əzələləri və ifrazat vəziləri istirahət edir. Oruc yüksək təzyiqli şəxslər üçün də çox faydalıdır.

Qida qalıqları yaxşı həzm olunmadıqda bədəndə əlavə yağlar toplanır. Bu isə damarlarda daralma və codluğa səbəb olur. Bu baxımdan xüsusilə “damar codluğu” olanların başqa aylarda da oruc tutması tövsiyə olunur. Oruclu olarkən bədənin digər orqanları da istirahət edir. Az yemək və oruc tutmaq bədənin sağlamlığı üçün çox əhəmiyyətlidir. Zəkat malın təmizlənməsidir. Zəkat verən malını təhlükələrdən qoruduğu kimi, oruc tutan da bədənin zəkatını ödəməklə xəstəliklərdən qorunmuş olur. Rəsulullah (s.ə.s) “Hər şeyin bir zəkatı var. Bədənin zəkatı da orucdur.”[1] buyurmuşdur.

Xəstəliklərin əksəriyyəti çox yeməkdən qaynaqlanır. Çox yeyəndə doyma duyğusu zəifləyir və insanın nəfsani arzuları güclənir, nəticədə harama düşmə ehtimalı artır.

Hal-hazırda müasir tibb bəzi xəstəliklərin müalicəsində orucdan bir müdafiə vasitəsi və dərman kimi istifadə edir. Bəli, oruc və pəhrizin tibdə nə qədər əhəmiyyətli olması göz qabağındadır. Çünki bütün dünyada həkimlər reseptlə birlikdə, xəstənin qida rejimini (nəyi yemək olar, nəyi olmaz, nə vaxt, nə qədər və s.) də yazırlar. Yəni müasir tibb xəstəliklərlə qidaların sıx bağlı olduğunu dərk edir.

Müsəlmanlar bu tövsiyəni çox yaxşı bilirlər: “Mədə xəstəliyin evidir, birinci dərman qidanın düzgün qəbul edilməsidir”. İslamın “oruc tutun, sağlam olun” prinsipinin müqabilində, müasir tibb də “Oruc tutun, gümrah qalın” deyir.

Xülasə, oruc tutmaq orqanizm üçün zərərli deyil. Əksinə faydalıdır ki, bu faydaları tibb elmi tərəfindən də sübut edilmişdir.


[1] İbn Macə, Siyam, 44.