- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Oruc ac-susuz qalmaq deyil

Oruc tutan insan bütün pis əməllərdən uzaq olmalıdır. Yəni oruc tumaq yalnız ac-susuz qalmaq demək deyildir. İnsan, xüsusən də, oruc tutanlar bütün üzvlərini günahlardan qorumalı, minalanmış ərazidə gəzirmiş kimi diqqətli olmalıdır. Bir sözlə, o, şeytanın günah oxlarından qorunmaq üçün əlinə, ayağına, başına, qulağına zireh geyməli və onların təsirinə məruz qalmamağa çalışmalıdır.

Gözlərə necə oruc tutdurmaq olar?

Göz Allahın insanlara bəxş etdiyi ən dəyərli və mükəmməl orqanlardan biridir. İnsan gözləri ilə görür, görüb düşünür və ətraf aləmlə əlaqə qurur. Beyinə və qəlbə gedən hər şey gözdə süzülüb keçir. Başqa cür desək, göz onların ilk “qapısı”dır. İnsan, xüsusilə, oruc tutarkən gözünü zəhərli oxlardan – haramlardan, qəlbi məşğul edən maləyani (mənasız, boş, faydasız) şeylərdən mühafizə etməlidir. Allah Rəsulu: “Harama baxmaq lənətlənmiş şeytanın zəhərli oxlarından biridir. Kim Allah qorxusu ilə harama baxmazsa, Allah (c.c.) həmin qulunun qəlbinə imanın şirinliyini ehsan edər,” – deyə buyurur. (Hakim, Müstədrək, IV, 314)

Dil necə oruc tutur?

Dilin orucu yalandan, haram olan şeyləri danışmaqdan, qeybət etməkdən, insanların qüsurlarını deməkdən uzaq olmaqdır. Bununla yanaşı, Quran oxumaq, zikr etmək, axirət aləmini xatırladan, təfəkkürə (Allahı düşünməyə, təfəkkür etməyə) səbəb olan əsərlər oxumaq lazımdır.  Oruc tutan insan dava-dalaş salmamalı, söyənə cavab qaytarmamalı, nalayiq hərəkətvə davranışlara yol verməməlidir. Əgər kimsə ona sataşarsa, oruclu olduğunu, buna görə cavab verməyəcəyini bildirməlidir. Çünki Rəsuli-Əkrəm: “Oruc mömin üçün bir qalxandır. Ona görə də heç kim oruc tutarkən pis şeylər danışmasın nalayiq hərəkətlər etməsin. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, “mən orucluyam” desin“, – buyurur. (Buxari, Savm, 2; Müslim, Siyam, 161; Əbu Davud, Savm, 25; Tirmizi, Savm, 54.)

Oruc tutduğu halda, dedi-qodu edən, dilinə hakim olmayan, yalnız mədəsini ac saxlamaqla kifayətlənən insan orucun mükafatından məhrum qalar. Ona qalan yalnız aclıq və susuzluq olar. Bu haqda Allah Rəsulu buyurur: “Allahın yalandan, yalan danışmaqdan əl çəkməyən insanın ac-susuz qalmasına ehtiyacı yoxdur”. (Buxari, Savm, 8; Əbu Davud, Savm, 25; Tirmizi, Savm, 16; İbn Macə, Siyam, 21.) Başqa bir hədisdə belə buyrulur: “Elə oruc tutanlar var ki, onalara bu orucdan yalnız aclıq və susuzluq qalar. Gecə qalxıb elə namaz qılanlar var ki, onlara bu namazdan yalnız (yorğunluq və) yuxusuzluq qalar”. (İbn Macə, Siyam 21.)

Qulaq necə oruc tutur?

Mömin Allahın bir əmanəti olan qulağını yalan, qeybət, dedi-qodu kimi şeyləri eşitməkdən qorumalı, belə şeylər danışılan yerlərdən uzaqlaşmalıdır. Çünki pis sözləri dinləmək də günahdır. Qurani Kərimdə bu haqda buyurulur: “Onlar yalana qulaq asanlar və haram yeyənlərdir”.(“Maidə” surəsi, 5/42)