Aylıq namaz vaxtları
874 dəfə oxunub ,   0 şərh   Çap et

Ruh, nəfs və ağılı ucaltması

Məfkurəsinin cahanşümul olması

Onun (s.ə.s) tərbiyə metodunun mükəmməlliyi haqqıda deyilənlər

Və bir neçə nümunə…

Allah Rəsulu cahanşümul tərbiyə sistemi ilə gəlmiş və bütün qəlbləri, bütün ruhları, bütün ağılları, bütün nəfsləri əsl qayəsinə yüksəldən bəyan gətirmişdir. Quranın ümumbəşəri həqiqətləri də məhz bunu ifadə edir. O (s.ə.s), ağıla dəyər verən, ağılı hərəkətə gətirən və insanı vəhy meyarlı ağılla ən son nöqtəyə çatdıran.. sonra ruha üz tutan və ruhun tərbiyəsi ilə məşğul olanları çox-çox geridə qoyaraq onu (ruhu) ali fikir və dərin biliklərə yönəldən, daha sonra qəlbin qapısını döyən, onu həsrəti ilə alışıb-yandığı aləmlərdə, o aləmlərin Cənnət kimi yamyaşıl yamaclarında gəzdirən.. həmçinin, insanın hiss və lətifələrini[1] göyərçinlər kimi qanadlandıran.. xəyalın aciz qaldığı yerlərdə onları hiss və lətifələrlə pərvaz etdirən, beləcə tələbələrinin ruhunu, qəlb və hissini cilalayaraq iqtisadi, ictimai, idari, hərbi, siyasi və elmi sahələrin qapılarını onlara taybatay açan və ən mükəmməl idarəçi, ən bilikli iqtisadçı, ən uğurlu siyasətçi və ən kamil hərb dahisi kimi yetişdirən bəyanlarla gəlmişdir.

Bəli, Allah Rəsulu ümumbəşəri bir amalla gəlmiş və cahana iqtisad hüququnu, idarəçilik hüququnu, təlim və tərbiyə sistemini, ədliyyə, dövlət və  millət hüququnu öyrətmişdir.

Xülasə, Onun gətirdiyi bəyanlar mikro planda müasir inkişafı ehtiva edirdi. Bəli, Onun bəşəriyyətə təqdim etdiyi bu geniş təlim-tərbiyə anlayışında xırda bir qüsur olsaydı, Onun göndəriliş qayəsi tam gerçəkləşməzdi. Halbuki O, sizə bir hədisində – məalən belə buyurur:

– İndiyə qədər gələn peyğəmbərlərin hər biri bu möhtəşəm binanın bir tərəfini tikdi. Amma onun bircə yeri natamam qalırdı. Hər gəlib gedən “Görəsən, bu bina nə vaxt tamamlanacaq?” – deyirdi. Mən o yeri tamamlamaq üçün göndərilmişəm. Artıq mənim gəlişimlə o binanın natamam bir yeri qalmamışdır”.[2]

Bir tərbiyəçinin böyüklüyünü göstərən xüsuslar:

 Ruh, nəfs və ağılı ucaltması

Tarix şahiddir ki, Həzrət Məhəmməd (s.a.s.) səhabə və ardıcıllarını – Allahın inayətiylə – ruh, nəfs və ağılın ən yüksək zirvəsinə çatdırmışdır. Bəli, onları ağıl, ruh və nəfs üçün mümkün olan ən son nöqtəyə qədər aparmış və orada gəzdirmişdir.

Qurani-Kərimdə nəfsi-əmmarədən bəhs edilir. O nəfs ki, insanın boynuna boyunduruq keçirib onu istədiyi yerə sürüyür və – duyğu və düşüncəsi ilə mənəvi kamilliyə çatması mümkün ikən – cismani istəklərin köləsinə çevirir. Seyyidinə Həzrət Yusif (əleyhissalam) bu nəfsi-əmmarənin şərindən Allaha sığınmış: “Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”[3] demişdi. Nəfs öz-özlüyündə əmmarədir, insanı pis əməllərə sövq edir. Ancaq onu ən aşağı səviyyədən mərhələ-mərhələ yüksəldib zirvələrə çıxarmaq mümkündür. Qurani-Kərim nəfsin bu xüsusiyyətinə də toxunur:

“Ey xatircəm (mütməin) olan nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”[4] Quranda nəfsin “əmmarə”likdən çıxıb özünü sorğu-suala çəkən nəfsə çevrilməsinə də işarə edilir. Hətta bu vəziyyəti müəyyən qədər qəbul edildiyi üçün nəfsi-ləvvaməyə and da içilir: “And içirəm özünü qınayan nəfsə!”[5]

Bir də nəfsi-safiyə var. O, müqərrəbinin xüsusiyyətidir: bu insanlar o qədər saf və bərraqdır  ki, onlara baxanda sanki, Allahı görür və müşahidə edirsiniz. Həzrət Məhəmməd Mustafanın nəfsi məhz belə bir nəfsdir. Və O, bəzi insanları da öz qabiliyyət və istedadları səviyyəsində  nəfsi-safiyəyə çatdırmışdır.

Bəli, Allah Rəsulu nəfsə tərbiyə və təzkiyə ilə çatılması mümkün olan ən yüksək məqamları göstərdi və Rəbbinin inayəti ilə də o məqamlara ucaltdı. Bu, bir tərbiyəçi kimi də Onun tayı-bərabərinin olmadığını göstərir. Həzrət Məhəmməd Əleyhissalamın gözəl əsrinə nəzər yetirəndə ağıl və nəfsin tərbiyəsində heç bir boşluq buraxmadığını görməmək mümkün deyil.

Məfkurəsinin cahanşümul olması

Tərbiyəçinin mükəmməlliyi onun məfkurəsinin əhatəliliyi, mənsublarının kəmiyyət və keyfiyyəti ilə ölçülür. Həzrət Məhəmmədin (s.a.s.) hələ sağlığında Onun tərbiyəsi altında yetişən müəllim və mürşidlər Mərakeşdən də Sırdərya[6] çayına qədər geniş bir ərazidə haqqı yaymağa namizəd idilər. Təsəvvür edin ki, o dövrdə bu ucsuz-bucağı görünməyən diyarlarda bircə mübəlliğ, müəllim, mürəbbi vardı ki, O da Həzrət Məhəmməd (s.a.s.) idi.

Bir-birindən fərqli olan və Babil qülləsi kimi müxtəlif qövmlərdən təşəkkül tapmış toplumlar Onun gətirdiyi ilahi sistemdə bütün dərdlərinə dərman tapır.. və iranlı-turanlı, çinli-maçinli – fərqli xarakter, dünyagörüş və mədəniyyətə malik insanlar Ona pənah gətirir və İslamı tərəddüdsüz qəbul edirdilər. Demək, Onun gətirdiyi tərbiyə prinsipləri mahiyyət etibarilə ümumbəşəri idi, bütün bəşəri dərdlərin dərmanı idi. Demək, Həzrət Məhəmməd (s.a.s.) ən təsirli və mükəmməl tərbiyəçi idi. Hər bir tərbiyəçinin böyüklüyü ortaya qoyduğu tərbiyə prinsiplərinin uzunmüddətli olması ilə ölçülür. Aradan bu qədər zaman keçsə də, Həzrət Məhəmmədin (s.a.s.) tərbiyə məktəbindən çıxanların əksəriyyətinə mələklər belə qibtə ilə baxır. Və Onun qoyduğu tərbiyə əsasları bu gün də o cür nəsil yetişdirməyə kifayət edir.

İndi bir də düşünək: Həzrət Məhəmməd (s.a.s.) o vəhşi, bədəvi, canavarları belə geridə qoyan bir toplumda zühur edir və belə bir toplumdan bəşəriyyəti əsrlərlə idarə edən mələk kimi insanlar yetişdirir. Demək ki, Onun gətirdiyi bəyan, göstərdiyi yol bəşəriyyəti bir addımda, bir cəhddə xilas etməyə kafi gəlir. Mən şəxsən batili təsvir etmək istəmirəm. Ancaq Allah Rəsulunun zühur etdiyi dövrdə cəmiyyətin əxlaqən çökdüyünü göstərən bir neçə hadisəni nümunə vermədən keçə bilməyəcəyəm:

O, vəhşilik qanına yerimiş bir cəmiyyətin içində zühur etmişdi: İçki içir, qumar oynayır, açıq-aşkar zina edir və bunların heç birini qəbahət saymırdılar. Fahişəlik “rəsmiləşmişdi”. Bu məqsədlə qapısından bayraq asılmış xüsusi evlər vardı.[7] Rəzalət o həddə çatmışdı ki, insan olan insanlığından utanardı. Və elə çirkin şeylər olurdu ki, yazmaqdan həya edirəm… Ayrıca xırda bir şeydən ötrü qiyamət qoparmağa hazır idilər. Bu insanları bir-birinə isinişdirmək, birləşdirmək qeyri-mümkün idi. Akifin sözləri ilə desək, “Dişsizmi bir insan, onu qardaşları yerdi (yeyərdi)!” Qəbilələr və insanlar arasında baş alıb gedən və getdikcə dərinləşən təfriqə, ikitirəlik və ədavət isə Ərəb yarımadasının sağalmaz yarası idi.

Bəli, ağlınıza nə cür pislik gəlirsə, hamısı orada var idi. Və bu cür insanların Həzrət Məhəmmədə (s.a.s.) qulaq asması, itaət etməsi qətiyyən mümkün görünmürdü. Amma O, onların nə qədər pis adət və xasiyyəti vardısa, hamısını bir-bir “kökündən çıxarıb” uzaqlara atdı. Sonra da onları ən yüksək əxlaq və məziyyətlərlə süsləyib qısa zamanda bütün mədəni dünyanı ötüb keçən müəllimlər yetişdirdi.

Bəli, O, vəhşi və bədəvi bir toplumdan elə bir mədəni millət çıxardı ki, bu gün belə bəşəriyyət onların səviyyəsinə yaxın düşə bilmir.

Onun (s.ə.s) tərbiyə metodunun mükəmməlliyi haqqıda deyilənlər

Molyer haqlı olaraq deyir:

“Həzrət Məhəmmədin (s.a.s.) içində zühur etdiyi toplum qədər ikinci bir islaholunmaz  toplum göstərmək mümkün deyildir. Qeyri-mümkün olan bir məsələ də var ki, o da iyirmi üç il kimi qısa bir zamanda bu toplumu islah edib insan şəklinə salmaqdır. Bu da ancaq Həzrət Məhəmmədə (s.a.s.) müyəssər olmuşdur.”

Başqa bir qərbli isə belə deyir: “Bəşər yarandığı gündən Həzrət Məhəmmədin (s.a.s.) dövrünədək tərəqqisinin 25 faizinə nail olmuşdur. Onun zamanında isə bu göstərici birdən-birə 50 faizə çatmışdır. Həzrət Məhəmməddən bu günə qədər isə göstərilən bütün səylər bu inkişaf səviyyəsini 75 faizə ancaq gətirib çıxarmışdır.”

Bu səmimi etirafa görə, Həzrət Adəmdən Allah Rəsuluna qədər yaşamış bütün peyğəmbər və filosofların, bütün böyük dövlət və elm xadimlərinin müştərək əməyinin səmərəsi Allah Rəsulunun 23 ildə əldə etdiyi nəticəyə çatmış və ya çata bilməmişdir! Elm və texnologiyanın bu qədər inkişafına baxmayaraq, bəşəriyyət ötən 14 əsrdə Onun 23 ildə əldə etdiyi 25 faizlik  göstəricini  ancaq əldə etmişdir. Qalan 25 faiz inkişaf isə, dünyanın ömrü varsa, bundan sonra gerçəkləşəcək.

Budur Həzrət Məhəmməd! Və bu cür sağlam düşüncəli və vicdanlı insanlar Onun bəşəriyyətə xidmətini etiraf etməkdən çəkinmirlər. Britaniya Ensiklopediyasında isə bu mövzu ilə əlaqədar aşağıdakı cümlələr var:

 “Bəşər tarixi böyük islahatçılar görmüşdür. Bunların arasında nəbilər də vardır. Onlar müəyyən uğurlar qazanmışlar. Ancaq bunların heç birini Həzrət Məhəmmədin qazandığı müvəffəqiyyət və gördüyü işlərlə müqayisə etmək mümkün deyildir.”

İnsaflı tədqiqatçılardan sayılan və yüksək elmi uğurlara imza atan Vəhil isə belə deyir:

 “Hər bir böyük insan bir iz qoyub getmişdir. Nəbidən bir iz, islahatçıdan bir iz, mücəddiddən bir iz və böyük dövlət xadimlərindən də bir iz qalmışdır. Həzrət Məhəmməd (s.a.s.) də bir iz buraxmışdır. O səviyyədə ki, “iz”[8] deyəndə yalnız O ağıla gəlir. Onu başqaları ilə yanaşı qoymaq mümkün deyildir .”

Dost etiraf edir, düşmən etiraf edir, bilmirəm ki, bizim bəzi nadanlarımız nə edir…

Allah Özünü bizə يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ vəsfi ilə tanıdır. Yəni “Şübhəsiz ki, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. (Daşa torpağa həyat bəxş edir və kömürdən  par-par yanan almaz çıxarır).”[9]

Allah bu möhtəşəm, bu müdhiş vəsfi ilə sanki Həzrət Məhəmmədə (s.a.s.) təsəlli verir… Sanki Həzrət Məhəmməd (s.a.s.) o vəhşi səhrada, o Ərəbistan  yarımadasında, o bədəvi insanlar arasında daşı, torpağı, kömürü, misi əlinə götürüb onlardan külçə-külçə qızıllar, Əbu Bəkirlər, Ömərlər, Osmanlar, Əlilər, Xalidlər, Üqbə ibn Nafilər, Tariq ibn Ziyadlar çıxarmışdır. (Allah hamısından razı olsun.)

Və bir neçə nümunə…

Həzrət Məhəmməd peyğəmbər kimi zühur edəndə, əlbəttə, müasirlərinin ağlı, qəlbi, ruhu və vicdanı, qabiliyyət və istedadı vardı. Allah Rəsulu (s.a.s.) onların bu xüsusiyyətlərini cılızlaşdırmadı, korşaltmadı. Əksinə onların ağıl, qəlb, ruh və vicdanını, gücünü və istedadını hərəkətə gətirərək kamilləşdirdi, əsl qayəsinə yönəltdi.

İndi bir nümunə verməklə mövzunu bir az da aydınlaşdıraq: Dövlət siqaret kimi kiçik bir vərdişi aradan qaldırmaq üçün bütün imkanlarını səfərbər etsə də, müvəffəq ola bilmir. Aradan qaldırmaq bir yana, siqaret istehlakının sürətli artımını belə normal səviyyəyə endirə bilmir. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Halbuki hər gün siqaret əleyhinə nitqlər söylənir, simpoziumlar keçirilir, tədbirlər təşkil edilir. Elm və tibb dünyası onun qırtlaq, yemək borusu, ağız və damaq xərçənginə səbəb olduğunu deyir, statistikalar bunun 95 faizə çatdığını göstərir, amma bütün bu səylər bir nəticə vermir ki, vermir.

Halbuki o dövrdə cəmiyyətin siqaret kimi minlərlə çirkin adəti vardı, bu vərdişlər insanların qanına işləmiş, xasiyyətinə çevrilmişdi. Allah Rəsulu bir addımda bu adətlərin hamısını kökündən çıxarıb təmizlədi, yerinə isə ən gözəl əxlaq və məziyyətlər “əkdi”. Onları elə fazil insanlara çevirdi ki, mələklər belə qibtə edərdi. Onları görənlər: “Aman Allahım! Bunlar mələk deyil, amma mələkdən də üstün varlıqlardır” – deyirdilər. Bir də, siratdan keçərkən onların nuru hər tərəfi bürüyəcək, Cəhənnəm belə alovlarını qısacaq. Mələklər heyrətdən donub qalacaq, “Bu keçənlər görəsən, nəbidir, yoxsa mələk?” – deyəcəklər. Halbuki onlar nə mələkdir, nə də nəbi! Sadəcə Həzrət Məhəmmədin (s.a.s.) ümmətidir. Və Onun tərbiyəsində yetişmişdir.

Abdullah ibn Məsud (r.a.) Üqbə ibn Əbu Muaytın qoyunlarını otarırdı.[10] Allah Rəsulu onu da tədris halqasına daxil etdi və çobanlıq edən bu insandan elə bir mürşid çıxardı ki, “Kufə Məktəbi bu şanlı səhabənin əsəridir” desək, mübaliğə olmaz. Təsəvvür edin: Əlqamə, Nəxayi, Həmmad, Sevri, Əbu Hənifə kimi nəhəng dahilər bu məktəbin yetirməsidir. Öz sahələrini dərindən bilən bu böyük alimlər elmi əsasən İbn Məsuddan öyrənmişlər. İbn Məsud isə əslində bir çoban  idi. Və Allah Rəsulu bir çobandan belə dahilər  yetişdirirdi.

İslam dünyasının yetirdiyi böyük dahilər əsrlərlə Qərb elminin diqqətini özünə cəlb etmiş və hər biri haqqında cildlərlə kitab yazılmışdır. Bunlardan biri də hüquq elmində şöhrət qazanan İmamı-Əzəm Əbu Hənifədir. Solon və Hammurapi ona ancaq şagird ola bilər… Əbu Hənifə isə Allah Rəsulunun tələbələrindən İbn Məsudun tələbəsinin tələbəsinin tələbəsidir. – Elə sanmayın ki, Əbu Hənifəni kiçik göstərirəm. Bu sözlərin məqsədi Ustadlar Ustadı Rəsulullahın böyüklüyünü ifadə etməkdir. – Bəli, Həzrət Məhəmməd (s.a.s.) bu insanları belə yüksək məqamlara çatdırmışdır. Ölüdən diri çıxarmış, kömürdən almaz almışdır.

Yenə o tərbiyə sayəsindədir ki, bərbəri bir kölə Afrikadan Avropaya adlamış, adını dəyişdirmiş.. və dənizlərin o tərəfinə, o diyarların sakinlərinə eşidib bilmədikləri həqiqətləri aparmış, bu yolda qeyri-adi qəhrəmanlıqlar göstərmişdir. Qərb müsəlmanları tanıyanadək şəhidlik arzusu ilə alışıb yanmaq, ölümə can atmaq nədir, bilmirdi. Ona görə də Tariqin Əndəlüsə[11] keçməsini, keçdikdən sonra gəmilərini yandırmasını, 5 min nəfərlik qoşunun başında 90 minlik İspaniya ordusu ilə çarpışmasını və ən çətin  vəziyyətlərdə belə ruhdan düşməməsini anlaya bilməmiş və təəccüb etmişdi. Sayca 20 dəfə çox düşmən ordusu ilə üz-üzə gələn Tariq qoşununa belə səslənmişdi:

“Əsgərlərim! Önünüzdə dərya kimi bir düşmən, arxanızda düşmən kimi bir dərya var. Ya qaçacaq, arxadan vurulacaq və rəzalət içində öləcəksiniz ya da döyüşərək müzəffər olacaq və Allaha qovuşacaqsınız.”

Tarixçi deyir ki, “Tariq və ordusu bir neçə saat içində düşmən qoşunlarını yerlə-yeksan etmişdi…”

Və Tariq Toledoda kralın xəzinələrinin olduğu sarayda idi. İndi siz dünənki kölənin bugünkü böyüklüyünə baxın… Görün İslamiyyət insanların ruhuna necə böyük məna və qayələr üfürür! Kralın xəzinələri ayağının altındadır. Öz-özünə səslənir:

“Tariq! Dünən boynu boyunduruqlu bir kölə idin, Allah səni azadlığa qovuşdurdu. Sonra bir sərkərdə oldun! Bu gün Ənədəlüsü fəth etmiş və kralın sarayındasan. Unutma! Sabah da Allahın hüzurunda olacaqsan!”

Aman Allahım! Bu nə müdhiş, nə dərin anlayışdır!? Əslində, aşağı təbəqədən belə yüksək vəzifəyə çatan insanların əksəriyyətində natamamlıq kompleksi olur.. lovğalanır, qürrələnir, həmişə özündən danışmaq istəyir.

Siz tərbiyənin mükəməlliyinə baxın ki, tamahkarlıq gözlədiyimiz bir köləni izzətli, şərəfli, özünü sorğu-suala çəkməyi bacaran bir insana çevirir!

Və yenə Onun tərbiyəsi altında yetişənlərdən biri olan Üqbə ibn Nafi Afrikanı başdan-başa fəth edib Atlantik okeanına çatır. Atı dizə qədər dənizin içində, üzünü səmaya tutub hislərini dilə gətirir: “Allahım, bu zülmət dəniz qarşıma çıxmasaydı, Sənin işıq saçan uca adını üfüqlərdə dalğalandırar və dənizlərin o tayında yerləşən diyarlara  da aparardım!”[12]

Əbdülhaqq Həmid deyir: “Bilmirəm, hansı daha yüksəkdi, Üqbə ibn Nafinin bu sözü, yoxsa səmalarda eşidilən ruhanilərin səsi?”[13]

Allah Rəsulu insanın ağlını, qəlbini, ruhunu, vicdanını – hər şeyini bir bütöv kimi götürmüş, heç birini korşaltmamış, əksinə onları hərəkətə gətirmiş və ən pis tinətli, ən pis xislətli insanları ən möhtəşəm şəxsiyyətlərə çevirmişdir. Verdiyi tərbiyənin zərrə qədər hədər getməməsini, əkdiyi bütün ağacların bol meyvə verməsini ancaq peyğəmbərliyi ilə izah etmək olar!


[1] Qəlbə məxsus incə duyğular

[2] Buxari, “Mənaqib”, 18; Müslim, “Fədail”, 20-23.

[3] “Yusuf” surəsi, 12/53.

[4] “Fəcir” surəsi, 89/27-28.

[5] “Qiyamə” surəsi, 75/2.

[6] Orta Asiyada çay.

[7] Buxari, “Nikah”, 36; Əbu Davud, “Talaq”, 33.

[8]Yol – red.

[9] “Ənam” surəsi, 6/95.

[10]Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 1/379; İbn Sad, “Ət-təbəqatül-kübra”, 3/150.

[11]İspaniyaya – red.

[12] İbn Əsir, “Əl-kamil fit-tarix”, 3/451.

[13]Abdülhak Hamid Tarhan, “Tarık” (Endelüsün fethi), s. 3.



Açar sözləri

tərbiyə tərbiyəçi

Bənzər məqalələr

Nəfsin cilovu – Oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

İnternet və sosial şəbəkələr – övladımızı gözləyən təhlükələr

Allah Təala biz valideynlərə övladları əmanət olaraq vermiş, vaxt gələcək bu əmanətin hesabını soruşacaqdır. Buna görə də Rəbbimizin verdiyi övlad əmanətini göz bəbəyimiz kimi qorumalı, onun tərbiyəsi ilə yaxından maraqlanmalı, insanlığa, cəmiyyətə, millətə faydalı şəxsiyyət olaraq yetişdirməyə çalışmalıyıq. Belə etdiyimiz təqdirdə həmin əmanətin haqqını vermiş olarıq.

Rəsulullahın (s.ə.s) əshabını tərbiyə etməsi

Peyğəmbərimizin (s.ə.s) ortaya qoyduğu təlim-tərbiyə prinsipləri Qurani-Kərim və Sünnədə təfsilatı ilə əksini tapmışdır. Onun təkcə Qurani-Kərimi insanlara təbliğ etməsi və mənimsətməsi belə öz-özlüyündə bir möcüzədir. Allah Rəsulu o tərbiyə sistemindəki icraatları ilə onları bütün pis xislətlərdən arındırdı və yeni bir insana çevirdi.


Şərh yaz


(gərəkli)