5. 625 dəfə oxunub ,   0 şərh   Çap et

Novruz farsca kəlmədir. Mənası “yeni gün” deməkdir. Ərəbcələşmiş şəkli “Neyruz”dur. Novruz bayramı, farsların ən böyük bayramlarından sayılır. Bu günü bayram olaraq ilk dəfə qeyd edən şəxs, fars kralları Cəmşid olmuşdur.
İranda İslamdan əvvəl Novruz həm milli, həm də dini bayram kimi qeyd olunurdu. Sultan Məlikşahın hazırlatdığı Cəlali təqviminin başlanğıcı martın 21-nə düşür. Orta əsrlərdən başlayaraq müxtəlif türk boyları tərəfindən Novruz qeyd edilmişdir. 

İran müsəlmanlar tərəfindən fəth olunandan sonra Novruz islamlaşdırılmağa çalışılmışdır. Novruzu ilk dəfə rəsmiləşdirən Əhli-beyt düşməni, zalim və qəddar əməvi valisi Həccac ibn Yusuf əs-Səqafi olmuşdur. Daha sonra Misirdə hakimiyyəti ələ keçirən İsmaili Şiə qruplarından olan Fatimilər dövründən başlayaraq Novruz yenidən qeyd edilməyə başlamışdır.
Şiə alimlərindən Təbərsi, (ö. 588 h.) belə rəvayət edir: “Abbasilərin ikinci xəlifəsi Mənsur, İmam Musa Kazımdan Novruz yığıncağına qatılıb, xalqı təbrik etməsini və gələn hədiyyələri qəbul etməsini istədi. İmam bu istəyi rədd edərək belə buyurdu: “Cəddim Rəsulullahdan (s.ə.s) nəql edilən bütün hədisləri araşdırdım, bu bayram haqqında bir hədis tapa bilmədim. Bu bayram farsların bayramıdır. İslam onu ortadan qaldırdı. İslamın ortadan qaldırdığı bir şeyi yenidən gətirməkdən Allaha sığınıram…” (Mənaqibi Ali b. Əbu Talib, IV, s. 318.)
Göründüyü kimi Novruz haqqında Əhli-beyt imamlarından nəql edilən hədislərdə iki müxtəlif fikir var. Bəzisi Novruzu mədh edərkən, bəzisi də onu tənqid etməkdə və onun cahiliyyə dövründən qalma bir ənənə olduğunu vurğulamaqdadır.
Müsəlmanların, Ramazan və Qurban bayramı xaricində qeyd edəcəkləri başqa heç bir bayram yoxdur. Bu iki bayramın xaricindəki bayramlar, sonradan çıxarılmış bayramlardır və bu bayramları qeyd etmək, caiz deyil. Necə ki Ənəs b. Malikdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir: “Rəsulullah (s.ə.s) (hicrətdən sonra Məkkədən) Mədinəyə gələndə, Mədinəlilərin (Novruz günü ilə Mehrican günü deyə) əyləndikləri iki gün vardı. Rəsulullah (s.ə.s): Bu günlər nədir? – deyə soruşdu. Mədinəlilər: – Biz (İslamdan əvvəl), cahiliyyə dövründən bəri bu günlərdə əylənərdik, dedilər. Bunun üzərinə Rəsulullah (s.ə.s) belə buyurdu – “Şübhəsiz Allah sizə, o iki günün yerinə daha xeyirli olan iki bayramı: Qurban bayramı ilə Ramazan bayramını vermişdir.” (Əbu Davud; hədis nömrə: 1134. Nəsai; hədis nömrə: 1556).
Bütün bunlarla yanaşı müsəlman məhz Novruz niyyətilə bayram keçirməməyə çalışmalıdır. Cəmiyyətin hal-hazırda mənimsədiyi bir şeyi də qarşı çıxaraq ortadan qaldırmaq mümkün deyildir. Ancaq bayram səbəbilə getdiyimiz yerlərdə mövcud adət-ənənələrin doğru olmayan yönlərini insanlara çatdıra bilərik. Bundan istifadə edərək insanlara qışdan sonra baharın gəlməsi kimi, öldükdən sonra da yenidən diriləcəyimiz həqiqətini və bu dünyada əsl müsəlman kimi yaşasaq təkrar diriləcəyimiz gün bizim üçün yeni gün olacağını çatdıra bilərik. Ümidvarıq ki, belə bayram keçirsək Allahın digər xətalarımızı da bağışlayar.



Açar sözləri

novruz novruz bayramı

Bənzər məqalələr

  Səməni, ay səməni

 Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq.   Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]


Şərh yaz