- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Nəyə görə insanlar peyğəmbərlərə ehtiyac duyurlar?

İnsanların peyğəmbərlərə ehtiyac duymasının səbəblərini qısa şəkildə aşağıdakı kimi sadalaya bilərik:

İnsanlar varlıq aləmində cərəyan edən hadisələrə ağıl gözü ilə baxıb Allahın var olduğunu anlaya bilərlər. Ancaq yaradılışın qayə və hikmətini, haradan gəlib haraya getdiklərini və Yaradana necə yönəlməli, ibadətlərini nə cür etməli olduqlarını peyğəmbərsiz bilə bilməzlər. Uca Allah da insanların bu ehtiyacını aradan qaldırmaq üçün peyğəmbərlər göndərmişdir.

Bəşəriyyətin ilkin çağlarından bu yana insanı bu sual düşündürür; dünya müsafirxanasına nə üçün göndərilib və onu buraya göndərən ondan nə istəyir? Peyğəmbər göndərilməsinin səbəbi Yaradanın insana əmr və qadağaları haqda əmrini, nemətlərinin qarşılığında nə cür şükür istədiyini və kainatın yaradılışındakı məqsədi öyrətməkdir.

Peyğəmbərlər olmasa idi, insanlar keçici arzu və istəklərinin təhriki ilə həqiqətlə nəfsə xoş gələn zərərli şeyləri bir-birinə qarışdırar və düzgün qərar verə bilməzdilər. İnsanların müəyyən mükəlləfiyyətlər daşıması, əməllərinə görə savab və cəza alması üçün də peyğəmbərlərə ehtiyac vardır. Peyğəmbərlər gəlib ilahi hökmləri gətirmişsə, insanlar axirətdə “bilmirdik” deyə bəhanə gətirə bilməzlər. Quranda bu məsələ haqda buyurulur: “Biz müjdə gətirən və əzabla qorxudan peyğəmbərlər göndərdik ki, peyğəmbərlərdən sonra daha insanlar üçün Allaha qarşı bir bəhanə yeri qalmasın…”[1]

Xülasə, peyğəmbərlər bu kiçik dünyamızın maddi qəliblərindən görünməz aləmlərə pəncərələr açan, o biri aləmlərin mövcudluğundan xəbər verən və Yaradanın əmrləri çərçivəsində yaşadığımız dünyanın anlamını açıqlayan, son dərəcə üstün keyfiyyətlərə malik kamil insanlardır. Onların vasitəsilə göndərilən vəhy nuru ruhumuza işləmədikcə, başqa sözlə, ruhumuz o nurla işıqlanmadıqca düşünən və həqiqətləri axtaran ağlımızın bütün cəhdlərinin gözbağlayıcı oyunundan bir fərqi olmayacaq.


[1] “Nisa” surəsi, 4/165.