7. 193 dəfə oxunub ,   0 şərh   Çap et

Dinimizdə murdar sayılan şeyləri təmizləmək üçün mahiyyətlərinə görə müxtəlif şəri təmizləmə üsullarından istifadə edilir. Bu üsullar aşağıdakılardır:

Su ilə yuyaraq təmizlik

Maddi murdarlıqlar yağmur, çay, göl, dəniz suyu kimi mütləq sularla təmizlənə biləcəyi kimi; çiçək, gül suyu, tərəvəz və meyvə suları kimi bəzi müqəyyəd sularla da təmizlənə bilər. Təmizlik üçün başqa su tapılmadıqda dəstəmaz alırkən istifadə edilən, qabda yığılan sudan da istifadə etmək olar. Ancaq belə su ilə ikinci dəfə dəstəmaz almaq olmaz.

Gözlə görülən murdarlığın təmizlənməsi onun izinin itməsi ilə olur ki, bunu da yuyaraq, sürtərək, ovalayaraq və s. yollarla etmək olar.

Yuyularaq təmizləndikdə, nəcasətin özü, qoxusu və rəngi görülməyənə qədər yuyulmalıdır. Burada neçə dəfə yumaq və ləkə buraxan kirlərdə rəngin çıxması şərt deyil (qan və b. şeylər). Havlə binti Yəsar (r.anha): “Ey Allahın Rəsulu! Sadəcə bir paltarım var, heyizli ikən də onu geynirəm” – dedi. Hz. Peyğəmbər (s.ə.s) “Təmizləndiyin zaman qanın bulaşdığı yeri yu və onunla namaz qıl” ˗ buyurdu. Havlə (r.anha) “Ey Allahın Elçisi! Qanın ləkəsi getməsə edim?” deyə soruşdu. Allah rəsulu (s.ə.s) “Qanı yumaq üçün kifayətdir. İzinin qalması zərər verməz”, ˗ deyə cavab verdi.[1]

Əgər nəcasət bulaşdığı nahiyədə gözlə görünməsə və quruduqda heç bir iz, ləkə qalmasa bunun təmizliyi, həmin nahiyəni bir qabda 3 dəfə təmiz su ilə yumaqla edilir. Hər dəfə də yuyulan paltar üzərində su qalmayacaq şəkildə yaxşıca sıxılmalıdır. Qolu güclü olan şəxs öncədən üsuluna uyğun olaraq sıxılmış paltarı təkrar sıxaraq suyunu çıxarsa belə həmin paltar birinci şəxsə görə təmiz sayılır.  

 Ancaq kirli əşya, sıxıla bilməyən növdən olarsa (həsir, keçə, xalça, və.s. kimi) yenə qabda 3 dəfə yuyulub, hər dəfə qurudulmalıdır. Bu əşyaların yuyulduqdan sonra damlaları kəsilənə qədər asılı qalması, qurumaq yerinə keçər. Belə bir əşya axar suda və ya üzərinə su axıdılmaqla yuyularsa, nəcasətin izi, əlaməti gedəndə təmizlənmiş sayılır. Ayrıca sıxılmasına, qurudulmasına ehtiyac yoxdur.

Torpaqdan hazırlamış küp və güvəc  kimi qablara nəcasət bulaşdıqda üç dəfə yuyulmalı və hər dəfə qurudulmalıdır ki, təmizlənmiş sayılsın.

Torpaq, ağac və bitkilərə nəcasət bulaşdıqda yağmur yağaraq və günəş qurudaraq nəcasətin izi itərsə təmizlənmiş sayılır.

Paltarının bir qoluna nəcasət bulaşan şəxs, hansı qoluna bulaşdığını unudarsa, hər iki qolunu da yumalıdır.

Suda qaynatmaq yolu ilə təmizlik

İçinə təmiz olmayan bir şey qarışan süd, bəkməz, bal, mürəbbə kimi maye halında olan şeylərin üzərinə su əlavə edilir və əvvəlki səviyyəsinə düşənə qədər qaynadılır. Bu proses üç dəfə bu şəkildə təkrarlanarsa təmizlənmiş sayılır.

Qarın-qarta da yuyulub təmizlənmədən əvvəl qaynar suya atılsa, nəcasət içinə qarışdığına görə, artıq murdar sayılır. Yenidən təmizlənməsi mümkün deyil. Fəqət qaynar suyu içinə çəkmədən dərhal sudan çıxarıldıqda və ya qaynar hala gəlməmiş suya salınıb-çıxarılsa bir dəfə yuyumaqla təmizlənmiş olar.

Şəri qaydalara görə kəsildikdən sonra, içi çıxarılmadan tüklərini yolmaq üçün qaynar suya atılan toyuq və bənzər heyvanların içindəki nəcasət ətə keçərsə murdar hesab olunur; bu təqdirdə onları yenidən təmizləmək mümkün deyil. Həmçinin qaynar suya salınanda isti suyun təsiri ilə toyuğun dərisindəki məsamələr genişlənir və üzərindəki kirlilik ətinə hopur. Bundan əlavə isti su daxili orqanlarındakı nəcasətin də ətə hopma ehtimalını artırır. Quşlarda bədən tempraturu 42-43 oC olduğu üçün tükləri yolunmaq üçün salınacağı suyun tempraturu 52-53oC-ni keçməməlidir. Əks təqdirdə həmin toyuğun ətinin tərkibinə nəcasət qarışma ehtimalı olduğuna görə yeyilməsi caiz deyildir.

 İsti suda qalaraq murdar hala gələn heyvanın təmizləmə yolu belədir: heyvanın içini təmizlədikdən sonra üç dəfə təmiz su ilə qaynadılır və hər dəfə qaynadılan su atılır. Beləliklə heyvanın ətindəki nəcasət, qaynadılan su ilə çıxmış və əti təmiz hala gəlmiş olur.

Odda yandırmaqla təmizlik

Natəmiz palçıqdan hazırlanmış bardaq, çanaq, təndir kimi şeylər, atəşdə bişirilib murdarlıqdan əsər-əlamət qalmayınca təmizlənmiş sayılır.

Peyin və bənzəri nəcasətlər, odda yandırılıb kül halına düşəndə təmiz hala gəlir.

Oda dözümü olan mə’dəni və metal əşyaların üzərindəki qan və başqa nəcasətlər odda yandırılarsa təmizlənmiş sayılır.

 İslami qaydalara uyğun kəsilmiş heyvanın kəlləsi, üzərindəki qan atəşə soxulub çıxarılmaqla yanaraq yox olarsa təmizlənmiş olar.

Üzərində ət bişiriləcək manqal təmiz deyilsə, odda yandırılmaqla təmizlənir.

Silmək yolu ilə təmizlik

Yaş və ya quru hər hansı nəcasətlə kirlənən bıçaq, şüşə, cilalı taxta, düz mərmər və sini kimi şeyləri yaş əsgi, süngər və ya torpaqla silərək təmizləmək mümkündür. Ancaq nəcasətin tamamən təmizləndiyi haqqında qənaət hasil olmalıdır.

Oymalı və naxışlı olan əşyalar silməklə təmizlənmir. Bunlar ancaq yuyulmaqla təmizlənir.

Qazımaq və ya ovalamaq yolu ilə təmizlik

Alt paltara və ya üst geyimə bulaşan məni (sperma) quruyubsa onu yumadan sadəcə ovalamaqla da təmizləmək olar. Ovalayandan sonra paltarda qalan iz ibadətə mane deyil. Paltara bulaşan məni islaqdırsa, paltar ancaq yumaqla təmizlənməlidir. Hz. Aişədən belə nəql edilmişdir: “Rəsulullah (s.ə.s) paltarına bulaşan mənini quru olanda ovaraq, yaş olanda yuyaraq təmizləyərdi.[2] Hənəfi və malikilər mənini murdar (nəcis) qəbul edərkən, şafei və hənbəlilər insan mənisini təmiz hesab edir. Bu fikir müxtəlifliyinin səbəbi İbn Abbasdan (r.a) nəql edilən bu hədisdən irəli gəlir: “Mənini izhir (qoxulu bir ot) və ya bir əski parçası ilə üzərindən sil, çünki o, burundan çıxan selik və tüpürcək kimidir.”[3] Bu görüş xüsusilə də yoxsulluq, soyuq və yolçuluq kimi məşəqqətli vaxtlarda (əlverişsiz şəraitlərdə) müsəlmanlara asanlıq gətirir.

 Bədənə yapışan məni, qurumuş olsa belə, ovalamaqla bədən təmizlənməz, ancaq yumaqla təmizlənmiş olur.

Donmuş yağ, bəkməz və bunlara bənzər şeylərin içinə, murdar bir şey düşsə, həmin maddə ətrafıyla birgə oyulub çıxarılmaqla təmizlənmiş olar. Hz. Peyğəmbərin xanımı Meymunədən (r.anhə) belə rəvayət olunur: “Bir siçan donmuş yağın içinə düşərək öldü. Peyğəmbərdən (s.ə.s) məsələ haqqında soruşuldu: Onu və ətrafını oyub (siçanı) atın, yağı da yeyin”, − buyurdu.”[4]

Ayaqqabı, məst kimi geyim əşyasına gözlə görünən bir pislik bulaşarsa bu nəcasəti su ilə və ya bıçaq kimi bir şeylə qazımaq və ya yerə sürtərək də təmizləmək mümkündür. Nəcasət yaş olanda, ancaq yumaqla təmizlənir. Fəqət iz qalmayacaq şəkildə təmiz əsgi ilə silmək də caizdir. Əbu Hüreyrədən rəvayət olunan hədisdə: “Rəsulullah (s.ə.s) buyurur ki: “Sizdən biriniz ayaqqabısı ilə nəcisə basarsa, xəbəriniz olsun ki, torpaq onu təmizləyər.”[5]

 Əgər nəcasət gözlə görülməyən sidik, şərab damlası kimi bir şey olarsa, yumaq və sabunlu əsgi ilə yaxşıca silmək lazımdır.

Qurumaq, nəcasətin izinin itməsi və torpaq səpməklə təmizlik

Torpaq və torpaq üzərindəki ağac, ot və s. kimi bir şeylər murdarlansa, quruyandan sonra təmiz sayılır. Bu quruma günəş, alov və küləklə ola bilər. Belə yer üzərində namaz qılına bilər, fəqət təyəmmüm etmək olmaz. Zira bu yer təmiz olsa da, təmizləyici (mutahhir) deyildir.

Göy ot, ağac, yerə döşənilmiş daş, kərpic və kirəmit kimi şeylərə bulaşan nəcasət də quruyandan sonra izi qalmazsa təmizlənmiş olar. Lakin biçilmiş və ya kökündən çıxarılmış otlar; ağac və odunlar; daş və kərpic və bənzəri şeylər təmizlənməsi üçün üzərinə bulaşmış “murdarlığın izi, əlaməti qalmadı” inancı hasil olana qədər su ilə yuyulmalıdır. Bu kimi şeylər qurumaqla təmiz sayılmazlar.

Murdar olan torpağın üzərinə, nəcasətin izi, əlaməti gedənə qədər, su axıdıldıqda və ya nəcasətin qoxusu hiss edilməyəcək səviyyədə təmiz torpaq yayıldıqda təmizlənmiş sayılır. [6]

Hz. Ənəs (r.a) rəvayət edir ki, “Rəsulullahla (s.ə.s) bərabər məsciddə oturmuşduq. Birdən bir bədəvi gəldi və məscidin içinə işəməyə başladı. Səhabələr tez qalxıb:

“Dayan! Dayan!” deyərək adamın üstünə getmək istəyəndə Rəsulullah (s.ə.s) müdaxilə etdi və:

“Buraxın, işini tamamlasın”,˗ dedi. Səhablər də müdaxilə etmədi, adam da ehtiyacını tamamladı. Sonra Rəsulullah (s.ə.s) adamı yanına çağırdı və:

Bu məscidlər, tualet ehtiyacının görüldüyü yerlər deyil. Allahın zikr edildiyi yerlərdir. Burda namaz qılınır. Quran oxunur“, ˗ dedi. Sonra camaatdan birinə bir vedrə su gətirməyi əmr etdi. Bədəvinin kirlətdiyi yerə vedrə ilə su töküldü “.[7]

Suyun axıdılması və ya çəkilməsi yolu ilə təmizlik

İçinə nəcasət düşmüş kiçik su hövzəsi (məsələn su ilə dolu vanna, vedrə və s.), xaricdən təmiz su tökülüb murdar suyu daşırıb kənara axıtdarsa həmin su təmizlənir. Çünki belə olan halda o suyun olduğu qab axar su hökmünü daşıyır.

Kirlənmiş quyunun suyu, öz-özünə daşıb axsa və ya vedrə ilə çəkilib boşaldılsa təmizlənmiş sayılır.

Mahiyyətini dəyişdirməklə (istihalə) təmizlik

Təmiz olmayan bir maddənin, mahiyyəti dəyişərsə təmizlənmiş sayılır.

Hər hansı heyvan, habelə donuz, eşşək duz mədəninə düşərək (kimyəvi dəyişikliklə) duza çevrilərsə təmizlənmiş sayılır.  

Maral qanının müşk olması; şərabın öz-özünə və ya bir vasitə ilə sirkəyə çevrilməsi; peyinin yanaraq kül olması və ya torpağa çevrilməsi; lağım qarışan palçığın quruması ilə qarışan lağımdan əsər-əlamətin qalmaması; torpağa basdırılan murdar şeyin bir müddət sonra çürüməsi bunları təmiz hala gətirir.[8]

Murdarlanmış zeytun yağı sabun halına gəlməklə təmizlənir.

Murdarlanmış süd pendir və ya qatıq halına gələrsə təmizlənmiş sayılmır. Çünki bu təqdirdə mahiyyəti dəyişməməkdədir.

Boğazlama və aşılama (dabbağlama) yolu ilə təmizlik

Donuzdan başqa hər hansı bir heyvanın dərisi aşılamaqla təmizlənir. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Hər hansı bir dəri aşılanarsa təmizlənər.”[9] Rəvayət edildiyinə görə, Allahın Elçisi Təbuk qəzvəsində ordu ilə bir evin qabağından keçirdi. Ev sakinlərindən su istədi. Bir qadın, “Ey Allahın Rəsulu, yalnız ölmüş heyvanın dərisindən düzəldilmiş tuluqda su var” – dedi. Rəsulullah (s.ə.s), “Onu aşıladınmı?” − deyə soruşdu.

“Bəli aşılamışdım”. − deyincə, “Aşılanması təmizlənməsidir”. − buyurdu.[10]

Aşılama iki cür olur:

  1. Həqiqi aşılama:Duz, zəy kimi kimyəvi maddələr və dərmanlarla edilir.
  2. Hökmü aşılama: Dəri üzərinə torpaq sərpərək və ya günəşin altında, açıq havada və hava işləyən yerə sərərək qurutmaqla edilir.

Bu iki yoldan biri ilə aşılanan dəri üzərində namaz qılmaq və geyimdə istifadə etmək olar. Aşılamada donuz dərisinin bundan xaric tutulmasının səbəbi dərinin özünün murdar olmasından qaynaqlanır.

Donuzdan başqa əti yeyilən və yeyilməyən bütün heyvanların dəriləri, heyvan şəri qaydalara görə kəsilmişsə, dəri üzərinə qan və s. kimi bir nəcasət yoxdursa təmiz sayılır. Belə dəri üzərində namaz qılmaq olar. Hz. Peyğəmbər belə buyurmuşdur: “Hər hansı bir dəri aşılanarsa təmiz olar.”[11]

Başı kəsilmədən öz-özünə ölmüş bir heyvanın dərisi, aşılandıqda təmiz sayılır. İbn Abbasdan (r.a) rəvayət edir: Rəsulüllahın (s.ə.s) xanımlarından Sevda binti Zəmanın (r.anha) keçisi ölmüşdü. “Ya Rəsulallah! Keçimiz öldü” ˗ deyərək vəziyyəti Allah Rəsuluna (s.ə.s) bildirdi. Allah Rəsulu da ona: “Niyə dərisini götürmədiniz?” deyə soruşdu. Sevda (r.anha): “Ölmüş heyvanın dərisini nə edəcəyik?” ˗ dedi. Bunu eşidən Peyğəmbərimiz belə buyurdu: “Allah Təala: “Ölən heyvanın dərisini aşılasanız halaldır və ondan istifadə edə bilərsiniz.”˗ buyurmaqdadır.” Hz. Sevda (r.anha) dərhal bir nəfəri göndərib ölmüş keçinin dərisini soydurdu və öz əlləri ilə onu aşıladı və bu şəkildə təmizlənmiş dəridən su tuluğu kimi istifadə etdi.

Aşılamaqla heyvan leşindəki murdarlığın səbəbi sayılan dəridəki rütubət və qan təmizlənir.

Xarici ölkələrdə nəcis/murdar bir maddə ilə dabbaqlandığı qəti olaraq bilinən dərilər, üç dəfə yuyularaq təmiz hala gətirilə bilər. Ancaq dəqiq məlumat yoxdursa dəri təmiz sayılır. Şübhədən qurtulmaq üçün yuyula bilər.


[1] Əhməd ibn Hənbəl, II, 364; Əbu Davud, Təharət, 130
[2]Zeyləi,Nasbur-Rayə, I, 209, 210.
[3]Səid İbn Mənsur və Darəqutni mərfu olaraq rəvayət etmişdir; Züheyli, əl-Fiqhul-İslami, Dəməşq 1405/1985, I, 98.
[4]Buxari, Vüdu, 67; Zəbaih, 34; İbn Hənbəl və Nəsainin rəvayətində “donmuş yağa” əlavəsi vardır. Sənani, Sübulus-səlam, II nəşr, III, 8; Nəsai, Fər, 10; Əhməd b. Hənbəl, VI, 329, 330, 335.
[5] Əbu Davud, Təharət 141, (385, 386).
[6] Buxari, Vudu 57, 58; Ədəb 35; Müslim, Təharət 99, (284); Nesəi, Təharət 45, (1, 48).
[7]Buxari, Vüdu, 58, Ədəb, 35, 80; Müslim, Təharət, 98, 100; Əbu Davud, Təharət, 136; Tirmizi, Təharət, 112.
[8] İbn Rüşd, Bidayətul-müctəhid, I, 461; Baci, Müntəqa əlal-müvəttə, III, 153 vd.; İbn Qüdamə, Muğni, VIII, 319; Şirazi, Mühəzzəb, I, 48.
[9]Müslim, Heyz, 105; Əbu Davud, Libas, 38; Nəsai, Fer, 20, 30, 31; Darimi, Ədahi, 20; Ə. İbn Hənbəl, I, 219, 227, 237, 270, VI, 73.
[10]Nəsai, Fer, 4; Ə, İbn Hənbəl, IV, 254, V, 67; VI, 329, 336.
[11]Müslim, Heyz, 105; Əbu Davud, Libas, 38; Nəsai, Fer, 20, 30, 31; Darimi, Ədahi, 20; Əhməd İbn Hənbəl, I, 219, 227, 237, 270, VI, 73.



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


Şərh yaz