95. 586 dəfə oxunub ,   5 şərh   Çap et

Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik:

Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin fərqinə vararaq boynumuzu büküb təvazö və ixlasla Ona əl açmalıyıq. Allahın başımıza yağdırdığı saysız-hesabsız nemətlər və lütflərlə müqayisədə ibadətlərimizin, xeyirli və yaxşı əməllərin heçliyini etiraf edib günah və qüsurlarımız üçün əfv diləyərək Onun hüzurunda diz çökməliyik. Əgər camaat halında deyil, tək dua ediriksə, o halda ya ürəyimizdə, ya da ancaq yavaş səslə Rəbbimizə yalvarmalıyıq. Duaya Allaha həmd-səna etmək, Peyğəmbərimizə, Onun ailə və əshabına salət-salam gətirməklə başlamaq və salət-salamla bitirmək də duanın ədəbindən sayılır.

İkincisi: Allahdan bir şey istəyərkən Onun diləyimizi yerinə yetirəcəyinə tam inanmalıyıq. Bu baxımdan zərrə qədər də şübhəmiz olmamalıdır. Çünki O, aləmlərin Rəbbidir. Onun gücü hər şeyə yetər. Peyğəmbərimiz bir hədisində buyurur: “Yer üzündə günah işləmək və qohum-əqrəba ilə əlaqələri kəsməklə bağlı istəklər istisna olmaqla Allahdan bir şey istəyən elə bir müsəlman yoxdur ki, Allah ona dilədiyini bəxş etməsin. Və ya ona dilədiyi şeyə bərabər bir günahını bağışlamaqla cavab verməsin”. (Tirmizi, Daavat 126)  Bu hədisdən də anlayırıq ki, mərhəmət və əfvi sonsuz olan Rəbbimiz qullarının heç bir duasını cavabsız qoymur. Ya olduğu kimi, ya da daha xeyirli şəkildə qəbul edir. Bəzən qul fani dünyası üçün bir şey istəyir, Allah-Təala isə onun axirəti üçün daha yaxşı olanı verir.

Üçüncüsü: Allahdan məşru çərçivədə (şəriətə uyğun, haram olmayan) kiçik-böyük hər şey istəyə bilərik. Səhabələr itirdikləri ayaqqabı bağını tapmaq üçün belə Allaha dua edərmişlər. Ancaq “Rabbənə ətinə fiddunya hasənətən və filəxirati hasənətən və qinə azəbənnər” (Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də yaxşılıq və gözəlliklər lütf et və bizi cəhənnəm əzabından qoru!) kimi dərin məzmunlu və əhatəli dualarla Allaha yönəlmək daha məqbuldur.

Dördüncüsü: elə vaxt və məkanlar var ki, o vaxt və məkanlarda edilən dualar daha məqbul sayılır. Namazdan sonra, xüsusən, sübh namazından sonra, cümə günü, xüsusən, cavab verilmə (ica­bət) saatı, üç aylar, xüsusilə, ramazan ayı, mübarək gün və gecələr, ələlxüsus, min aydan daha xeyirli olan Qədr gecəsi belə qızıl vaxtlardır. Məscidlər, camilər, xüsusən, Məscidül-Aqsa, Məs­cidi-Nəbəvi, Kəbeyi-Müəzzəmə kimi müqəddəs məkanlarda edilən duaların da ayrı yeri vardır.

Beşincisi: duada israrlı olmaq lazımdır. Maddi və ya mənəvi ehtiyaclarımız üçün bir neçə dəfə dua edib, sonra da: “Allah duamı qəbul etmədi”, – deyərək vaz keçmək olmaz. Xəstəlik, mü­sibət və ehtiyacların olması eyni zamanda onlar üçün dua vaxtının çatması deməkdir. Dua etsək də, dərdimizə dərman tapılmasa, “demək, duanın vaxtı hələ qurtarmayıb” deyib duaya davam etməliyik. Xüsusən də, Allahın razılığını qazanmaq, rəhmət və məğfirətini (əfvini) diləmək, iman və Quran istiqamətində yaşamaq, nəfs və şeytandan qorunmaq kimi xüsuslarda bir anı da duasız keçirmək olmaz.

Altıncısı: Müsəlmanın müsəlman qardaşı üçün etdiyi dualar da məqbul dualardandır. Peyğəmbərimiz bir hədisi-şərifində: “Bir Müsəlman din qardaşına qiyabi dua edərsə, mələk də “Onun üçün istədiyinin bir misli də sənə olsun” deyə ona dua edər,” – buyurmuşdur. (Müslim, Zikr 86, 88/Əbu Davud, Salət 364)

Yeddincisi: qövlü (sözlə etdiyimiz) dualarımızı feli (iş, davranış, hərəkətlə edilən) dualarla dəstəkləməli, qüvvətləndirməliyik. Allahdan cənnəti istəyən adamın cənnətə aparan yolda addımlaması feli duadır. “Allahım, Səndən Firdövs cənnətini istəyirəm,” – deyə dua edən bir adam əgər müntəzəm olaraq yalan danışır, insanları aldadır, fitnə-fəsad çıxarır, oğurluq, zülm edirsə, deməli, duasında səmimi deyil. Dünyaya aid ehtiyaclar üçün də eyni şeyi söyləyə bilərik. Uğur qazanmaq istəyən planlı və sistemli işləməli, xəstəliyə tutulan  həkimə getməli, dərmanlarını düzgün qəbul etməli, sonra da Rəbbinə dua etməlidir. Bu, eyni zamanda Allaha qulluğun və sayğının tələbidir.

Səkkizincisi: dua bir ibadətdir. İbadətlərdə əsl məqsəd isə Allahın rizasını qazanmaqdır. Belə ki, namaz ruh və bədən sağlamlığı baxımından çox faydalı olsa da, səhhətə və mənəviyyata görə qılınmır, sırf Allahın əmri olduğuna görə qılınır. Bunun kimi dua da Rəbbimizin bir əmridir.

Dünyəvi məqsədlər duanın qayəsi deyil, vəsiləsi və vaxtıdır. Biz o vəsilələrdən istifadə edərək həmin vaxtlarda Allaha yönəlir, çoxlu dua edib yalvarırıq: “Ey bizim Kərim Rəbbimiz, Sən bizi bizdən daha yaxşı tanıyırsan. Ola bilsin ki, biz Səndən əsl istəniləsi şeyi diləmirik. Sən bizə dünya və axirət həyatımız üçün ən xeyirli nədirsə, onu lütf et. Bilərək və ya bilməyərək işlədiyimiz günahları bağışla. Bizə bütün aləmləri əhatə edən mərhəmətinlə müamilə et[1]”.

Xalis qulluq məhz bu səmimi yalvarışlardır. Rəbbimiz bizi bu qulluq şüuru ilə sərəfraz etsin.


[1] müamilə etmək – rəftar etmək



Açar sözləri

dua necə dua etməli

Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


5 şərh yazılıb
  1. vefa , 03/12/2014 tarixində, saat 06:12

    Amin

  2. Ramila , 10/07/2015 tarixində, saat 18:07

    Allahim komek ol sen boyuk ve rehmdarsan

  3. Məmməd , 30/03/2017 tarixində, saat 14:03

    Bilgiyə görə təşəkkür edirəm…

  4. Rafiq , 17/06/2017 tarixində, saat 14:06

    Amin 🙏

  5. meneviyyat.az , 25/04/2018 tarixində, saat 10:04

    Xanım, insan üzərinə düşəni etdikdən sonra gücü çatmadığı nöqtədə Allahın təqdirinə razı olmalıdır. Bəzən olur ki, insan sevmədiyi, xoşlanmadığı bir şeyin içərisinə sürklənir. Belə olduqda qədər deyib təqdirə razı olmalıdır. İkinci həmən ortama ayaq uydurmaq lazımdır. Bəlkə məcbur evləndiyiniz şəxs sizin üçün xeyirli biridir. Həmçinin insan bəzən “ən gözəl” kimi bildiyi şeyi istəyir, ancaq onu əldə edə bilmir. Bəxtinə “gözəl” olanı çıxır. Əgər yox mən buna razı deyiləm deyərək küsərsə “gözəl” olan da əlindən çıxar. Əlaçsız üçüncü dəyərsiz bir şeyə yapışmaq məcburiyyətində qalar. Qədərdir deyib bir şeyə küsərək məcbur qatlanmaq doğru deyildir. Həmin şeylə barışaraq onun Allahın təqdiri bilib dörd əllə ona sarılmaqdır.
    Ümid edirik ki, bu evliliyə siz bir də bu yönü ilə baxıb həyat yoldaşınıza vəfalı, sadiq, ona itaət edən nümunəvi xanım olarsınız.

Şərh yaz