Aylıq namaz vaxtları
1. 128 dəfə oxunub ,   0 şərh   Çap et

Zikr nədir?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.[1] Məsələn, “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın![2] və “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.[3]

Beləliklə də, Uca Allah bir yandan qəlblərin və könüllərin ancaq Rəbbi anmaqla aram tapdığını vurğulayır,[4] digər tərəfdən də Haqqı zikr etməkdən üz çevirənlərin məşəqqətli bir həyatla imtahan ediləcəyini[5] diqqətə çatdırır.

Zikr əslində insana savab qazandıran hər cür əməl və ibadətin ümumi adıdır, Allaha itaətdir.

Bütün ibadətlər də mahiyyətcə Allah-Təalanı xatırlamaq və Ona itaət etməkdən başqa bir şey deyildir.

Zikr bütün ibadətlərin əsasıdır və bu mənada Qurani-Kərim də mahiyyətcə zikrdir. Ondan sonra Peyğəmbərimizdən bizə əmanət qalan nurlu sözlər gəlir. Zikr namazdan mücahidəyə qədər hər bir ibadətin canıdır, qanıdır.

Zikrin vaxtı

Quranda və hədislərdə digər ibadətlər üçün müəyyən qayda və məhdudiyyət qoyulsa da, zikr üçün zaman, məkan və hal-vəziyyət seçimi edilmir, bu ibadət bir növ hüdudsuzlaşdırılır. Quran bizə zikrin hər vəziyyətdə edildiyini bildirir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru![6]

Ayədən də göründüyü kimi zikr müəyyən vaxt, məkan və ya ibadətlə məhdudlaşdırılmamışdır. Uca Yaradan hər yerdə, hər an Onunla birlikdə olmağı, Onu anmağı əmr edir. Çünki Allahı anmaq Ona qəlbən bağlanmaq, “Onun nəzərləri daima üstümüzdədir” şüuru ilə yaşamaqdır. Bu da təbiidir, çünki zikr Sonsuz Qüdrət Sahibi ilə irtibat qurmağın ən ideal şəklidir.

Nə üçün zikr etməliyik?

Möminlər inandıqları, daima təsbeh və ibadət etdikləri Allahı heç vaxt unutmaz və qəflət içində hərəkət etməzlər. Onların Uca Allaha sevgi və təqva hissi ilə döyünən ürəyi daima Allahı zikr edir. Bu zikr (xatırlamaq) təkcə unudulan şeyi təkrar yada salmaq deyil, əksinə, həmişə qəlbdə olan Allahın varlığını bir daha xatırlamaq, Onun Münim (nemət verən) olduğunu etiraf etmək, Onun böyüklüyünü və ucalığını dilə gətirmək və yalnız Ona ibadət edildiyini əməllərlə göstərməkdir.

Zikr Allah-Təalanın ucalıq və əzəməti qarşısında möminə kiçikliyini, acizliyini öyrədən bir əməldir. Bu ibadət insan həyatında doğruluq-dürüstlük, Allah yoluna itaət, zərərli şeylərdən çəkinmək, hər an Allahla olmaq şəklində təzahür edir. Mömin də bir insandır, səhv edə, xəta işləyə və unuda bilər. Ancaq belə hallarda Rəbbin yolundan ayrılmamağa, sadiq bəndələrdən olmağa səy göstərmək lazımdır ki, bu səylərdən biri də məhz zikrdir. Çünki Allahı zikr etmək insanı müsbət davranışlara yönəldən əqli və ruhi bir fəaliyyətdir.[7] Qurani-Kərim möminlərə səslənərək buyurur: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər…[8]

Başqa bir ayədə isə Allah-Təala “…Məni xatırlayın ki, Mən də sizi yada salım![9] – buyurur. Yəni biz Allahı zikr, fikir edib ibadətlə xatırlayacağıq, O da bizi anacaqdır.

Biz dua və minacatlarla Onun adını pıçıldayacağıq, O da cavabında başımıza lütf yağdıracaq.

Biz dünya işlərinin arasında Onu unutmayacağıq, O da bizi ehsanı ilə şərəfləndirəcək.

Yalnız anlarımızda qəlbimiz həmd və şükür hissi ilə dolub daşacaq, O da yalnızlıq məhbəslərində bizə həmdəm olacaqdır.

Biz xoş günlərdə Onu dilimizdən düşürməyəcəyik, O da çətin günlərimizdə rəhmətini bizdən əsirgəməyəcək.

Biz Onun yolunda səmimi və sədaqətli olacağıq, O da bizi gözlərin görmədiyi, qulaqların eşitmədiyi, ağılların təsəvvür etmədiyi müstəsna iltifat və ərməğanları ilə sərəfraz edəcək.

Şükür kimi zikr də həm dil, həm qəlb və həm də bədənlə, yəni əməllərlə edilir:

  1. Dillə zikr: Allahı isimləri ilə anmaq, həmd etmək, təsbeh etmək, Quran oxumaq, Quranı dinləmək və dua etməkdir. Dillə edilən zikr qəlblə zikrə yol açır.

Dillə edilən zikrdə, xüsusilə, Allah-Təalanın isimləri təkrar edilir. Zikrin başı “Bismillah”dır, yəni hansı işə başlamazdan asılı olmayaraq Allahı zikr etmək, bu işi Onun gördürdüyünü fikirləşmək və görüləcək əməlin Onun rizasına uyğun olmasını düşünmək.

  1. Qəlblə zikr: Qəlblə zikr bədənin zikrinə, yəni əməli zikrə zəmin hazırlayır. Əməli zikr deyəndə də Allahın əmr etdiyi və sevdiyi ibadətləri etmək nəzərdə tutulur. Qəlblə zikr Allahı ürəkdən anmaqdır. Bu özü də üç cürdür:

a) Allahın varlığından xəbər verən dəlilləri düşünmək, Onun isim və vəsflərini təfəkkür etmək.

Quran ayələri və kainat Allahın varlığına dəlalət edən başlıca dəlillərdir. Quranda və kainatdakı ayələrin hamısında Uca Yaradana aparıb çıxaran, Onun varlığını və bir olduğunu elan edən, gücünü və qüdrətini gözlərimiz önünə sərən saysız-hesabsız əlamət və dəlillər mövcuddur.

b) İlahi hökmləri, yəni Allahın əmr və qadağalarını, mükəlləfiyyətləri və bunlarla əlaqədar dəlilləri dərin-dərin düşünmək, qəlb və vicdanı “istintaq”a cəlb eləmək. Yəni “Mənim hansı vəzifələrim var, nələrə görə məsuliyyət daşıyıram?”, “Nəyi nə qədər etməliyəm?”, “İlahi əmrlər mənim üçün nə deməkdir?” suallarının cavabı üstündə baş sındırmaq, Allah qarşısında vəzifə və məsuliyyətləri müəyyən etmək istiqamətində səy göstərməkdir.

c) Mahiyyətimizin və kainatdakı varlıqların sirlərini düşünərək hər zərrənin Allahı göstərən və Onu tanıdan bir ayna olduğunu görmək, dərk etməkdir. Belə bir zikrin bir göz qırpımında verdiyi zövq dünyalara dəyər.

3. Bədənlə edilən zikr: Bütün orqanların məsuliyyət daşıdığı öz vəzifəsi ilə məşğul olması və qadağan edilən əməllərdən uzaq durmasıdır. [10]

Zikr dil, bədən və oyaq qəlblə edilməlidir. Çünki zikr qəflət və nisyanın, yəni unutmağın, unutmaqdan doğan qəflətin əksidir. Bu mənada, zikr Allahı unutmamaq, yəni Ondan qafil olmamaqdır. Qəflət dumanını dağıtmayan zikri həqiqi zikr saymaq olmaz.

Dinimizdə elm adamının elmi fəaliyyəti də – fərzləri və fərzlərə aid sünnətləri yerinə yetirmək şərtilə – üstəlik ən uca və məqbul əvrad hesab edilir. Təəssüf ki, bu gün elmlə bağlı hədis və hökmlərin başqa cür təqdim edilməsi hallarına rast gəlirik. Məsələn, yanlış olaraq “Elmlə məşğul olmaq ibadətdən üstündür,” kimi fikirlər ortaya atılır və təbliğ edilir. Halbuki, İslam dini elm öyrənməyi əmr etmiş, ona böyük dəyər vermiş, lakin heç vaxt fərz və fərzlərə aid sünnət ibadətlərindən üstün saymamışdır. Bundan savayı, İslama görə, möminin gördüyü iş, yəni bir insanın çalışması, alimin elmlə məşğul olması, sənətkarın məhsul istehsal etməsi və s. onların əvradı hesab edilir, ancaq bir şərtlə ki, fərzləri və onlara aid sünnətləri də yerinə yetirmiş olsun.[11]

Xülasə, Allaha layiqli bəndə olmaq inancı ilə hərəkət edən bir möminin gördüyü hər məşru (şəriətə uyğun) iş və söylədiyi hər gözəl söz öz-özlüyündə bir ibadətdir, bir zikrdir. Bizə Allahı xatırladan, Ona dəvət edən hər bir söhbət, fəaliyyət, səy, söz və iş də zikr sayılır. Küçə ilə, yolla ədəblə keçib gedən də, ticarət əxlaqına riayət edən tacirlər də, qul haqqına riayət edənlər də zikr halındadır, zikr əhlidir.

İnsanın vəzifəsi hər yerdə, hər halda Allahı zikr etməkdir. Bir bəndəni Allahı zikr etməkdən uzaqlaşdıran heç bir səbəb olmamalıdır. Mömin firavan və sağ-salamat günlərində zikr və şükür etdiyi kimi, müsibət, bəla və fəlakətlər zamanında da Allaha sığınmaq, Ondan yardım istəmək məcburiyyətindədir. Allaha pənah aparmaq və ilahi rizasını qazandıran əməllər işləmək də bir zikrdir.[12]


[1] Bax: “Ali-İmran”, 3/41; “Əhzab”, 33/41-42; “Cümə”, 62/10.
[2] “Münafiqun” surəsi, 63/9.
[3] “Nur” surəsi, 24/37.
[4] “Rad” surəsi, 13/28.
[5] “Ta ha” surəsi, 20/124.
[6] “Ali-İmran” surəsi, 3/191.
[7] Muhammed el-Behiy. “İnanç ve Amelde Kur’an-i Kavramlar”, s. 30, 189.
[8] “Ali-İmran” surəsi, 3/135.
[9] “Bəqərə” surəsi, 2/152.
[10] E. Hamdi Yazır, “Hak dini, Kuran dili,” I, 540-543.
[11] Buxari, “Təfsir”, I, 21.
[12] A. Ünal. “Kuranda Temel Kavramlar,” s. 21;

 




Bənzər məqalələr

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.

Həzrət Əlinin “Kumeyl” duası

“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]

Bir dua…

Bu duanı beş vaxt namazdan sonra oxumaq olar. Hər namazdan sonra oxumaq uzun çəkə bilər. Buna görə də bu uzun duanı beş yerə bölə və ya təkcə bir vaxtda, hətta həftədə bir dəfə oxumaq olar.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.


Şərh yaz

*