3. 751 dəfə oxunub ,   1 şərh   Çap et

Namaz insanın Yaradanını anması, Onu xatırlaması, Onunla irtibat qurması deməkdir. Namaz insanın həm cisminə, həm də ruhuna şəfadır. Allah-Təala (c.c.) Qurani-Kərimdə belə buyurur: “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır[1].

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) mədə-bağırsaq ağrısından əziyyət çəkən Əbu Hüreyrəyə (radiyallahu anh): “Qalx, namaz qıl. Namazda şəfa vardır”[2], – deyə buyurmuşdu.

Qeyd etdiyimiz kimi, ibadətlərdən maddi-mənəvi bir fayada ummaq doğru deyildir. Əsas məsələ Rəbbin razılığını qazanmaqdır. Ancaq namaz, oruc və zəkat kimi ibadətlər fərd və cəmiyyət həyatında bir çox məsələlərin yoluna qoyulmasında mühüm rol oynayır. Bu məsələlərin bir neçəsinə toxunaq:

Namaz gündəlik həyatı nizama salır

Namaz hər gün beş dəfə, müəyyən qaydalara uyğun və mütəmadi şəkildə yerinə yetirilən ibadətdir. Namaz bir müddət sonra insanı nizam-intizama alışdırır. Çünki namaz günün müəyyən vaxtlarında qılınır. İnsan namaz sayəsində vaxt bölgüsünü düzgün aparmağı öyrənir. Bu da get-gedə vərdişə çevrilir. Məsələn, mömin günü sübh namazı ilə salamlayır. Ardınca işinə başlayır. Səhərin erkən saatlarında işə başladığı üçün vaxtı bərəkətlənir. Günorta saatlarına yaxın bədəninə yorğunluq çökür, ruhu dincəlmək istəyir. Bu zaman günorta namazı Xızır kimi köməyinə çatır və onu rahatladır. Ardınca ikindi, daha sonra axşam və nəhayət işa namazları ilə günü sona çatır.

Camaatla namaz qılmaq, xüsusilə də, imama tabe olmaq  möminləri hərbi nizam-intizama alışdırır. İmam “Allahu Əkbər” deyəndən sonra möminlər ona qoşulur, ondan başqa kimsənin səsi eşildilmir. İmam camaatın önündə Rəbbə yüksək səslə iltica edir. Eyni zamanda möminlərin vəkili olur. Camaat imamın təkbirləri ilə namazın rüknlərini yerinə yetirir. Bu baxımdan camaatda yüksək ruhi-mənəvi nizam mövcud olur. İdeal cəmiyyətin və inanclı toplumun yüksək nizam-intizamının əsasında dayanan başlıca amil gündə beş dəfə camaatla qılınan namazdır. Şübhəsiz ki, bu nizam-intizam hər şeydən əvvəl ruhi, fikri və mənəvi intizamdır. İbadətlərin hər bir hərəkəti qəlblərə gözəl hislər aşılayır və insanı intizama sövq edir. Və bu hərəkətlər ömür boyu yerinə yetirilir[3].

Namaz insanı günahlardan və pis əməllərdən uzaqlaşdırır

Namaz insanı günahlardan qoruyur, hifz edir. İnsanı günah kirlərindən təmizləyib paklaşdırır. “(Ya Rəsulum!) Namazı gündüzün iki başında və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)[4] ayəsi nazil olanda bir səhabə: “Ey Allahın Rəsulu! Bu hökm mənə də aiddir?” – deyə soruşmuş, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da: “Bu, mənim bütün ümmətimə aiddir”, – cavabını vermişdi.

Ötən əsrin böyük din aliminin sözləri ilə desək: “Namaz Rəbbə təslim olmaq, Ona boyun əyib hər cür ehtiyacı Ondan istəmək və eyni zamanda hər gün Ona hesab vermək zamanıdır”.

İndi düşünək. Bu şüurla gündə beş dəfə Allahın hüzuruna çıxan bir insan günah işləyə bilərmi? Namaz qılmaqla Rəbbinə bağlılığını gündə beş dəfə yeniləyən bir mömin Onun əmrlərinə asi ola bilərmi?

“(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı namazla anmaq, şübhəsiz ki, ən böyük fəzilətdir. Allah bütün əməllərinizdən xəbərdardır![5] ayəsi də bu həqiqəti bəyan edir.

Məsələn, günorta namazını əda edən bir mömin ikindi namazının gəldiyini düşünüb günorta ilə ikindi arasında günah etməkdən çəkinir və çəkinməlidir. İkindi namazını qılanda da axşam namazını gözlədiyi üçün günahdan uzaq durmağa çalışır.

Bu şəkildə beş vaxt namazını mütəmadi olaraq qılan adam gün ərzində ciddi-cəhdlə çalışır ki, günahlara və pis əməllərə yaxın getməsin.

Bir gün Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

– Bir nəfərin evinin qabağından çay axsa və hər gün beş dəfə bu çayda yuyunsa, onun üzərində kir-pas qalarmı?– deyə soruşmuşdu.

Səhabələr:

– Heç bir çirk qalmaz, – demişdilər.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də buyurmuşdu:

– Beş vaxt namaz da bunun kimidir. Allah onunla bütün xətaları silər[6].

Ayə və hədislərdən göründüyü kimi, namaz insanı günahlardan və pis əməllərdən qoruyur.

Namaz Allaha (c.c.) yaxınlıq vəsiləsi olduğu üçün yüksək səviyyədə sədaqət və vəfa tələb edir. Yəni bəndə namaza nə qədər vəfalıdırsa, namaz da ona qarşı o qədər vəfalı olur və onu günaha sövq edən duyğuları korşaldır.

Namazla tökülən günahlar

Namaz bir İslam aliminin sözləri ilə desək, insanda sözün əsl mənasında, tövbə şüurunu formalaşdırır. İnsan gündə beş dəfə dili ilə tövbə etməsə də, onun qıldığı namazlar öz-özlüyündə əməli tövbə sayılır.

Səhabələrdən Əbu Osman (radiyallahu anh) nəql edir:

–Tanınmış səhabələrdən olan və Peyğəmbərimizin “Əhli-beytimdəndir” deyib ucaltdığı Salman Farisi ilə bir ağacın altında oturmuşduq. Salman Farisi ağacın budaqlarından birini tutdu və silkələməyə başladı. Ağacın yarpaqları tökülənəcən silkələdi. Sonra mənə belə dedi:

– Ey Osman! Bunu niyə etdiyimi soruşmayacaqsan?

Mən onun bu hərəkətinin səbəbini anlamamışdım. Soruşdum:

– Rica edirəm, de görüm, niyə belə edirsən?

O da bu hərəkətinin səbəbini izah elədi:

– Bir dəfə Allah Rəsulu ilə indiki kimi bir ağacın altında oturmuşduq. Ağacın budaqlarından birini tutub yarpaqları tökülənəcən silkələdi və mənə: “Ey Salman! Bunu niyə etdiyimi soruşmayacaqsan?”– deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, bunu niyə edirsiniz?”– deyə soruşdum. Mənə: “Bir müsəlman yaxşıca dəstəmaz alıb beş vaxt namazını qılarsa, onun günahları bax bu ağacın yarpaqları kimi tökülər”, – buyurdu, sonra da “Gündüzün iki başında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, düşünən və ibrət alanlar üçün bir nəsihətdir[7] ayəsini oxudu[8].

Namaz səadət və hüzur mənbəyidir

Həyatda gözəlliklərlə yanaşı, xoşumuza gəlməyən hadisələrlə də qarşılaşırıq. Çünki dünya imtahan yurdudur. Bu kimi hallarda insanın yeganə təsəllisi başda namaz olmaqla, ibadətlərdir. Namaz bir qisim çətinliklərə sinə gərməkdə möminə güc və mətinlik verir. “Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir![9]

Ayədən də göründüyü kimi həyatın çətin anlarında, bir köməyə ehtiyac olanda üz tutulan iki çarədən biri səbir, digəri də namazdır. Mütəmadi şəkildə əda edilən namaz insanın iradəsini gücləndirir, əhal-ruhiyyəsini yaxşılaşdırır. İnsan bu güc sayəsində, – həm də Allahı inayəti ilə – bəla və müsibətlərə sinə gərir, qəzəb hislərini cilovlayır və nəfsani arzularına hakim olur və insanların əziyyətlərinə qarşı dözümlü olur.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir işə görə kədərlənəndə dərhal namaz qılardı”[10]. Çünki namaz Onun üçün hüzur qaynağı idi. O, namazla rahatlanır və təsəlli tapırdı.  

Namaz insanı sosiallaşdırır

Sağlam cəmiyyəti var edən sağlam fərdlərdir. İnsan ictimai varlıqdır. Cəmiyyətdə yaşamaq onun fitrətinin tələbidir. Qurani-Kərim də insanın sosial varlıq olduğunu bəyan edir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız ən təqvalınızdır (Allahdan ən çox qorxanınızdır). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır[11].

Namaz fərdi və ruhi-mənəvi ibadət olmaqla yanaşı, sosiallaşdırıcı yönə də malikdir. Fərz namazlarının camaatla qılınmasına verilən əhəmiyyət namazın ictimai mahiyyətini göz önünə sərir. İslamda tarix boyu fərdlərin sosiallaşmasında məscidlərin böyük xidmətləri olmuşdur. Çünki məscidlər təkcə namaz ibadətlərini yerinə yetirmək məqsədi ilə inşa edilməmişdir.

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrətdən sonra orada inşa etdiyi məscid müsəlmanların – müasir dillə desək – plan və layihələrinin, fərdi, ailə, ictimai və bəynəlxalq məsələlərinin (digər qəbilə və dövlətlərlə münasibətlər) müzakirə yeri olmuşdur. Bütün məsələləri bu məbəddə məsləhətləşir, müzakirə edir və yekun qərara gəlirdilər. Hətta Məscidül-Nəbəvi gələcək əsrlərə möhürünü vuran elmi fəaliyyətlərin və məclislərin də mərkəzinə çevrilmişdi. Elm və mədəniyyətin ilk təməli Rəsulullahın məscidində və digər məbədlərdə atılmışdı. İslam mədəniyyətini məbəd mədəniyyəti də adlandırmaq olar.

İnsanların toplu şəkildə ibadət etdikləri məbədlər müsəlman fərdlərin sosiallaşmasında və ictimai şüura yiyələnməsində aparıcı funksiya daşımışdır. Bu baxımdan namaz fərdlərin sosiallaşmasında və ilk şəhərlərin meydana gəlməsində mühüm rol oynamışdır. Məlumdur ki, İslamda ilk şəhərlər tədricən məscidlərin ətrafında yaranmışdır[12].

Namaz camaat şüurunu inkişaf etdirir

İnsanda cəmiyyət şüurunu formalaşdıran ən önəmli ibadətlərdən biri və ən başlıcası namazdır. Hətta Hənbəli məzhəbinin imamı Əhməd ibn Hənbəl camaatla namaz qılmağı namazın şərtlərindən saymışdır.

İslam mütəfəkkirinin bu sözləri bizim üçün bir təşviq olmalıdır: “Mən sizdən soruşsam ki, həyatınızda neçə namazı tək qılmısınız? Əgər tək qıldığınız namazların sayı ondan çoxdursa, deməyin. Allahın yanında ayıbdır. Həmin on vaxt da ya yolda, ya hava limanında, ya təyyarədə, yəni camaatla qılmağa imkan olmayan yerlərdə olmalıdır”.

Camaat insanı axırzamanın dağıdıcı dalğalarından qoruyan bir sipərdir. Fərdi yaşanan müsəlmanlıqda xəta işləmə ehtimalı çox, camaat şəklində yaşanan İslamiyyətdə isə azdır. Bundan başqa, İslamı fərdi yaşayanlar camaata lütf edilən nurani atmosfer və iqlimdən də məhrum olurlar.

Camaatda müştərək hərəkət vardır və olmalıdır. Və yenə camaatla doğru yolda irəliləmə və məqsədə çatma ehtimalı daha çox olur. Çünki əlli-yüz insanın təcrübəsi və ortaq qənaəti ilə hasil olan nəticə məqbul sayılır. Bu səbəbdəndir ki, Allah (cəllə cəlaluhu) inayətini camaatdan – camaat şüuru ilə hərəkət edən insanlardan əsirgəmir.

Bununla yanaşı, camaatla namaz qılmağın ictimai nəticələrini də görmək lazımdır. Gündə beş dəfə bir yerdə namaz qılan insanlar bir-birinə bağlanır. Sevinc və kədəri bölüşmək möminləri mənən gücləndirir.

Müasir insanın ən böyük problemlərindən biri də sosiallaşma(maq)dır. Son vaxtlar sosiallaşmanı təkcə kinoya və ya teatra getmək sayan bir anlayış formalaşmışdır. Halbuki camaatla qılınan namazda insanı sosiallaşdıran bir çox amillər vardır. Namazdan başqa elə bir səbəb yoxdur ki, insanları gündə beş dəfə bir yerə yığsın.

Dinimiz də camaatla namaz qılmağa təşviq edir. Həzrət Əbu Hüreyrə (radiyallahu anh) Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Camaatla qılınan namazın savabı evdə, bazarda, iş yerində qılınan namazların savabından iyirmi beş dəfə çoxdur. Belə ki, bir insan gözəlcə dəstəmaz alıb məscidə yollanar, evindən də ancaq məscidə getmək niyyəti ilə çıxarsa, bu zaman hər addımında bir dərəcə yüksələr və bir günahı bağışlanar. Namaz qılandan sonra namazgahda oturduğu müddətdə mələklər onun üçün mərhəmət diləyər və belə deyərlər: “Ey Rəbbimiz, bu adamdan mərhəmətini əsirgəmə!” (Növbəti) namazı gözləmək namaz qılmaq kimidir”[13].

Abdullah ibn Ömərin rəvayət etdiyi hədisdə isə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür”[14], – buyurur. Həzrət Osman (radiyallahu anh) Peyğəmbərimizin belə buyurduğunu nəql edir: “Kim işa namazını camaatla qılarsa, gecənin yarısını əhya etmiş kimi olar. Kim də sübh namazını camaatla qılarsa, bütün gecəni namazla keçirmiş kimi olar”[15].

Camaatla qılınan namazın mühüm bir faydası da insanlar arasındakı fərqləri aradan qaldırıb hər kəsin Allahın hüzurunda bərabər olduğunu hiss etdirməsidir. Rəhbər-məmur, işçi-müdir – bütün insanlar eyni səfdə yan-yana durur və beləcə bütün fərqləndirici xüsusiyyətlər aradan qalxır. Hətta milli ayrı-seçkiliyin çarəsi də yenə namazdır.

Fiqhi yöndən baxanda da namazı camaatla qılmaq İslamın önəmli şüarlarından biridir. Yəni insanın müsəlmanlığını göstərən mühüm əlamət sayılır. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu barədəki söz və davranışları ilə yanaşı, “…rüku edənlərlə birlikdə rüku edin![16] ayəsinə əsaslanan Hənbəlilər və Zahirilər namazı camaatla qılmağı fərzi-ayn[17]qəbul edirlər. Malikilər və Şafilər isə namazın camaatla qılınmasını fərzi-kifayə[18] hesab edirlər. Hənəfilərdə isə bu, sünnəti-müəkkədədir[19]. Ancaq bəzi Hənəfi alimləri camaatla namazın vacib olduğunun bildirirlər[20].

Camaatla qılınan namazlar qardaşlıq bağlarını meydana gətirdiyi və gücləndirdiyi üçün sinfi çəkişmələrin qarşısını alır. Çünki namazda varlı-kasıb, rəhbər-məmur, alim-avam eyni cərgədə çiyin-çiyinə dayanır. Bu da hər şeydən əvvəl, insanın Rəbbin qarşısında bir qul olduğunu ortaya qoyur.

Namaz camaatla qılınmayanda insanın ən amansız düşməni olan şeytan bunu fürsət bilib möminlərin arasına fitnə-fəsad toxumu səpir. Bu haqda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: “Bir yaşayış yerində, yaxud çöl və ya əkin yerlərindəən azı üç adam varsa və namazlarını camaatla (bir yerdə) qılmırlarsa, şeytan bunu fürsət bilib onları ələ alır. Camaatı (camaatla namazı) qətiyyən tərk etməyin! Çünki sürüdən ayrılan qoyunu qurd yeyər (camaatdan uzaq qalan kimsəni də şeytan asanlıqla öz toruna salar)”.[21]

[1]“Rad” surəsi, 13/28.

[2] Əhməd ibn Hənbəl, “Müsnəd”, II, 390.

[3]Süleyman Bosnalı, “Dinimin direği namaz”, s. 58.

[4]“Hud” surəsi, 11/114.

[5]“Ənkəbut” surəsi, 29/45.

[6]Buxari, “Məvaqit”, 6.

[7]“Hud” surəsi, 11/114.

[8]Buxari, “İman” 39.

[9]“Bəqərə” surəsi, 2/153.

[10]Əbu Davud, “Salət” 312; İbn Həcər, “Fəthül-bari”, 1/211

[11]“Hucurat” surəsi, 49/13.

[12]Süleyman Bosnalı, “Dinimin Direği Namaz”, s. 60-61.

[13]Buxari, “Azan”, 30; Əbu Davud, “Salət” 48.

[14]Müslim, “Salət”, 272, “Məsacid” 249; Tirmizi, “Salət”, 161.

[15]Müslim, “Məsacid”, 260.

[16]“Bəqərə” surəsi, 2/43.

[17]Fərzi-ayn hər bir mükəlləf müsəlmanın fərdi şəkildə yerinə yetirilməli olduğu ibadətlərdir.

[18]Fərzi-kifayə bəzi müsəlmanların yerinə yetirməsiilə digər müsəlmanlar məsuliyyətdən azad olmasıdır. Cənazə namazı kimi.

[19]Sünnəti-müəkkədə (Qüvvətli sünnət) Peyğəmbərimizin (s.ə.s.) mütəmadi olaraq etdiyi, nadir hallarda yerinə yetirmədiyi sünnətlərdir.

[20]Hasan Darcan, “Genç İnsan veNamaz”, s. 79-80.

[21]Əbu Davud, “Salət” 46; Nəsayi, “İmamə”, 48; Hakim, “Müstədrək”, 1/330.



Açar sözləri

fayda hikmət ictimai namaz

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


1 şərh yazılıb
  1. boncuq , 20/05/2014 tarixində, saat 18:05

    Çox gözəl yazıdı.bunu hər kəs oxusa nə yaxşı olar…təşəkkürlər.

Şərh yaz